Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1572/2023 09.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh2, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qeybulla oğluna və üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı almaq üçün üstünlük hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 68/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 Qeybulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı adına 222 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X3 adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2006-cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pulun Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulması, həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsaitin Cavabdeh1 və İddiaçı bərabər hissədə alınaraq, Cavabdeh2 ödənilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, göstərilən məbləğdə pulun Cavabdeh2 xeyrinə tutulması ilə qeyriyaşayış sahəsinin Cavabdeh1 və İddiaçı qaytarılmasının eyni vaxtda icra olunması qət edilmişdir.
3. 02 iyul 2019-cu il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh2 51500 (əlli bir min beş yüz) manat məbləğində pul vəsaitini Sumqayıt şəhəri 4 saylı notariat ofisinin "xxxx" ASC-nin Sumqayıt filialındakı hesabına mədaxil etmişdir.
4. 03 iyul 2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 ünvan 1 mənzilin 51500 (əlli bir min beş yüz) manata satılması barədə razılaşmışlar.
5. Cavabdeh2 ilə Cavabdeh1 (etibarnamə ilə X7) arasında bağlanmış 03 iyul 2019cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 1 mənzili 51500 (əlli bir min beş yüz) manata Cavabdeh1 almışdır.
6. Çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı adına 222 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə, 1/2 hissədə Cavabdeh1 adına 222 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır.
7. Sumqyaıt şəhər Polis İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında xx.xx.1974-cü ildən xx.xx.2006-cı ilədək qeydiyyatda olmuşdur.
8. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 17 may 2019-cu il tarixli, 1181 nömrəli məktubdan görünür ki, Cavabdeh1 ilə onun paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildə Cavabdeh1 ona məxsus olan 1/2 hissəni 51500 (əlli bir min beş yüz) manata satmaq istədiyi bildirilmiş, bununla əlaqədar olaraq həmin hissəni almaqda üstünlük hüququ olduğundan ona həmin hissənin alınması təklif olunmuş, daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina etdiyi və ya bildirişin verildiyi gündən 45 gün ərzində hər hansı bir məlumat vermədiyi təqdirdə satıcının öz payını istədiyi şəxsə satacağı bildirilmişdir.
9. SS589655558AZ saylı xəbərnamədən görünür ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 17 may 2019-cu il tarixli, 1181 nömrəli məktub “Ağabalayev” adlı şəxs tərəfindən imza etməklə qəbul edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1685 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 7-ci vərəqində olan xx.xx.2021-ci il tarixli AR-İİ 549793 saylı etibarnamədə “İmza” qrafasındakı imzanın, “Aгaбaлajeв” yazısının və SS589655558AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamədə (i.v.138) “Şəxsən verildi” qrafasındakı imzanın və “Agabalayev” yazısının - tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə eyni şəxs tərəfindən icra olunub olunmaması haqqında rəy vermək mümkün olmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qeybulla oğluna və üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı almaq üçün üstünlük hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə-1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** saylı qeydin və çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 36,4 kv.m. olan 1 otaqlı mənzildə Cavabdeh1 məxsus ½ hissədə olan paya satın almaqda üstünlük hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən bir otaqlı 17 saylı mənzil 1993-cü ilin oktyabr ayının 7-dən 2006-cı ilin yanvar ayının 15-dək mərhum anası X3 xüsusi mülkiyyətində olmuşdur. Qardaşı Cavabdeh1 anasının yaşlı və xəstə olduğundan istifadə edərək 11 mart 2003-cü il tarixdə anası tərəfindən verilmiş ümumi etibarnamə əldə etmişdir. Anası 15 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. Buna baxmayaraq qardaşı Cavabdeh1 anasının ölümü ilə bağlı qanuni qüvvəsini itirmiş etibarnamədən istifadə edərək 2006-cı ilin yanvar ayının 26-da mərhum anasına məxsus olan yuxarıda göstərilən bir otaqlı mənzili alqı-satqı müqaviləsi əsasında tələm-tələsik Cavabdeh2 14137,2 manata satmış və satışdan əldə etdiyi pulu mənimsəmişdir. Satılan mənzil miras əmlak hesab olunduğuna görə həmin mənzil 2008-ci ilin may ayından 2016cı ilin yanvar ayınadək müxtəlif məhkəmə instansiyalarında gedən məhkəmə çəkişmələrinin predmeti olmuşdur. Nəhayət, anasının ölümündən 10 il keçdikdən sonra ədalət bərpa olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)115/2016 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 1 mənzilə dair X3 adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2006cı il tarixli, 4Ə/1-34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat məbləğində pul Cavabdeh1 Cavabdeh2 xeyrinə ödənilməlidir. Həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsait Cavabdeh1 və ondan bərabər hissədə tutularaq Cavabdeh2 verilməlidir. Müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalı, göstərilən məbləğdə pulun Cavabdeh2 xeyrinə tutulması ilə daşınmaz əmlak Cavabdeh1 və ona eyni vaxtda icra olunsun. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Məhkəmə qətnaməsi icra olunan zaman cavabdehlər qətnamənin icrasına müxtəlif vasitələrə əl atmaqla maneələr yaradırlar. X1 onun xaricdə olmağından istifadə edərək Cavabdeh2 ilə sövdələşərək notariat ofisinə onun rəsmi qeydiyyatda olduğunu yaşayış yeri barədə yanlış məlumat verməklə və xəbərnamədə onun imzasını saxtalaşdırmaqla ümumi paylı mülkiyyətdə olan 2/1 payını həmin payın satın almaqda üstünlük hüququnu pozmaqla qanunsuz olaraq Cavabdeh2 satmışdır. Bu cür qanunazidd hərəkətləri ilə hər iki cavabdeh qanuni qüvvəyə minmiş qətnamənin icrasına aşkar şəkildə əngəllər törətmişlər. Hesab edir ki, cavabdehlər arasında daşınmaz əmlakla bağlı bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun bağlanması ilə yaranmış nəticələr ləğv olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələri müəyyən edir ki, Azərbaycan Respublikasınmda mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunan maddənin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşmar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təlcbaşma və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yuxarıda göstərilən maddənin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Cavabdeh1 məhkəməyə etiraz ünvanlayaraq bidirmişdir ki, İddiaçı qarşı “ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı olmaq üçün üstünlük hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair mülki iş məhkəmənin icraatındadır. Məhkəmənin nəzərinə çatdırır ki, iddia tələbi tamamilə əsassız və qanunsuzdur. İddiaçının irəli sürdüyü dəlillər həqiqətə uyğun deyildir. Belə ki, X5 ilə onun arasında Cavabdeh2 Qeybulla oğlu ilə yanlış məlumat əsasında imza çəkilməsi zamanı hər hansı saxtakarlığa yol verilməmişdir. Əlavə olaraq qeyd edir ki, İddiaçı qarşı "ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payı olmaq üçün üstünlük hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət mümkün sayılmamalıdır. Çünki iddiaçı tərəfindən mübahisə olunan məsələ ilə bağlı iddia tələb etmək hüququ ötmüşdür. Qeyd edilən səbəblərdən dolayı iddianı qəbul etmir və hesab edir ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməlidir. Cavabdeh1 daha sonra bildirmişdir ki, o mənzilini 2006-cı ildə Cavabdeh2 Qeybulla oğluna satmışdır. Artıq 13 ildən çoxdur ki, məhkəmə mübahisələri gedir. O, 2019-cu ildə Temurazla belə razılaşmışdır ki, o ona pul verməyəcək, o da ondan ev istəməyəcək. O, alqı-satqı prosesində şəxsən iştirak etməmişdir, yalnız etibarnamə vermişdir. Həmin alqısatqıdan ona hər hansı pul məbləği çatmamışdır.
14. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, ünvan 4 ünvanda yerləşən bir otaqlı 17 saylı mənzil 1993-cü ilin oktyabr ayının 7-dən 2006-cı ilin yanvar ayının 15-dək iddiaçının mərhum anası X3 xüsusi mülkiyyətində olmuşdur. İddiaçının qardaşı Cavabdeh1 ananın yaşlı və xəstə olmasından istifadə edərək, 11 mart 2003-cü il tarixdə anası tərəfindən verilmiş ümumi etibarnamə əldə etmişdir. İddiaçının qardaşı, yəni cavabdeh anasının ölümü ilə bağlı qanuni qüvvəsini itirmiş etibarnamədən istifadə edərək 2006-cı ilin yanvar ayının 26-da mənzili alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 14137,2 manata satmış və satışdan əldə etdiyi pulu mənimsəmişdir. Tərəflər arasında həmin mübahisəyə dair iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmişdir. Daha sonra sözügedən mənzil üzərində iddiaçının və onun qardaşının hər birinin ½ hissədə payları müəyyən edilmiş, lakin qətnamə qalan hissədə icra olunmamışdır. Bu iş üzrə 6 dəfə icra məmuru təyin edilsə də, müvafiq icra sənədi icrasız qalmışdır. Müqavilə üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmamışdır. Hətta onu da məhkəmənin nəzərinə çatdırır ki, indeksasiya və dəymiş zərərlə bağlı tərəflər arasında məhkəmə mübahisələri olmuş, lakin təmin olunmamışdır. Hesab edir ki, iddia tələbi tam əsaslıdır. İddia ərizəsində konkret olaraq işin halları qeyd olunub, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülkiyyətçinin mülkiyyət hüququna dövlət təminat verir. Paylı mülkiyyətdə payçılar üstünlük hüququna malikdirlər. Digər payçı müstəqil hərəkət etməməlidir. Mülki Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Tərəflər hüquqlarından sui-istifadə etməməlidirlər. Amma burada sui-istifadə olduğu açıq şəkildə görünür. Notariusa yanlış məlumat verildiyinə görə mübahisəli mənzilin satılacağı barədə bildiriş səhv ünvana göndərilib. Belə ki, iddiaçı 36-cı məhəllədə yaşamır, iddiaçı ölkədən xaricdə yaşayır. Eyni zamanda iddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Notarius isə bildirişi iddiaçının yaşamadığı mübahisəli ünvana göndərmişdir. Bundan başqa, bildiriş Oktay tərəfindən imzalanmamışdır. Bildiriş göndəriləndə iddiaçı ümumiyyətlə Azərbaycanda olmamışdır. Qanunun tələblərini pozmaqla bağlandığına görə həmin əqd etibarsızdır. Mənzilin alqı-satqısı barədə 2022-ci ildə İcra İdarəsində olarkən məlumatlı olmuşlar. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2016-cı il tarixli qətnaməsinin icrası davam edirdi. Cavabdeh2 möhlət istəmişdi. Sözügedən qətnamə bu gün də icra olunmayıb. Cavabdeh hər dəfə qətnamənin icrası ilə bağlı möhlət istəyir. İddiaçı burada olmadığına görə hər zaman o, iddiaçının nümayəndəsi kimi İcra İdarəsinə getmişdir.
15. Məhkəmə iclasında Cavabdeh2 Qeybulla oğlu iddia ərizəsinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, 2006-cı ildə 36-cı məhəllədə bir otaqlı mənzili Tofiqdən almışdır. Sonradan maddi vəziyyəti yaxşı olmadığına görə yerli strukturun razılığı ilə mənzilin təyinatını dəyişərək qeyri-yaşayış sahəsinə çevirmişdir. Bir müddət sonra Tofiqin qardaşı məsələni mübahisələndirməyə başlamışdır. Bununla əlaqədar 2016-cı ildə məhkəmə prosesləri olmuşdur. Bu proseslər 2006-cı ildən 2016-cı ilə kimi davam etmişdir. Mübahisəyə Ali Məhkəmədə, hətta Konstitusiya Məhkəməsində də baxılmışdır. Daha sonra Tofiq mənzilin ½ hissəsini öz adına keçirmiş və məhz həmin hissəni ona satmışdır. Həmin vaxt iddiaçı tərəf burada deyildi, o, Amerikada idi. İddiaçıya məsələ ilə bağlı notariusdan məktub göndərilmişdi, iki ay, ya 51 gün müddət gözlənilməli idi. Bu müddətə də əməl edildikdən sonra mübahisəli mənzilin həmin ½ hissəsi ona satılmışdır. Alqı-satqıdan 3 il keçdikdən sonra iddiaçı məhkəməyə müraciət edib. Belə ki, 2019-cu ildə iş artıq İcra İdarəsində olanda Oktay Azərbaycanda idi və bu məsələdən məlumatlı idi. Məhz 3 ildən sonra iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi ona aydın deyil. Məhkəmənin nəzərinə çatdırır ki, o, mübahisəli mənzili 2006-cı ildə almış və həmin hissəni müvafiq qurumların sənədi əsasında qeyri-yaşayış sahəsinə çevirmişdir. Həmin vaxtdan və hal-hazırda da həmin qeyri-yaşayış sahəsi faktiki olaraq onun istifadəsindədir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının ümumiyyətlə belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Belə ki, iddiaçı heç bir qanuni əsas olmadan məhkəmə mübahisəsi getdiyi dövrdə, 2013-cü ildə adına çıxarış almışdır. Onlar həmin çıxarışı hələ ki, mübahisələndirməyiblər. 2019-cu ildə ½ hissə ilə bağlı ona da çıxarış təqdim olunmuşdur. Qarşı tərəf isə ona 14000 manat məbləğində pul ödədikdən sonra ½ hissə onlara verilə bilərdi və onlar bu barədə çıxarış ala bilərdi. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə iclasında Cavabdeh2 Qeybulla oğlunun vəkili Vəkil2 iddia ərizəsinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Tərəflər arasında mübahisəli əmlaka dair alqı-satqı prosesi tam qanunauyğun həyata keçirilib. Mülki Məcəlləyə əsasən tərəf özü və ya etibarnamə verdiyi şəxs alqı-satqı prosesində iştirak edə bilər. Bu, onun hüququdur. Hesab edir ki, Cavabdeh2 da tam qanunauyğun hərəkət etmişdir. Eyni zamanda notarial qaydada alqı-satqı prosesində iddiaçının üstünlük hüququ tanınmış, qanunla tələb edilən müddət gözlənilmişdir. Sənədlər, notaiusun bildirişi iddiaçının ünvanına göndərilmiş və ünvan üzrə bildiriş qəbul edilmişdir. Göründüyü kimi, bütün addımlar qanunvericiliyin tələblərinə əsasən həyata keçirilib. Həmçinin qeyd edir ki, iddiaçı 2013-cü ildə çıxarış almışdır. Hansı əsasla çıxarış verildiyini aydınlaşdırmaq lazımdır. Eyni zamanda qardaşlar-tərəflər Cavabdeh2 14000 manat verdikdən sonra onların mübahisəli əmlakda ½ hissədə payı müəyyən oluna bilərdi. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
17. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-68/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə-1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, həmin mənzillə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, ********** saylı qeyd və çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən mənzilin Cavabdeh2 məxsus ½ hissəsinin Cavabdeh1 mülkiyyətinə qaytarılması, Cavabdeh1 51500 (əlli bir min beş yüz) manat pul vəsaitinin tutularaq Cavabdeh2 Qeybulla oğluna ödənilməsi, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzildə Cavabdeh1 məxsus ½ hissədə olan payı satın almaqda üstünlük hüququnun tanınması, iş üzrə təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının xərci olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qeybulla oğlundan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qeybulla oğlundan ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan SS589655558AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə ünvan 2 ünvanında yerləşən mənzilin satılması barədə paylı mülkiyyətçi İddiaçı mülki qanunvericilikdə nəzərdə tutulan qaydada məlumatlandırılmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi mübahisəli mənzilin paylı mülkiyyətçisi İddiaçı müvafiq məktubu xx.xx.2019cu il tarixdə ünvan 2 ünvanına göndərmişdir. İşdə olan şəxsin sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı sonuncu dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2018-ci il tarixdə, dövlət sərhədindən girişi isə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasında olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məktubun iddiaçı tərəfindən şəxsən imza etməklə qəbul edilməsi mümkün ola bilməzdi.
19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 213, 215, 218, 390, 567, 394, 337, 354, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
20. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. - tərəflər arasında mübahisəli əmlaka dair alqı-satqı prosesi tam qanunauyğun həyata keçirilib. Mülki Məcəlləyə əsasən tərəf özü və ya etibarnamə verdiyi şəxs alqı-satqı prosesində iştirak edə bilər. Bu, onun hüququdur. Cavabdeh2 da tam qanunauyğun hərəkət etmişdir. Eyni zamanda notarial qaydada alqı-satqı prosesində iddiaçının üstünlük hüququ tanınmış, qanunla tələb edilən müddət gözlənilmişdir. Sənədlər, notaiusun bildirişi iddiaçının ünvanına göndərilmiş və ünvan üzrə bildiriş qəbul edilmişdir. Göründüyü kimi, bütün addımlar qanunvericiliyin tələblərinə əsasən həyata keçirilib. Həmçinin, iddiaçı 2013-cü ildə çıxarış almışdır. Hansı əsasla çıxarış verildiyini aydınlaşdırmaq lazımdır. Eyni zamanda qardaşlar - tərəflər Cavabdeh2 14000 manat verdikdən sonra onların mübahisəli əmlakda ½ hissədə payı müəyyən oluna bilərdi. - Cavabdeh2 2006-cı ildə 36-cı məhəllədə bir otaqlı mənzili Tofiqdən almışdır. Sonradan maddi vəziyyəti yaxşı olmadığına görə yerli strukturun razılığı ilə mənzilin təyinatını dəyişərək qeyri-yaşayış sahəsinə çevirmişdir. Bir müddət sonra Tofiqin qardaşı məsələni mübahisələndirməyə başlamışdır. Bununla əlaqədar 2016-cı ildə məhkəmə prosesləri olmuşdur. Bu proseslər 2006-cı ildən 2016-cı ilə kimi davam etmişdir. Mübahisəyə Ali Məhkəmədə, hətta Konstitusiya Məhkəməsində də baxılmışdır. Daha sonra Tofiq mənzilin ½ hissəsini öz adına keçirmiş və məhz həmin hissəni ona satmışdır. Həmin vaxt iddiaçı tərəf burada deyildi, o, Amerikada idi. İddiaçıya məsələ ilə bağlı notariusdan məktub göndərilmişdi, iki ay, ya 51 gün müddət gözlənilməli idi. Bu müddətə də əməl edildikdən sonra mübahisəli mənzilin həmin ½ hissəsi ona satılmışdır. Alqısatqıdan 3 il keçdikdən sonra iddiaçı məhkəməyə müraciət edib. Belə ki, 2019-cu ildə iş artıq İcra İdarəsində olanda Oktay Azərbaycanda idi və bu məsələdən məlumatlı idi. Məhz 3 ildən sonra iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi ona aydın deyil. Məhkəmənin nəzərinə çatdırır ki, o, mübahisəli mənzili 2006-cı ildə almış və həmin hissəni müvafiq qurumların sənədi əsasında qeyri-yaşayış sahəsinə çevirmişdir. Həmin vaxtdan və hal-hazırda da həmin qeyri-yaşayış sahəsi faktiki olaraq onun istifadəsindədir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının ümumiyyətlə belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Belə ki, iddiaçı heç bir qanuni əsas olmadan məhkəmə mübahisəsi getdiyi dövrdə, 2013-cü ildə adına çıxarış almışdır. Onlar həmin çıxarışı hələ ki, mübahisələndirməyiblər. 2019-cu ildə ½ hissə ilə bağlı ona da çıxarış təqdim olunmuşdur. Qarşı tərəf isə ona 14000 manat məbləğində pul ödədikdən sonra ½ hissə onlara verilə bilərdi və onlar bu barədə çıxarış ala bilərdi. Məhkəmə işin faktiki hallarını nəzərə almamış, Cavabdeh2 Qeybulla oğlunun mülkiyyət hüququnu pozaraq qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.
24. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər.
25. Cavabdeh1 və üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: ...6.1.5. müqavilələr azadlığı; Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1.əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 218. Satın almaqda üstünlük hüququ 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.[ 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. [ Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. İşdən göründüyü kimi, Cavabdeh2 ilə Cavabdeh1 (etibarnamə ilə X7) arasında bağlanmış 03 iyul 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh2 ünvan 1 mənzili 51500 (əlli bir min beş yüz) manata Cavabdeh1 almışdır.
32. İddiaçı hazırda həmin müqaviləni mübahisələndirərək bildirir ki, onun Mülki Məcəllənin 218.1-ci maddəsinə müvafiq olaraq mənzili almaqda üstünlük hüququ olduğu halda, xaricdə olmağından istifadə edərək Cavabdeh1 digər Cavabdeh2 ilə sövdələşərək notariat ofisinə onun rəsmi qeydiyyatda olduğu yaşayış yeri barədə yanlış məlumat vermiş və xəbərnamədə onun imzasını saxtalaşdırmaqla ümumi paylı mülkiyyətdə olan 2/1 payını qanunsuz olaraq Cavabdeh2 satmışdır. İddiaçı hesab edir ki, cavabdehlər arasında daşınmaz əmlakla bağlı bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun bağlanması ilə yaranmış nəticələr ləğv olunmalıdır.
33. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
34. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı və cavabdehlər arasında mübahisəli mənzillə bağlı əvvəllər də məhkəmə mübahisələri olmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X3 adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2006-cı il tarixli, 4Ə/1- 34 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən ünvan 1 ünvanda yerləşən mənzilin alqı-satqısı üçün ödənilmiş 14137,20 manat pulun Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulması, həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 26000 manat məbləğində vəsaitin Cavabdeh1 və İddiaçı bərabər hissədə alınaraq, Cavabdeh2 ödənilməsi, müqavilə üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, göstərilən məbləğdə pulun Cavabdeh2 xeyrinə tutulması ilə qeyri-yaşayış sahəsinin Cavabdeh1 və İddiaçı qaytarılmasının eyni vaxtda icra olunması qət edilmişdir.
35. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi İddiaçı 17 may 2019-cu il tarixdə 1181 nömrəli məktub ünvanlamışdır. Həmin məktubda İddiaçı Cavabdeh1 ona məxsus olan 1/2 hissəni 51500 (əlli bir min beş yüz) manata satmaq istədiyi bildirilmiş, bununla əlaqədar olaraq həmin hissəni almaqda üstünlük hüququ olduğundan ona həmin hissənin alınması təklif olunmuş, daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina etdiyi və ya bildirişin verildiyi gündən 45 gün ərzində hər hansı bir məlumat vermədiyi təqdirdə satıcının öz payını istədiyi şəxsə satacağı bildirilmişdir. İşdə olan SS589655558AZ saylı xəbərnamədən görünür ki, həmin məktub xx.xx.2019-cu il tarixdə “Ağabalayev” adlı şəxs tərəfindən imza etməklə qəbul edilmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər əsassızdır.
37. İş materiallarında olan SS589655558AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə ünvan 2 ünvanında yerləşən mənzilin satılması barədə paylı mülkiyyətçi İddiaçı mülki qanunvericilikdə nəzərdə tutulan qaydada məlumatlandırılmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
38. Belə ki, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir.
39. İş materiallarında olan notariat işinin məlumatlarından görünür ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi mübahisəli mənzilin paylı mülkiyyətçisi İddiaçı müvafiq məktubu xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanına göndərmişdir.
40. İşdə olan şəxsin sərhədkeçmə məlumatları barədə elektron məhkəmə informasiya sistemindən əldə edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı sonuncu dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2018-ci il tarixdə, dövlət sərhədindən girişi isə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
41. Beləliklə, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasında olmamışdır.
42. Kollegiya hesab edir ki, həmin məktubun iddiaçı tərəfindən şəxsən imza etməklə qəbul edilməsi mümkün ola bilməzdi.
43. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının şəxsən həmin məktubu qəbul etmək imkanı olmasa da, məktubun iddiaçı ilə birlikdə yaşayan və ya digər yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) təqdim edilməsi də mümkün deyildi. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır.
44. Eyni zamanda tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından və işdə olan məhkəmə aktlarından görünür ki, mübahisəli mənzil artıq uzun illərdir ki, Cavabdeh2 Qeybulla oğlunun istifadəsindədir və həmin mənzil qeyri-yaşayış sahəsi kimi istifadə olunur.
45. Bu səbəbdən İddiaçı və ya onun ailə üzvlərinin yaşamadığı, Cavabdeh2 Qeybulla oğlunun istifadəsində olan ünvana göndərilən məktub paylı mülkiyyətçi olan iddiaçının qanunla müəyyən edilmiş qaydada məlumatlandırılması kimi qəbul edilə bilməz.
46. Məhkəmə kollegiyası həmçinin cavabdehin iddiaçının məhkəməyə müraciət üçün müddəti ötürməsi barədə apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir.
47. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməmiş, birinci instansiya məhkəməsində iddiaya etirazında və apellyasiya şikayətində iddiaçının məhkəməyə müraciət etmək üçün hansı müddəti ötürdüyünü də qeyd etməmişdir.
48. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
49. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının əqdin etibarsızlığı ilə bağlı 1 illik kəsici müddəti ötürüb-ötürmədiyini araşdırmaq məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra işinin məhkəməyə təqdim edilməsi üçün Sumqayıt şəhər İcra İdarəsinə sorğu göndərmiş, məhkəməyə təqdim edilən icra işinin materiallarından aydın olmuşdur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli ərizə ilə Sumqayıt şəhər İcra İdarəsinə müraciət edərək, onunla Cavabdeh2 arasında 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlandığını və payının həmin şəxsə satıldığını bildirərək iş üzrə ona aid hissədə işə xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən sözügedən ərizənin verilməsinədək icra işinin materiallarında mübahisəli alqı-satqı müqaviləsi haqqında hər hansı məlumat yoxdur.
50. İddiaçı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin mövcudluğundan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-115/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası mərhələsində xəbər tutduqlarını bildirmişdir.
51. Cavabdeh2 isə iddiaçının 2019-cu ildən sözügedən alqı-satqı müqaviləsindən xəbərdar olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
52. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alınsa, alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırılması üçün mülki qanunvericiliklə müəyyən edilmiş 1 illik müddət ötməmişdir.
53. İşin qeyd edilən hallarına və işdə olan sübutlara qiymət verərək kollegiya qeyd edir ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh1 ilə İddiaçı paylı mülkiyyətində olmuş, Cavabdeh1 mənzilin ona məxsus olan 1/2 hissəsini xx.xx.2019-cu ildə Cavabdeh2 satmış, bu zaman İddiaçı həmin payı satın almaqda üstünlük hüququ pozulmuşdur. Cavabdehlər X4 ilə Cavabdeh2 arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış 4Ə1072 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.
54. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 Qeybulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-68/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.