Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1542/2024 23.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (ötürülmüş prosessual müddətin bərpası) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(026)-189/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25200 manat əsas borc və 167,60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qobustan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(026)-189/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22377 manat pul və 167,60 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir.
3. Qobustan Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(026)-189/2024 nömrəli qəradadı ilə Qobustan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(026)-189/2024 saylı qətnaməsindən iş üzrə Cavabdeh2 verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.
4. Bundan sonra Cavabdeh2 Qobsutan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(026)-189/2024 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, şikayətinə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə əlavə edərək, buraxılmış prosessual müddəti üzrlü hesab edib, müddətin bərpa edilməsini və apellyasiya şikayətinə baxılması üçün göndərilməsini xahiş etmişdir.
5. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisələndirdiyi qətnamədən narazıdır. Həmin qətnamədən cavabdeh tərəfindən şikayət vermə müddəti cəmi 2 gün ötürülmüşdür. Cavabdeh təhsilsiz olduğu üçün qətnaməni əldə etdiyi tarixi dəqiq yadında saxlamamışdır. Bu səbəbdən də o, müddətin bərpası barədə vəsatəti təqdim edərək apellyasiya şikayəti müddətini bərpa etməklə işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Qobsutan Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(026)-189/2024 nömrəli qəradadı ilə Cavabdeh2 Qobsutan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(026)-189/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilmişdir.( hakim M.Quliyev)
7. İddiaçı həmin qərardaddan şikayət verərək Qobsutan Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(026)-189/2024 saylı qəradadının ləğv edilməsi və Cavabdeh2 Qobsutan Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(026)-189/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
8. Qobustan Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(026)-189/2024 nömrəli qəradadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini qətnamədən şikayət verilməsi üçün cavabdeh tərəfindən ötürülmüş prosessual müddətin bərpası nəticəsinə gəlmiş və öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verilmsi üçün qanunda nəzərdə tutulan prosessual müddəti hər hansı üzürülü səbəbdən deyil, məhz səhlənkar yanaşma, laqeydlik nəticəsində ötürmüşdür. Prosessual müddətin bərpası barədə vəsatətdə cavabdeh özünün təhsilsiz olmasını əsas gətirərək, qətnaməni aldığı tarixi qeyd etmədiyini göstərmişdir ki, bunun üçün hər hansı təhsilin olması vacib şərt deyildir. Cavabdeh sadəcə olaraq səhlənkar yanaşma ucbatından qətnamədən şikayət verilməsi müddətini ötürmüşdür. Buna görə də onun tərəfindən ötürülmüş şikayət vermə müddəti bərpa edilə bilməz. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. b) Şikayəti qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin;
MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, apellyator Qobustan Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(026)-189/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
15. Ona görə də Qobustan Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(026)-189/2024 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iş materiallarını bir-birilə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Qobsutan Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(026)-189/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, işin sadalanan ardıcıllığından görünür ki, hazırda mübahisə, daha dəqiq formada ifadə edilərsə şikayətçinin şikayətinin əsas dəlili onun xeyinə qəbul edilmiş məhkəmə qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan müddətin bərpa edilməsindən ibarətdir. Belə ki, şikayətçi qeyd edir ki, hazırkı halda müddətin bərpa edilməsi üçün heç bir əsas mövcud olmadığı halda məhkəmə vəsatəti təmin etmişdir
18. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, mübahisələndirilən qətnamə Cavabdeh2 tərəfindən 14 iyun 2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə şəxsən əldə edilmişdir. Belə olan halda sonuncu üçün qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin son günü 14 iyul 2024-cü il tarixinə təsadüf edir.
19. Cavabdeh isə apellyasiya şikayətini elektron kabinet vasitəsilə 16 iyul 2024-cü il tarixdə vermişdir. 14 iyul 2024-cü ilin bazar gününə düşməsini də nəzərə alsaq, apellyasiya şikayəti bir gün ötürülməklə verilmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərardadında qeyd olunan nöqsan cavabdeh tərəfindən daha sonra aradan qaldırmaqla, yenidən apellyasiya şikayəti vermişdir. Ümumilikdə prosesin axımı uzun müddət ərzində davam etməmiş və cavabdeh hər dəfə öz hərəkətləri ilə mövcud məhkəmə qətnaməsi ilə barışmadığını qəti şəkildə nümayiş etdirmişdir. Hazırkı vəsatətdə də qeyd olunan dəlillər işin halları ilə uzlaşmaqla, prosessual müddətin üzürlü səbəbdən ötürülməsinə dalələt edir.
20. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin üzürlü səbəbdən ötürülmüş hesab edilməsi barədə vəsatəti təmin etməklə haqlı nəticəyə gəlmişdir.
21. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti prosessual tələblər baxımından digər hissələrdə qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, əlavə vaxt itkisinin qarşısının alınması və prosessual qənaət prinsipinə uyğun olaraq şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.
22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Qobsutan Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(026)-189/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(026)-189/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.