Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5572/2025 14.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 04 nömrəli müqaviləyə əsasən, Cavabdeh tərəfindən inşa edilmiş ünvan 1 ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Cavabdeh MMC ünvan 3 1 blok, 1-ci mərtəbə 100 kv. metr sahəni bir pay kimi payçı İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən, qeyri-yaşayış sahəsinin ümumi dəyəri 180000 manatdır. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 3, 1-ci blok, 1-ci mərtəbə 100 kvadratmetr olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən 180000 manat tam ödənilmişdir, iddiaçının cavabdeh MMC-yə borcu yoxdur. Cavabdeh MMC-nin direktoru X6 Cavabdeh MMC-nin inşa etdiyi ünvan 3 1-ci blok, 1-ci mərtəbə 100 kv. metr sahəni xx.xx.2021-ci il tarixdə İddiaçı təhvil vermişdir, həmin vaxt bina tikilib hazır olsa da, təmirquraşdırma işləri tam başa çatmamışdır. İddiaçı tərəfindən dəyəri tam şəkildə ödənilmiş 100 kv.metr qeyri-yaşayış sahəsinin təhvil verilməsi haqqında akt imzalanmışdır, lakin cavabdeh hüquqi şəxsin akta möhürü vurulmamışdır. Cavabdeh MMC-nin rəhbəri qeyd olunan 100 kv. metr sahəni təhvil verdikdən sonra İddiaçı qeyri-yaşayış sahəsinə qapı qoydurmuş və şüşə divarlarla əhatə etdirmişdir. İddiaçıya məxsus 100 kv. metr qeyriyaşayış sahəsi ilə həmsərhəd qonşuluqda yerləşən X2 məxsus 73 kv. metr qeyri-yaşayış sahəsi arasında 2022-ci il tarixdə divar hörülmüşdür. Cavabdeh MMC-nin rəhbər vəzifəli şəxsləri barədə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq edilmiş cinayət işi üzrə Cavabdeh MMC-nin direktoru X6 və MMC-nin təsisçisi həbs olunmuşlar, barələrində olan cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və hazırda cinayət işinə həmin məhkəmədə baxılır. Cavabdeh MMC-nin vəzifəli şəxsləri həbs olunduqdan sonra iddiaçının faktiki sahibliyi və istifadəsində olan Abşeron rayonu, M.Hüseynzadə küçəsi, 25-ci məhəllə, 1-ci blok, 1-ci mərtəbədə yerləşən 100 kv. metr qeyri-yaşayış sahəsinə müxtəlif şəxslər tərəfindən müdaxilələr edilmiş, qeyri-yaşayış sahəsinin yerləşmə yeri barədə mübahisələr yaranmışdır. İddiaçı ilə cavabdeh hüquqi şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC öhdəliyini lazımi qaydada icra etməmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı cavabdehə ödənişi etmiş, hazırda da MMCyə heç bir borcu qalmamışdır. Cavabdeh MMC-nin direktoru X6 qeyri-yaşayış sahəsini iddiaçıya vermişdir. Möhürlü olmasa da, akt tərtib edilmişdir. Cavabdeh MMC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında videokonfrans əlaqə sistemi ilə iştirak etmiş Cavabdeh MMC-nin direktoru X6 izahatında bildirmişdir ki, işlərin hamısı X1 ilə görülmüşdür. Sənədlərdə onun imzası olsa da, işlərdən məlumatı yoxdur. Maliyyə arayışında və təhvil-təslim aktında olan imza ona məxsusdur, lakin müqavilədəki imza ona məxsus deyildir, Fəxrəddin müəllimin imzasına oxşayır. Bundan əlavə təhvil-təslim aktı barədə məlumatı yoxdur. Belə ki, sənədlər ona təqdim edilmiş, o isə iştirak etmədən imza etmişdir. Həmçinin qeyd etmişdir ki, binanın sol tərəfində 5 mərtəbəyə tərəf olan qeyriyaşayış sahəsi iddiaçıya məxsusdur, lakin neçə kvadrat olmasını bilmir və ödəniş barədə məlumatı yoxdur. Belə ki, qeyd edilən 180000 manatı, ümumiyyətlə, görməmiş, sahibkarın sözü ilə imza çəkmişdir. Lakin ödəniş olunmasa idi, maliyyə arayışı olmazdı. Odur ki, iddiaçı ilə bağlanılan müqaviləni təsdiqləyir və bəyənir. X1 iddiaçının yerinin olduğunu və borcunun olmadığını qeyd etmişdir. Həmin yer iddiaçıya məxsusdur və cavabdehə borcu yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İcraçı Cavabdeh MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 04 saylı müqavilədən görünür ki, ünvan 1 ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr sahəni pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin qeyri-yaşayış sahəsinin dəyəri hər m2 üçün 1800 manat olmaqla, ümumilikdə 100 m2 üçün 180000 manat təşkil edir. -Təhvil verən Cavabdeh MMC-nin direktoru X6 və təhvil alan İddiaçı imzaları ilə təsdiqlənərək tərtib olunmuş xx.xx.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin payçıya təhvil verilməsi haqqında aktdan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin təhvil verilməsi haqqında 04 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 25-ci məhəllə 1-ci blok, 1-ci mərtəbədə yerləşən 100 kv. metr qeyri-yaşayış sahəsinin dəyəri tam şəkildə İddiaçı tərəfindən ödənilmiş və Mehdi Hüseynzadə küçəsindən baxanda binanın qarşı sol künc tərəfində yerləşən 100 kv.metr qeyri-yaşayış sahəsinin sərhədləri göstərilməklə kənarlarında hörgü və suvaq işləri görülməmiş vəziyyətdə payçı İddiaçı təqdim olunaraq şəxsən təhvil verilmişdir. Akt tərtib edilərkən heç bir irad, təklif və şikayət daxil olmamışdır. -Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda inşa olunan yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu binanın 1-ci blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 100 m2 olan qeyri-yaşayış sahəsinin pay dəyəri - 180000 manat payçı İddiaçı tərəfindən ödənilmişdir, onun MMC-yə heç bir borcu yoxdur. -İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 tərəfindən AR Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasına ünvanlanmış xx.xx.2025-ci il tarixli, 04/50 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən cavabdeh “FAM-88" MMC-nə qarşı əmlak tələbinə dair Abşeron Rayon Məhkəməsində mülki iddia qaldırılır. Cavabdeh hüquqi şəxs Cavabdeh MMC-nin direktoru olmuş X3 Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində keçərək, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. İddia ərizəsinin surətini X5 təqdim edilməsi üçün Bakı istintaq Təcridxanasına göndərərək xahiş etmişdir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsinin surəti həbsdə saxlanılan X5 təqdim edilsin. -Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirilərkən sözügedən qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən təmir olunduğu, qeyriyaşayış sahəsinə qaz sayğacının və giriş qapısının quraşdırıldığı müəyyən edilmişdir. -Məişət istehlakçılarının və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt da daxil olmaqla 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə elektrik enerjisi (güc) almasına dair EEQQ10/080525 saylı, xx.xx.2025-ci il tarixli birtipli qoşulma müqaviləsindən görünür ki, sistem operatoru elektrik şəbəkəsinin qoşulma üçün hazırlığının və gücləndirilməsinin təmin edilməsi (layihələndirmə, tikinti, yenidənqurma) daxil olmaqla sifarişçi İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 25-ci məhəllə 1-ci blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 100 kv/m olan qeyri-yaşayış sahəsi ünvanında inşa edilmiş (inşa ediləcək) ticarət, İctimai iaşə və digər növ xidmət təyinatlı tikinti obyektinin elektrik şəbəkəyə qoşulması öhdəliyini öz üzərinə götürür. -Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025 tarixli, 2-2-023/2-200455/2025 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair müraciəti Baş İdarənin İstintaq idarəsində hazırda ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir. Qeyd edilən çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahələri satılarkən həmin obyektlərin yerləşmə planları tərtib edilmədiyindən istintaqın hazırki mərhələsində həmin Cəmiyyət tərəfindən İddiaçı qeyd edilən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hansı hissəsinin satılması, habelə eyni qeyri-yaşayış sahəsinin ayrı-ayrı şəxslərə satılması faktlarını müəyyən etmək mümkün olmamış, bununla əlaqədar İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. -Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-75/2025 saylı, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslərə verilmiş ittihama əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmamışdır. Eyni zamanda bildirilir ki, ittihama əsasən Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanında tikilən binanın 1-ci blok, 1-ci mərtəbə ünvanında yerləşən 100 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərə ittiham verilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, icraçı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında xx.xx.2021-ci il tarixli, 04 saylı müqaviləyə əsasən, ünvan 1 ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr qeyri-yaşayış sahəsi qiyməti 180000 manat olmaqla iddiaçıya satılmış, iddiaçı müqavilə üzrə qeyriyaşayış sahəsinin dəyərini tam şəkildə ödəmiş və bu barədə MMC tərəfindən alıcıya borcun tam şəkildə ödənilməsinə və borcun olmamasına dair xx.xx.2021-ci il tarixli maliyyə arayışı təqdim edilmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsinə və müqavilə üzrə öhdəliyin icra edilməsinə baxmayaraq, satıcı tərəfindən qeyri-yaşayış sahəsinin təhvil verilməsi üzrə öhdəlik yetərincə icra edilməmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Mülki Məcəllənin: 6.1.5-ci maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edir ki, iddiaçının müqavilə əsasında aldığı qeyri-yaşayış sahəsinə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Mülki Məcəllənin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə yuxarıda qeyd olunan normaları, işin məhkəmə tərəfindən araşdırılan hallarını, həmçinin Cavabdeh MMC-nin ünvan 1 ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermək öhdəliyi daşıdığını, həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyini nəzərdə tutan xx.xx.2021-ci il tarixli, 04 saylı müqavilənin Cavabdeh MMC-nin direktoru X6 tərəfindən də tanındığını nəzərə almaqla hesab edir ki, iddiaçının müqavilə üzrə qeyd edilən qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ yarandığından və iddia tələbi əsaslı olduğundan təmin edilməli, mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında ödənilmiş olan 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kvadrat metr qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m qeyriyaşayış sahəsi Cavabdeh tərəfindən İddiaçı təhvil verilsin. Ödənilmiş 100 məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-5572/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5572/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver