Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1566/2024 10.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(060)-3456/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 5000 manat və Cavabdeh2 tərəfindən ona borclu qaldığı 300 manat və tərəfindən ödənilmiş 123 manat dövlət rüsumu olmaqla, cəmi 10423 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2021-ci ilin əvvəllərində Sumqayıt şəhərində təsadüfən görüşüb tanış olub. Söhbət əsnasında onlar özlərini ona nüfuzlu, hər yerə əliçatan bir şəxs kimi təqdim etmişdilər. O da onların ona qarşı səmimi münasibətlərinə inanıb etibar etdiyinə görə bir xeyli danışdıqdan sonra oğlu Zeynalov Nüsür Bəhlul oğlunu Şabran rayon Polis Şöbəsinə polis nəfəri kimi işə düzəltmək istədiyini bildirmişdir. Söhbət zamanı Cavabdeh1 Cavabdeh2 tanışlarının vasitəsilə oğlu Nüsür Zeynalovu Şabran rayon Polis Şöbəsinə işə düzəldəcəyinə söz vermiş və bunun müqavilində ondan 12000 manat pul istəmişlər. O da onların hər ikisinə inanaraq 2021-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayına kimi olan müddətdə Sumqayıt şəhərində “ASAN” xidmət mərkəzinin inzibati binasında əvvəlcə 8000 manat, daha sonra isə 2022-ci ilin oktyabr ayının sonunda yenə də, Sumqayıt şəhərində “ASAN” xidmət mərkəzinin inzibati binasında yerləşən çayxanada 4000 manat pul vermişdir. Bir sözlə, bu işə görə onlara ümumilikdə 12000 manat pul vermişdir. Bundan xeyli müddət keçəndən sonra onlar verdikləri vədə əməl etmədilər. Bir sözlə, oğlu Nüsürü Şabran rayon Polis Şöbəsinə işə düzəltmədilər. O, hər dəfə onlarla telefon əlaqəsi yaradıb görüşərək işin nəticəsi ilə bağlı maraqlananda hər dəfə müxtəlif bəhanələr gətirərək nə oğlunu işə düzəltmiş, nə də onlara verdiyi pulu ona qaytarmaq istəməmişlər. O, cavabdehlərin ona qarşı etibarından istifadə edərək dələduzluq edib 12000 manat pulunu mənimsədiklərinə görə bu barədə ərizə ilə Sumqayıt şəhər Prokurorluğuna və Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində onun ərizəsi əsasında toplanılmış material üzrə onların hər ikisi barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Həmin cinayət işinin istintaqı onlar barəsində qeyd olunan maddələrlə tamamlanaraq iş baxılması üçün aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsində işə baxılaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-9/2024 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(060)-9/2024 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilərək o, cinayət məsuliyyətindən azad edildi. Lakin həmin puldan 300 manatı Cavabdeh2 tərəfindən bu günə qədər ödənilməmiş olaraq qalmışdır. Bundan savayı hər iki cavabdeh - Cavabdeh1 və Cavabdeh2 belə hərəkətləri ilə ona həm maddi, həm də mənəvi ziyan vurublar. Belə ki, bu 3 il müddət ərzində dəfələrlə işindən ayrılaraq Sumqayıt şəhərinə gedərək onlardan verdiyi pulu tələb etmək üçün, eləcə də, həm istintaqa, həm də məhkəmə baxışına dəfələrlə çağırıldığı zaman çəkdiyi yol və digər xərclərə və itirdiyi vaxta və yaşadığı əsəb və stresə görə 5000 manat maddi, 5000 manat mənəvi ziyan dəymişdir. Bir sözlə, onlar tərəfindən ödənilməmiş 300 manatla birlikdə ümumilikdə 10300 manat (5000 manat maddi, 5000 manat mənəvi, 300 manat qalıq borc olmaqla) məbləğində ziyan dəymişdir. Göstərilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(060)-9/2024 saylı hökmünün surətindən görünür ki, həmin hökmlə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2,1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
5. Sumqayıt şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(060)-9/2024 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri iiə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(060)-3456/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2, 181 və 179.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1 və 1097.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 14.1, 14.2, 77.1, 119.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
8. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(060)- 3456/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnaməni əsassız və qeyri- obyektiv hesab edir. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Məhkəmə qətnaməsi belə əsaslandırılır ki, məhkəmə hökmünün məzmunundan göründüyü kimi, iddiaçı cinayət mühakimə icraatı çərçivəsində verdiyi ərizələrlə hər iki cavabdeh tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini bildirmiş, bu səbəbdən məhkəmə hesab etmişdir ki, Cavabdeh2 cinayət nəticəsində vurulmuş ziyandan ödənilməmiş qalan 300 manat pulun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir, eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçı ona əlavə olaraq 5000 manat maddi ziyan dəyməsi barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən həmin hissədə də iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur. Qeyd edir ki, cavabdehlərin ona qarşı dələduzluq əməllərinə yol vermələri, onların cinayət məsuliyyətinə cəlb edilmələri, təqsirlərinin sübuta yetirilməsi, özü-özlüyündə ən mötəbər sübutdur. O, ərizə verərək imtina etməmişdir ki, cavabdehlər ona vurduqları mənəvi ziyanı və digər xərclərini ödəməsinlər. Həmin ziyan ona bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuşdur ki, bu da hökmlə öz təsdiqini tapmışdır. Beləliklə, çəkdiyi digər xərclər, ona dəymiş mənəvi ziyan qanunvericiliyin tələblərinə əsasən ona ödənilməlidir. Burda hər hansısa əlavə sübut axtarışında olmağa heç bir ehtiyac yoxdur. Ziyandan ödənilməmiş qalan 300 manat pulu isə cavabdehlər səs yazılarında özləri belə etiraf edirlər. Ona görə də hal-hazırda ona dəymiş zərərin əvəzinin tam ödənilməsini tələb edir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin adı çəkilərək həmin maddəyə formal şəkildə istinad olunsa da, qeyd olunan maddənin tələbləri tətbiq edilməmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2021-ci ilin əvvəllərində Sumqayıt şəhərində təsadüfən görüşüb tanış olmuşdur. Söhbət əsnasında onlar özlərini ona nüfuzlu, hər yerə əliçatan bir şəxs kimi təqdim etmişdirlər. O da onların ona qarşı səmimi münasibətlərinə inanıb etibar etdiyinə görə, bir xeyli danışdıqdan sonra oğlu Zeynalov Nüsür Bəhlul oğlunu Şabran rayon Polis Şöbəsinə polis nəfəri kimi işə düzəltmək istədiyini bildirmişdir. Söhbət zamanı Cavabdeh1 Cavabdeh2 tanışlarının vasitəsilə oğlu Nüsür Zeynalovu Şabran rayon Polis Şöbəsinə işə düzəldəcəyinə söz vermiş və bunun müqabilində ondan 12000 manat pul istəmişlər. O da onların hər ikisinə inanaraq 2021-ci ilin sentyabr ayından 2022ci ilin oktyabr ayına kimi olan müddətdə Sumqayıt şəhərində “ASAN” xidmət mərkəzinin inzibati binasında əvvəlcə 8000 manat, daha sonra isə 2022-ci ilin oktyabr ayının sonunda yenə də, Sumqayıt şəhərində “ASAN” xidmət mərkəzinin inzibati binasında yerləşən çayxanada 4000 manat pul vermişdir. Bir sözlə, bu işə görə onlara ümumilikdə 12000 manat pul vermişdir. Bundan xeyli müddət keçəndən sonra onlar verdikləri vədə əməl etməmişlər. Bir sözlə, oğlu Nüsürü Şabran rayon Polis Şöbəsinə işə düzəltməmişlər. O, hər dəfə onlarla telefon əlaqəsi yaradıb görüşərək işin nəticəsi ilə bağlı maraqlananda, hər dəfə müxtəlif bəhanələr gətirərək nə oğlunu işə düzəltmiş, nə də onlara verdiyi pulu ona qaytarmaq istəməmişlər. Cavabdehlərin ona qarşı etibarından istifadə edərək dələduzluq edib 12000 manat pulunu mənimsədiklərinə görə bu barədə ərizə ilə Sumqayıt şəhər Prokurorluğuna və Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində ərizəsi əsasında toplanılmış material üzrə onların hər ikisi barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Həmin cinayət işinin istintaqı onlar barəsində qeyd olunan maddələrlə tamamlanaraq iş baxılması üçün aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsində işə baxılaraq Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-9/2024 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(060)-9/2024 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilərək o, cinayət məsuliyyətindən azad edilmişdir. Lakin həmin puldan 300 manatı Cavabdeh2 tərəfindən bu günə qədər ödənilməmiş olaraq qalmışdır. Bundan savayı hər iki cavabdeh - Cavabdeh1 və Cavabdeh2 belə hərəkətləri ilə ona həm maddi, həm də mənəvi ziyan vurmuşlar. Belə ki, bu 3 il müddət ərzində dəfələrlə işindən ayrılaraq Sumqayıt şəhərinə gedib onlardan verdiyi pulu tələb etmək üçün, eləcə də, həm istintaqa, həm də məhkəmə baxışına dəfələrlə çağrıldığı zaman çəkdiyi yol və digər xərclərə və itirdiyi vaxta, yaşadığı əsəb və stresə görə ona 5000 manat maddi, 5000 manat mənəvi ziyan dəymişdir. Bir sözlə, onlar tərəfindən ödənilməmiş 300 manatla birlikdə ümumilikdə 10300 manat (5000 manat maddi, 5000 manat mənəvi, 300 manat qalıq borc olmaqla) məbləğində ziyan dəymişdir. Onun əlində iş üzrə kifayət qədər sübutlar vardır. Belə bir sübutlardan biri Cavabdeh1 və Cavabdeh2 aralarında olan səs yazılarıdır ki, o, həmin sübutları məhkəməyə təqdim etmək istəsə də, hakim həmin sübutlarını qəbul etməmiş, bu və digər sübutlarını nəzərə almayaraq ona qarşı qeyri-obyektiv qətnamə çıxarmışdır. Lakin, cavabdehlər məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Bildirir ki, cavabdehlərin səsləndirdiyi fikirlər əsasssızdır. Onlar məhkəmədə bildirmişlər ki, guya ona olan borcları ödənilib, həmçinin onun gedib-gəlmək xərclərini də qarşılayıblar və s. Səs yazıları dinlənilsə idi onların yalanları üzə çıxacaqdı. Hakim bu hallara hüquqi qiymət vermək əvəzinə cavabdehlərin qeyd olunan fikirlərini əlində əsas tutaraq, heç bir zəruri araşdırma aparmadan onun əleyhinə qətnamə qəbul etmişdir. Hansı ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Göründüyü kimi qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan sadalanan bu və digər faktiki hallar aydınlaşdırılmamışdır. Bu halların məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ondan ibarətdir ki, ona dəymiş ziyanın qaytarılması öz müsbət həllini tapacaqdı.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.
12. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.2. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
17. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 5000 manat və Cavabdeh2 tərəfindən ona borclu qaldığı 300 manat və tərəfindən ödənilmiş 123 manat dövlət rüsumu olmaqla 10423 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(060)-3456/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(060)-9/2024 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aralarında olan rol bölgüsünə əsasən Cavabdeh1 Cavabdeh2la birlikdə İddiaçı ilə görüşüb, özünü nüfuzlu şəxs kimi tanıtdırıb, sonuncunun oğlu Nüsür Zeynalovu Şabran rayon Polis Şöbəsinə polis nəfəri kimi işə düzəldəcəyi barədə danışıqlar aparmaqla onu Cavabdeh2 tanışlarının vasitəsi ilə həmin vəzifəyə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Cavabdeh2 İddiaçı 2021-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayına kimi olan müddətdə hissə-hissə olmaqla, yəni “Asan xidmət” mərkəzinin inzibati binasında 8000 manat, 2022-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən “Asan xidmət” mərkəzinin inzibati binasında yerləşən çayxanada 4000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı ümumiilkdə, xeyli miqdarda 12000 (on iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişlər.
21. Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(060)-9/2024 saylı saylı hökmünün məzmunundan görünür ki, zərərçəkmiş şəxs İddiaçı 21 noyabr 2023cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Firudun Babayev tərəfindən ittiham atkında göstərilən 12000 manat puldan sonuncuya düşən pay üzrə 6000 manat pulu tam olaraq aldığını, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbinin olmadığını, sonuncu ilə barışdığını bildirərək Cavabdeh1 barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxs İddiaçı 06 fevral 2023-cü ii tarixdə məhkəməyə teleqram ilə müraciət edərək bildirmişdir ki, ona dəymiş ümumilikdə 12000 manat məbləğdən 6000 manat Babayev Firudun tərəfindən, 6000 manat isə İbişov Maİik tərəfindən ödənilmişdir. Qeyd etdiklərini nəzərə alaraq Cavabdeh2 barəsində yüngül cəza verilməsini xahiş etmişdir.
22. Məhkəmə hökmünün məzmunundan göründüyü kimi, iddiaçı cinayət mühakimə icraatı çərçivəsində verdiyi ərizələrlə hər iki cavabdeh tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini bildirmişdir.
23. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
24. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Cavabdeh2 cinayət nəticəsində vurulmuş ziyandan ödənilməmiş qalan 300 manat pulun tutulması hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
25. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçı ona əlavə olaraq 5000 manat maddi ziyan dəyməsi barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən həmin hissədə də iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur.
26. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
27. Məhkəmə iddia tələbinin mənəvi ziyan tələbi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.”
28. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbində cavabdehlərdən yaşadığı əsəb və stressə görə əlavə olaraq 5000 manat mənəvi ziyan tutulmasını xahiş etsə də, ərizəsində bu halları əsaslandırmamış, ümumi sözlərlə kifayətlənmiş, o cümlədən məhkəmə iclasında bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi mənəvi ziyan hissəsində də təmin edilməməlidir.
29. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(060)- 3456/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, kollegiya qeyd edir ki. şikayətin dəlilləri əsas etibarı ilə iddia tələbinin əsasları ilə eyni olmala birinci instansiya məhkəməsi tərəfindən həmin dəlilləri üzrə hərtərəfli araşdırma aparılmışdır, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(060)-3456/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.