Məhkəmə qərarları › İş №2(105)-1504/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1504/2021

09.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1504/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 40 nəfər digər şəxsə qarşı qanunsuz olaraq ikinci dəfə tanınmış daimi istifadə hüquqlarının və bunun əsasında tərtib olunmuş çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-2050/2021 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 40 nəfər digər şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2003-cü ildən həyat yoldaşı mərhum X1 mülkiyyətində olduğu halda, 2013-cü ildən başlayaraq müəyyən hissələri müxtəlif şəxslərə təkrar satılan torpaq sahəsinə, ikinci dəfə tanınmış daimi istifadə hüquqlarının və bunun əsasında tərtib olunmuş çıxarışların, mərhum X1 qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-2050/2021 saylı saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. (hakim M.A.Abbasova) Hazırda İddiaçı Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)- 2050/2021 saylı saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(012)-2050/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, qərardadın 1-ci səhifəsindəki 3 və 5-ci abzaslardan aydın olur ki, məhkəmə iddianın məzmunu ilə tanış deyildir və qoşmadakı sənədlərlə tanış deyildir. Cavabdehlərdən 3 nəfərinin qeydiyyat ünvanları barədə iddia ərizəsinə mötəbər sübut əlavə edilmiş, digər 40 nəfərin qeydiyyat ünvanları barədə isə məhkəməyə bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən məhkəməyə göndəriləcəkdir. İddia ərizəsindəki tələb isə tamamilə aydındır və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən edilmiş tövsiyəyə əsasən tərtib olunmuşdur. Bu hallar məhkəmə tərəfindən araşdırılmadığından qərardad ləğv olunmalıdır. İş üzrə tərəflərə məhkəmə bildirişi ünvanlanmış, iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətlərin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-2050/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı 2003-cü ildən həyat yoldaşı mərhum X1 mülkiyyətində olduğu halda, 2013-cü ildən başlayaraq müəyyən hissələri müxtəlif şəxslərə təkrar satılan torpaq sahəsinə, ikinci dəfə tanınmış daimi istifadə hüquqlarının və bunun əsasında tərtib olunmuş çıxarışların, mərhum X1 qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində konkret hansı sənədlərin etibarsız hesab olunması barədə hər hansı dəqiq müddəa göstərilməmişdir, yəni tələb qeyri-müəyyəndir. Ərizədə iddiaçı tələbini cavabdehlərdən hər birinə münasibətdə dəqiq və tam ifadə etməmiş, etibarsız hesab edilməsini tələb etdiyi çıxarışların verilməsinə əsas olan sənədləri mübahisələndirmədiyi halda, onların hüquqi nəticəsi olan çıxarışların ümumi qaydada qeyd etməklə etibarsızlığını mübahisələndirmişdir. Bundan başqa, iddia ərizəsində cavabdehlərdən yalnız Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 poçt ünvanları barədə məlumat göstərilsə də, ərizədəki əlavə edilmiş “siyahıda adları göstərilən digər 40 nəfər” cavabdehin qeydiyyat ünvanları barədə məlumat ümumiyyətlə qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə görə iddia ərizəsində cavabdehin poçt ünvanı göstərilməlidir və “poçt ünvanı” dedikdə – məhkəmə sənədlərinin həmin ünvana göndərilməsi ilə sənədlərin cavabdehə rəsmi qaydada verilməsi mümkün olan ünvan nəzərdə tutulur. Qüvvədə olan qanunvericiliyin tələbinə görə iddia ərizəsi iddiaçı tərəfindən tərtib edildiyi üçün cavabdehin poçt ünvanını da iddiaçı göstərməlidir. Lakin qeyd edildiyi kimi, hazırkı halda İddiaçı iddia ərizəsində nə digər 40 çəxsin adını, nə də onların poşt ünvanlarını göstərməmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Başqa sözlə, İddiaçı iddia ərizəsi MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə tərtib olunmadığından onun geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Belə ki, MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-2050/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)- 2050/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar