Məhkəmə qərarları › İş №2(105)-1529/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1529/2025

06.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1529/2025 06.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 5 saylı Xaçmaz Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla) "daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaklar üzərində iddiaçının mülkiyyət hüququnun tanınması" tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2(031)-525/2025 nömrəli qərardadından maraqlı tərəf "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 5 Saylı Xaçmaz Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb elədiyi “daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaklar üzərində iddiaçı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Şabran şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan və ünvan 2anında yerləşən ümumi sahəsi 0,1407 ha olan daşınmaz əşyalara dair **********, **********, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və həmin **********, **********, ********** qeydiyyat nömrəli çıxarışların aid olduğu koordinatlara uyğun daşınmaz əmlaklar üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şabran Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, e-2(031)-525/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilsin, Şabran şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan və ünvan 2anında yerləşən ümumi sahəsi 0,1407 ha olan daşınmaz əşyalara dair **********, **********, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən, Cavabdeh2 adına daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyat ləğv edilsin və həmin **********, **********, ********** qeydiyyat nömrəli çıxarışların aid olduğu koordinatlara uyğun daşınmaz əmlaklar və onlar üzərindəki tikililərə İddiaçı mülkiyyət hüququ tanınsın qət edilmişdir.

3. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti ilə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(031)-525/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Şabran Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2(031)- 525/2025 nömrəli qərardadı ilə (hakim Könül Mirzəfərova) maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

5. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsi Şabran Rayon Məhkəməsinin e-2(031)-525/2025 saylı mülki işi üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərardadından şikayətlə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx.xx.2024 tarixli, e-2(031)-525/2025 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Şabran Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, e-2(031)- 525/2025 nömrəli qərardadı ilə (hakim Könül Mirzəfərova) şikayətin təmin edilməməsi, Şabran Rayon Məhkəməsinin e-2(031)-525/2025 saylı mülki işi həmin iş üzrə xx.xx.2025ci il tarixdə qəbul edilmiş qərardadından maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Ərazi İdarələri tərəfindən aparılır. Belə halda qəbul olunmuş məhkəmə qətnaməsi onların hüquq və vəzifələrinə toxunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən onlar bu işdə maraqlı tərəfdir və apellyasiya şikayəti vermək hüquqları vardır. Tərəflərin məhkəmə prosesində iştirak edibetməməsi məhkəmə qərarlarından şikayətlərin verilməsi hüququnu məhdudlaşdırmır. Qətnamədə göstərilən torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda, satıcı tərəf daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınmadığından həmin daşınmaz əmlaka dair sərəncam verə bilməz və daşınmaz əmlak alğı-satqı predmeti ola bilməzdi. Bu baxımdan hesab edirlər ki, ilk növbədə mübahisənin ümumi və ya inzibati-iqtisadi məhkəməyə aidiyyatı, o çümlədən ərazi aidiyyatı müəyyən edilməli və bundan sonra iddiaçının iddia tələblərinə səlahiyyətli məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla, hüquqi qiymət verilməlidir. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Bu normada şəhərsalma və tikinti normalarını və qaydalarını tələblərin gözlənilməsi şərti ilə torpaq sahəsində binalar və qurğuların ucaldılmasını nəzərdə tutur. İddiaçı tikililərin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildir.

Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

10. Şikayətdən görünür ki, apellyator Şabran Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2(031)-525/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şabran Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2(031)- 525/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şabran Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2(031)-525/2025 nömrəli qərardadı ləğv edilməli, qərardaddan maraqlı tərəf "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar Mülki Prosessual Məcəllənin 357- 364-cü maddələrinin tələbləri baxımından qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. Kollegiya araşdırması zamanı müəyyən olundu ki, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti ilə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(031)- 525/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə istinad edərək onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsinin iş üzrə maraqlı şəxs qismində cəlb edilməsində məqsəd sözügedən qətnamə müəyyən edilmiş faktın təsdiq edilməsi öhdəliyinin onun üzərində olmasıdır. Maraqlı şəxs iddiaçının əmlaklar üzərində mülkiyyət hüququnun yaranmadığını qeyd etmişdir. Lakin inzibati orqanın şəxslərin əmlaklar üzərində mülkiyyət hüquqlarının olub-olmamasını müəyyənləşdirmək səlahiyyəti mövcud deyildir.

16. Məhkəmə qərardadı ilə razılaşmayan apellyator şikayət verərərk birinci instansiya məhkəməsinin bu qərardadın ləğv edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə bu nəticəyə gəlməklə prosessual normalarının tətbiq və təfsirində pozuntuya yol vermiş, mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişləri üzrə düzgün dəyərləndirmə aparmamış, məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.

18. Göründüyü kimi məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsini şikayət vermə hüququ olmadığını vurğuluyaraq verilmiş apellyasiya şikayətini geri qaytarmışdır.

19. Mülki iş materiallarından görünür ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 5 saylı Xaçmaz Ərazi İdarəsi maraqlı tərəf olaraq işə cəlb olunmudur.

20. Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququna, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

21. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e- 2(031)-525/2025 nömrəli qərardadı ləğv edilməli, göstərilən xüsusatlar nəzərə alınmaqla şikayətin MPM-nin 361-ci maddəsinin digər tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

22. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı:

Maraqlı tərəf "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2(031)-525/2025 nömrəli qərardadı ləğv edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(031)-525/2025 nömrəli qətnaməsindən maraqlı tərəf "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin, göstərilən xüsusatlar nəzərə alınmaqla Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar