Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1563/2022 12.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovadan katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı pulun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh MTK-dan 50292 manat pul və məhkəməyə ödənilmiş 241,40 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 50292 manat pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşı 2009-cu ildə ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzili "xxxx" MMC-dən satın almışdır. Sonradan bəlli olmuşdur ki, "xxxx" MMC-nin rəhbərliyi bir sıra şəxslərə qarşı dələduzluq etmiş və buna görə onlar həbs edilmişlər. Bundan sonra onun mənzili "xxxx" MTK-ya keçmişdir. Bir müddət sonra həmin MTK-nin rəhbəri onu dəvət edərək mənzilə görə əlavə olaraq ödəniş etməli olduğunu bildirmiş və ondan əlavə pul almışdır. Ümumilikdə 51000 manata yaxın vəsait ödənilmişdir. Ancaq yenidən məlum olmuşdur ki, onun həyat yoldaşının almış olduğu və sonradan vərəsəliklə ona keçmiş mənzil də ondan əvvəl və sonra başqa-başqa şəxslərə satılmışdır. Həmin alıcılardan birinin iddiası üzrə baxılmış məhkəmə işində qətnamə qəbul edilərək mənzilin üçüncü şəxsə məxsus olması öz təsdiqini tapmışdır. Faktiki olaraq ona qarşı "xxxx" MTK tərəfindən qanunsuzluq edilmişdir. 12 ildir ki, o mənzilin sahibi olduğunu düşündüyü halda faktiki olaraq mənzildən məhrum olmuşdur. Onun artıq 82 yaşı var. Bu yaşda onun yenidən özünə mənzil almağı çox çətindir. Belə olan halda o həm mənzildən, həm də pulundan məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 443.1-ci maddəsinə əsasən, Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İddiaçı tərəf ödəniş etməsini, müqavilə bağlanıldığını bildirsə də əsl həqiqətdə görünür ki, iddiaçının dediklərinin hüquqi əsası yoxdur. Belə ki, həmin müqavilə və ödənişə dair sənədlər "xxxx" MMC-dən "xxxx" MTK-ya təhvil-təslim edilmiş müqavilələr içində yoxdur. Bununla yanaşı "xxxx" MMC tərəfindən edilmiş pozuntularla bağlı aparılmış cinayət işinin materiallarında da hazırki iş üzrə iddiaçının adı, mübahisə predmeti olan mənzil qeyd olunmur. İddiaçının əsası kimi göstərdiyi və məhkəmənin də istinad edərək qətnamə qəbul etdiyi halların hüquqi təstiqi yoxdur. Məhkəmə iş üzrə qeyd olunan mötəbər halları diqqətə almayaraq, təkcə iddiaçının fikirlərinə əsaslanaraq iddianın təmini barədə qətnamə qəbul etmişdir ki, bu da qanuni deyil. Abşeron Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2(012)-946/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, iş üzrə qanuni qüvvəsini alan məhkəmə qətnaməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh MTK-nın xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən edilir ki, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101,6 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin dəyəri 50292 manat İddiaçı tərəfindən ödənilmiş, İddiaçı MTK-ya borcu yoxdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1603/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, müstəqil tələb irəli sürən şəxsin iddiası təmin edilmiş, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 5ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin pay kimi satılmasına dair X4 ilə Cavabdeh MTK arasında bağlanmış 26 noyabr 2016-cı il tarixli müqavilə etibarsız hesab edilməsi, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair iddiaçı M.S.Osmanov ilə Cavabdeh MTK ("xxxx" MMC) arasında bağlanmış 07 mart 2007-ci il tarixli müqavilənin hüquqi qüvvəsinin bərpa edilməsi, ünvan 2 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair Hayan-E” MMC ilə X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə, Cavabdeh MTK ilə H.M.Məmmədov arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və Cavabdeh MTK ilə X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzil M.S.Osmanovun sahibliyinə və istifadəsinə verilməsi, hər hansı maneçiliyin yaradılması Cavabdeh MTK-ya qadağan edilməsi, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı mənzilə dair X1 və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MTKya həvalə edilməsi, Cavabdeh MTK-dan 40 manat məbləğində rüsuma görə pulun tutulması, onun 10 manatı M.S.Osmanova, 30 manatı isə K.A.Ağayevə verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1266/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər X3 və İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin iş üzrə 20 noyabr 2020-ci il tarixli 2(012)-1603/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5271/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1266/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə iddiaçının "xxxx" MTK ilə bağlanmış müqavilə hazırda müqavilələrin arasında olmaması barədə dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 2(012)- 1603/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, ünvan 1 ünvanda inşa olunmuş çox mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair "xxxx" MMC ilə H.M.Məmmədov arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə, Cavabdeh MTK ilə H.M.Məmmədov arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, qeyd edilən müqavilələr etibarsız sayılmasına baxmayaraq, İddiaçı tərəfindən ödənilmiş 50292 manat Progress-2016” MTK tərəfindən geri qaytarılmamışdır. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi iddia tələbinə etiraz etsədə, etirazını əsaslandıra bilməmiş, iddiaçının mübahisə predmeti olan mənzili "xxxx" MMC-dən aldığını, sözügedən mənzilin "xxxx" MTK-ya aidiyyatı olmadığını bildirməklə etirazını ümumi sözlərlə ifadə etmiş, halbuki işin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-in hazırkı hüquqi varisi"xxxx" MTK-dır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 10 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh "xxxx" MKT-nın apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 31 mart 2022-ci il tarixli 2(012)-946/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1563/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1563/2022
12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver