Məhkəmə qərarları › İş №2(105)-1505/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1505/2021

08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1505/2021 08.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1431/2021 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1431/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı uşaqların atanın yanında qalması tələbinə dair mülki iş üzrə Cavabdeh iddianı təmin etmək tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, hazırki iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər Cavabdeh tərəflərin birgə nikahlarından doğulan xx xxxxxx 2008-ci il təvəllüdlü X3 ilə İddiaçı iştirakı olmadan hər həftənin şənbə günü saat 10:00-dan axşam saat 18:00-dək ünsiyyətdə olmağına icazə verilməsi qərara alınmış, Cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx xxxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək hazırki iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər İddiaçı ilə birgə nikahlarından doğulan xx xxxxxx 2008-ci il təvəllüdlü X3 ilə İddiaçı iştirakı olmadan hər həftənin şənbə günü saat 17:00-dan bazar günü 20:00-dək (gecə onun yanında qalmaqla) ünsiyyətdə olmağına (görüşməyinə) icazə verilməsi və bununla bağlı İddiaçı və digər şəxslərə maneələr yaratmağa qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə birgə nikahlarından olan övladları xx xxxxxx 2008-ci il təvəllüdlü X3 hazırda İddiaçı yanındadır və iddiaçı onun övladı ilə görüşməyinə, övladının onun yanında qalmasına maneə törədir, uşağı ondan gizlədir. Bu hal gələcəkdə uşaqla arasındakı ünsiyyət bağlarının kəsilməsinə, münasibətlərin soyumasına gətirib çıxara bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı ədalətsizdir. Belə ki, iddia ərizəsində də ətraflı qeyd etdiyi kimi, övladını atıb harasa getməmiş, nikahın pozulması ilə bağlı məhkəmə qətnaməsində uşaqların onun himayəsində saxlanılması qət edilmişdir. Hazırda cavabdeh birgə nikahlarından olan övladını iradəsinə zidd olaraq aparmış və təxminən 1 aya yaxındır övladını ona göstərmir. Bununla belə İddiaçı məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmiş övladının onunla bir gecə belə qalmasına şərait yaratmır. Məhkəmə təcrübəsində yaxın qohumların, nənəbabanın belə nəvələri ilə həftə sonu, şənbə, bazar günləri ünsiyyət hüququ tanındığı halda, bir ana olaraq doğma qızının onun yanında qalmasına məhkəmə icazə verməmiş, 6 saatlıq vaxt müəyyən etmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və ərizənin tam təmin edilməklə hazırki iddia tələbi üzrə çıxarılacaq yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər cavabdehlə birgə nikahdan doğulmuş xx xxxxxx 2008-ci il təvəllüdlü X1 cavabdehin iştirakı olmadan hər həftənin şənbə günü saat 17:00-dan bazar günü 20:00dək (gecə yanında qalmaqla) ünsiyyətdə olmağına (görüşməyinə) icazə verilməsi və bununla bağlı cavabdehə və digər şəxslərə manelər yaratmağa qadağa qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasında şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx xxxxxx 2011-ci il təvəllüdlü oğlu Əlyar Abdullayev onun himayəsində yaşayır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 cavabdehin şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qərardadının iddianın təmini tədbiri barədə ərizənin təmin edilməmiş hissəsində dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı iddianın təmini tədbiri barədə ərizənin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının iddianın təmini tədbiri barədə ərizənin təmin edilməmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx xxxxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması barədədir. Cavabdeh iddianın təmini tədbiri barədə ərizəsində hazırki iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər İddiaçı ilə birgə nikahlarından doğulan xx xxxxxx 2008-ci il təvəllüdlü X3 ilə İddiaçı iştirakı olmadan hər həftənin şənbə günü saat 17:00-dan bazar günü 20:00-dək (gecə onun yanında qalmaqla) ünsiyyətdə olmağına (görüşməyinə) icazə verilməsi və bununla bağlı İddiaçı və digər şəxslərə maneələr yaratmağa qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr tarixli, 6/2011 nömrəli qərarının 2-ci bəndinə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020ci il qərarı ilə edilmiş əlavədə məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında tərəfin uşaqla minimal həddə ünsiyyətə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsindən bəhs edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddianı təmin etmə tədbiri hazırki mübahisə üzrə yekun qərar qəbul ediİənədək keçən müddət ərzində Cavabdeh uşaqla münasibətinin soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədi daşıyır və bu ünsiyyət uşağın mənafeyinə zidd deyildir. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etmək tədbiri barədə ərizənin qismən təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətlərdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı iddianın təmini tədbiri barədə ərizənin təmin edilməmiş hissəsində qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı iddianın təmini tədbiri barədə ərizənin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-1431/2021 saylı qərardadı iddianın təmini tədbiri barədə ərizənin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar