Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1541/2022 31.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumayıt bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə icarə hüququ və tikiliyə mülkiyyət hüququnun tanınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamil oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2(060)- 5341/2013 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, hazırda xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 0,006013 hektar torpaq sahəsində yerləşən 53-20 nömrəli qeyri-yaşayış binasında apardığı yenidənqurma işləri nəticəsində əlavə olaraq inşa etdiyi 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair icarə hüququ, həmin torpaq sahəsinin üzərində tikilmiş 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ tanınmaqla, onunla Sumqayıt bələdiyyəsi arasında mülkiyyətdə olan Sumqayıt şəhəri, 53cü məhəllə ərazisindəki 53-20 nömrəli qeyri-yaşayış binasına əlavə olaraq inşa edilmiş 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsinin 2005-ci ildən icarə haqqı həmin dövrdəki qiymətlərə uyğun olaraq bağlanılması və onun, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisindəki 0,006013 hektar torpaq sahəsində yerləşən 53- 20 nömrəli qeyri-yaşayış binasında apardığı yenidənqurma işləri nəticəsində əlavə olaraq inşa etdiyi 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 0,006013 hektar torpaq sahəsində yerləşən 53-20 nömrəli, 2 girişli 47,87 kvadrat metr ümumi, 24,88 kvadrat metr əsas, 22,99 kvadrat metr isə köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında ona məxsusdur. O, həmin qeyri-yaşayış binasını 2005-ci ildə sahibkarlıq fəaliyyət ilə məşğul olmaq üçün inşa etdirmişdir. Sonradan fəaliyyətini genişləndirmək məqsədi ilə qeyri-yaşayış binasını böyütmək qərarına gəlmiş və ona bitişik sahədə əlavə olaraq 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsini inşa etdirmiş və hazırda həmin ərazini anbar kimi istifadə edir. Artıq 08 ildən çoxdur öz şəxsi vəsaiti hesabına inşa edərək istifadə etdiyi, əlaqədar müəssisə və təşkilatlara vergi və rüsum ödədiyi mülkiyyətində olan binaya bitişik olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsaslar əldə etmişdir. Bundan əlavə, 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair o, hər il Sumqayıt bələdiyyəsinə torpaq vergisi ödəmiş, həmçinin sözügedən sahə üçün bütün kommunal xidmət haqlarını vaxtlı-vaxtında ödəmiş və həmin yerli özünü idarə orqanı və digər aidiyyəti qurumlar ondan rüsumları qəbul edərək büdcəyə keçirmişlər. İndiyədək heç bir dövlət və ya yerli özünü idarə orqanları sözügedən torpaq sahəsindən və onun üzərindəki əlavə tikilidən istifadəyə görə heç bir etiraz və iradlarını bildirməmişlər. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2(060)- 5341/2013 nömrəli qətnaməsi ilə (hakim İlyas Mahmudov) İddiaçı cavabdeh Sumayıt bələdiyyəsinə qarşı torpaq sahəsinə icrarə hüququnun, üzərindəki tikiliyə isə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə iddia təmin edilib, İddiaçı hazırda xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 0,006013 hektar torpaq sahəsində yerləşən 53-20 nömrəli qeyri-yaşayış binasında apardığı yenidən qurma işləri nəticəsində əlavə olaraq inşa etdiyi 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair icarə hüququ, həmin torpaq sahəsinin üzərində tikilmiş 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinə dair isə mülkiyyət hüququ tanınmış, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisindəki 53-20 nömrəli qeyri-yaşayış binasına əlavə olaraq inşa edilmiş 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı və Sumqayıt bələdiyyəsi arasında icarə müqaviləsi 2005-ci ildən icarə haqqı həmin dövrdəki qiymətlərə uyğun olaraq bağlanılması və qətnamənin, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 0,006013 hektar torpaq sahəsində yerləşən 53-20 nömrəli qeyri-yaşayış binasına əlavə olaraq inşa edilmiş 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması üçün əsas hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində M.F.Axundov küçəsində faktiki tikərək istifadə etdiyi kommersiya obyektinin yerləşdiyi ərazinin təyinatına uyğun olaraq istifadə edilməsi bütün əlaqədar təşkilatlar tərəfindən razılaşdırılmışdır. Buna heç bir əks göstərişin olması müəyyən edilmədiyindən onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 0,006013 hektar torpaq sahəsində yerləşən 53-20 nömrəli qeyri-yaşayış binasında apardığı yenidən qurma işləri nəticəsində əlavə olaraq inşa etdiyi 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair icarə hüququ, həmin torpaq sahəsinin üzərində tikilmiş 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinə dair isə mülkiyyət hüququ tanınmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 154.1-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” xx.xx.2004-cü il tarixli Qanunun 2.2, 8, 8.0.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2(060)-5341/2013 nömrəli qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 0,006013 hektar torpaq sahəsində yerləşən 53-20 nömrəli qeyri-yaşayış binası hazırda "xxxx" KB ASC-nin tam mülkiyyətindədir. İddiaçının sözügedən qeyri-yaşayış binasında apardığı yenidən qurma işləri nəticəsində əlavə olaraq inşa etdiyi 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində tikilmiş tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Məhkəmə tərəfindən iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmadan onun icarəsində olan Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 0,006013 hektar torpaq sahəsində yerləşən 53-20 nömrəli qeyriyaşayış binasında apardığı yenidən qurma işləri nəticəsində əlavə olaraq inşa etdiyi 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair icarə hüququ, həmin torpaq sahəsinin üzərində tikilmiş 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinə dair isə mülkiyyət hüququ tanınmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə İddiaçı və cavabdeh Sumayıt bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Torpaq Məcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 101.2. Tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi yolu ilə aparılır. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Beiə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0,006013 hektar torpaq sahəsində yerləşən 53-20 nömrəli 2 girişli, 47,87 kvadrat metr ümumi, 24,88 kvadrat metr əsas, 22,99 kvadrat metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (kommersiya obyekti) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydə alınmışdır. İddiaçının sözügedən qeyri-yaşayış binasında apardığı yenidən qurma işləri nəticəsində əlavə olaraq inşa etdiyi 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində tikilmiş tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi yolu ilə aparılır. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanunun 6.5-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq ediimiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması mövcud şəhərsalma obyektlərində dəyişiklliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarına əsasən tikilinin inşası üçün tikintiyə icazə alınmalı lahiyəsi tərtib edilməklə təsdiqlənməlidir. Bundan sonra ekspertiza mərkəzinin müsbət rəyi alınmalı, tikilinin inşası başa çatdırıldıqdan sonra icra hakimiyyətinin müvafiq komisiyyası tərəfindən istimara yararlı olub olmaması yoxlanılmalıdır. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (Torpaq Məcəlləsinin 67-ci maddəsi). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (Torpaq Məcəlləsinin 111-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İddiaçı iddia tələbini təmin edərkən hər hansı hüquqmüəyyənedici sənəd olmadan, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair icarə hüququ, həmin torpaq sahəsinin üzərində tikilmiş 30 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinə iddiaçının qanunsuz olaraq mülkiyyət hüququ tanınmışdır. Bundan əlavə apellyant tərəfindən təqdim edilmiş “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin “Hərracın nəticələri haqqında” Y-59 nömrəli, xx.xx.2020-ci il tarixli protokolun surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən 53-20 nömrəli qeyri-yaşayış binası 90000 (doxsan min) manat məbləğində qiymətləndirilmişdir. Əmlakın hərracda satılmış son qiyməti 57375 (əlli yeddi min üç yüz yetmiş beş) manat olmuş və "xxxx" KB ASC tərəfindən alınmışdır. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən 53-20 nömrəli qeyri-yaşayış binasının qiyməti 90000 (doxsan min) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx" KB ASC 57375 (əlli yeddi min üç yetmiş beş) manata əldə etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən 53-20 nömrəli qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə "xxxx" KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində 04 avqust 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayəti qanuni və əsaslı olub, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla öz təsdiqini tapdığına görə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi təmin olunmamalıdır. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2(060)- 5341/2013 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Sumayıt bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinə icrarə hüququnun və üzərindəki tikiliyə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1541/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1541/2022
31.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver