Məhkəmə qərarları › İş №2(105)-1764/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1764/2025

04.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1764/2025 04.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun tanınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı vəkili Vəkil2 və Cavabdeh2 iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-525/2025 nömrəli qətnaməsindən müstəqil tələb sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan və ünvan 1anında yerləşən ümumi sahəsi 0,1407 ha olan daşınmaz əşyalara dair **********, **********, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və həmin **********, **********, ********** qeydiyyat nömrəli çıxarışların aid olduğu koordinatlara uyğun daşınmaz əmlaklar üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarixində tarixlərində İddiaçı ilə Cavabdeh2 arasında şifahi şəkildə tapşırıq müqavilələri bağlanmışdır. Belə ki, İddiaçı Şabran şəhərində bir neçə əmlak əldə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətində idi. Bu səbəblə, ilk öncə xx.xx.2017-ci il tarixdə Cavabdeh2 ilə aralarında şifahi şəkildə tapşırıq müqaviləsi bağlayaraq razılaşmışlar ki, Cavabdeh2 Şabran şəhəri, X7 küçəsi ev 31 ünvanında yerləşən torpaq sahəsini tamamilə İddiaçı vəsaitləri hesabına əldə etməli, öz adına rəsmiləşdirməli, müəyyən müddət öz adında qaldıqdan sonra yenidən əmlakları İddiaçı adına rəsmiləşdirməklə İddiaçı geri qaytarmalı idi. Həmçinin, xx.xx.2022-ci il tarixində də Cavabdeh2 eyni şəkildə Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən torpaq sahəsini əldə edib, öz adına qeydiyyata aldırdıqdan bir müddət sonra İddiaçı adına keçirəcəkdi. Beləliklə, razılaşma nəticəsində İddiaçı tapşırığına əsasən Cavabdeh2 xx.xx.2017-ci il tarixdə Şabran şəhəri, X7 küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 hektar olan daşınmaz əşyanı almışdır (Cavabdeh2 məxsus sözügedən daşınmaz əşyaya mülkiyyət hüququnu təsdiq edən **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış mövcuddur). Bununla yanaşı xx.xx.2022-ci il tarixində Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan daşınmaz əşyanı alınmışdır (Cavabdeh2 məxsus sözügedən daşınmaz əşyaya mülkiyyət hüququnu təsdiq edən **********78-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar mövcuddur). Göründüyü kimi tərəflər arasında olan bu faktiki müqavilə münasibətinə görə Cavabdeh2 sözügedən daşınmaz əmlakları İddiaçı vəsaitləri hesabına öz adına almaq, onlar üzərində market təyinatlı tikililər inşa edildikdən sonra da onların hamısını yenidən İddiaçı adına keçirmək tapşırığın icrası ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür. Bütün bunlar isə İddiaçı ilə Cavabdeh2 arasında şifahi şəkildə tapşırıq müqaviləsi münasibətinin olduğunu deməyə tam hüquqi əsas verir. Ancaq alınan torpaqlar üzərində market təyinatlı tikililər inşa edilib tamamlandıqdan sonra Cavabdeh2 aralarındakı şifahi şəkildə bağlanmış tapşırıq müqaviləsinə görə götürmüş olduğu öhdəliyi icra etməyərək, İddiaçı hesabına əldə edilmiş olan daşınmaz əmlakları ona verməkdən imtina etmişdir. Beləliklə, Cavabdeh2 müqavilə üzrə iddiaçının bu tələblərinə məhəl qoymadan daşınmaz əmlakları onun adına keçirməkdən boyun qaçırmış, bugünkü günədək hələ də öhdəliklərini icra etməmişdir. Bununla da İddiaçı ilə Cavabdeh2 arasındakı bu müqavilə münasibətindən irəli gələn tapşırıq işlərinin bir qismini, yəni daşınmaz əmlakları Cavabdeh2 tərəfindən öz adına sənədləşdirməklə bağlı olan işləri icra etmiş, lakin sonradan sözügedən daşınmaz əmlakları İddiaçı adına keçirilməsi ilə bağlı öhdəliklər icra edilməmişdir. Cavabdeh2 əslində mübahisəli əmlakların heç birini əldə etmək niyyətində olmamışdır. Həmin əmlakların əldə edilməsi ilə bağlı bütün hərəkətləri sırf İddiaçı tapşırıq müqaviləsinə əsaslanan göstərişləri və maddi təminatı hesabına həyata keçirmişdir. Təsadüfi deyildir ki, alqı-satqıdan sonra mübahisəli torpaq sahələri üzərində market təyinatlı tikililər də tamamilə İddiaçı tərəfindən aparılmış və market fəaliyyətinin həyata keçirmək üçün bütün sənədləşmə işlərinin hamısı da tamamilə İddiaçı tərəfindən və İddiaçı hesabına həyata keçirilmişdir. Bunu tikinti-təmir və sənədləşmə işləri ilə bağlı qurulan münasibətin bütün iştirakçıları da bilir. Cavabdeh xx.xx.1949-cu il təvəllüdlü Cavabdeh2 76 (yetmiş altı) yaşı var və indiyədək market fəaliyyəti ilə məşğul olmamışdır. Halbuki, İddiaçı market işlədir və həmin marketlərin hamısı da şimal rayonları zonasında yerləşir. Elə təkcə bu faktın özü də sözügedən torpaqların İddiaçı üçün alındığını göstərir. Bunun məntiqi nəticəsi olaraq da Şabran şəhəri, ünvan 4 ünvanlarında yerləşən əmlaklar İddiaçı məxsus olduğu üçün həmin ünvanda ticarət obyektlərinin tikintisi, təmir işlərinin aparılması, bununla bağlı müqavilələrin bağlanması və ödənişlərin, dövlət idarə və təşkilatlarında lazımi sənədləşdirmə işləri tamamilə İddiaçı və ya tapşırdığı şəxslər vasitəsilə həyata keçirilmişdir. Qeyd olunan bu halları təsdiq edəcək kifayət qədər şəxslər də mövcuddur. Cavabdeh2 aralarındakı tapşırıq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərdən yayınması nəticəsində İddiaçı maddi zərər vurmaqla yanaşı, mülkiyyət hüquqları da məhdudlaşdırmaqdadır. Çünki əslində İddiaçı məxsus olan əmlaklara dair mülkiyyət hüquqları onun yox, Cavabdeh2 adına qeydiyyata alındığı üçün İddiaçı mülkiyyət hüquqlarından irəli gələn heç bir səlahiyyəti həyata keçirə bilmir. Sözügedən mübahisə birbaşa olaraq İddiaçı mülkiyyət hüququnun pozulması ilə bağlıdır. Cavabdeh2 həmin əmlakları İddiaçı qaytarmayaraq faktiki olaraq onun mülkiyyət hüquqlarını pozmuşdur. Bu səbəbdən sözügedən mübahisəyə daşınmaz əmlakların olduğu yer üzrə, yəni Şabran Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı bu halları nəzərə alaraq, Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan və ünvan 1anında yerləşən ümumi sahəsi 0,1407 ha olan daşınmaz əşyalara dair **********, **********, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və həmin **********, **********, ********** qeydiyyat nömrəli çıxarışların aid olduğu koordinatlara uyğun daşınmaz əmlaklar üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarımasını xahiş etmişdir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-525/2025 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilmiş, Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan və ünvan 1anında yerləşən ümumi sahəsi 0,1407 ha olan daşınmaz əşyalara dair **********, **********, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən, Cavabdeh2 adına daşınmaz əmlakın Dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, həmin **********, **********, ********** qeydiyyat nömrəli çıxarışların aid olduğu koordinatlara uyğun daşınmaz əmlaklar və onlar üzərindəki tikililərə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin sırf market fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə alındığı və həmin torpaq sahəsi üzərində aparılan tikililərin də sırf market təyinatlı inşa edilən tikililər olması işin mübahisəsiz halıdır. Yəni tərəflər arasında bu barədə hər hansı mübahisə yoxdur. Mübahisəli hal sözügedən torpaq sahəsi və tikilələrin kimin üçün edildiyi ilə bağlıdır. Məhkəmə araşdırıması zamanı müəyyən olundu ki, İddiaçı market açıb işlətməyi özünə peşə həyatı olaraq seçmişdir. Sumqayıtda və Qubada kifayət qədər iri marketləri var və bunu cavabdeh də qəbul edir. Məhkəmə hazırkı mülki iddia icraatının predmeti olan Şabran rayonu ərazisində yerləşən mübahisəli torpaq sahəsi üzərindəki tikililərin aparılması ilə bağlı fəaliyyətlərdə Cavabdeh2 iştirak etmədiyi qənaətindədir. Belə ki, həm Cavabdeh2 market tikintisi ilə bağlı podrat, alğı-satqı və tikililər üçün texniki şərtlərin alınması ilə bağlı fəaliyyətləri kimlərlə müqavilə bağlayaraq etdiyinə dair heç bir izahat vermədiyi kimi, tikilələr ilə bağlı məsələlər ilə Vüqarın məşğul olduğunu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin üzrə xx.xx.2025-ci il tarixdə 1(124)-321/2025 saylı cinayət işi üzrə iclasında etiraf etmişdir. Bu ifadə həmin cinayət işi üzrə təqsirləndirilən şəxs olaraq Elçin Nəsirovun ifadələri ilə uyğunluq təşkil edir. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-321/2025 saylı cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə, saat 16:00-a keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, İddiaçı kimi əsasən Sumqayıt və şimal regionunda market fəaliyyəti ilə məşğul olan İdris Quliyev hazırkı mübahisəli sahəni Yasin Hümbətəliyev adlı şəxsin adından əldə etmək istəmiş və bu məqsədlə sözügedən cinayət işi üzrə təqsirləndirilən Elçin Nəsirova 120000 (yüz iyirmi min) manat beh olaraq pul vermişdir. Elçin Nəsirov sözügedən 120000 manatı görünüşə görə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (təmsilçisi) kimi almışdır. Həmin cinayət işinin protokolundan görünür ki, təqsirləndirilən Elçin Nəsirov öz ifadəsində açıqca bildirir ki, “Cavabdeh2 həmin yerdə vəzifəsi ancaq imza çəkmək idi, onun demək olar ki, bu işlərlə heç bir əlaqəsi yox idi”. Həmin cinayət işi üzrə məhkəmə iclas protokolunda Cavabdeh2 öz ifadəsində notariat qaydasında etibarnaməni imzalaması faktı ilə bağlı eyni ilə belə deyib: “sadəcə olaraq mənə sənədi gətirib qarşıma qoyublar və mən də onu oxumadan imzalamışam”. Bu ifadə onu göstərir ki, mübahisəli əmlak ilə bağlı işləri Cavabdeh2 özünə aid işlər deyil, başqasına aid hesab etmiş və bu işlər dəfələrlə təkrarlandığı üçün artıq Cavabdeh2 başqasına aid bu növ işlərin görülməsinə vərdiş edibmiş. Çünki, “sənədi gətirib qarşıma qoyublar” ifadəsi işə sahib çıxan, ona yiyəlik edən şəxsin deyil, ötəkinə, başqasına aid işləri formal olaraq görən bir şəxsin psixologiyasını əks etdirir. Buna bir də “mən də oxumadan onu imzalamışam” ifadəsini əlavə etdikdə məhkəmənin Şabrandakı əmlakla bağlı işləri Nərimanın özünə aid işlər hesab etmədiyi qənaəti daha möhkəm hala gəlir. Bu səbəblə də həmin sözügedən cinayət işi üzrə təqsirləndirilən Elçin Nəsirovun “Cavabdeh2 həmin yerdə vəzifəsi ancaq imza çəkmək idi, onun demək olar ki, bu işlərlə heç bir əlaqəsi yox idi” ifadəsini məhkəmə işin halları baxımından əsaslı sübut hesab edir. Bu baxımdan heç təsadüfi deyildir ki, hazırki mülki iddia icraatı üzrə Cavabdeh2 həmin cinayət işi ilə bağlı məhkəmə iclasında “sonuncu dəfə hansı iş üçün və nə vaxt etibarnamə verdiyini xatırlamadığını” bildirmişdir. Həmin cinayət işinin iclas protokolundan görünür ki, Cavabdeh2 həm “Xeyr, Elçin Nəsirov orda öz vəsaiti hesabına heç bir iş görməmişdir”, deyir, həm də “Qeyd olunan obyektin yanında 5 sot torpaq sahəsi var idi. X11 almışdır, sonradan isə mənim adıma keçirmişdir”. Davamında isə hazırkı mübahisəli torpaq sahəsi üzərindəki tikilələr baxımından Cavabdeh2 etiraf edir ki, “obyektin tikintisinə nə qədər xərc çıxdığını bilmir” və “obyektə alınan texniki şərtin pulunu o verməyib. Texniki şərt məsələsinin həllini X8 Qələndərovla birlikdə ediblər”. Ancaq dərhal da bildirmişdir ki, “Xeyir, Nəsirov Elçin əmlakımıza şərik”. Bütün bunlara təqsirləndirilən şəxs Elçin Nəsirovun mübahisəli torpaq sahəsi və üzərindəki tikililər ilə bağlı hesab məsələlərini İddiaçıla etdiyini, Cavabdeh2 bunlardan xəbəri olmadığı əlavə etdikdə iddia tələbinin işin halları ilə üst-üst düşdüyünü, cavabdehin etirazının isə bunun əksinə, işin hallarına uyğun gəlmədiyi nəticəsi yaranır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 2.2, 14.1, 14.2.1, 777.1, 777.2, 777.4, 778.1, 778.2, 778.3, 779.1, 779.2, 782.1, 782.2, 782.3, 782.4, 786.1, 786.2,786.3, 786.4, 786.5, 786.6-cı maddələrinə, Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” xx.xx.2004-cü il tarixli, 713-İİQ nömrəli Qanuna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. Müstəqil tələb sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsin 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-525/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə mübahisənin ümumi və ya inzibati-iqtisadi məhkəməyə aidiyyatı, o çümlədən ərazi aidiyyatı müəyyən edilməli və bundan sonra iddiaçının iddia tələblərinə səlahiyyətli məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla, hüquqi qiymət verilməlidir. İddiaçı tikililərin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildir. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununlada qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, təmsil etdiyi şəxslə digər vəkili arasında yaranmış anlaşılmazlıq nəticəsində iddiadan imtina barədə ərizə təqdim olunub. Odur ki, digər vəkil tərəfindən verimiş iddiadan imtina barədə ərizənin baxılmamış saxlanmasını xahiş edir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsin 5 Saylı Xaçmaz Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilmələrinə baxmayaraq, bir dəfə də olsun məhkəmə iclasında iştirak etməmiş, qətnamə qəbul edildikdən sonra formal olaraq apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri ilə işin faktiki halları arasında heç bir uyğunluq yoxdur. Belə ki, işin faktiki hallarına əsasən şifahi razılaşmaya əsasən əmlaklar cavabdehin adına alınmış, torpaq sahəsinə çıxarış verilmişdir. Reyestr Xidməti apellyasiya şikayətində əmlaklar barədə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin olmamasını əsassız olaraq qeyd etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verməsə də təmsil etdiyi şəxslə aralarında anlaşılmazlıq olur, cavabdeh mübahisə yaradır, ona görə də iddiadan imtina etmirlər. Cavabdeh hazırda iddiaçının onunla danışmadığını bildirsə də təmsil etdiyi şəxs ona müraciət etdiyi zaman razılıq əldə olunmadığı üçün məhkəməyə ərizə verib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında cavadbeh Cavabdeh2 bildirdi ki, birinci instansiya məhkəməsində izahatında qeyd etmişdir ki, təxminən 20 sot torpaq sahəsinin mübahisəsi gedir, onun 15 sotunu o, 5 sotunu isə İddiaçı alıb. Mövud olan üç torpaq sahəsinin hər biri onun adına alınıb, biri oğlunundur, həmin torpağın ödənişini Qələndərov edib, həmin torpaq 5 sota yaxın sahəni əhatə edir, qalanlarınını pulunu özü vermişdir. Torpaq sahəsinin üzərində mağaza tikilib, mağazaların tikintisi davam etdirilir. Vüqar kürəkənidir. Üçüncü yeri iddiaçı və oğlu Rövşən məsləhətləşib alıblar. Sonradan Vüqar ona qarşı məhkəmədə iddia qaldırıb. Əslində birinci instansiya məhkəməsinin qərarı ilə razı deyil, lakin apellyasiya şikayəti verməmişdir. Məhkəmə qərarı ilə razı deyil, lakin qızının və nəvələrinin xətrinə qərardan apellyasiya şikayəti verməmişdir. Rayon məhkəməsinə iddiaçı özü gəlmirdi. İddiaçı onların həyətində olan zaman məhkəmə bildirişi gəlmiş, Vüqar məhkəmə prosesindən xəbərsiz olduğunu, iddianı vəkilinin qaldırdığını bildirmiş, ondan sonra Vüqarı görməmişdir. Əmlakları iddiaçıya bağışlamasına da etirazı yoxdur. Təxminən 1 həftə bundan qabaq telefonuna zəng edərək Vüqarın adına etibarnamə verməyini istəmişlər, o, isə Vüqarın özü şəxsən ona müraciət etdiyi təqdirdə etibarnamə verə biləcəyini bildirmişdir. İddiaçının özü ilə əlaqə saxlayanda ona məhkəmə proseslərindən xəbərsiz olduğunu, iddianı vəkilin qaldırdığını bildirib, halbuki onun iradə ifadəsi olmadığı halda vəkil iddia qaldıra bilməz. Torpağın çıxarışı olsa da, üzərindəki tikilinin çıxarışı yoxdur. Torpaq sahəsinin üzərində mağazalar tikilib. Mağazalar təxminən 2000 kv.m sahəni əhatə edir. Əvvəllər orada fərdi yaşayış evi olub, sonra obyektə çevrilib. İddiaçı məhkəmədə iddia qaldırmazdan öncə müraciət etməyib, öz istəyini ona bildirməyib, bildirsə idi heç bir mübahisə olmayacaqdı.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq İddiaçı, Cavabdeh1 və üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 5 Saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasənişə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 ünvanında yerləşən 77.50 kvadratmetr sahəli fərdi yaşayış evi və 0,05 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi - **********78-10301) Cavabdeh2 tam mülkiyyətindədir (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022-ci il).

14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran şəhəri, X4 küçəsi, 31 ünvanında yerləşən 0.1407 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********64) Cavabdeh2 tam mülkiyyətindədir (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020-ci il).

15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şabran şəhərində yerləşən 0.0066 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi - **********21) Cavabdeh2 tam mülkiyyətindədir (qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022-ci il).

16. ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

19. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası tərəfindən Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-525/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-525/2025 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbini pozaraq, iddia tələblərindən kənara çıxmışdır. Belə ki, iddiaçı iş materiallarında olan **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlara əsasən, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin ləğv edilməsi və həmin **********, **********, ********** qeydiyyat nömrəli çıxarışların aid olduğu koordinatlara uyğun daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş həmin hüquqmüəyyənedici sənədlərə əsasən həmin əmlaklardan yalnız ********** qeydiyyat nömrəli 0,05 ha yaşayış məntəqəsi torpağı üzərində 77,5 kv.m sahədən ibarət fərdi yaşayış evi mövcud olmuşdur. Digər qeydiyyat tarixli 0,1407 və 0,0066 sahədən ibarət yaşayış məntəqəsi torpaqları üzərində isə inşa edilmiş hər hansı bir tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, həmin torpaq sahələri üzərinə mağaza təyinatlı qeyri-yaşayış obyekti inşa edilmiş, birinci instansiya məhkəməsi isə tələblərdən kənara çıxaraq, iddia tələbinə olan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələri üzərində inşa edilmiş bütün tikililərə də iddiaçının mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarmışdır.

23. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı onun vəsaiti hesabına mübahisələndirilən torpaq sahələrinin alınması və həmin torpaq sahələri üzərində mağaza təyinatlı tikililər inşa edildikdən sonra həmin əmlakların onun mülkiyyətinə keçirilməsi ilə bağlı cavabdehlə tapşırıq müqaviləsi bağlandığını, lakin verilmiş tapşırıq icra edildikdən sonra cavabdehin tapşırıq müqaviləsi üzrə əldə edilənləri ona vermədiyini, yəni əmlakların onun mülkiyyətinə keçirmədiyini iddia etsə də məhkəmə kollegiyasının iclasında tərəflər arasında hər hansı yazılı və ya şifahi qaydada tapşırıq müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qayınata və kürəkən qismində qohumluq münasibətində olmaqla, mübahisələndirilən torpaq sahələri üzrəində böyük sahədən ibarət mağaza təyinatlı qeyriyaşayış obyekti inşa edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə bu barədə ona hər hansı bir məlumat vermədiyini, hətta hazırkı iş üzrə birinci instansiya məhkəməsindən bildiriş gəldiyi vaxt iddiaçının da onun evidə olduğunu, bu barədə ondan soruşduqda iddiaçının məhkəmə prosesindən xəbərsiz olduğunu, iddianı vəkilinin qaldırdığını bildirdiyini, iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə istəyi barədə ona bildirəcəyi halda heç bir mübahisə olmayacağını və əmlakları iddiaçıya bağışlamağına da etirazının olmadığını bildirmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd olunan izahatı, çıxarılmış qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməməsi, mübahisələndirilən torpaq sahəsi üzərində böyük sahədən ibarət mağaza təyinatlı qeyri-yaşayış obyektinin inşa edilməsi və mübahisələndirilən qətnamə ilə torpaq sahələri üzərində inşa edilmiş bütün tikililərə də iddiaçının mülkiyyət hüququnun tanınması ilə bağlı işin halları tərəflər arasında hər hansı yazılı və ya şifahi qaydada tapşırıq müqaviləsinin bağlanmaması, ümumiyyətlə tərəflər arasında mübahisənin olmaması nəticəsinə gəlinməsinə əsas vermişdir. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd edilən halllarını nəzərə almadan, iddia tələbindən də kənara çıxıb, iddianı təmin etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir.

25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-525/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməməlidir.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Müstəqil tələb sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-525/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar