Məhkəmə qərarları › İş №2(105)-1557/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1557/2022

02.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1557/2022 02.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyan) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi X7, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şabran Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(031)-555/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 117.300 manat maddi ziyan və 100.000 manat mənəvi ziyanın alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 145.400 manat maddi ziyan və 100.000 manat mənəvi ziyanın alınaraq onlara ödənilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi şəhər XDS İK-nin 25 sentyabr 1989-cu il tarixli, 9 saylı qərarı ilə Ağayev Novruz Binyami oğluna Dəvəçi (indiki Şabran) şəhəri ərazisindən 0.05 ha torpaq sahəsi ayrılmış və Dəvəçi (indiki Şabran) rayon XDS İKnin 13 oktyabr 1989-cu il tarixli, 19 saylı qərarı ilə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 1997-ci ildə isə Cavabdeh1 həyat yoldaşı Gülər və mərhumə anası Zərqələm baldızı Nurcahanın yanına dəfələrlə gəlib-gedərək ailə vəziyyətlərinin çox pis olduğunu, Novruzun həbs olunması ilə əlaqədar çətinlikdə olduqlarını bildirərək cavabdehə məxsus 0,05 ha torpaq sahəsinin müəyyən məbləğə razılaşmaqla, yarımçıq tikili ilə birlikdə almağı xahiş etmişlər. 1997-ci ilin may ayının 1-də Cavabdeh1 arvadı Cavabdeh2 və anası Zərqələmə 3000 (üç min) ABŞ dolları vermiş, Gülər də torpağın sənədlərini onlara təqdim etmişdir. Eyni zamanda, Novruzun anası Zərqələm də ev üçün etibarnamə vermişdir. Torpaq sahəsini baldızı Nurcahangili üçün almışlar. Sonradan iddiaçı Ağayev Novruz Binyami oğlu onlara qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şabran Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(031)-86/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)- 1900/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi və Dəvəçi şəhər XDS İcraiyyə Komitəsinin 25 sentyabr 1989-cu il tarixli, 9 saylı qərarı ilə Ağayev Novruz Binyamin oğluna Dəvəçi (indiki Şabran) şəhəri ərazisindən ayrılmış 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qanunsuz sahibliyindən alınıb iddiaçı Ağayev Novruz Binyamin oğluna qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(102)-1798/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-1900/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlərin bütün bu olub keçənlərdən sonra onlara qarşı bu formada haqsızlıq və ədalətsizlik etmələri əslində başa düşülən deyildir. 24 il ərzində faktiki alqı-satqıya verdikləri 3000 ABŞ dollarının hər ildə ən azından özü qədər gəlir əldə etmək mümkün idi ki, bu da hesablayanda 72.000 ABŞ dolları, manata ekvivalenti 122.400 manat pul edir. Bundan başqa aldıqları torpaq sahəsində saldıqları bağ, həmin torpaq sahəsinin ətrafına çəkilən hasar və digər çəkdiyi xərclər birlikdə 23.000 manat vəsait təşkil edir. Cavabdehlərin onlara vurduqları maddi ziyandan savayı iki il olar ki, bu adamlar onların bütün rahatlığlarını pozublar, onları məhkəmələrin qapılarına salıblar, vaxtlarını hədər yerə xərcləməyə məcbur edilmişlər, istər-istəməz planlaşdırılmamış, lüzumsuz xərclərlə üzləşmişlər, əsəbləri korlanıb, əsassız və haqsız ittihamlarla üz-üzə qalmışlar. Nəticədə bütün ailə üzvlərinin mənəvi cəhətdən sarsıntı keçirməsinə, insanlara, cəmiyyətə qarşı inamsızlığa gətirib çıxarmışdır. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Şabran Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(031)-555/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilib, cavabdehlər Cavabdeh1 Binyamı oğlu və Cavabdeh2 3000 (üç min) ABŞ dolları (milli manat ekvivalentində) məbləğində pulun alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Çingiz İsgəndərov) Birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin olunması nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı tərəfin cavabdehlərə 3000 ABŞ dolları verməsi halı təsdiq edilsə də, iddia tələbinin qalan hissədə təmin edilməsi üçün sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 106.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(031)-555/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlili: Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.Pulun cavabdehlərə verilməsilə bağlı iddiaçının özünün izahatından başqa heç bir mötəbər sübut yoxdur. Şahid ifadələri ziddiyyətli olmaqla konkret hər hansı bir faktı özündə əks etdirmir. Şahidlər iddiaçının yaxınları olmaqla, ifadələrində yalnız eşitdiklərini göstərmişlər. Pulun verilməsi ilə əlaqədar tərəflər arasında heç bir müqavilə və ya sənəd mövcud deyildir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı1 və İddiaçı2 nümayəndəsi X7 apellyaiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Cavabdeh2m iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Şabran Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(031)-555/2021 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermiş, digər cavabdeh İddiaçı2 isə məhkəmə qətnaməsini mübahisələndirməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 aid hissədə yoxlanılır və araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 aid hissədə ləğv olunmalı və iddia tələbi ona aid hissədə rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, Dəvəçi şəhər XDS İK-nin 25 sentyabr 1989-cu il tarixli, 9 saylı qərarı ilə Ağayev Novruz Binyami oğluna Dəvəçi (indiki Şabran) şəhəri ərazisindən 0.05 ha torpaq sahəsi ayrılmış və Dəvəçi (indiki Şabran) rayon XDS İKnin 13 oktyabr 1989-cu il tarixli, 19 saylı qərarı ilə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Ağayev X5 Müzəffər İbad oğlu və İddiaçı2 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şabran Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(031)-86/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-1900/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilib, Şabran Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(031)-86/2020 nömrəli qətnaməsi qismən - «iddiaçı Cavabdeh1n oğlunun cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi barədə iddia təmin edilməsin hissəsində ləğv edilmiş və iddia təmin hissədə təmin edilmiş, Dəvəçi şəhər XDS İK-nin 25 sentyabr 1989-cu il tarixli, 9 saylı qərarı ilə Cavabdeh1n oğluna Dəvəçi (indiki Şabran) şəhəri ərazisindən ayrılmış 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi cavabdehlər İddiaçı1 və İddiaçı2 qanunsuz sahibliyindən alınıb iddiaçı Cavabdeh1n oğluna qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli, 2(102)-1798/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(105)-1900/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilən X3 göstərmişdir ki, Nurcahanın mərhum əri Nüsrət onun qaynıdır. Mübahisəli torpaq sahəsində hasar çəkmişdir. Torpaq sahəsində inşa edilən evin tikintisində işləmişdir. Həmin ev bir mərtəbəli, iki otaqlı olmuşdur. Torpaq sahəsinin hasarının çəkilməsində və bir mərtəbəli evin tikintisində fəhləlik etmişdir. Zəhmət haqqını isə Nüsrət vermişdir. Novruzu tanımır və həmin adamı görməmişdir. X1 ifadəsində göstərmişdir ki, Nüsrətlə qonşu olmuş, birlikdə fərdi işlərdə işləmiş və bir-birlərinin evinə gedib-gəlmişlər. Nüsrət təxminən 26-27 il əvvəl torpaq sahəsi almış və həmin torpaq sahəsində yarımçıq tikili olmuşdur. Nüsrətin dediyinə görə torpağı Novruzgildən 3000 ABŞ dollarına almışdır. Nüsrət torpaq sahəsi alarkən pulu çatmadığı üçün ondan 500 ABŞ dollar borc almışdır. Eşitdiyinə görə pul Məhəmmədin evində Novruzun həyat yoldaşına və anasına verilmişdir. Şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, 1993-cü ildə 2№-li orta məktəbə 1-ci sinifə getmiş və X9 ilə bir partada oturmuşlar. 1997-ci ildə dərs ilindən sonra atası ailəsini də götürüb Rusiyaya getmiş və anası Zərqələm tək qalmışdır. Şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Nüsrətlə yaxın münasibətləri olmuş və 5 sotlar məhəlləsində ilk yaşayanlardan olmuşlar. Nüsrət Novruzgilin torpaq sahəsini 3000 ABŞ dollara almışdır. Həmin vaxtlar Novruz balıq alveri ilə məşğul olarkən borca düşmüş və borca düşdüyü adamlardan biri də Mişdan adlı şəxs olmuşdur. Novruz bankrot olub balıqçılar tərəfindən axtarıldığı üçün torpağını satmışdır. Eşitdiyinə görə Nüsrət torpaq sahəsini 3000 ABŞ dollarına alıb, pulunu Novruzun anasına və arvadına vermişdir. Məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, Dəvəçi şəhər XDS İK-nin 25 sentyabr 1989-cu il tarixli, 9 saylı qərarı ilə Ağayev Novruz Binyamin oğluna Dəvəçi (indiki Şabran) şəhəri ərazisindən ayrılmış 0.05 ha torpaq sahəsinin faktiki alqı-satqısı barədə danışıqlar iddiaçılar və cavabdeh Ağayev Novruz Binyamin oğlu arasında aparılmamış, bu barədə onların arasında hər hansı bir sövdələşmə və razılaşma olmamış, iddiaçılar tərəfindən verilmiş 3000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfə verilərkən Ağayev Novruz Binyamin oğlu orada olmamış və sonuncu həmin hərəkətlər barəsində sonradan məlumat əldə etmişdir. Hazırkı mübahisəli hüquq münasibətləri iddiaçılar ilə Cavabdeh1 Binyamı oğlu arasında yaranmadığından, sonuncu həmin şəxslər qarşısında heç bir öhdəlik daşımır. Bu, işin mübahisəsiz halıdır. Bu fakt işin mübahisəsiz halı olmasına baxmayaraq, birinci instansiya məhkəməsi qətnamə qəbul edilərkən düzgün olmayaraq iddiaçı tərəfə vurulmuş maddi ziyana görə pul vəsaitnin cavabdeh Ağayev Novruz Binyamin oğlundan da tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə qanuni və əsaslı olmayıb, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozularaq düzgün tətbiq edilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə – «Cavabdeh1 Binyamı oğlundan 3000 (üç min) ABŞ dolları (milli manat ekvivalentində) məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin» hissəsində ləğv edilib, iddia həmin hissədə təmin edilməməli, qətnamə - “İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanmalı, qətnamə-Cavabdeh2 tərəfindən «Cavabdeh2 3000 (üç min) ABŞ dolları (milli manat ekvivalentində) məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin» hissəsində mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(031)-555/2021 nömrəli qətnaməsi qismən Cavabdeh1 aid hissədə – «Cavabdeh1 Binyamı oğılundan 3000 (üç min) ABŞ dolları (milli manat ekvivalentində) məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin» hissəsində ləğv edilsin və idia həmin hissədə təmin edilməsin. Qətnamə-“İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlansın. Qətnamə - Cavabdeh2 tərəfindən «Cavabdeh2 3000 (üç min) ABŞ dolları (milli manat ekvivalentində) məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin» hissəsində mübahisələndirilməmişdir. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar