Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1502/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və “Cavabdeh1”ə qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1590/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 25.000 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində və sahibliyində olan 11 ədəd sütundan ibarət dəmir anbar konstruksiyasının Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində və sahibliyində olan 11 ədəd sütundan ibarət dəmir anbar konstruksiyasının Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona verilməsi, bu mümkün olmadıqda həmin dəmir konstruksiyanın alınması üçün verdiyi 30.000 ABŞ dollarının Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsii xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 inşa edilən zaman 2012-ci il tarixdə “ZQAN” Holding bağlanan vaxt həmin şirkətdən 30.000 ABŞ dollara anbar almışdır. Həmin anbara iki ədəd dəmir konstruksiyadan ibarət komplekt və palatka daxil olmuşdur. Həmin zaman orada 3 ədəd anbar olmuş anbarlardan birini Cavabdeh2 satın almışdır. Cavabdeh2 dediyinə görə həmin anbarın sökülməsi 6 günə başa çatmışdır. Bu zaman həmin anbarın sökülməsində 7 ədəd işçi, 1 səbət yük maşını, 2 ədəd kran işləmişdir. Anbarın yüklənib ərazidən çıxarılması 4 ədəd tır yük maşını ilə mümkün olmuşdur. Daha sonra 2018-ci ildə o, həmin anbara daxil olan dəmir konstruqsiyadan ibarət olan komplekti Cavabdeh2 25000 manata almışdır. Bir müddət sonra həmin əmlak lazım olmadığı üçün internet vasitəsi ilə satışa çıxarmışdır. Elə əsas məsələ o, həmin dəmir anbar konstruksiyanı internet vasitəsi ilə satışa qoyduqdan sonra başladı. Belə ki, polis əməkdaşları Cavabdeh1 şikayəti əsasında onu, oğlunu və qardaşı oğlunu polis şöbəsinə aparmış, orada heç bir əsas olmadan saxlamışlar. Onlar polis şöbəsində olan zaman anbar konstruksiya ondan icazə almadan polis əməkdaşları tərəfindən götürülmüşdür. Lakin, Cavabdeh1 7 ədəd dəmir çatışmamazlığı əsasında şikayət etmişdir. Ona Cavabdeh2 tərəfindən satılan dəmir anbar 11 ədəd sütundan ibarətdir. Hazırda əmlakının hara olmasından xəbəri yoxdur. Qanunsuz olaraq onun sahibliyində və mülkiyyətində olan dəmir anbarı aparmışlar. Qeyd olunan dəmir anbar oğurluq olmamışdır. Əmlakı əsassız olaraq ondan alınmışdır. Bununla bağlı Quba rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Quba Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı iddiasının heç bir hüquqi əsası yoxdur, məhkəmə iddianı rədd etmək əvəzinə ona məlum olmayan səbəbdən belə bir qanunsuz qətnamə çıxarmışdır. İşin digər mübahisəsiz halı isə qeyd olunan dəmir konstruksiyaların İddiaçı tərəfindən ondan götürülüb aparılmasıdır. Yəni qanununun tələbinə uyğun olaraq iddiaçı X1 əmlakın dəyərini ona ödəmiş, o da satılan əmlakı ona təhvil vermişdir. Bununla da aralarında olan razılaşma tam icra edilmişdir. Sonradan həmin əmlak hər hansı bir yolla onun sahibliyindən çıxmışdırsa da, bunun ona heç bir aidiyyatı yoxdur və ola da bilməz. Məhkəmə qətnamə çıxararkən sırf formal mülahizəyə əsaslanaraq belə bir absurd nəticəyə gəlmişdir ki, əmlak tərəfindən 25.000 manata iddiaçıya satıldığına görə onun əmlakın dəyəri kimi ödədiyi 25.000 manat pul ondan alınaraq iddiaçıya qaytarılmalıdır. Halbuki iddiaçı özü etiraf etmişdir ki, qeyd olunan dəmir konstruksiyanı ondan alıb aparmış, bir müddət sonra həmin əmlak lazım olmadığı üçün internet vasitəsilə satışa çıxarmışdır. Yuxarıda göstərildiyi kimi qeyd olunan əmlak 2012-ci ildə tərəfindən alınmış, daha sonra Eyvaz Heybətov adlı şəxsə tərəfindən satılmış, onun və qardaşı Elşadın xahişi ilə qeyd olunan dəmir konstruksiyaları 25.500 manata iddiaçıya satılmasına köməklik etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh “Cavabdeh1”ə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdeh2 özünə məxsus olmayan əmlakı İddiaçı satması, İddiaçı həmin əmlak üçün Cavabdeh2 25000 manat pul ödəməsinin iş materialları ilə öz təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni iddia tələbinin təmin olunan hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 iddia tələbinin təmin olunan hissəsində qətnaməni mübahisələndirdiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Baxılan iş üzrə Cavabdeh2 tərəfindən İddiaçı 25.000 manat dəyərində dəmir anbar konstruksiyadan ibarət əmlakların satılması işin mübahisəsiz halıdır. İddia tələbi mübahisələndirilən hissədə dəmir konstruksiyanın alınması üçün verimiş 30.000 ABŞ dollarının ona qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını mübahisələndirilən hissədə Mülki Məcəllənin 572 və 573-cü maddələri təşkil edir. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğısatqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir (Mülki Məcəllənin 572.1., 572.2-ci maddələri). Mülki Məcəllənin 573.1 və 573.2-ci maddələrinə əsasən alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Qeyd olunan maddənin dizpozisiya şərtinə görə qanunvericilik satıcını üzərinə alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi qoymuşdur. Üçüncü şəxsin hüquq olan əşyanın satılması həmin şəxsin qanuni hüququnun pozulması və alıcının əlverişsiz hüquqi vəziyyətə düşməsi ilə nəticələnə bilər. İşdən göründüyu kimi Cavabdeh2 İddiaçı digər cavabdeh “Cavabdeh1” məxsus əmlakı satmış və nəticədə həmin əmlakların sonuncuya qaytarılması ilə nəticələnmişdir. Bu hal "xxxx" MMC-nin (Cavabdeh1) xx.xx.2023-cü il tarixli məktubu və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 may 2022-ci il tarixli qərarı ilə də öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən İddiaçı üçüncü şəxsin hüquqları ilə yüklü olan dəmir anbar konstruksiyaları satdıldığından, həmin əmlakın satışından əldə olunmuş 25.000 manat pul vəsaiti Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 25000 (iyirmi beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1502/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1502/2024
19.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver