Məhkəmə qərarları › İş №2(105)-1571/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1571/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1571/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2736/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9.000 manat əsas pul və əldən çıxmış fayda olaraq 7.000 manat, 5000 manat mənəvi zərər və ödənilmiş 153 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh2 Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən etibanamə ilə ona həvalə olunmuş Cavabdeh1 məxsus 0.10 ha torpaq sahəsini ona göstərərək satmaq istədiyini bildirmişdir. Həmin torpaq sahəsini satmaq məqsədi ilə Cavabdeh2 ondan 9.000 manat almış və əlavə xərc çəkərək ərazini hasarlamışdır. Sonradan tanımadığı şəxslər əraziyə gələrək torpağın onlara məxsus olduğunu bildirmişlər. Əkrəm pulu geri qaytarmaq üçün ona başqa yerdən torpaq vermişdir. xx.xx.2019-cu ildə Binə qəsəbəsi, 31 saylı Notariat ofisində 6 sot torpaq sahəsi onun adına sənədləşmiş və bura onun şəxsi torpağı olduğunu bildirmişdir. O, sənədlərdə dövlət möhürünə inanaraq həmin ərazidən 10 sot əvəzinə 6 sot torpağın verilməsinə razılaşmışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 həmin torpaq sahəsi üzrə Əkrəmə etibarnamə vermiş və sonradan öz aralarında fikir ayrılığı yaranmışdır. Onun tərəfindən həmin əraziyə də hasar çəkilmiş, əl damı tikilmişdir. Yenə də başqa bir şəxs gələrək torpağın ona məxsus olmasını bildirmiş və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinə şikayət etmişdir. Beləliklə o, dəfələrlə Cavabdeh2 və Cavabdeh1 tərəfindən süründürməçiliyə məruz qalmış, nə torpağını, nə də pulunu geri ala bilməmişdir. Hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 ondan alınmış pulu öz aralarında bölərək mənimsəmişlər. Məsələ ilə bağlı aidiyyəti üzrə Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Araşdırmalar zamanı Əkrəm və Şahbaz həqiqəti gizlətməyə çalışmış, müxtəlif bəhanələrlə, vədlərlə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin qərarı ilə cinayət işi rədd olunmuş, ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bu səbəbdən də hal-hazırda o, Cavabdeh1 və Cavabdeh2 barəsində məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, məsələ məhkəmə müstəvisində öz ədalətli həllini tapmalıdır.

3. Cavabdeh1 iddia tələbinə qarşı etiraz verərək qeyd etmişdir ki, Cavabdeh2 ilə 2015-ci ildən tanışdır və ona özünə məxsus olan Binə qəsəbəsində yerləşən 0.1450 ha sahəsi olan torpağın sənədlərini xx.xx.2018-ci ildə notarial qaydada etibar etmiş, sonradan ona məlum oldu ki, Cavabdeh2 həmin etibarnamə əsasında bir neçə nəfəri, o cümlədən İddiaçı aldadaraq onlardan pul alaraq başqa ərazilərdə olan boş torpaqları göstərməklə həmin etibarnamə ilə dələduzluq edib. Cavabdeh2 bu dələduzluq hərəkətlərindən xəbər tutan kimi xx.xx.2020-ci ildə notarial qaydada etibarnaməni ləğv etdirmişdir. Lakin bundan sonra da ləğv edilmiş etibarnamə ilə Cavabdeh2 dələduz hərəkətlərini davam etdirərək notarial qaydada etibarnamələr vermişdir. İddiaçı ləğv edilmiş etibarnamə ilə Əkrəmin ona göstərdiyi Binə qəsəbəsində yerləşən və X2 məxsus torpaq sahəsini Siyavuş və Elmira adlı şəxslərə satmışdır. O, İddiaçı əvvəllər tanımamış, 2023-cü ildə tanımış, ondan pul almamış, ona torpaq və sənəd verməmişdir. Odur ki, İddiaçı iddiasının ona aid hissəsini rədd edilməsini xhaiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2736/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat pul və Cavabdeh1 1500 manat pulun tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 70 manat dövlət rüsumu, Cavabdeh1 35 manat dövlət rüsumu məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 10 sot torpaq sahəsini sotu 500 manat olmaqla, 5000 manata Cavabdeh1 tərəfindən Cavabdeh2 torpaq sahəsi ilə bağlı səlahiyyətlərin digər şəxsə veriləməsinə dair etibarnaməyə əsasən almış, torpağın dəyəri ilə bağlı Cavabdeh2 5000 manat ödəniş etmiş, torpaqla bağlı etibarnaməni Cavabdeh1 Cavabdeh2 məhkəmə iclasında verdiyi izahata əsasən 4800 manat borclu olduğu üçün vermiş, aralarında olan münasibətlər pozulduqdan sonra iddiaçını torpaq sahəsindən çıxardaraq başqa torpaq sahəsi vermiş (6 sot), Cavabdeh1 iddiaçını ona ayrılmış torpaq sahəsindən çıxardaraq, torpaq sahəsində inşa edilmiş tikilini dağıtmış, məhkəmə iclasında Cavabdeh1 həmin halı inkar etməyərək bu halı etiraf edərək vurulmuş zərəri ödəməyə razı olduğunu bildirmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə materiala əsasən vurulmuş zərərin məbləğinin 1500 manat olduğunu cavabdeh etiraf etmişdir. Torpaq sahəsinin dəyəri ilə bağlı cavabdehlərə 5000 manat ödənilməsi işin mübahisə edilməyən halıdır. İddia tələbinin 7000 manat əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bunu sübut edən zəruri sübutlar məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsində məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 385.1, 442, 448.1, 329.2, 1091.1,1092.1 və Mülki Prosessual Məcəllənin 77.1 və 78.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2736/2024 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2007-ci ildən 2019-cu ilə qədər iddiaçı Cavabdeh2 yalanlarına inanmış, indi isə ona pul vermədiyi halda ondan necə pul tələb edir. Həmin torpaq sahəsinin sahibi Ramin Ələkbərovun etibarnamə üzrə nümayəndəsi olduğundan məsələyə müdaxilə etmiş, Cavabdeh2 onu aldatdığını bildirərək əl damını uçurtmuşdur. İddiaçı iddia ərizəsində göstərdiyi kimi Cavabdeh2 onu aldatdığına görə Xəzər rayonu 3-cü polis bölməsinə şikayət etmiş, amma polis bölməsində ona mülki qaydada məhkəməyə mürüciət etmək tövsiyyə edilmişdir. İddiaçı 5000 manat pulu Cavabdeh2 hələ 2007-cı ildə onu tanımadığı vaxtlar vermişdir. Həmin vaxt o, Əkrəmi də tanımırdı. Ümumiyyətlə Cavabdeh2 İddiaçı torpaq satması ilə onun heç bir əlaqəsi yoxdur və onun guya Əkrəmlə satılmış torpağın pulunun aralarında bölüşdürülməsi Mahirə Qiliyevanın ehtimalları olmaqla heç bir sübuta söykənmir. Həm də o, Cavabdeh2 torpağa dair etibarnaməni xx.xx.2018-ci ildə Moskva şəhərinə müvvəqəti işləməyə getməsi ilə əlaqədar olaraq vermişdir. Belə ki, Əkrəmə 4800 manat borclu olmuş və bildirmişdir ki, pulu qaytara bilməsə torpağı satıb öz pulunu götürər. xx.xx.2020-ci il tarixində onun etibarnamə vasitəsi ilə vətəndaşları aldatdığını bildikdən sonra həmin etibarnaməni ləğv etmiş, borcunu da qaytarmışdır. Həmin şəxsin məhkəmədə onun barəsində verdiyi yalan məlumatı isə yoxlamaq çətin deyil. Bu barədə hüquq mühafizə orqanlarında, Sumqayıt Şəhər Məhkəməsində qanuni qüvvəyə minmiş hökm vardır. Əkrəmin qanunsuz hərəkitinin qurbanı olmuş və cəzasını da çəkib. Cavabdeh2 onun verdiyi 0.14 ha torpaq sahəsinə 60a yaxın şəxsə etibarnamə verərək onları aldatdığından o, etibarnaməni ləğv etmiş, lakin buna baxmayaraq Cavabdeh2 yenə öz əməllərini davam etdirərək İddiaçı da aldatmışdır. Cavabdeh2 İddiaçı satdığı və göstərdiyi 0,6 ha torpa sahəsinin onun Əkrəmə verdiyi etibarnaməyə heç bir aidiyyəti yoxdur, bu torpaqlar başqa-başqa yerlərdə yerləşir. Yəni, Cavabdeh2 İddiaçı məqsədli şəkildə aldatmış, məhkəmə isə bu halı qiymətləndirməmiş, ekspertiza təyin edib ona satılmış torpaq sahəsinin koordinatlarını və yerini, habelə ona məxsus olan torpaq sahəsi ilə əlaqəsini müəyyən etmək əvəzinə İddiaçı heç bir sübutla təsdiq edilməyən dəlilləri əsasında qətnamə çıxarmışdır ki, həmin qətnamə qanunsuz olmaqla məhkəmədə araşdırılan faktların uyğun olmaması ilə yanaşı, onların təhrif edilməsi nəticəsində mümkün olmuşdur. Yeganə dəlil, onun Cavabdeh2 verdiyi etibarnamədir. Lakin həmin etibarnamədə göstərilən torpaq sahəsi ilə İddiaçı Əkrəm tərəfindən real olaraq verilmiş torpaq sahəsinin heç bir əlaqəsi yoxdur. Belə olan halda onun Əkrəmlə hansı əlbir olmaqla onu aldatmaqdan söz açıla bilər. Əkrəmə etibarnamə verdiyi tarixdən çox illər qabaq 2016-cı ilə qədər onların arasında bu mübahısə var idi, bunu İddiaçı məhkəmədə verdiyi izahatında təsdiq edir. İddiaçı 2007-ci ildə torpaq satmaq adı ilə aldadıb pulunu almış, o isə etibarnaməni çox sonralar, 2018-ci ildə ona vermişdir. Onun iddiaçı qarşısında heç bir öhdəliyi olmayıb, ona torpaq satmamış, ondan pul almamışdır. Aralarında şifahi və ya yazılı heç bir müqavilə olmayıb, o, etibarnamə ilə Cavabdeh2 verdiyi səlahiyyətlər kağız üzərində ona ötürülsə də faktiki olaraq Əkrəm onu aldatmış və pulu ondan alaraq, verdiyi etibarnamədə göstərilən torpaq sahəsindən aralıda olan bir yeri ona göstərmişdir. Cavabdeh2 vətəndaşları aldadaraq pul almasına cavabdeh ola bilməz. İddiaçı Cavabdeh2 tərəfindən satılan torpaq sahəsinə görə heç bir vəsait almamışdır və Cavabdeh2 da bunu təsdiq edə bilər. Cavabdeh2 məhkəməyə göndərdiyi yazılı məlumatda İddiaçı torpaq satması, ondan pul vəsaitini alıb-almaması barədə heç nə demir, baş vermiş hadisələr barədə ziddiyyətli fikirlər irəli sürür. Amma bunlara diqqət yetirməyən məhkəmə, İddiaçı ilə Cavabdeh2 izahatlarını hüquqi cəhətdən qiymətləndirməmiş, faktları araşdırmadan cavabdehlərin məsuliyyət məsələsinə qiymət vermədən iddianın müştərək qaydada hər iki cavabdehin hesabına təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə prosesinin protokollarında cavabdeh İddiaçı başqasının torpaq sahəsində qanunsuz tikdiyi əl damının 1500 manat dəyərində olması barədə heç bir qeyd olmasa da, məhkəmə bu məsələni araşdırmadan, heç bir sübuta əsaslanmayan polisdə verdiyi izahatını əsil həqiqət kimi qəbul etmiş, onun həmin tikilinin cəmi 200 manat dəyərində olmasını deməsinə baxmayaraq, araşdırmadan iddiaçının xeyrinə olan qeyriobyektiv qərar vermişdir. Burada varlanan da pulu və torpağın dəyərini qaytarmalı olan şəxs də Cavabdeh2dur. Ona pul verməyib, buna ehtiyac da yox idi. İddiaçı isə pulu birbaşa ona verdiyini söyləyir, başqa ona pul verilməsi barədə heç bir fakt yoxdur, çünki etibarnamə ilə verdiyi torpağa görə pul almamış, həmin torpaq hələ də onun mülkiyyətindədir. Cavabdeh2 olan pul borcunun əvəzində ona tamamilə başqa ərazidə olan ona məxsus olan torpaq sahəsindən 2023-cü ildə 250 kv.m. torpaq verərək borcunu ödəmişdir. Polis bölməsində də ona 4.5 sot torpaq verməyi barədə təklifini də Cavabdeh2 sonradan qəbul etmədiyi üçün, ona başqa yerdən torpaq sahəsi vermiş və o da həmin torpaq sahəsini 10000 (on min) manata satmış, İddiaçı torpaq sahəsi verməkdən imtina etmişdir. Bu barədə ona da bildirmişdir ki, ona heç nə vermək fikrində deyil. Göründüyü kimi Cavabdeh2 İddiaçı əvvəldən torpaq sahəsi vermək niyyəti olmayıb və dəfələrlə onu aldadaraq başqa-başqa yerlərdə özünə aid olmayan, başqa şəxslərə məxsus olan torpaq sahələrini göstərməklə aldatmağa çalışmışdır ki, məhkəmə isə buna lazımi qiymət verməmişdir. Nəticədə isə qanunsuz və səhv qərar qəbul edilmiş, hüquqlarının pozulmasına səbəb olan bir qərar qəbul edilməsinə səbəb olmuşdur. Qətnamədə qeyd eilir ki, guya o, İddiaçı tikdiyi əl damını sökməklə ona 1500 manat ziyan vurmuş və bunu məhkəmə iclasında etiraf etmişdir. Buna görə də məhkəmə onun tərəfindən ona 1500 manat maddi ziyanın ödənilməsi barədə qərar qəbul etmişdir. Əslində onun məhkəmədə dedikləri təhrif edilmişdir. Məhkəmədə belə izahat verməmişdir. Məhkəmənin protokollarına nəzər salınsa bunu əyani şəkildə görmək mümkündür. Məhkəmədə qeyd etmişdir ki, həmin uçurduğu əl damına cəmi 60-70 mişar daşı, bir–iki kisə sement və fəhlə əməyini nəzərə alsa 150, maksimum 200 manat olar. Əvvələn, o, İddiaçı qanunsuz olaraq başqasının torpağında tikdiyi tikilini sökmüşdür, cəmi 100-200 manat dəyəri olan qanunsuz tikilmiş tikiliyyə görə məhkəmənin 1500 manat maddi zərər hesablaması düzgün deyil və qanunsuzdur. Hündürlüyü 2 metr, eni də 2 metr, olan divarın dəyəri (qalan iki divar əvvəldən onun tərəfindən tikilib) nəyə əsasən 1500 manat qiymətləndirilir. Həmin torpaqda İddiaçı heç bir hasar və divar tikməyib, məhkəməya yalan izahat verib, onları özü tikmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qarşı tərəf 2006-cı ildə pul Əkrəmə pul verərək torpaq almışdır. Əkrəmlə 2017-ci ildən tanışlığı olmuş, o ona topraq sahəsinin satılmasına yardım edirdi. Moskva şəhərinə gedəndə pulu az olduğundan Əkrəmdən 4800 manat borc almış, beləcə ona borcu yaranmışdır. Borcunu ödəyəcəyinə inam yaramaq üçün özünə məxsus, icarəsində olan torpaq sahəsi barədə Əkrəmə etibarnamə vermiş, lakin yerini göstərməmişdir. Sonradan öyrənib ki, Əkrəm bu etibarnamədən istifadə edərək Binə qəsəbəsində torpaq sahələrini satmışdır. Bundan sonra ona verdiyi etibarnaməni ləğv etdirib. Ondan sənədi qaytarmağını istəmiş, o isə itirdiyini bildirmişdir. Əlavə olaraq dostu Ələkbərov Ramin adlı şəxsə məxsus olan torpaq sahəsinin də iddiaçı Mahirə xanıma satdığını öyrənib. Həmin xanımın orada kiçik əl damı inşa etdirdiyini görüb. xx.xx.2020-ci il tarixində etibarnaməni ləğv etdirib. Ona qədər Mahirə xanıma etibarnamə verilib, Mahirə xanıma 10 sot torpaq verilib, insanlar iddiaçını oradan çıxarıblar. Beləliklə Əkrəm ona başqa yerdən torpaq sahəsi verib. Oradan da çıxarıblar. Əkrəm iddiaçının pulunu qaytara bilmədiyindən, iddiaçı isə pulunu tələb etdiyindən onun dostuna məxsus olan torpaq sahəsini iddiaçıya verib. Həmin torpaq sahəsinin kənarlarını hasar çəkdirmişdi. Mahirə xanımın həmin torpaq sahəsində hasarın küncündə kiçik tikdirdiyi tikilini sökdürüb, hamının yanında bəyan edib ki, bu torpaq Raminə məxsusdur, onun Əkrəmə torpaq yox, pul borcu var. Əkrəm iddiaçını aldadıb. Beləcə Mahirə xanım polisə şikayət etmişdir. Polisdə Əkrəmlə razılaşıb ki, Əkrəmə 4 sot yarım torpaq sahəsini versin. Razılığa gəldikdən sonra Əkrəm ona demişdir ki, torpağı Mahirə xanıma yox ona versin, özü nə edəcəyini bilir. Bu zaman Əkrəmin dediyindən şübhələnmiş, torpaq sahəsini verməmiş, sonra isə 2 sot yarım torpağı etibrnamə ilə icarəyə Əkrəmə vermişdir. İddiaçı ona qarşı iddia qaldrmışdır. İddiaçının çəkdiyi xərci ödəməyə hazırdır, lakin birinci instansiya məhkəməsinin qətnanməsində göstərilən 1500 manat çoxdur. İddiaçının çəkdiyi xərc 200 manat olar. İddiaçı torpağı əldə etdikdən sonra onun yarısını Səyavuş adlı şəxsə 6000 manata satmışdır. Bundan xəbəri var. xx.xx.2020-ci ildə xitam verilmiş etibarnaməyə, 2021-ci ildə notarius tərəfindən Səyavuşa etibarnamə verilib. Bununla bağlı sənədlər məhkəməyə təqdim olunmuşdur. Sonradan Əkrəmə verdiyi etibarnamə ilə, onun 61 nəfərə etibarnamə verdiyini öyrənib. Ramin öz torpağını, Xəyyam adlı şəxsə satıb. Söhbət iddiaçı tərəfindən inşa etdirilmiş kiçik tikilini sökdürdüyü torpaq sahəsindən gedir. 4 sot yarım torpaq sahəsini ölçmüş, çünki Əkrəmlə razılığa gəlmək istəyirdi. Həmin sahəni Əkrəmə verib, əlavə pulu alıb, sonra Raminlə haqq-hesab edəcəkdi. Yeri ölçdüyünü etiraf edir, amma Mahirə və Səyavuş üçün yox, Əkrəmə vermək üçün ölçmüşdür. Mahirə və Səyavuşu tanımırdı, onlara verə bilməzdi. Buna görə də apellyasiya şikayətinin təmin ediləsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2007-2019-cu illər aralığında Mahirə xanıma ayrı-ayrı yerlərdə 2 dəfə torpaq satmış, 2007-ci ildə pulunu almışdır. Təmsil etdiyi şəxs Əkrəmə etibarnamə 2018-ci ildə vermiş, həmin etibarnamə ilə 2019-cu ildə Mahirə xanıma etibarnamə vermiş, başqa yerdən torpaq sahəsi satmışdır. Raminin Şahbaza etibarnaməsi var. Şahbaz görüb ki, etibarnamə ilə torpaq sahələri satılır, bundan sonra etibarnamə ləğv edilmişdir. İddiaçı ləğv edilmiş etibarnamə ilə başqasına etibarnamə vermişdir. Şahbaz və Mahirə arasında alqı-satqıya dair heç bir razılıq və müqavilə olmamış, olanlar Əkrəmə görə baş vermişdir. Məhkəmə iclaslarının protokolları ilə tanış olmuş, məhkəmə iclaslarında Şahbaz heç zaman iddiaçının 1500 manat xərc çəkildiyini və o qədər pul ödəməyə hazır olduğunu bildirməmişdir. Qətnamədə isə təmsil etdiyi şəxsin 1500 manatı etiraf etdiyi qeyd olunmuş və polis sənədlərinə, qərara istinad olunmuşdur. Qərarda isə 1500 manatı etiraf etməsinin haradan götürüldüyü, yazıldığı məlum deyildir. Polisdən materialları əldə etmiş, həm Mahirə xanımın, həm də Şahbazın izahatları var. Polisə şikayətində, məhkəməyə ərizəsində də Əkrəmdən şikayətçi olduğunu bildirmiş, lakin sonradan Əkrəm Şahbazın adını verdiyindən Şahbaz da cavabdeh qismində cəlb edilmişdir. Şahbaz isə 200 manat ödəyə biləcəyini bildirmişdir. İddiaçının vurulmuş zərərlə bağlı 1500 manat tələbi olmamışdır. Birinci instansiya məhkəməsində polisə sorğu verilmiş, sadəcə qərar əldə olunmuşdur. Məhkəmənin gəldiyi nəticə doğru deyildir. Çünki Cavabdeh1 İddiaçı 5000 manat almasına dair heç bir sübut yoxdur. Vurulmuş maddi ziyan məbləği 1500 manat Şahbazdan tutulmuş, halbuki 1500 manat etiraf etməsinə dair də heç bir sübut olmamışdır. Eyni zamanda məhkəmə Əkrəmin məhkəmədə iştirakının təmin olunmasına dair heç bir addım atmamışdır. Əkrəm iş üzrə cavabdeh olmadığını, yalnız müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb oluna biləcəyini bildirmişdir. Məhkəmə Əkrəmi məhkəmə iclasına dəvət etməmiş və izahatını almamışdır. Əkrəm Şahbazın ona verdiyi etibarnamə ilə 60-a yaxın şəxsə etibarnamə vermişdir. Əkrəm barəsində Şahbazın şikayəti əsasında hazırda cinayət işi gedir. Şahbaz barəsində olan cinayət işinin hazıki işə aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2007-ci ildə Əkrəmə 10 sot torpağa görə 5000 manat vermişdir. Lakin, sonradan məlum olmuşdur ki, torpaq başqasınındır. Əkrəm iki dəfə onu aldadıb. 2019-cu il yanvarın 23-də Əkrəm bildirdi ki, Şahbaz ona olan borcunun əvəzinə torpaq sahəsi verib, onun öz torpağıdır, indi isə Əkrəm ona 10 sot yox, 6 sot verə bilər. Beləliklə, 6 sota sənəd alıb. Torpaq sahəsi 4-5 daşla hasarlanmışdı. Cavabdeh deyir ki, hasarı çəkib, torpaq isə Raminindir. Göründüyü kimi təzad var. O, isə onu 11 daş edib. Kiçik tikili tikdirib. Pandemiya oldu, işləri yarımçıq qaldı. Aldığı 6 sotun 3 sotunu Səyavuş adlı şəxsə satıb. Etibarnamə ləğv olunmamışdı. Əkrəm Şahbazın traktor gətirərək aldığı torpaq sahəsindəki tikilini sökdürdüyünü, oranı şumlatdığını bildirdi. Şahbazdan polisə şikayət edib. İş məhkəməyə gedib çıxmasın deyə razılaşma oldu. Şahbaz bildirdi ki, onun cəmi 4 sot torpağı var, o torpağı ona və Səyavuşa verə bilər. Maşınla torpaq sahəsinə apardı, özü 4 sot yarımı şəxsən ölçdü, işarə qoydu və onlara verdiyini bildirdi. Dedi ki, Ramin adlı şəxs etibarnamə verəcək. Sonradan Səyavuşun adına sənədləşdiriləcəyini bildirdilər. Etiraz etməyib. Əkrəm sot yarımın pulunu ödəməyi öhdəsinə götürmüş, lakin sonra ödəmədi. Səyavuş Şahbazın həmin torpağı Babək adlı şəxsə satdığını, həmin şəxsin orada ev tikdiyini bildirdi. İlk dəfə 5000 manat pulu 2007-ci ildə Əkrəmə vermiş, lakin Əkrəm 2 dəfə ona ayrı-ayrı torpaq sahəsi göstərib. Torpaq sahələrini hasara almışdı. Onun pulunu almamışdır. Nə qədər xərc çəkdiyini dəqiq bilmir. Notarial qaydada sənədi, etibarnaməsi var. Həmin ərazidə heç kəsin torpaq sahəsinə çıxarışı, texniki pasportu yoxdur. O, Səyavuşdan 4200 manat almışdır. İndi Səyavuş ya torpağını ya da 6000 manat pulunu istəyir. Torpaq sahəsinə çəkdirdiyi hasar və əl damına 1500 manat xərc çəkmişdir. 3 sot torpağın bazar qiymətinə uyğun hesablanaraq pulunun ona qaytarılmasını xahiş edir. Əkrəm Şahbaza torpaq sahələrini satmaq üçün yardım etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.

13. Cavabdeh2 ərizə ilə məhkəməyə müracitə edərək qeyd etmişdir ki, 2017-ci ildə Cavabdeh1 ona tikinti sərəncamı almaq adı ilə dələduzluq edərək ondan 30000 manat məbləğində pul almış və qarşılığında saxta sənəd təqdim etmişdir. Nəticədə, ona qarşı cinayət işi açılmış və o, həbs edilmişdir. Abşeron Rayon Məhkəməsində keçirilən iclaslarda onun özü və yaxın qohumlarının xahişi ilə vurulmuş ziyanı ödədiyini bildirmiş, qardaşının təkidi ilə ziyan məbləğini 10,000 manat olaraq qəbul etmiş və onun azad edilməsinə etiraz etməmişdir. Cavabdeh1 həbsdən azad olunduqdan sonra ona vurulan ziyanın ödənilməsi məqsədilə mülkiyyətində olan 0.1450 hektar torpaq sahəsini ona etibarnamə ilə vermişdir. Onun bu torpaq sahəsini ona vurduğu 30000 manat ziyanının qarşılığında verdiyi haqda aralarında dəfələrlə telefon danışıqları və görüşmələr olmuşdur. 2019-cu ildə bu torpaq sahəsinin 0.06 hektar hissəsini İddiaçı satmışdır. Daha sonra öyrənib ki, Cavabdeh1 etibarnaməni ləğv edib torpağı başqa şəxsə satmışdır. Cavabdeh1 isə Mahirə xanımla görüşərək ondan birlikdə polisə şikayət etməyi və onu həbs etdirməyi təklif etmişdir. Bu hallar əsasında Xəzər Rayon Polis İdarəsinə və Prokurorluğa müxtəlif müraciətlər etmişdir. Daha sonra Mahirə xanımın şikayəti əsasında Xəzər rayonunun 3-cü bölməsinə dəvət olunmuşlar. Görüşdə Cavabdeh1 ona borcunu qaytaracağını və İddiaçı torpaq sahəsi verəcəyini bildirmişdir. Sonradan, 4.5 sot torpaq sahəsi Cavabdeh1 tərəfindən Mahirə xanımın satdığı şəxsə verilmiş və o, bu mübahisənin tərəfi olmamışdır. İddiaçı məhkməyə müraciət etdikdən və qərar çıxdıqdan sonra Şahbaz Quliyev məhkəmənin qərarına müdaxilə və ona böhtan ataraq şantaj etmək üçün Xəzər Rayon Polis idarəsinə onun guya 0.1450 hektar yerin etibarnaməsindən 61 nəfərə etibarnamə verdiyini bildirərək şikayət vermiş və bu səbəbdən sənədi xitam etdiyini bildirmişdir. Cavabdeh1 istintaqa bu iddanı təstiq edəcək heç bir sübüt təqdim etməmiş öz növbəsində onu istintaqa Şahbazın ona verdiyi torpağın 0.965 hissəsini satdığını və 4 etibarnamə verdiyini bildirmiş bununla bağlı Mobil notariat sistemindən çıxardığı aidiyyati sənədləri təqdim etmişdir. Cavabdeh1 ona verdiyi etibatnaməni ləğv etdikədən sonra 3 nəfərdən aldığı behi geri qaytarmış, İddiaçı verdiyi torpağın əvəzində X6 başqa yerdə 4.5 sot torpaq verdiyi və onu təkrarən aldatığı üçün İddiaçı ilə məsələ mübahisələnmişdir. Qeyd edilənlər əsasında, o, bu mübahisənin həqiqi tərəfi olmadığını bildirir. Ondan asılı olmayan səbəblərə görə adı hallandırılmış və cavabdeh şəxs kimi iştirak etməyi tələb olunmuşdur. Hər hansı bir qanunsuz hərəkət və ya ziyan vurulmasında onun birbaşa əlaqəsi yoxdur. Bu səbəbdən, onun cavabdeh deyil, maraqlı şəxs kimi tanınmağının daha ədalətli və qanuni olduğunu hesab edir. Cavabdeh1 polisə bilərəkdən yalandan şikayət verməsi, hüquq-mühafizə orqanlarının və məhkəmənin fəaliyyətinə müdaxilə etmə cəhdi kimi qiymətləndirilməlidir və bu hərəkətlərin qanun çərçivəsində araşdırılmasını və onun qanuna uyğun şəkildə cəzalandırılmasını istəyir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, onun bu işdə cavabdeh deyil, maraqlı şəxs kimi tanınmağı barədə qərar qəbul edilməsini xahiş edir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri bardə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

15. xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Xəzər RPİ-nin qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

16. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Cavabdeh2 torpaq sahəsi ilə bağlı səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmaqla etibar etmiş və həmin etibarnaməyə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir.

17. xx.xx.2023-cü il tarixli, AR-İİİ 051847 nömrəli etibarnamədən görünür ki, X4 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakın idarə etməyi, onun üzərində sərəncam verməyi, almaq, satmaq, bağışlamaq, dəyişdirmək və sair səlahiyyətləri Cavabdeh1 xx.xx.2033-cü ilədək etibar etmişdir.

18. xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 həmin etibarnamə ilə xx.xx.2016-cı il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli, Seriya RX, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,1450 ha torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, dəyişməyi, və s tapşırıqları yerinə yetirməyi Cavabdeh2 xx.xx.2106-cı ilədək etibar etmişdir.

19. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 adından verilmiş etibarnaməyə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 xx.xx.2016-cı il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli, Seriya RX, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,1450 ha torpaq sahəsinin 0,06 ha hissəsinə dair sərəncam verməyi, satmağı, dəyişməyi, və s tapşırıqları yerinə yetirməyi İddiaçı xx.xx.2100-cü ilədək etibar etmişdir.

20. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 adından verilımiş etibarnamə əsasən İddiaçı (ona verilmiş 7E-5396, xx.xx.2021-ci il tarixli etibarnamə əsasında) xx.xx.2016-cı il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli, Seriya RX, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,1450 ha torpaq sahəsindən ona etibar edilmiş 0,06 ha torpaq sahəsindən 0,03 ha hissəsinə dair sərəncam verməyi, satmağı, dəyişməyi, və s tapşırıqları yerinə yetirməyi X3 xx.xx.2100-ci ilədək etibar etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi

329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

23. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2736/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh1 aid hissədə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2736/2024 nömrəli qətnaməsi Cavabdeh1 tutulan pul məbləğləri hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir.

25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının tələbi cavabdehlərdən 9.000 manat əsas pul, 7.000 manat əldən çıxmış fayda və 5000 manat mənəvi zərər məbləğindən ibarət olmuşdur. İddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatından görünür ki, o, Cavabdeh2 torpaq sahəsinə görə 5000 maant pul vermiş, lakin müəyyən zaman keçdikdiyindən həmin pul da öz əhəmiyyətini itirmişdir. Buna görə də cavabdehlərdən 9000 manat pul tələb etmişdir.

26. Birinci instansiya məhkəməsi torpaq sahəsinə görə 5000 manat pulun iddiaçıdan alındığını əsas gətirməklə, 9000 manat iddia tələbini həmin hissədə qismən təmin edərək cavabdehlərdən 5000 manat tutmuş, 7000 manat əldən çıxmış fayda və 5000 manat mənəvi zərərlə bağlı iddia tələblərini isə iddiaçı tərəfindən bunu sübut edən zəruri sübutların məhkəməyə təqdim edilməməsi əsası ilə rədd etmişdir.

27. Bununla yanaşı birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin Cavabdeh1 tərəfindən sökülməsini və cavabeh Cavabdeh1 isə bunu etiraf etdiyini əsas gətirərək, Cavabdeh1 sökülmüş tikiliyə çəkilmiş xərc qismində 1500 manat pul tutumudur ki, bununla da prosessual qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, yuxarıda istinad olunan Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sökülmüş tikiliyə çəkilmiş xərc qismində iddia tələbi olmamış, birinci instansiya məhkəməsi isə verilmiş tələblərdən kənara çıxaraq, olmayan iddia tələbi üzrə Cavabdeh1 pul məbləği tutmuşdur ki, bununla da birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tutulan 1500 manat pul tələbi hissəsində əsassız olmuşdur. Buna görə də qətnamə həmin hissədə ləğv edilməlidir.

28. Məhkəmə kollegiyası 5000 manat pul məbləğinin Cavabdeh1 tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də qanunsuz və əsassız hesab etmişdir.

29. Belə ki, iddiaçının öz izahatı ilə təsdiq olunur ki, həmin pul məbləği hələ 2007-ci il tarixdə iddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış əhəmiyyətsiz əqd üzrə onun tərəfindən Cavabdeh2 verilmiş, lakin həmin əqd üzrə ona verilməli olan torpaq sahəsi başqa şəxs məxsus olduğundan həmin torpaq sahəsindən çıxarılmışdır. Bunadan sonra Cavabdeh2 həmin pulun əvəzində ona başqa torpaq sahəsi vermiş, lakin həmin torpaq sahəsi də başqa şəxslərə məxsus olduğundan oradan da çıxarılmışdır. Nəhayət 23 yanvar 2019-cu il tarixdə Cavabdeh2 xx.xx.2016-cı il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli, Seriya RX, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,1450 ha torpaq sahəsinə dair Cavabdeh1 tərəfindən ona verilmiş etibarnamə əsasında ona etibar edilmiş 0,1450 ha torpaq sahəsinin 0,06 ha hissəsi üzərində sərəncam vermək, satmaq, dəyişmək və sair tapşırıqları yerinə yetirməyə dair iddiaçıya etibarnamə verməklə, yenə də həmin etibarnamədə olan torpaq sahəsini deyil, başqa torpaq sahəsini iddiaçının faktiki sahibliyinə verməklə, etibarnamə əsasında alqı-satqı müqaviləsi bağlamaq adı altında yalan əqd bağlamışdır.

30. Göründüyü kimi yalan əqd üzrə tərəflər iddiaçı ilə Cavabdeh1 olmamış, həmin əqd üzrə pul məbləği də Cavabdeh1 verilməmişdir. Belə olduğu təqdirdə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə müvafiq olaraq, Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Həmçinin, Cavabdeh1 əsassız varlanma qaydalarına müvafiq olaraq da iddiaçının hesabına varlanması müəyyən edilməməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instaniya məhkəməsinin 5000 manat pulun Cavabdeh1 tutulmalı olması ilə bağlı gəldiyi nəticə də əsassız olmuşdur.

31. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh1 münasibətdə qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Buna görə də apellyasiya şkayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2736/2024 nömrəli qətnaməsi Cavabdeh1 tutulan 5000 manat, 1500 manat və 70 manat dövlət rüsumu məbləği hissəsindlə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2736/2024 nömrəli qətnaməsi Cavabdeh1 tutulan 5000 (beş min) manat, 1500 (min beş yüz) manat və 70 (yetmiş) manat dövlət rüsumu məbləği hissəsindlə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar