Məhkəmə qərarları › İş №2(105)-1565/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1565/2024

19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1565/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçıların nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı torpağın qanunsuz sahiblikdən alınması və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-20/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı torpağın qanunsuz sahiblikdən alınması və tikililərin sökülməsi barədə iddia tələbinin təmin edilməməsi, İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi, aparılmış mütəxəssis tədqiqatları üçün İddiaçı1 tərəfindən ödənilmiş rüsumlar onun özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 150 (50+50+50) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı (üçüncü şəxslər: Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron rayonu Məmmədli Bələdiyyəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi göstərməklə) torpağın qanunsuz sahiblikdən alınması və tikililərin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən zəbt olunmuş torpaq sahələrinin tam boşaldılması, inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, inşaat tullantılarından ərazinin təmizlənməsi, torpaq sahəsinin münbit qatının bərpa olunmaqla əvvəlki vəziyyətə gətirilməsi, sökülmüş 120 kv.metr hasarın bərpa olunması, bu mümkün olmadıqda isə hər birinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hazırki bazar dəyəri olan 48000 manat olmaqla, cəmi 96000 manat pul vəsaitinin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlara əsasən Abşeron rayonu, Məmmədli kəndində İddiaçı1 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlara əsasən Abşeron rayon Məmmədli kəndində İddiaçı2 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd olunan bir-birinə bitişik olan qonşu torpaq sahələri hər tərəfdən 1 metr hündürlüyündə mişar daşı ilə əhatəyə alınmışdır. Sonradan torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, ümumi istifadədə olan yol sahəsi və mülkiyyətdəki torpaq sahəsinin hasarı sökülərək bir hissəsi hazırki iş üzrə Cavabdeh ASC tərəfindən zəbt olunmuş və həmin hissədə yarımstansiya inşa edilmişdir. Eyni zamanda, ümumi istifadədə olan yol sahəsinin yeri dəyişdirilərək onların torpaq sahəsinə salınmışdır. Məsələyə aydınlıq gətirmək üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cavabdeh ASC-yə məktubla müraciət etmişlər. Cavabdeh ASC xx.xx.2021-ci il tarixli 02-05-H-8/67 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə Abşeron Rayon İH tərəfindən torpaq sahələri əvəzləşdirilmişdir. Əslində onlara nə heç bir torpaq sahəsi verilmiş, nə dəki əvəzində bazar dəyəri ödənilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahələrindən hər birinin ayrı-ayrılıqda 156 kv.metr olmaqla cəmi 312,0 kv.metr hissəsində yarımstansiya inşa edilmiş, hər birinin torpaq sahələrinin ayrı-ayrılıqda 122 kv.metr hissə olmaqla, cəmi 244,0 kv.metr hissəsindən isə yol çəkilmişdir. Ümumilikdə isə cavabdeh tərəfindən 556 kv.metr torpaq sahəsi zəbt edilmişdir. Torpaq sahəsinin həmin hissəsində inşa edilmiş hasarın ümumi sahəsi 120 kv.metr təşkil edir. Torpaq sahəsinin yarı hissəssi cavabdeh tərəfindən zəbt edildiyi üçün yerdə qalan torpaq sahəsi də fərdi yaşayış evinin tikintisi üçün tam yararsız vəziyyətə düşmüşdür. Ona görə də torpaq sahələri cavabdeh tərəfindən tam boşaldılmalı, inşa edilmiş tikililər cavabdehin vəsaiti hesabına sökülməli, inşaat tullantılarından ərazi təmizlənməli, torpaq sahəsinin münbit qatı bərpa olunmaqla əvvəlki vəziyyətinə gətirilməli, sökülmüş hasar bərpa olunmalı, bu mümkün olmadıqda isə hər birinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin hazırki bazar dəyəri olan 48000 manat pul vəsaiti olaqla, cəmi 96000 manat cavabdehdən tutularaq onlara ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Abşeron Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə əsassız və qanunsuzdur. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görə də həmin qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi işi araşdırmamış, 3 il ərzində ancaq ekspert (mütəxəssis) rəyi almaqla məşğul olmuş, yekunda Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsini təhrif etmiş və qərəzli əsassız qanunsuz qətnamə qəbul etmişdir. Bu normaya görə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalıdır və hüquq normalarına müvafiq qiymətləndirilməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutlar tələbi təmin etmək üçün kifayət etməlidir. Dəfələrlə məhkəmə qarşısında vəsatət qaldıraraq işi obyektiv və hərtərəfli aparılması üçün bildirmişlər ki, Cavabdeh ASC-yə qarşı mülkiyyətində olan torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri tələbi torpağın Texniki Posportunun etibarsız sayılması və torpaq sahəsində aparılmış tikintinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və ya kompensasiya ödənilməsi tələbinə dair mülki iş vardır. Həmin mübahisəli torpaq sahəsinin koordinatlarının kəsişməsi ilə bağlı ekspertizanın təyin olunmasını xahiş etmişlər. Cavabdeh ASC-nin ərazidə hasarladığı və tikinti apardığı ərazi JN 716 KOD 30800108 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş koordinatlar hüdudunda yerləşirmir, yaxud bu kordinatlarda göstərilmiş ərazinin hüdudlarından kənara çıxıb. Yuxarıda qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi bütün bu halları nəzərə almamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Odur ki, birinci instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görə də həmin qətnamə ləğv edilməli, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçıların nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi Nümayəndə2 elektron qaydada məhkəmə kollegiyasına ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları hazırki mərhələdə sübut edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, şikayətin təmin edilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Zabrat 220” kV-luq yarımstansiyasının tikintisi üçün Cavabdeh ASC-yə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə kəndin örüş sahəsindən 5,15 ha torpaq sahəsi ayrılmış və 21 oktyabr 2004-cü il tarixdə torpaq sahəsinə dair JN 716 nömrəli dövlət aktının alınması və eləcə də xx.xx.2007-ci il tarixli MH ******* nömrəli və xx.xx.2007-ci il tarixli MH ******* nömrəli çıxarışlara əsasən Abşeron rayonu, Məmmədli kəndində İddiaçı1 adına hər biri 0,03 ha olmaqla cəmi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpağın qanunsuz sahiblikdən alınması və tikililərin sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin hallarına əsasən Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə 220 kv-lıq “Bakı İİİ” yarımstansiyasının tikintisi üçün kəndin örüş sahəsindən cavabdehə 5,15 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra isə cavabdehin adına 21 oktyabr 2004-cü il tarixli JN 716 nömrəli dövlət aktı tərtib edilmişdir. Hazırda bu qərar və dövlət aktı qüvvədədir və hər hansı qaydada ləğv edilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevin şikayəti üzrə 2019-cu il 07 avqust tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlər mübahisələndirilmədən (ləğv və ya etibarsız hesab edilmədən), başqa sözlə reyestrin həqiqiliyi prezumpsiyası qüvvədə olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar