Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1573/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2287/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qətnaməsindən ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə maddi ziyan olaraq 30 000 (otuz min) manat və mənəvi ziyan olaraq 20 000 (iyirmi min) manat, ümumilikdə 50 000 (əlli min) manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbini onunla əsaslandırmışdır ki, təsisçisi və direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MMC (indiki "xxxx" MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı, xx.xx.2021-ci il tarixli, PDL – 30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL – 51/20 saylı Tikintidə Subpodrat müqaviləsinə əsasən ardıcıllığa uyğun olaraq "xxxx" MMC Astara rayonunun Xiçəsu və Şəvqo kəndlərində, Lerik rayonun Loda kəndində modul tipli ibtidai məktəb binalarının tikinti-təmir işlərini həyata keçirməlidir, "xxxx" MMC (indiki "xxxx" MMC) isə həmin məktəblərə görə ödənişləri etməlidir (bundan sonra Modenco MMC). Qeyd olunan məktəblərin tikintisi və tam təmiri icra edilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş ödənişlər və əlavə çəkilmiş xərclərin məbləği ödənilməmişdir. Hal-hazırda qeyd olunan mübahisə Bakı Kommersiya Məhkəməsinin icraatında baxılmaqdadır. "xxxx" MMCnin hüquqşünası kimi özünü təqdim edən cavabdeh qanunsuz və əsassız olaraq məktəbi zorla təhvil almağa çalışarkən (məktəbin giriş qapısı, şüşəsi sındırılmış) tərəfindən bunun qarşısı alınmışdır. Lakin, cavabdeh şəxs məktəbin ərazisində təxribat törədərək onu əsassız olaraq zor və güc tətbiq etməkdə və xuliqanlıq törətməkdə ittiham etmiş və nəticədə polis orqanlarına şikayət etmişdir. Polis orqanı isə heç bir əsas olmadan cavabdehin sözlərinə əsasən cinayət işi başlamış və iş baxılması üçün aidiyyatı üzrə Lerik rayon Məhkəməsinə göndərilmişdir. Lerik rayon Məhkəməsi cinayət işi üzrə araşdırma apararaq onun təqsirsiz olduğunu təsdiqləyərək barəsində bəraət hökmü çıxarmışdır. Daha sonra, cavabdeh apellyasiya və kassasiya instansiyaları məhkəmələrinə şikayət etmiş və barəsində verilmiş bəraət hökmü qüvvədə qalmışdır. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh istər məktəbə zorla daxil olarkən, istərsə də sonrakı vaxtlarda, barəsində yalan məlumatlar yayaraq guya ona bütün ödənişlərin edildiyini və o pulların tərəfindən mənimsənildiyini qeyd etmişdir. Bu yalan məlumatlarla onu cəmiyyət və xüsusən də, işçilərin yanında yalançı və insanların haqqını yeyən bir obraza salmışdır. Cavabdeh Xəzər Tv-yə və digər xəbər portallarında vermiş olduğu müsahibələrdə yalan məlumatlar verərək guya "xxxx" MMC-nin "xxxx" MMC-yə heç bir borcun olmadığını, ödənişlərin edildiyini bildirmişdir. Cavabdeh onun əsassız olaraq polis orqanlarına şikayət etməsi, işin məhkəməyə ötürülməsi və məhkəmədə baxılan müddətdə məruz qaldığı vaxt itkisi və bunun nəticəsi olaraq məruz qaldığı maliyyə itkiləri ona xeyli miqdarda ziyan vurmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, Cavabdeh qanunsuz və əsassız şikayəti nəticəsində o, bir ilə yaxın müddətdə işləyə bilməyib və cinayət təqibi orqanlarının təsiri altında olub. Belə ki, istintaq orqanı onun barəsində 03 fevral 2023-cü ildə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmiş və bu qətimkan tədbiri 21 sentyabr 2023-cü ilə kimi, yəni 7 ay 18 gün qüvvədə olmuşdur. Bu müddət ərzində o, 6 dəfə Lerik rayon polis şöbəsinə, 12 dəfə Lerik rayon Məhkəməsinə, 6 dəfə isə Şirvan Apellyasiya Məhkəməsinə gedib-gəlib, hər dəfə dövlət ittihamçısı və zərərçəkmiş tərəfindən həbs olunmağı barədə vəsatətlər verilərək, ona mənəvi əzab və əziyyət verilmişdir. Həmçinin 18 dəfə Lerik rayonuna gedib-gələrkən hər dəfə 2 və ya 3 gün Lerik rayonunda qalmaq və yollarda olmaqla maddi xərclər çəkib və eyni zamanda 8 ay ərzində başqa işlə məşğul olub qazanc əldə edə bilməyib. Məhkəmə koridorlarında keçirdiyi stress, gərginlik mənəvi iztiraba məruz qalmağına səbəb olmuşdur və bunun nəticəsində ona mənəvi ziyan dəymişdir. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı maddi və mənəvi zərərin vurulması əvəzi 10 000 (on min) manatın tutularaq ona ödənilməsi barədə məhkəmə aktı qəbul edilməsini, əsassız tələblə hazırda barəsində məhkəməyə müraciət etdiyi üçün ondan rəsmi üzr istəməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Lerik Rayonu Loda kəndində məktəbin qarşısında ona əlində küt alət olan çəkiclə hücum edərək, zor tətbiq etməsi və təhqir etməsi faktı Lerik Rayon məhkəməsinin 1(048)-16/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş, həmçinin AR Ali məhkəməsinin 1(102)- 473/2024 saylı xx.xx.2024 tarixli qərarı ilə təsdiqini tapmışdır. Ali Məhkəmənin hökmündən məhkəmənin mövqeyi “Şahid ifadələri və video çəkilişdən də açıq-aşkar görünür ki, aralarında yaranmış mübahisə zamanı İddiaçı çəkiclə onun üzərinə hücum edir, lakin kənarda olan şəxslərin araya girməsi nəticəsində həmin mübahisə qısa çəkir və sadəcə qısa müddətli çəkişmələrdən ibarət olur”. Bir daha bildirmək istəyir ki, İddiaçı əməlləri yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsinin real hədəsi ilə ilə həyata keçirlməsi hərəkətlərində cinayət tərkibi olmaqla yanaşı, ona özünün də hər prosesdə etiraf etdiyi kimi təhqir və real hədələrlə dolu hərəkətləri mənəvi zərər vurmuş, emosional pozğunluğuna səbəb olmuşdur ki, bu da Konstitusiya ilə qorunun hüquqlarının zədələnməsidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hesab edir ki, İddiaçı yuxarıda sadalanan hərəkətləri ilə və həmin hərəkətlərinin KİV-də və sosial mediada yayaraq təhqiredici hərəkətlərinə görə onun nüfuzuna ciddi zərər vurub, işgüzar nüfuzunun zədələnməsinə səbəb olaraq mənəvi və psixoloji sarsıntı keçirməyinə səbəb olmaqla müxtəlif vasitələrlə törətdiyi əməlinə görə cavabdehilikdən yayınması onun fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik qarşısında sağlamlığına ciddi zərər vurmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək, iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin cavabdehin hərəkətlərində hər hansı hüquqazidd hallar olmamasına, cavabdeh milli və beynəlxalq qanunvericilik aktlarında nəzərdə tutulan hüquq və azadlıqlarının müdafiəsi, o cümələdən məhkəmə müdafiəsi hüququndan irəli gəlməsinə dair mövqeyi əsassızdır. Hesab edir ki, məhkəmə təqdim edilmiş video materiallarda cavabdehin qərəzli və provakativ hərəkətlərinə düzgün qiymət verməmiş, cavabdehin məqsədli şəkildə tikinti ərazisində səs-küy, dava-dalaş yaratmasını və bunun məntiqi nəticəsi olaraq məsələnin polis orqanlarına daşınmasını nəzərə almamışdır. Cavabdeh qanunla ona verilmiş hüquqlardan sui-istifadə edərək hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Birinci instansiya məhkəməsi onun iddia tələbinə münasibətdə ümumiyyətlə qeyd olunan maddənin tələblərini dəyərləndirməyə almamışdır. Halbuki, cavabdehin qərəzli hərəkətləri nəticəsində mənim işgüzar nüfuzuna xərəl gətirilmiş, işçilər və digər əməkdaşlıq edilən şirkətlər arasında nüfuz itkisi yaşamış və bununla da, ona ciddi mənəvi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi qeyd olunan maddənin tələbini pozaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Birinci instasniya məhkəməsi tərəfindən sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh tikinti ərazisində məqsədli şəkildə etdiyi provakativ hərəkətlərini, qabaqcadan düşünülmüş polisə şikayət ssenarisini və bununla da, hüquqdan sui-istifadə hallarını nəzərə almamış və həmin halların araşdırılması üçün qanunla verilmiş imkanlardan istifadə etməmişdir. Cavabdeh hərəkətləri ilə ona vurulmuş ziyan arasında səbəbli əlaqənin olmaması hər hansı mötəbər dəlillərlə sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə işin halların uyğun olamaması ilə bağlı dəlillərim ondan ibarətdir ki, iddia tələbi məhkəmə tərəfindən düzgün, yəni qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilməyən, məhkəmə tərəfindən öz şəxsi mülahizələrinə görə müəyyən edilmiş hallarla rədd edilməsi mülki qanunvericiliyinin normalarının tələblərinə ziddir. Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilmədən, 08 avqust 2024-cü il tarixli məhkəmə aktının verilmiş qarşılıqlı iddia ilə əlaqəli hissəsi ləğv edilməli, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni məhkəmə aktı qəbul edilməli, digər hissələrdə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası ilə bağlı isə ilk öncə qeyd edir ki, iddiaçı tələbində maddi və mənəvi zərərin vurulmasının əvəzi olaraq cavabdehdən 10 000 manat məbləğində pulun tutulmasını xahiş etsə də, bu ziyanın hansı məbləğdə maddi ziyan, hansı məbləğdə isə mənəvi ziyan olduğunu göstərməmişdir” qeyd edərək iddianı təmin etməmişdir. Həmçinin "Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaşanan mübahisə ilə bağlı cinayət işi açılmış, sonda Lerik Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(048)-16/2023 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Həmin hökmdən qarşılıqlı iddiaçı tərəfindən verilən şikayətlər təmin edilməmiş, hökm qanuni qüvvəsini alımışdır" fikri ilə iddianı təmin eməmək üçün əsas gətirmişdir. Halbuki, nə idda tələbində maddi və mənəvi ziynalarının ayrı göstərilməsi tələbi imperativ xarakter daşıyan normadır, həmçinin tələbin 2-ci bəndinə münasibət bildirməmişdir. Əlavə olaraq V .Zeynalova Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə sübut yetərsizliyi əsasında bərat verilmişdir ki, bu da həmin şəxsin əməlinin digər qanunverici məcələlərin tələblərinin pozulmasına, həmçinin əmələ görə maddi və inzibati öhdəliklərin xitamı üçün əsas deyildir. Həmçinin İddiaçı qanunsuz əməlləri o cümlədən vurduğu maddi və mənəvi zərəri təsdiq edən aşkar sübutlarla fotoşəkil, ekspert rəyi və s. əsaslar üzrə iddanın təmin edilməsi üçün əsasdır. Əlavə olaraq İddiaçı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə sübut yetərsizliyi əsasında bərat verilmişdir ki, bu da həmin şəxsin əməlinin digər qanunverici məcələlərin tələblərinin pozulmasına, həmçinin əmələ görə maddi və inzibati öhdəliklərin xitamı üçün əsas deyildir. Həmçinin İddiaçı qanunsuz əməlləri o cümlədən vurduğu maddi və mənəvi zərəri təsdiq edən aşkar sübutlarla fotoşəkil, ekspert rəyi və s. sübutlara qiymət verilməmiş və iddia ərizəsi ilə birbaşə əlaqəli olduğu halda ayrıca qiymətləndirilməli idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının yeri və vaxtı barəsində tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ilkin İddiaçı “AZEMİS”-də yaradılan elektron kabinet vasitəsilə məhkəmə kollegiyasına ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da elektron qaydada məhkəməyə ərizə göndərərək təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilməməsini iddiaçıya maddi ziyan vurulması ilə cavabdehin hərəkətləri arasında hər hansı səbəbli əlaqənin olmaması, qarşılıqlı iddia tələbinin təmin edilməməsini isə qarşılıqlı iddiaçının maddi ziyan tələbinə dair hissədə iddiasının təmin edilməsi üçün hər hansı əsasın olmaması, bu hallara dair, yəni ilkin iddiaçının hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsi, maddi ziyanın məbləği və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan hər iki tərəf ayrıayrılıqda qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, hər iki tərəf qətnaməni mübahisələndirdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinə bütövlükdə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İlkin iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MMC (indiki "xxxx" MMC) arasında ardıcıllığa uyğun olaraq "xxxx" MMC Astara rayonunun Xiçəsu və Şəvqo kəndlərində, Lerik rayonun Loda kəndində modul tipli ibtidai məktəb binalarının tikinti-təmir işlərini həyata keçirməsi barədə xx.xx.2020-ci il tarixli, PDL – 21/20 saylı, xx.xx.2021-ci il tarixli, PDL – 30/20 saylı və xx.xx.2020-ci il tarixli, PDL – 51/20 saylı Tikintidə Subpodrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə ilkin və qarşılıqlı iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi barədədir. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). “Mahmudov Rusiyaya qarşı” iş 26 iyul 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qatda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri). Kollegiya qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Göründüyü kimi üzərinə sübutetmə yükü düşən ilkin iddiaçı ona ziyanın dəyməsini və bu ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. İlkin iddia tələbinin mənəvi zərərin tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin qərarda göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Bu baxımdan məhkəmə kollegiyası mənəvi zərərin tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olduğundan qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçı cavabdeh İddiaçı tərəfindən ona həm maddi, həm də mənəvi ziyan vurulmasını təsdiq edən sübutlar təqdim etmədiyindən, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin də təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1573/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1573/2024
19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver