Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1576/2024 02.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı icra məmurunun qərarının ləğv edilməsi və aliment borcunun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4243/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru Kənan Abdullayevin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, onun X3 aliment borcunun hər ay üçün əmək haqqının ¼ hissəsi, son 3 ilin 2022-ci ilin mart ayınadək olan müddəti, yəni 1 il 10 ay üçün hər ay 111 manat olmaqla, cəmi 2442 (444/4x22=2442) manat, 2022-ci ilin mart ayından noyabr ayına qədər olan 9 ay ərzində hər ay 156,20 manat olmaqla, cəmi 1405,8 (624,80/4x9=1405,8) manat, AR Konstitusiya Məhkəməsində işlədiyi 5 ay ərzində hər ay 234,5 manat, son üç il ərzində cəmi 5020,30 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4243/2024 nömrəli qərardadı ilə (hakim Mirhəsənli Mirnəsir) iddia ərizəsinin qəbulundan Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4243/2024 nömrəli qərardadından narazı qalan İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh icra məmuru Kənan Abdullayevin xx.xx.2023-cü il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 1011/2007 nömrəli icra sənədi üzrə alimentin miqdarı 28416,88 manat hesablanmışdır. Cavabdehə olan aliment borcunun müəyyən edilməsi və artıq hesablanmış borcun silinməsini zəruri hesab etdiyi üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4243/2024 nömrəli qərardadı ilə ərizə geri qaytarılmışdır. Qeyd edir ki, həmin qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini zəruri hesab edir. Belə ki, geri qaytarılmanın əsası kimi tələbin inzibati məhkəmələrə aid olduğu göstərilmişdir. O, Abşeron Rayon Məhkəməsinə müraciət etməzdən əvvəl cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “İddiaçı 28416,88 manat aliment borcu hesablanmasına dair Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3506/2023 nömrəli qərardadı ilə iddia mümkünsüz sayılmış, mübahisənin ümumi məhkəməyə aid olduğu hesab edilmişdir. Bununla iddiaçı iki növ – inzibati və ümumi məhkəmələrin arasında qalmış, məhkəmənin əlçatanlığı məhdudlaşdırılmışdır. Abşeron Rayon Məhkəməsi aidiyyət məsələsinə aydınlıq gətirilməsi üçün MPM-in 32.7-ci maddəsinin tələblərinə əməl etməli idi. Odur ki, qeyd edilənlərə əsasən o, şikayətin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4243/2024 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4243/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(012)-4243/2024 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti və probasiya qurumlarının inzibati orqanlar hesab edilməsini, inzibati orqanla fiziki şəxs arasında hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqların həyata keçirilməsi ilə bağlı mübahisə yaranacağı təqdirdə, bu mübahisəyə qeyd edilən normalara əsasən mülki deyil, inzibati icraat qaydasında baxılmalı olmasını, İddiaçı hazırki ərizəsində qeyd etdiyi tələblə bağlı müraciətindən aidiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina olunduğu halda, ərizəçinin həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilməsini müəyyən etmiş, gəldiyi nəticəni də “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 2, 3.1, 3.2, 5.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 2-ci bəndinə, Mülki Prosessual Məcəllənin 153-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə gəldiyi nəticəni əsaslı hesab etsə də hazırki ərizəyə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalı olması əsası ilə iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə gəldiyi nəticə ilə razılaşmamışdır. Belə ki, hazırki işdən görünür ki, Cavabdeh icra məmuru “Aliment miqdarının hesablanması haqqında” 18 may 2023-cü il tarixli qərar qəbul edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-1011/2007 nömrəli, xx.xx.2007-ci il tarixli icra sənədi üzrə ödənilməli olan aliment miqdarının 28416,88 manat olmasını müəyyən etmişdir. Boclu isə Cavabdeh qismində cəlb etməklə iddia icraatı qaydasında məhkəməyə müraciət edərək, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və aliment borcunun cəmi 5020,30 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran məhkəmənin üzərinə qoyulan bir sıra vəzifələr qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır, eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Hazırkı iş üzrə isə iddiaçı qətnamənin icrası gedən müddət ərzində icra məmurunun səhv hesablamaların aparılması ilə bağlı qəbul etdiyi qərarı mübahisələndirmişdir ki, həmin qərarın əsaslılığına iddia icraatı qaydasında baxılması yolverilməz olmuşdur. Halbuki, borclu məhkəmə qərarlarının icrası qaydasında icra məmurunun qərarından şikayət qismində aidiyyəti üzrə məhkəməyə müraciət etməkdə haqlı hesab oluna bilərdi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, iddiaçının icra məmurun qərarından şikayət qismində iddia icraatı qaydasında məhkəməyə verdiyi iddia ərizəsinin qəbulundan Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalı, iddiaçıya icra məmurunun icra sənədi üzrə qəbul etdiyi qərarından şikayət ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosesusual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4243/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(012)-4243/2024 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya məhkəmə qərarlarının icrası qaydasında Cavabdeh “Aliment miqdarının hesablanması haqqında” 18 may 2023-cü il tarixli qərarından şikayət ərizəsi ilə aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4243/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(012)-4243/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı icra məmurunun qərarının ləğv edilməsi və aliment borcunun müəyyən edilməsi barədə iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya məhkəmə qərarlarının icrası qaydasında Cavabdeh “Aliment miqdarının hesablanması haqqında” 18 may 2023-cü il tarixli qərarından şikayət qismində aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1576/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1576/2024
02.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver