Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1589/2021 12.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı Xızı Rayon Məhkəməsinin hakiminə verdiyi etiraza baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölünməsi tələbinə dair iddia ilə Xızı Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işə Xızı Rayon Məhkəməsində hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi ilə baxılarkən İddiaçı hakimə etiraz vermişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, Xızı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilmişdir. Lakin ekspertiza vaxtında keçirilməmiş və ekspertizanın keçirilməsi üçün məhkəmə tərəfindən normal şərait yaradılmamışdır. Belə ki, məhkəmə tərəfindən ona göndərilmiş xx xxxxxxx 2020-ci il tarixli cavab məktubunda pandemiya ilə bağlı karantin tədbirlərinin keçirilməsi ilə əlaqədar ekspertizanın vaxtında keçirilməməsi göstərilmişdir. Bununla yanaşı, Cavabdeh ona qarşı Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən evin naturada bölünməsi tələbinə dair iddiası üzrə də ekspertiza təyin olunmuş və ekspertizanın keçirilməsi xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Belə çıxır ki, həmin iş üzrə ekspertizanın keçirilməsinə karantin tədbirlərinin heç bir təsiri yoxdur. Lakin, onun iddiası ilə yarım il bundan əvvəl qaldırdığı mülki iş üzrə ekspertiza nədənsə keçirilməmişdir. Bu onu sübut edir ki, mülki iş obyektiv araşdırılmır. Etirazda işin başqa rayon və ya şəhər məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının etirazı təmin edilməməli, mülki iş baxılması üçün Xızı Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsində hakimin işə baxmasına yol verilməməsi, hakimin işə baxılmasında iştirak edə bilməməsi və hakimə etiraz edilə bilməsi ilə bağlı konkret əsaslar müəyyən edilmişdir və həmin Məcəllənin 19-23-cü maddələrində işdə iştirak edən şəxslərin yalnız işə baxan məhkəmə sədrinə, təktərkibli məhkəmənin hakiminə və ya hakimə etiraz verməsi və edilmiş etirazın həll edilmə qaydası nəzərdə tutulmuşdur. Qanunun mənasından da göründüyü kimi, işdə iştirak edən şəxslərin yalnız işə baxan məhkəmənin sədrinə, təktərkibli məhkəmənin hakiminə və ya işə baxan hakimə etiraz vermək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 19.2.3-cü maddəsində göstərilir ki, işə baxan hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə işə baxan hakimə etiraz verilməsi üçün kifayət qədər əsaslar olmalıdır və etiraz ehtimallara əsaslana bilməz. İddiaçı Xızı Rayon Məhkəməsinin hakiminə verdiyi etirazı əsaslandırmamış və işdə Xızı Rayon Məhkəməsinin hakiminin işin nəticəsində maraqlı olması və onun obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran hallar yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının etirazı təmin edilməməli, mülki iş baxılması üçün Xızı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 21-22, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Xızı Rayon Məhkəməsinin hakiminə verdiyi etiraz təmin edilməsin. İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölünməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1589/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1589/2021
12.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver