Məhkəmə qərarları › İş №2(105)-1500/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1500/2023

28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1500/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(059)-38/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mebellərin yığılması üçün verdiyi 10.000 manat, kirayədə qaldığı üçün ödədiyi 2500 manat, mənəvi zərərə görə 3500 manat, dəymiş maddi zərərə görə (mebellərin yenidən yığılması üçün) 6000 manat, həmçinin bu günədək gecikdirilmiş 10000 manatın illik 5%-i olmaqla, ümumilikdə 500 manat pulun və 157,50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Elay Mobilya”da mebel satışı ilə məşğul olmuşdur. O, 2021-ci ilin iyul ayında “instagram” hesabında cavabdehin işlərini görmüş və Bakı şəhərində yerləşən Qələbə dairəsinin yanındakı mağazada yataq otağı mebelinin yığılması üçün ilk öncə 5.000 manat, 10 gün sonra mətbəx mebelinin yığılması üçün 4.000 manat, boya və digər əlavə xərclər üçün 1000 manat olmaqla, cəmi 10.000 manat pulu cavabdehə vermişdir. Belə ki, onun tərəfindən 5.000 manat pulun verilməsini Cavabdeh qaimə-fakturada möhürlə, əlavə 4.000 manatın alınmasını əlyazma ilə təsdiqləmiş, əlavə xərclər üçün 1.000 manat pulu isə evdə cavabdehin ustası işləri görərkən ondan almışdır. Cavabdeh 2021-ci ilin sentyabr ayında işləri tamamlamalı olsa da, sonuncu üzərinə götürdüyü işi tam görməmiş, habelə cüzi gördüyü işlər isə yararsız olmuşdur. Həmçinin, cavabdeh onun pulunu qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı o, polisə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi 05 sentyabr 2022-ci il tarixli məktubu ilə mübahisə mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Habelə, cavabdeh pulu aldıqdan sonra telefon zənglərinə cavab verməyərək, müxtəlif bəhanələrlə işi uzatmışdır. 27 aprel 2022-ci il tarixdə uzun sürən narazılıqdan sonra Cavabdeh ayrı-ayrı vaxtlarda 5.000 və 4.000 manat pulu mebelin yığılması üçün almasını yazılı qaydada etiraf etməklə, işi tam təhvil verəcəyini qeyd etsə də, bu günədək vədinə əməl etməyərək, artıq bir ildən çox olar onun evinə yataq otağı və mətbəx mebelini yığmamışdır. Nəticədə mebellərin qiyməti hazırkı dövrdə artdığına görə onların yenidən yığılması üçün ikiqat pul ödəməyə məcbur olmuş və buna görə də ona 6000 manat ziyan dəymişdir. Eyni zamanda, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək evinə mebellər quraşdırılmadığı üçün hazırda yaşadığı binanın 2-ci girişinin 12-ci mərtəbəsinin 6 nömrəli mənzilində aylıq 500 manat ödəməklə, kirayədə yaşamaq məcburiyyətində qaldığına görə ona cəmi 2500 manat maddi ziyan dəymişdir. Bundan əlavə, cavabdehin hərəkətsizliyi nəticəsində əlavə olaraq ona 10.000 manat pulun illik 5%-i olmaqla, 500 manat ziyan da vurulmuşdur. Habelə, kirayə mənzildə yaşayarkən evində narazılıqlar baş vermiş, əsəb və stress keçirmiş, nəticədə ona mənəvi zərər də dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(059)-38/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə mebellərin yığılması üçün verilmiş 9000 (doqquz min) manat və ödənilmiş 157,50 (bir yüz əlli yeddi manat 50 qəpik) manat dövlət rüsumunun 40 %-i, yəni 63 (altmış üç) manatının tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 60%-i, yəni 60 (altmış) manatının İddiaçı, 40 %-i, yəni 40 (qırx) manatının Cavabdeh tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(059)-38/2023 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tam tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 80 (səksən) manat məbləğində pulun, iddia ərizəsinin və apellyasiya şikayətinin tərtib edilməsi üçün vəkillik xidmətindən istifadə edilməsi üçün ödənilmiş 1000 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, yalnız ustaya ödənilmiş 10.000 manat məbləğində puldan 9000 manat məbləğində pulu tutmuşdur. Halbuki, səhv quraşdırılmış mebellərin dəyəri 10000 manatdan da çox təşkil etmişdir. Bundan başqa onun kirayədə qalmağını təsdiq edən aktlar, işdəki digər sübutlar əlaqəli şəkildə dəyərləndirilməmişdir. Onun uzun müddət evdə yaşaya bilməyəcəyinə görə əsəb keçirməyini və gərgin olmağının nətcəsi olaraq ona mənəvi zərər dəyməyini də məhkəmə nəzərə almamışdır. Bununla belə iddiaçıda görülməyən işə görə qalan illik beş faiz məbləğində pulu da tələb etməkdə haqlı olmağını birinci instansiya məhkəməsi nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Onun ödədiyi 10000 (on min) manat pulun müqabilində cavabdeh öhdəliyini icra etməmişdir. Onun gördüyü işin tamamilə aradan qaldırılması mümkün deyil. Üstəlik artıq 2021-ci ilin iyul ayından 2 il keçmişdir. 2 il ərzində qiymətlər kifayət qədər qalxmış və o, həmin mebellərin yığılmasına 10000 manatdan artıq pul xərcləməlidir. Odur ki, 1000 manat hissəsini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Bundan başqa o, 5 ay kirayədə yaşamaq məcburiyyətində qalmış və bununla bağlı sübutları təqdim etmişdir. Sual olur, hazır olmayan evdə kim yaşayar? O, natamam evdə yaşaya bilməmiş və bunun günahkarı da məhz cavabdeh olmuşdur. Odur ki, kirayədə yaşadığına görə ona dəymiş 2500 manat ziyanı da tələb etmək hüququ yaranır. Birinci instansiya məhkəməsi Bakı şəhərində həmin ünvana xas olan başqa yerlərdə kirayə evlərin qiymətinin müəyyən edilməsi istiqamətində prosessual addımlar atmamışdır. Onun təqdim etdiyi sübuta isə əhəmiyyət verməmişdir. Bundan başqa o, uzun müddət əsəb və gərginlik içərisində yaşamışdır. Onun yerində kim olursa olsun bu mənəvi zərəri keçirərdi. Lakin birinci instansiya məhkəməsi bu kimi işin hallarına səthi yanaşmışdır. Sonda isə onun mülkiyyətində olan 10.000 manat məbləğində pulu özündə saxladığına görə illik beş faiz məbləğində pulu tələb etmək hüququ Mülki Məcəllənin 449.1-ci maddəsindən irəli gəlir. 2021-ci ildən bəri cavabdeh onun pulunu ödəməmiş, yararsız mebelləri isə üstünə atıb qaçmışdır. Məhkəmə iş üzrə ekspertiza təyin etsə də, ekspert rəyinin kifayət qədər aydın və tam olmamasına rəğmən təkrar ekspertiza təyin etməmiş, qoyulmuş suallara aydınlıq gətirməmişdir, nəticədə hüquqi müəyyənlik prinsipinə əməl olunmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən – mənəvi ziyanın və gecikdirilmiş vaxt üçün maddi ziyanın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh mənəvi ziyana görə 500 manat və gecikdirilmiş vaxt üçün maddi ziyana görə 450 manat pul alınaraq İddiaçı verilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 07 mart 2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2929-2930- cu məhəllə, Sadıqcan küçəsindəki 1K nömrəli evin ümumi sahəsi 162,5 kv.m-dən ibarət 13-cü mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********54-05301-093074 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan müştəri anketinin surətindən, 16 iyul 2021-ci il tarixli, ******* nömrəli qaimə fakturadan, eləcə də 27 aprel 2022-ci il tarixli yazılı sənəddən görünür ki, İddiaçı ona məxsus evdə mebellərin yığılması (quraşdırılması) məqsədilə Cavabdeh ümumilikdə 9000 manat məbləğində pul vermişdir. İşdə olan Azərbaycan Respublikası DİN Xətai RPİ-nin 36-cı Polis Bölməsinin 05 sentyabr 2022-ci il tarixli, 104-9689İ-3222 nömrəli məktubundan görünür ki, İddiaçı həmin quruma ünvanlandığı ərizədə göstərilən məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 30 sentyabr 2022-ci il tarixli aktdan və 01 oktyabr 2022-ci il tarixli, 25 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2929- 2930-cu məhəllə, Sadıqcan küçəsindəki 1K nömrəli evin 61-ci mənzilində hər ay 500 manat ödəməklə, 01 may 2021-ci il tarixdən 01 fevral 2022-ci il tarixə kimi kirayə yaşamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023-cü il tarixli, 9/375 nömrəli ekspert rəyindən görünür ki, ekspert baxışına təqdim olunmuş mebellərin istifadədə olması nəzərə alınmaqla, təmir-bərpasına çəkiləcək xərcin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1550 manat müəyyən olunmuşdur. Həmçinin, bu rəyə əlavə edilmiş tədqiqat obyektinə baxışın nəticələrinə dair aktın surətindən görünür ki, mətbəx mebelində hədsiz nöqsanlar olduğundan yenisi ilə əvəz edilməsi məsləhət görülmüş, dəhlizdəki dolabın qapılarının isə normal işləmədiyi, korpusunda problemlərin çox olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın və gecikdirilmiş vaxt üçün maddi ziyanın rədd edilməsi qənaətinə gələrək, qənaətini onunla əsaslandırmışdır ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı İddiaçı Cavabdeh hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Həmçinin, İddiaçı Cavabdeh gecikdirilmiş 10000 manatın illik 5%-i olmaqla, ümumilikdə 500 manat pul da tələb edərək, hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad etsə də, qeyd edilən maddənin mahiyyətindən də göründüyü kimi gecikdirilmiş vaxt üçün borcludan illik beş faiz məbləğində pulun tələb edilməsi yalnız müqavilə üzrə, habelə vaxtaşırı və hissəhissə ödənilməli olan pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində mümkündür və həmin məbləğin zərərin əvəzi kimi tutulması sözügedən öhdəlik münasibətlərinin dairəsi ilə məhdudlaşır. Bu səbəbdən də, iddia tələbinin qeyd olunan hissədə təmin edilməsi istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən olundu ki, İddiaçıla Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, 2929-2930-cu məhəllə, Sadıqcan küçəsindəki 1K nömrəli evin 13-cü mənzilinin dəhliz, mətbəx və yataq otağına 30 sentyabr 2021-ci il tarixədək mebel yığılması (quraşdırılması) ilə bağlı razılığa gəlmişlər, iddiaçı qaimə faktura, eləcə də 27 aprel 2022-ci il tarixli yazılı sənədə əsasən cavabdehə 9000 manat məbləğində pul vermiş, cavabdeh isə işləri vaxtında təhvil verməmiş, iddiaçıya məxsus mənzilin dəhliz, mətbəx və yataq otağında gördüyü cüzi işlər isə istifadəyə yararsız olmuşdur. İddiaçı hazırki vaxtadək ödədiyi pulu cavabdehdən tələb etməsinə baxmayaraq, həmin pul məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı aldığı pul vəsaitini qaytarmayaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yalnız Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Çünki yuxarıda göstərildiyi kimi Cavabdeh pul məbləğinin ödənilməsini gecikdirməsi təsdiq olunur və bu hal Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz məbləğin ödənilməsini tələb etmək üçün yetərlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə iddiaçıya qaytarmalı olduğu, lakin qaytarılmayan 9000 manat pulun gecikdirilmiş müddət üçün illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün qərara gəlməmişdir. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə kollegiası qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə kollegiyası, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab edir ki, İddiaçıla Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, 2929-2930-cu məhəllə, Sadıqcan küçəsindəki 1K nömrəli evin 13-cü mənzilinin dəhliz, mətbəx və yataq otağına 30 sentyabr 2021-ci il tarixədək mebel yığılması (quraşdırılması) ilə bağlı razılığa gəlmişlər, iddiaçı qaimə faktura, eləcə də 27 aprel 2022-ci il tarixli yazılı sənədə əsasən cavabdehə 9000 manat məbləğində pul vermiş, cavabdeh isə işləri vaxtında təhvil verməyərək onun uzun sürən məhkəmə proseslərində tərəf qismində iştirak etməsi faktı özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə” dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası, iddiaçının məruz qaldığı maddi zərərin ümumi məbləğini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul tutulması ədalətli və məqsədə müvafiqdir. Odur ki, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası mebellərin hazırda qiymətinin artması ilə əlaqədar 6000 manat ziyan vurulmasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.Belə ki, bununla əlaqədar hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(059)-38/2023 nömrəli qətnaməsi qismən – mənəvi ziyanın və gecikdirilmiş vaxt üçün maddi ziyanın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh mənəvi ziyana görə 500 (beş yüz) manat və gecikdirilmiş vaxt üçün maddi ziyana görə 450 (dörd yüz əlli) manat pul alınaraq İddiaçı verilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(059)-38/2023 nömrəli qətnaməsi qismən - mənəvi ziyanın və gecikdirilmiş vaxt üçün maddi ziyanın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh mənəvi ziyana görə 500 (beş yüz) manat və gecikdirilmiş vaxt üçün maddi ziyana görə 450 (dörd yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Siyəzən Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(059)-38/2023 nömrəli qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar