Məhkəmə qərarları › İş №2(105)-1527/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1527/2025

14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1527/2025 14.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2647/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya dəymiş 11000 manat maddi zərər və 5000 manat mənəvi zərər olmaqla, cəmi 16000 manat zərərin əvəzinin, həmçinin ödənilmiş 140 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2647/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 6817.76 (altı min səkkiz yüz on yeddi manat yetmiş altı qəpik) manat, mənəvi ziyana görə isə 3000 (üç min) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 118.17 (yüz on səkkiz manat on yeddi qəpik) manat hissəsinin tutularaq ödənilməsi, ödənilmiş dövlət rüsumunun 22.43 (iyirmi iki manat qırx üç qəpik) manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli). Cavabdeh2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(012)-2647/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edib Cavabdeh2 tərəfindən ona qətnamə ilə tutulan 9800 manat məbləğində pul tam ödənildiyindən aralarında barışıq sazişi bağlanıldığını bildirərək barışıq sazişinin təsdiq edilməsi, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, barışıq sazişini nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Qeyd olunan Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtləri qanuna zidd deyil və digər şəxslərin mənafelərinə toxunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları 14 yanvar 2026-cı il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2647/2025 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-264, 391 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış 14 yanvar 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı iş üzrə iddia olunan tam məbləğ (9800 manat) Cavabdeh2 tərəfindən ona ödənildiyindən iddia tələbindən imtina edir, gələcəkdə bu predmet üzrə iddia tələbinin olmayacağını bəyan edir və sazişin təsdiq olunmasına və iş üzrə icraata xitam verilməsinə razılığını bildirir.

2. Cavabdeh2 iş üzrə iddia olunan pul məbləğini (maddi və mənəvi ziyanı) İddiaçı tam ödədiyindən və aralarında mübahisə qalmadığından apellyasiya şikayətindən imtina edir və sazişin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə razılığını bildirir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2647/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə və işin icraatına xitam verildikdə tərəflərin eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəməyə təkrar müraciət etmələrinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar