Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1536/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X17 qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi X6, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı kirayə müqaviləsinin ləğvi, istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2895/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Z.Tağıyev rayon MİH rəisinin xx.xx.2011-ci il tarixli, 39 nömrəli Əmrindən çıxarışın surətindən görünür ki, xx.xx.2011-ci il tarixdən Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin Texniki təhlükəsizlik üzrə mühəndisi Cavabdeh mənzil qrupunun rəisi vəzifəsinə keçirilməsi əmr edilmişdir.
2. İş materiallarında olan Sumqayıt qarnizonu üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısının surətindən görünür ki, xx.xx.2013-cü il tarixli hərbi hissənin mənzil komissiyasının protokoluna əsasən ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən 3 otaqlı, 37 kv.metr sahəsi olan 29 saylı mənzil 6 nəfər ailə tərkibi ilə bərabər Cavabdeh verilmişdir.
3. İş materiallarında olan Cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 16 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsi Sumqayıt Qarnizonu rəisinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Sumqayıt şəhəri, F.Qayıbov küçəsi, 19 nömrəli binada, 29 nömrəli mənzildə yerləşən Müdafiə Nazirliyinin mənzil fonduna aid, ümumi sahəsi 37 kv.m olan 3 otaqlı yaşayış sahəsini kirayə haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə Müdafət Nazirliyində xidmət müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri: həyat yoldaşı X7, qızları X4, X3, oğlu X8, nəvəsi X2r. Həmin müqavilənin 2.4.11-ci bəndinə əsasən kirayəçinin bu müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra razılaşdıqları müddətdə (lakin 30 təqvim günündən artıq olmamaq şərtilə) yaşayış sahəsini təhvil-təslim aktına əsasən kirayə verənə təhvil vermək vəzifəsi vardır. Həmin müqavilənin 5.4.6-cı bəndinə əsasən müqavilə kirayə verənin tələbi ilə məhkəmə qaydasında Azərbaycan Respublikasının qanunvericiliyində və Mənzil Məcəlləsində müəyyən edilmiş digər hallarda ləğv edilə bilər. Həmin müqavilənin 5.8-ci bəndinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edildikdə və ya ona xitam verildikdə kirayəçi və onun ailə üzvləri bu Müqavilə əsasında kirayəyə götürdükləri yaşayış sahəsini boşaltmalıdır. Kirayəçi və onun ailə üzvləri həmin yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
4. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş iltizamda qeyd edilmişdir ki, o, 16 nömrəli, xx.xx.2014-cü il tarixli kirayə müqaviləsi əsasında Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19 ünvanında yerləşən 3 otaqlı, sahəsi 37 kv.m olan xüsusi təyinatlı yaşayış sahəsi müqaviləsinin 2.4.11 və 5-ci bəndlərinə uyğun olaraq (xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə və s. hallarda) şərtsiz Z.Tağıyev rayon MİH-ə təhvil verəcəkdir.
5. İş materiallarında olan Z.Tağıyev rayon Mənzil-İstismar hissəsinin rəisinin 40 nömrəli, xx.xx.2015-ci il tarixli əmrindən çıxarışdan görünür ki, mənzil qrupunun rəisi Cavabdeh 01 may 2015-ci il tarixdən ştat vahidlərinin ixtisarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Cavabdeh əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.
6. İş materiallarında olan Azərbaycan respublikası Müdafiə Nazirliyi tərəfindən verilən 002914 nömrəli, xx.xx.2005-ci il tarixli pensiya vəsiqəsindən görünür ki, Cavabdeh mayor rütbəsi ilə xx.xx.2004-cü il tarixdən etibarən 519.042 manat məbləğində pensiya alır.
7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İstismar-Texniki bölmə rəisi tərəfindən Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin rəisinə ünvanlanan raportun surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə kirayə müqaviləsi ilə mənzil verilərkən Sumqayıt Qarnizonu mənzil komissiyasının sədri ilə razılaşma aparılmamışdır. Həmin tarixdə Hacı Zeynalabdin rayon Mənzil-istismar hissəsinin mülki işçisi kimi Cavabdeh iltizam verərək bildirmişdir ki, xüsusi təyinatlı yaşayış sahəsini müqavilənin 2.4.11 və 5-ci bəndlərinə uyğun olaraq (xidmət yeri dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə və hallarda) şərtsiz olaraq mənzili Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinə təhvil verəcəkdir. Lakin sözügedən mənzil bu günədək Cavabdeh tərəfindən Hacı Zeynalabdin rayon Mənzil-istismar hissəsinə təhvil verilməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq X5 hansı səbəblərdən qanunsuz olaraq kirayə müqaviləsi verilməsi barədə araşdırma aparılması üçün göstəriş verilməsi xahiş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsi Cavabdeh qarşı kirayə müqaviləsinin ləğvi, istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2014-cü il tarixində xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi ilə 16 nömrəli müqaviləyə əsasən Azərbaycan Ordusunun qulluqçusu Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, mənzil 29 ünvanında 3 otaqlı olmaqla 37 kv.metrdən ibarət mənzil ayrılmışdır. Cavabdehə mənzil ayrılan zaman, yəni xx.xx.2014-cü il tarixdə iltizam yazaraq bildirmişdir ki, xüsusi təyinatlı yaşayış sahəsinin müqavilənin 2.4.11 və 5-ci bəndlərinə uyğun olaraq (xidməti yerini dəyişdikdən hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə və s. hallarda) şərtsiz Z.Tağıyev rayonunda Mənzil-İstismar hissəsinə təhvil verəcəyini bildirmişdir. Bundan əlavə, Sumqayıt Qarnizonunun üzrə yaşayış sahəsinin N saylı hərbi hissənin komandiri ilə razılaşma aparılmamışdır. Hal-hazırda təqaüddədir. Verdiyi iltizama əməl etmir. Buna görə də Cavabdeh mənzillə istifadə hüququna xitam verilməklə həmin mənzili təcili təhvil verməlidir, hazırda mənzilə ehtiyacı olan və mənzil növbəsində duran çoxlu sayda hərbi qulluqçular və mülki işçilər vardır. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov. küçəsi, ev 19, mənzil 29 nömrəli mənzillə bağlı xx.xx.2014-cü il, 16 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi, onun mənzildən istifadə hüququna xitam verilməsi, həmin mənzildə yaşayan Cavabdeh ailə üzvləri birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2895/2025 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin təmin edilərək, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, 29 nömrəli mənzillə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il, 16 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, 29 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, 29 nömrəli mənzildə yaşayan Cavabdeh ailə üzvləri birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xidməti yaşayış sahəsinin kirayə müqaviləsi Mənzil Məcəlləsinin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Qüvvədə olan mənzil qanunvericliyinə görə cavabdeh iddiaçı qurumda işləmədiyindən, mübahisəli yaşayış sahəsini tərk etməlidir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.1, 17.2, 17.3, 91,92, 98.1, 100.3, 102.1, 103.3, Azərbaycan Respublikasınin Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 86 saylı Qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 1.5, 2.2, 3.5.1- ci bəndlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-2895/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları, xüsusilə iş materiallarına əlavə edilmiş, işin təkzib edilməz halları təhrif edilmişdir. İşin halları ilə bağlı bu şikayət ərizəsinin 5-ci bəndində 8 hal qeyd edilmişdir. İddiaçı qurum cavabdeh (pensiyada olan hərbi qulluqçu) Cavabdeh münasibətdə mübahisəli mənzil ilə bağlı kirayə müqaviləsinin xitam verilməsi, istifadə hüququna xitam verilməsi və cavabdehin ailə üzvləri ilə birlikdə mənzili boşaldılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddianın predmeti 2 hissədən ibarət olmaqla aşağıdakılardır: Cavabdehə verilən xüsusi təyinatlı kirayə müqaviləsinə xitam verilməsi; 2. Cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli xüsusi təyinatlı mənzildə istifadə hüquqlarına xitam verilərək, mənzildən çıxarılmaları. Birinci instansiya məhkəməsi iddia predmetinin 1-ci hissəsi ilə bağlı Konstitutsiyanın və Mənzil Məcəlləsinin normalarını təhrif edərək, işin hallarına uyğun əsaslandırmamışdır. Belə ki, mübahisəli mənzil dövlət mülkiyyəti olmaqla balans saxlayıcı Müdafiə Nazirliyidir və xüsusi təyinatlı mənzil sahəsıdır. Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 3 halda ləğv edilə bilər: tərəflərin qarşılıqlı razılığı ilə; və ya kirayəçinin (cavabdehin) istəyi əsasında; kirayə verənin iddiası əsasında məhkəmə qaydasında. Bu 3-cü hal isə Mənzil Məcəlləsinin 100.3-cü maddəsində qeyd edilən şərtlər mövcud olduğu halda, yəni kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə; habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Hazırki mülki mübahisədə kirayə müqaviləsinin ləğv edilməsi qaydası olaraq tərəflərin münasibətlərində 100.1 və 100.2-ci maddəsində qeyd edilən hallar mövcud deyildir və məhkəmə mübahisəyə bu aspektdən baxmamışdır. Məhkəmə tərəfindən hazırki mülki mübahisə Mənzil Məcəlləsinin 100.3-cü maddəsi aspektindən baxılmamışdır. Lakin məhkəmə, 100.3-cü maddəsində qeyd edilən halların mövcud olmadığına qiymət verməmişdir. Belə ki, iddia ərizəsindən və iddiaçı tərəfin nümayəndəsinin məhkəmə qətnaməsində qeyd edilən izahatı ilə də, təsdiq edilir ki, iddiaçı tərəfin iddiasının əsasını yalnız və yalnız cavabdehin iş yeri üzrə əmək münasibətlərinə xitam verilməsi əsası nəzərdə tutulmuşdur və birinci inctansiya məhkəməsi də məhz qətnaməsində iddianı təmin edərkən bu əsasla əsaslandırmışdır (qətnamənin 32-33-cü bəndləri). Mənzil Məcəlləsinin 100.3-cü bəndində qeyd edilən kirayəçi və onun ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələrin yerinə yetirilməməsi hazırki mülki mübahisədə mövcud deyil, belə bir əsas ümumiyyətlə iddianın əsaslarını təşkil etmir. Həmçinin 100.3 maddənin digər hissəsinin tələbi isə Mənzil Məcəlləsinin 82-ci maddəsinə göndərir. Göründüyü kimi MM-nin 82-ci maddəsində isə kirayə müqaviləsinə xitamının əsasları kimi aşağıdakıları müəyyən edir: tərəflərin razılığı; kirayəçinin ailə üzvləri ilə birlikdə yazılı razılığı əsasında birtərəfli xitamı; kirayəçinin ailə üzvləri ilə başqa yaşayış yerinə köçməsi. Məhkəmə qaydasında: Mənzil Məcəlləsinin 82.4.1-82.4.4 (yaşayış sahəsinin və kommunal xidmətlərin 6 aydan artıq ödənilməməsi; yaşayış sahəsini dağıtdıqda və korladıqda; birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə). İş materiallarından və iddia ərizəsindən də göründüyü kimi, hazırki mülki mübahisədə 82.4.1-82.4.4-cü maddədə qeyd edilən hallar mövcud deyildir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitamın əsasları isə 101-ci maddədə 2 hal qeyd edilmişdir. Bu hallar da, hazırki mülki mübahisədə mövcud deyildir və belə bir halların olması ilə bağlı nə iddianın əsaslarında, nə də ki, məhkəmə qətnaməsində qeyd edilməmiş, araşdırma predmeti olmamışdır. Lakin məhkəmə, Mənzil Məcəlləsinin 92ci maddəsinə istinad etməklə həmin normanı səhv, yəni hüquq normasının tələblərinə, mahiyyətinə və hüquq fəlsəfəsinə zidd olaraq təfsir etmişdir (qətnamənin 37-ci bəndi). Mənzil Məcəlləsinin 92-ci maddəsində kirayəçinin (cavabdehin) iddiaçı dövlət qurumunda işləməməsi cavabdehin kirayə mənzil sahəsini tərk etməli halı özündə ehtiva etmir. Əksinə, Cavabdeh ehtiyyata buraxılmış mayor rütbəsində olan AO hərbi qulluqçusudur və həmçinin pensiyadadır. Belə ki, iş materiallarına cavabdehin AO mayor rütbəsində hərbi qulluqçu kimi pensiyaçı olmağına dair sənədlər məhkəməyə təqdim edilməsinə, iş materiallarına əlavə edilməsinə baxmayaraq, məhkəmə qətnaməsində bu sübutları qeyd etməmiş və qiymət verməmişdir. Əksinə, məhkəmə qətnaməsində əsassız olaraq 36-cı bənddə qeyd edir ki, guya işin faktiki hallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid deyildir. Halbuki, cavabdeh Mənzil Məcəlləsinin 102.2.2-ci bəndində qeyd edilən kateqoriyaya aiddir (yaşa görə pensiyaçı). Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsinə əsasən, yaşa görə pensiyaçılar xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsində imperativ xarakterli olan hüquq normasının tələbləri pozulmuşdur. Həmçinin qeyd edilən tələblər tərəflər arasında bağlanmış kirayə müqaviləsinin 5.8-ci bəndində də qeyd edilmişdir. Cavabdeh Nazim Orucovun mübahisəli mənzildə qanuni əsaslarla yaşayan ailə üzvlərinin adları tərəflər arasında bağlanmış 16 saylı kirayə müqaviləsində də qeyd etmişdir. Həmin şəxslər: cavabdehin arvadı X7, qızları X4, X3, oğlu X8, nəvəsi X2r. Məhkəmə qətnaməsinin qət etdi hissəsində isə onların adı qeyd edilməmiş, məhkəmə qətnaməsində qətnamə qanuni qüvvəsini aldığı təqdirdə icra etməli şəxslər dairəsi müəyyən edilməmişdir. Xüsusilə məhkəmə tərəfindən MPM-nin 9-cu maddəsinin tələbləri kobudcasına pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi mülki işə tərəf kimi cəlb etmədiyi şəxslər dairəsinə aid qərar qəbul etmiş, çəkişmə prinsipini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
18. Maddə 17. Mənzil fondu 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.
19. Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.
20. Maddə 92. Xidməti yaşayış sahələrinin təyinatı Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
21. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
22. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. (...)
23. Maddə 100. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
24. Maddə 101. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir.
25. Maddə 102. Vətəndaşların xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...
33. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul qəbul edilərək iddia təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdən Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin mənzil qrupunun rəisi vəzifəsinə keçirilmiş, cavabdeh N.Mustayev Mənzil İstismar Hissəsinin işçisi olduğundan onunla xx.xx.2014-cü il tarixdə 16 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanaraq, MİH-in balansında olan Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19 ünvanında yerləşən 3 otaqlı, sahəsi 37 kv.m olan mənzil müvəqqəti istifadə üçün verilmişdir.
37. Daha sonra, Cavabdeh 01 may 2015-ci il tarixdən ştat vahidlərinin ixtisarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
38. Mənzil Məcəlləsinin 92-ci madədsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
39. Kollegiya qeyd edir ki, mübahisəli mənzil xüsusi təyinatlı yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla balans saxlayıcısı Azərbaycan Respublikası Müdafiə Nazirliyidir və bu mənzil qurumun işçilərinə daimi yox, müvəqqəti yaşamaq məqsədilə verilir. Həmçinin cavabdehin əmək müqaviləsinə xitam verildiyindən və onun artıq MİH-in işçisi olmadığından, cavabdehlə kirayə müqaviləsinin bağlanması üçün əsas olmuş hal aradan qalxmışdır.
40. “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli, 86 saylı qərarının 1.5-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələ seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssilərində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
41. Göründüyü kimi cavabdeh xx.xx.2011-ci il tarixdən Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin mənzil qrupunun rəisi vəzifəsinə keçirilmiş, onunla xx.xx.2014-cü il tarixdə 16 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış, MİH-in balansında olan Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19 ünvanında yerləşən 3 otaqlı, sahəsi 37 kv.m olan mənzil müvəqqəti istifadə üçün ona verilmiş, daha sonra onun əmək müqaviləsinə yaşa görə pensiyaya çıxması ilə əlaqədar deyil, xx.xx.2015-ci il tarixdən ştat vahidlərinin ixtisarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid deyildir.
42. Digər tərəfdən, cavabdeh xx.xx.2014-cü il tarixli yuxarıda adı çəkilən kirayə müqaviləsi üzrə xidmət müddətində mənzildə müvəqqəti yaşamaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş vəzifələrin də daşıyıcısı olmuşdur.
43. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, 16 nömrəli, xx.xx.2014-cü il tarixli kirayə müqaviləsi əsasında Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19 ünvanında yerləşən 3 otaqlı, sahəsi 37 kv.m olan xüsusi təyinatlı yaşayış sahəsi müqaviləsinin 2.4.11 və 5-ci bəndlərinə uyğun olaraq (xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə və s. hallarda) şərtsiz Z.Tağıyev rayon MİH-ə təhvil verəcəyi barədə öhdəlik götürmüşdür.
44. Göstərilənlərə əsasən kollegiya iddia tələbinin - Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, 29 nömrəli mənzillə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il, 16 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, 29 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh həmin mənzildən çıxarılması hissəsinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
45. Kollegiya iddia tələbinin cavabdehin ailə üzvlərinin Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, 29 nömrəli mənzildən çıxarılması hissəsinə qiymət verərək qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.
46. Belə ki, iddia ərizəsindən göründüyü kimi cavabdehin ailə üzvlərinin adlarını, soyadlarını, ata adlarını və s. göstərmədən iddiaçı cavabdehlə birgə onların da mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia tələbi qeyri-müəyyən olduğundan təmin edilməməlidir.
47. Halbuki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
48. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
49. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
50. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış halarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, 29 nömrəli mənzildə yaşayan Cavabdeh ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul qəbul edilərək iddia təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2895/2025 nömrəli qətnaməsi qismən - Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 19, 29 nömrəli mənzildə yaşayan Cavabdeh ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.