Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1577/2023 13.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdin bağlanmasına sonradan verilən razılıq, əqdin bəyənilməsi,) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(012)-2311/2019 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “cavabdeh” və ya “MMC”) arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanıb. Müqaviləyə əsasən ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində ümumi sahəsi 300 kv.metr olan qeyriyaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat ödəmək şərti ilə həmin əmlakın dəyəri 150000 manat müəyyən edilmiş, dəyəri ödənildikdən sonra cavabdeh əmlakın alıcıya (iddiaçıya) heç bir qeyd-şərt irəli sürmədən təqdim etmək öhdəliyini götürmüşdür.
2. Cavabdehin 30 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən 300 kv.metr qeyriyaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir.
3. Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışa əsasən Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixinə qanuni təmsilçisi X13 olmuşdur.
4. MMC-nin direktoru olmuş X4 notarial qaydada təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən, o, MMC-nin mübahisəli ünvanda inşa etdiyi yaşayış binasının A girişi, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin pay hüququnun iddiaçının adına keçirilməsinə və onunla müqavilə bağlanmasına etiraz etməmişdir.
5. MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X16 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliklərə əsasən MMC-nin yeganə təsisçisi, 100% pay sahibi X7r.
6. MMC-nin direktoru X13 ilə "xxxx" MMC-nin direktoru X14 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X13 MMC-də ona məxsus 100% payını X2.
7. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-132/2021 saylı hökmü ilə X13 AR CM-nin 29,178.3.2, 178.3.2, 308.2, 32.5.308.2, 32.4.312.1, 313 və 32.5.313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə tqəsirli bilinmiş və 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən H.Əsgərov ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən binada mənzillərin satışı zamanı rəhbər vəzifəli şəxsi kimi qulluq mövqeyindən istifadə edərək bir qrup şəxsə qarşı sadalanan maddələrdə nəzərdə tutulmuş cinayət hərəkətlərinə yol verdiyi üçün məhkum olunmuşdur. Həmin iş üzrə iddiaçı da zərərçəkmiş şəxs kimi tanınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi (sonradan tələbini dəqiqləşməsi barədə ərizə) ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə ilə onun arasında ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində, ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə”yə əsasən həmin qeyri-yaşayış sahəsinin tikilib ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsində "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qoyulub.
10. İddiaçı işin yuxarıda göstərilən hallarına və MMC ilə bağlanmış 30 noyabr 2017- ci il tarixli müqaviləyə istinadən iddia tələbini belə əsaslandırıb ki, ünvan 1 ünvanında MMC tərəfindən inşa edilən binanın birinci mərtəbəsinin A girişində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri üçün 500 manat olmaqla, ümumi olaraq 150000 manat pul ödəyib. MMC məbləğin tam şəkildə ödənilməsi barədə ona həmin tarixdə maliyyə arayışı vermişdir.
11. Cavabdehin maddi imkanı olmadığından binanın inşası "xxxx" MMC tərəfindən davam etdirilmişdir. 12. "xxxx" MMC tərəfindən iddiaçıya cavabdehlə bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin qanunsuz olduğu bildirilmişdir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cü, Mülki Məcəllənin 152.1, 178.8 və 390.1-ci maddələrinə istinad etmişdir.
13. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin təsisçisi olmuş X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iddiya münasibətini belə izah edib ki, Cavabdeh MMC-də ona məxsus olan 100% payını 23 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X2. Hazırda Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi X10r. İddiaçı ilə “Hasil" MMC-nin direktoru olaraq onun arasında mənzil tikintisi haqqında 30 noyabr 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC-nin inşa etdiyi binanın A girişinin birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri olan 150.000 manat pulu ödəmişdir. Həmin pul vəsaiti və digər payçıların da vəsaiti hesabına binanın dörd mərtəbəsi tikilmiş və sonradan X8 təhvil verilmişdir.
15. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi iddiaya etiraz edib. Etirazın dəlilləri:
16. - Cavabdeh MMC-nin maddi imkanı olmadığından Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov, 39 ünvanında yerləşən binanın inşası “Fateh-2012 MMC tərəfindən davam etdirilir. Cavabdeh MMC-yə məxsus həmin bina Xətai rayonunda "xxxx"xxxx"xxxx" MMC tərəfindən tikilən yaşayış binasından zərər çəkmiş sakinlərin təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Hazırda inşa edilən binanın 182 mənzili olsa da, zərər çəkənlərin sayı 238 nəfərdir;
17. - iddiaçının istinad etdiyi 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə” nə Cavabdeh MMC-nin arxivində, nə də iddiaçını adı Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən təsdiq edilən zərərçəkənlərin siyahısında heç bir məlumat yoxdur. Odur ki, "xxxx" MMC və “Birlik MMC tərəfindən tikilən yaşayış binasından zərər çəkmiş sakinlərin yerləşdirilməsi üçün təsis edilən Cavabdeh MMCnin belə bir müqavilə imzalamaq səlahiyyəti şübhə doğurur;
18. Cavabdeh MMC-nin hüquq varisliyinin 23 yanvar 2019-cu il tarixindən "xxxx" MMCyə keçməsi yalnız mövcud vədlərin yerinə yetirilməsi, "xxxx"xxxx"xxxx" MMC tərəfindən tikilən yaşayış binasından zərər çəkmiş sakinlərin evlə təmin edilməsi məqsədilə olmuşdur; -
19. Cavabdeh MMC-nin təsisiçisi X13 həmin MMC-də özünə məxsus olan 100% payını 23 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X2. Hazırda Cavabdeh MMC-nin direktoru və qanuni təmsilçisi X10r.
20. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2311/2019 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən və Cavabdeh MMC tərəfindən inşa edilən binanın A girişi, birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin tikilib İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmiş, iddia tələbi digər hissədə təmin edilməmişdir.
21. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh MMC-nin direktoru X13 arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə” yə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilən binanın A girişinin birinci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsinin hər bir kv.metri 500 manat olmaqla həmin əmlakın dəyəri 150000 manat şərtləşdirilmiş, cavabdehin 30 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən həmin qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən qalıq olmadan 100 faiz ödənilmişdir. Həmin vaxt binanın tikintisi getmiş, lakin Cavabdeh MMC-nin təsisçisi X13 MMCdə özünə məxsus olan100% payını 23 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin direktoru X2. Hazırda MMC-nin direktoru X10r.
22. Birinci instansiya məhkəməsi yerli baxış zamanı binanın tikintisinin hələ də getdiyini, birinci mərtəbənin yan divarlarının hörülmədiyini, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəliyin tam yerinə yetirildiyini, cavabdehin isə təsisçinin dəyişməsi əsası ilə müqavilənin icrasından boyun qaçırmasını müəyyən etmişdir.
23. Birinci instansiya məhkəməsi qeyd edib ki, binanın təhvil-təslimində artıq 4 mərtəbə hazır idi, hansı ki, binanın tikilən hissəsi payçıların pul vəsaitinin hesabına aparılmışdır. Tərəflər arasında yaranan müqavilə qanuni və əsaslıdır. MMC-nin təsisçisinin dəyişməsi öhdəliyin icrasından imtina üçün əsas ola bilməz. Bu halda cavabdeh “Hasil" MMC-nin bununla bağlı maneçiliyi qanunsuzdur.
24. Birinci instansiya məhkəməsi onu da göstərib ki, dəfələrlə tələb edilməsinə baxmaraq cavabdeh nə məhkəmə iclasında iştirak etməyib, nə də əvvəlki payçıların qeydiyyat kitabı məhkəməyə təqdim edilməyib. Habelə Cavabdeh MMC-nin 23 yanvar 2019- cu il tarixindən hüquqi varisinin "xxxx" MMC-yə keçməsi barədə də məhkəməyə hər hansı sübut təqdim edilməyib.
25. Beləliklə, birinci instansiya məhkəməsi işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlib ki, iddia tələbi qeyri-yaşayış sahəsinin tikilib təhvil verilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 152.7, 157.2, 157.4, 178.8, 421.1, 442.1 və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilib, əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-359/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari, Telman Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, tərəflər arasında imzalanmış alqısatqı müqaviləsinin şərtlərində cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin iddiaçıya hansı müddətə təhvil verilməsi barədə heç bir müddəa-şərt nəzərdə tutulmamış, belə bir öhdəlik götürülməmişdir. Lakin müqavilənin 5-ci bəndində göstərilmişdir ki, əmlakın dəyəri alıcı tərəfindən tam ödənildiyi tarixdə, sahə alıcıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilməlidir. İşdən isə görünür ki, müqavilə bağlanan zaman bina tam hazır olmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, binada qeyri-yaşayış sahəsinin tikilib təhvil verilməsi müddəti tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədə müvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Cavabdeh MMC üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddət təxmini olsa da, 3 il müəyyən edilə bilər. İşdən isə görünür ki, müqavilənin imzalanmasından 5 ilə yaxın zaman keçsə də, qeyri-yaşayış sahəsi hələ də iddiaçıya təhvil verilməmişdir və mübahisə də məhz bu öhdəliyin vaxtında icra edilməməsinə görə yaranmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, işin təhlili onu göstərir ki, tərəflər arasında yaranmış münasibətlər nisbətən də olsa podrat münasibətlərinə uyğun gəlir. Mübahisəli sahəni əldə etmək istəyən İddiaçı müqavilə bağlanan zaman əmlakın dəyərini tam şəkildə MMC-yə ödəmişdir. Tərəflər arasında bağlanmış müqavilə bu və ya digər şəkildə mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Sifarişçi müqavilədən imtina etməmişdir. Lakin işdən görünür ki, Cavabdeh MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur.
32. Cavabdeh MMC-nin qeyri-yaşayış sahəsini hər hansı müddət ərzində tikilib təhvil verilməsi barədə müqavilədə hər hansı bir şərt nəzərdə tutulmasa da, apellyasiya instansiyası məhkəməsi hesab edib ki, mübahisəli sahənin ağlabatan vaxt ərzində tikilib iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Bununla da Cavabdeh MMC tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur.
33. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin alınması üçün 150000 manat vəsaiti Cavabdeh MMC-yə ödəmişdir. MMC isə müavilə bağlanmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin əmlakı iddiaçıya təhvil verməmiş, təsisçinin dəyişməsini əsas gətirərək müqavilənin icrasından imtina etmiş, bununla da İddiaçı həmin öhdəliklərin məcburi qaydada icra etməsi üçün MMCyə qarşı məhkəmədə iddia qaldırmaq hüququ yaranmışdır.
34. X4 Cavabdeh MMC-də xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi olması, buna görə də 2017-ci ilin noyabr ayının 30-da X4 İddiaçı ilə ümumiyyətlə əqd (müqavilə) bağlamaq səlahiyyətinin olmamsı barədə apellyasiya şikayətinin dəlilin əsasız sayan apellyaisya instansiyası məhkəməsi vurğulamışdır ki, Cavabdeh MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X16 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliyə əsasən Cəmiyyətin yeganə təsisçisi, 100% pay sahibi X13 olmuşdur. O, MMC-də olan öz payını 23 yanvar 2019-cu il tarixdə özgəninkiləşdirmişdir. Başqa sözlə, 2017-ci ilin noyabr ayının 30- da X3 Şəmsiyyə Ağaxan qızı ilə əqd (müqavilə) bağlayarkən səlahiyyətli şəxs olmuşdur.
35. 33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 421.1, 425.1, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2-ci və Mülki Prosessual Məcəllənin 771.-ci maddələri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
36. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarlmasını xahiş etmişdir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4055/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il qərarı ilə (hakimlər X15 (məruzəçi hakim), X12 və X17 ) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-359/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır.
38. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasya instansiyası məhkəməsinin Cavabdeh MMC-nin Nizamnaməsinə edilmiş və Vergilər Nazirliyi Kommersiya X16 Qeydiyyatı İdarəsi tərəfindən 25 noyabr 2016-cı il tarixində təsdiq edilmiş dəyişikliyə əsasən Cəmiyyətin yeganə təsisçisi, 100% pay sahibinin X4 olmasına istinad edərək, sonuncunun 30 noyabr 2017-ci il tarixli müqavilə bağlanarkən səlahiyyətli şəxs olması barədə gəldiyi nəticə qanunvericiliyə, eləcə də MMC-nin istinad olunan Nizamnaməsinə uyğun olmamışdır. Mülki Məcəllənin 91.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Mülki Məcəllənin 91-1.1 və 91-1.2-ci maddələrinə görə bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Cəmiyyətin direktorlar rasının (müşahidə şurasının) yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. Göründüyü kimi, qanunvericiliyə görə MMC-də cari rəhbərliyi kollegial və ya təkbaşına rəhbər həyata keçirir və onların yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Cavabdeh MMC-nin Nizamnaməsinin 4.6-cı maddəsinə görə də MMC-nin fəaliyyətinə cari rəhbərliyi MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru həyata keçirir. Direktor MMC-nin adından vəkalətnaməsiz fəaliyyət göstərir, MMC-nin operativ idarə edilməsini həyata keçirir... MMC-nin adından əqdlər bağlayır. Qeyd edilənlər göstərir ki, X4 təsisçi olması onun MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru olması demək deyil. X4 yalnız MMC-nin təsisçisi olması faktı onun MMC-nin adından əqdlər bağlamağa səlahiyyətli olması nəticəsinə gəlmək üçün əsas vermir. Bu səlahiyyət üçün onun həm də Nizamnaməyə uyğun olaraq MMC-nin adından təmsilçilik funksiyası olmalıdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi 30 noyabr 2017-ci il tarixli müqavilə bağlanarkən X1 şəxs olmasını onun MMC-nin qanuni təmsilçilik funksiyasına malik olan şəxs olub-olmaması kontekstində araşdırıb qiymətləndirməli idi. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində Cavabdeh MMC-nin təsisçisi olmuş X4 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmü ilə CM-in dələduzluq, vəzifə saxtakarlığı və sair maddələrlə məhkum olunmasına, həmin hökmlə hazırki iddiada adı keçən qeyri-yaşayış sahəsinin iddiaçıya satılmasının qanunsuz hesab edilməsinə istinad etməklə, həmin hökmü apellyasiya şikayətinə də əlavə etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmündən (İİ cild, i.v.23) görünür ki, X13 bilə-bilə yalan məlumatları daxil etməklə saxta rəsmi sənədləri – 30 noyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışını imzalayıb və hazırki iddiada adı keçən qeyri-yaşayış sahəsini iddiaçının adına rəsmiləşməsinə yalandan vəd etmişdir. (İİ cild, i.v.27) Qeyd edilən cinayət işində iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və zərərçəkmiş kimi iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Mülki Prosessual Məcllənin 82.4- cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apellyasiya məhkəməsi isə cavabdehin həmin dəlilinə, ümumiyyətlə, qiymət verməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə müəyyən edilmiş işin hallarının hazırki işə aid olub-olmaması, aid olduğu halda həmin hökmün Mülki Prosessual Məcllənin 82.4-cü maddəsinin tələbləri baxımından hazırki iş üzrə preyudisial xarakter daşıyıb-daşımamasını araşdırmamışdır. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”) Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-1917/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi hakim) , Lətifə Məmmədova və Telman Quliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
40. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəliyin tam yerinə yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir.
41. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, H.K.Əsgərov mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək M.A.Qürbətovaya ünvan 5 ünvanda "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 86 saylı mənzili 62.720 manata, 2-ci giriş 11-ci mərtəbədə yerləşən 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş 6 mərtəbədə olan 3 otaqlı mənzilin 72.300 manata satışına həyata keçirərək buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın ofisində İddiaçı müxtəlif vaxtlarda pul almışdır. Faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq "xxxx" MTK-nın möhürünü bir başa vurub kooperativi möhürü ilə həmin sənədləri 14 iyul, 31 avqust 2017-ci ildə İddiaçı və onun qızı M.Qürbətovanın adına rəsmiləşdirərək İddiaçı təqdim etməklə ondan aldıgı 199.250 manatı öz şəxsi ehtiyatları üçün xərclənmişdir. İddiaçı aldadıldıgını başa düşərək verdiyi pul vəsaitini tələb etdikdə, H.K.Əsgərov 30 noyabr 2017-ci ildə özünün direktor oldugu Cavabdeh MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyriyaşayış sahəsini, güya İddiaçı 150.000 manata satılması barədə 30 noyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı verməklə yenidən saxtakarlıq etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin alınması üçün 150.000 manat vəsaiti Cavabdeh MMC-yə ödəmişdir. MMC isə müqavilə bağlanmasından 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq həmin əmlakı iddiaçıya təhvil verməmiş, təsisçinin dəyişməsini əsas gətirərək müqavilənin icrasında imtina etmiş, bununla da İddiaçı həmin öhdəliklərin məcburi qaydada icra etməsi üçün MMC-yə qarşı məhkəmədə iddia qaldırmaq hüququ yaranmışdır.
42. Göründüyü kimi, qanunvericiliyə görə MMC-yə cari rəhbərliyi kollegial və ya təkbaşına rəhbər həyata keçirir və onların yaradılması və fəaliyyəti, habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. Qeyd edilənlər göstərir ki, H.K.Əsgərovun təsisçi olması onun MMC-nin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktoru olması demək deyil. H.K.Əsgərovun yalnız MMC-nin təsisçisi olması faktı onun MMC-nin adından əqdlər bağlamağa səlahiyyətli olması nəticəsinə gəlmək üçün əsas vermir. Bu səlahiyyət üçün onun həm də Nizamnaməyə uyğun olaraq MMC-nin adından təmsilçilik funksiyası olmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 saylı hökmündən (İİ cild, i.v.23) görünür ki, X13 bilə-bilə yalan məlumatları daxil etməklə saxta rəsmi sənədləri – 30 noyabr 2017-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışını imzalayıb və hazırki iddiada adı keçən qeyri-yaşayış sahəsini iddiaçının adına rəsmiləşməsinə yalandan vəd etmişdir. (İİ cild, i.v.27) Qeyd edilən cinayət işində iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və zərərçəkmiş kimi iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı 300 m2 qeyri-yaşayış sahəsi üçün (muzd) pul ödəməmişdir.
43. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 91.1, 385.1,421.1, 425.1, 445.2.1, 448.1, 448.2,752.1, 759.1, 759.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 82.4-cü maddəsinə istinad etmişdir.
d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
44. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1075/2022 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il qərarı ilə (hakimlər Ələsgər Əliyev (məruzəçi hakim), Mehparə Əhmədova, Vüqar Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1917/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
45. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni iki halla əsaslandırmışdır: müqavilə bağlanarkən cavabdeh MMC-nin nümayəndəsinin səlahiyyətli olmaması və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçının mübahisəli qeyriyaşayış sahəsi üçün pul ödəməməsinin müəyyən olunması.
46. Göründüyü kimi Hüseyn Əsgərov xx.xx.2017-ci il tarixdə MMC-nin adından podrat müqaviləsini bağlamaq səlahiyyətinə malik olmasa da, o MMC-nin qanuni təmsilçisi olduğu müddət ərzində 30 noyabr 2017-ci il tarixli müqaviləni mübahisələndirməmiş, həmin müqavilənin etibarlılığını şübhə altına alacaq hər hansı hərəkət etməmiş, bununla da, MMCnin qanuni təmsilçisi olaraq həmin müqaviləni bəyənmişdir.
47. Məhkəmə kollegiyası, həmçinin, iddiaçının adının Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tərtib olunmuş zərərçəkmiş şəxslərin siyahısında olmaması ilə bağlı qeyd etmişdir ki, iddiaçının qeyd olunan Quruma müraciət etməməsi və ya həmin iş üzrə istintaq aparılması barədə məlumatlı olmaması onun hazırkı iddia tələbinin təmin olunmaması əsası kimi çıxış edə bilməz.
48. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 355.2, 357, 358.2, 404.1, 404.1, 567, 572.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2, 417.1.3, 418.1, 418.3, 420-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
49. - məhkəmə işi hətərəfli araşdırmamış, iddianın əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarmışdır. İşə baxan məhkəmə iddiaçının mülahizəsinə əsasən maddi və prosessual hüquq normalarını pozmuşdur;
50. - belə ki, X13 mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək, İddiaçı ünvan 6 ünvanında "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 78.4 kv.metr olan 2 otaqlı, 86 saylı mənzili 62.720 manata, 2-ci giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 86.7 kv.metr olan 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş, 6-cı mərtəbədə yerləşən 96.4 kv.metr sahəsi olan 3 otaqlı, 36 saylı mənzili 72.300 manata satmışdır. Ə.Hüseynovun buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən ofisdə İddiaçı 8 avqust 2017-ci il tarixdə 62.700 manat, 31 avqust 2017-ci il tarixdə 136.800 manat pul vəsaiti almışdır. Faktiki olaraq yaşayış binasının "xxxx" MMC tərəfindən inşa edilməsinə baxmayaraq, Ə.Hüseynov "xxxx" MTK-nın möhürünü bir başa olaraq sənədlərə vurub kooperativin möhürü ilə həmin sənədləri 14 iyul və 31 avqust 2017-ci ildə İddiaçı və onun qızı Mərcanə Qürbətovanın adına rəsmiləşdirib İddiaçı təqdim etməklə ondan aldığı 199.520 manatı öz şəxsi ehtiyacları üçün xərcləmişdir;
51. - İddiaçı aldadıldığını başa düşərək, verdiyi pul vəsaitini tələb etdikdə Ə.Hüseynov ifşa olunmasının qarşısını almaq məqsədi ilə 30 noyabr 2017-ci ildə özünün direktor olduğu Cavabdeh MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi, 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsini pul vasaiti almadan saxta sənədlərlə iddiaçının adına rəsmiləşdirməklə verəcəyini yalandan vəd edərək, qeyd edilən ünvanda yerləşən Cəmiyyətin ofisində qeyri-yaşayış sahəsinin guya İddiaçı 150.000 manata satılması barədə 30 noyabr 2017-ci il tarixli müqavilə və maliyyə arayışı vermiş, bununla da təkrarən vəzifə saxtakarlığı etmişdir;
52. - xx.xx.2011-ci il tarixdə, ********** sayla qeydiyyata alınmış Cavabdeh MMC-nin nizamnaməsinin 4.6-cı bəndində göstərilir ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir. Qanuni təmsilçilik funksiyasına malik direktor Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədləri imzalayır. X13 isə Cavabdeh MMC-də xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi olmuşdur. Həmçinin 23 yanvar 2019-cu il tarixdə 100% payını "xxxx" MMC-nin təsisçisi X2. Göründüyü kimi, 2017-ci ilin noyabr ayının 30-da X4 İddiaçı ilə ümumiyyətlə əqd (müqavilə) bağlamaq səlahiyyəti olmamışdır. 300 kv.metr qeyri-yaşayış sahəsinin pul vəsaiti alınmadan səlahiyyətsiz şəxs, yəni H.Əsgərov tərəfindən İddiaçı vəzifə saxtakarlığı ilə, yəni rəsmi sənədlərə yalan məlumatlar daxil edilməklə satılması ilə bağlı X11 ********* saylı cinayət işi üzrə ittiham elan edilmiş və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
53. - Mülki Məcəllənin 358.1-ci maddəsində göstərilir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Bununla da maddi hüquq normaları pozulmuşdur;
54. - bundan başqa, Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməyərək prosessual hüquq normaları da pozulmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
55. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
56. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
57. İş üzrə cavabdeh Hasil MMC və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər.
58. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh Hasil MMC və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllə
59. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
60. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
61. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
62. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
63. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
68. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
69. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
70. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
71. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
73. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
74. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(012)-2311/2019 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir.
75. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(012)- 2311/2019 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. İlk növbədə qeyd edilməlidir ki, mübahisənin əsasını – iddiaçı və cavabdeh arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli mənzil tikintisi haqqında podrat müqaviləsi təşkil edir.
78. Həmin müqavilədən görünür ki, müqavilə MMC-nin direktoru X13 və payçı İddiaçı arasında bağlanmışdır.
79. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə bağlanan zaman X13 cavabdeh MMC-nin direktoru deyil, təsisçisi statusunda olmuşdur və buna görə də o, müqavilə bağlanarkən müqavilə bağlamaq səlahiyyətinə sahib olmamamışdır.
80. Belə ki, Hüseyn Əsgərov yalnız xx.xx.2018-ci il tarixdən qanuni təmsilçi – direktor olmuş, xx.xx.2019-cu ilədək cavabdeh MMC-nin təsisçisi və direktoru kimi fəaliyyət göstərmişdir.
81. Göründüyü kimi Hüseyn Əsgərov xx.xx.2017-ci il tarixdə MMC-nin adından podrat müqaviləsini bağlamaq səlahiyyətinə malik olmasa da, o MMC-nin qanuni təmsilçisi olduğu müddət ərzində 30 noyabr 2017-ci il tarixli müqaviləni mübahisələndirməmiş, həmin müqavilənin etibarlılığını şübhə altına alacaq hər hansı hərəkət etməmiş, bununla da, MMCnin qanuni təmsilçisi olaraq həmin müqaviləni bəyənmişdir.
82. Hüseyn Əsgərovun bəyənilmədə ifadə olunan hərəkətləri həmçinin onun birinci instansiya məhkəməsində verdiyi izahatda da öz təsdiqini tapır. Belə ki, o, izahatında (İ cild, səhifə 44) bildirmişdir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri olan 150.000 manat pul ödənilmişdir. Həmin pul vəsaiti və digər payçıların da vəsaiti hesabına binanın dörd mərtəbəsi tikilmişdir.
83. Mülki Məcəllənin 15-ci fəsli əqdlərdə razılığın anlayışını, növlərini və qaydasını müəyyən edir.
84. Həmin Məcəllənin 355.2-ci maddəsinə əsasən, razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
85. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
86. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki qanunvericilik əqdlərdə razılığın iki növünü fərqləndirmişdir: icazə (qabaqcadan verilmiş razılıq) və bəyənmə (sonradan verilən razılıq). Həmçinin, qanunvericiliyə əsasən, əqdin bağlanmasına razılığın əvvəl və ya sonra verilməsindən asılı olmayaraq, həmin razılığın əqd formasında öz əksini tapması tələb olmur və bu, tərəfin hərəkətlərində və rəftarında ifadə oluna bilər.
87. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 3 mart 2023-cü il tarixli Qərarı).
88. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-132/2021 saylı hökmü ilə iddiaçı, X4 cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır.
89. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
90. Hökmlə müəyyən edilmişdir ki, Hüseyn Əsgərov mənzillərin qabaqcadan başqa şəxslərə satılmasını alıcılardan gizlədərək İddiaçı ünvan 5 ünvanda "xxxx" MMC tərəfindən inşasına başlanmış binanın 2-ci giriş 13-cü mərtəbəsində yerləşən 2 otaqlı 86 saylı mənzili 62.720 manata, 2-ci giriş 11-ci mərtəbədə yerləşən 2 otaqlı mənzili 64.500 manata və 2-ci giriş 6 mərtəbədə olan 3 otaqlı mənzilin 72.300 manata satışını həyata keçirərək buna səlahiyyətinin olmamasına baxmayaraq, etibardan sui-istifadə edib həmin ünvanda inşa edilmiş binanın ofisində İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 199.520 manat pul almışdır. İddiaçı aldadıldığını başa düşərək verdiyi pul vəsaitini tələb etdikdə, Hüseyn Əsgərov 30 noyabr 2017-ci il tarixdə Cavabdeh MMC tərəfindən Xırdalan şəhəri, R.Axundov küçəsi 39 ünvanda inşa ediləcək 3 girişli yaşayış binasının A girişinin 1-ci mərtəbəsində yerləşən 300 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı 150.000 manata satılması barədə müqavilə və maliyyə arayışı vermişdir.
91. Odur ki, iddiaçının qeyri-yaşayış sahəsinin dəyərini ödəyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməsi mübahisəsizdir.
92. Bunlarla yanaşı, işin hallarından görünür ki, cavabdeh iddiaçının MMC ilə bağladığı 30 noyabr 2017-ci il tarixli müqavilə üzrə öhdəlikləri həm də ona görə yerinə yetirməkdən imtina edir ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında payın alqı-satqısı barədə xx.xx.2019cu il tarixli müqavilə imzalanarkən H.Əsgərov qeyd edilən müqavilə barədə onlara hər hansı bir məlumat verməmişdir.
93. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
94. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
95. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, alıcı satıcıya üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı verdiyi və alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bilmədiyi hallarda, satıcının iki hüququ yaranır və bu hüquqlardan birini seçmək imkanına malikdir: əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək.
96. Buna görə də, hazırkı iş üzrə "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı əşyanın qiymətinin azaldılması və ya alğı-satqı müqaviləsinin ləğvi tələbini irəli sürmək hüququ olsa da, iddiaçı qarşısında götürülmüş öhdəlikdən imtina etmək hüququ yoxdur.
97. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
98. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
99. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
100. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il il tarixli, 2(012)-2311/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.