Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1595/2024 16.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: maddi və mənəvi ziyan tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-519/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 14000 manat (yəni 11.000 manat sığorta ödənişi nəzərə alındıqdan sonra maşınımın dəyəri, 3000 manat 6 aydan artıq müddətdə maşınsız qaldığına görə əlavə çəkmiş olduğu xərclər, dövlət rüsumundan savayı digər məhkəmə xərcləri, yol xərcləri, əldən çıxmış fayda və s), mənəvi ziyana görə 2000 manat, ödənilmiş 138 manat dövlət rüsumu olmaqla, cəmi 16138 manat alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 mart 2023-cü il tarixdə hazırki iş üzrə Cavabdeh idarə etdiyi **-VL-*** dövlət qeydiyyat nişanlı “Buick Lacrosse” minik markalı avtomobil onun “Mercedes Benz C180” minik markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə çırpılmışdır. Qəzanın təqsirkarı Cavabdeh tanınmışdır. Qəza nəticəsində onun maşınında olan sərnişin və o müxtəlif dərəcədə xəsarət almışdılar. Bundan başqa qəza nəticəsində onun maşınının tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh onun maşınından savayı digər iki maşını da əzmişdir. Digər 2 maşınının zərəri nəzərə alındığından icbari sığortanın köməkliyi ilə ona cəmi 2969,86 manat məbləğ ödənilmişdir. Onun maşınına dəyən maddi zərər isə 9940 manat qiymətləndirilmişdir. Həmin qiymətləndirmə ilə razı olmamışdır. Belə ki, həm Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil ekspert rəyində, həm də Masallı “Avtoservis” T.X.S-in arayışında maşınımın tam yararsız hala düşməsi qeyd edilmişdir. Bundan savayı təmir işlərinin aparılması həm maddi, həm də təhlükəsizlik baxımından məqsədə uyğun olmadığı mütəxəssislər tərəfindən nəzərinə çatdırıılmışdır. Ona ödənilən 2969,86 manat məbləğlə heç nə edə bilməyəcəyini, (maşının fotoşəkillərdən də göründüyü kimi) ələ gəlməyəcəyini anlayaraq, maşınını 2000 manata metalloma satmağa məcbur olmuşdur. İlkin dövrlərdə cavabdeh onun zərərinin tam qarşılanacağı desə də sonradan bu vədə əməl etməmiş, onunla söhbətdən belə qaçmışdır. Cavabdehin niyyəti ona qarşı qaldırılmış cinayət işi üzrə icraata xitam verilməsi idi. Onun maddi zərərinin ödənilməsi qarşılığında məhkəmə qərarından şikayətçi olmadığından sonra sözünə əməl etməmişdir. Bu səbəbdən ədalətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi qərara aldı. Hesab edir ki, ona dəymiş maddi və mənəvi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, maşını saz vəziyyətdən tam yararsız vəziyyətə düşmüşdür. Bu günki günə saz vəziyyətdə olan, maşını ilə analoji eyni markalı maşının real bazar dəyəri 14000-15000 manat təşkil edir {təxmini hesablama ilə sığorta ödənişini maşınının dəyərindən çıxdıqda 14000- 3000=11000 manat qalır ki, bu da ona sırf maşına görə ödənilməli məbləğdir.) Onun sağlamlığıa dəymiş fiziki xəsarət, eləcə də onun çəkmiş olduğu mənəvi iztirabların əvəzi də cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdehin bəzi hərəkətləri (ona verilən yalan vədin gözləntisi, sonradan aldadılma hissinin nəticəsində keçirdiyi sarsıntı) nəticəsində ona mənəvi ziyan dəymişdir ki, cavabdeh bu mənəvi ziyanı da ona tam şəkildə ödəməlidir. Maşınından istifadə edə bilmədiyi müddət ona xeyli sayda maddi zərər dəymişdir. Vaxt itkilərinin nəticəsi olaraq dəyən zərər də ödənilməlidir. Hansı ki, məhkəməyə iddia yazılması, məhkəmə iclaslarında iştirak etməyi, işindən gəlirindən olmağı da nəzərə alınmalıdır. Onun 2000 manat mənəvi ziyan tələb etməyimin əsası cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəymiş, o müxtəlif qurumlara getmiş, sığorta mütəxəssislərdən rəy, qiymətləndirilmə alınması, müstəqil ekspert qəbulu, servislərdə müayinələr, sağlamlığına dəymiş zərərlərin aradan qaldırılması üçün çoxsaylı həkim müayinələri, həmçinin cinayət işi istintaq olunmuş, bunun üçün o uzun müddət hüquq mühafizə orqanlarına gəlib-getmiş, nəticədə mənəvi sarsıntı və iztirablar keçirmişdir. Cavabdehin ona qarşı etdiyi hərəkətlər nəticəsində onun şüurunda müəyyən mənfi psixi reaksiyalar yaranmışdır. İztirab keçirmiş və mənəvi fiziki əzab keçirmişdir. Onun mənəvi təzminat tələb etməyi hüquqazidd əməl ilə onun mənəvi bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 3.İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-519/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh dəymiş ziyana görə 5560.14 (beş min beş yüz altmış manat on dörd qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 138 (yüz otuz səkkiz) manat olmaqla, cəmi 5698.14 (beş min altı yüz doxsan səkkiz manat on dörd qəpik) manat pul vəsaitinin tutularaq, İddiaçı hesabına ödənilməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitindən 31 (otuz bir) manat pul vəsaitinin Cavabdeh, 19 (on doqquz) manat pul vəsaitinin isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Masallı kəndi ərazisindən keçən 121.5-ci km ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Merceds Benz C180” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən idarə olunmuş “Buick Lacrosse” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində ziyan dəymişdir. Mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1267 saylı rəyinə əsasən, 2005-ci il buraxılışlı “Mercedes Benz C180” markalı, **-HL-*** avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8530 manat müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçıya "xxxx" ASC tərəfindən 2969.86 manat sığorta ödənişinin ödənildiyi müəyyən olunmuşdur. "xxxx" ASC tərəfindən iddiaçıya 2969.86 manat sığorta ödənişinin ödənildiyindən, həmin məbləğ nəzərə alınmalı, Cavabdeh dəymiş ziyana görə 5560.11 (8530-2969.86=5560.11) manat pul vəsaiti tutulmalıdır.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 445, 1096.1, 1097.1,1108.1, maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-519/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 21 mart 2023-cü ildə saat 17:30 radələrində Cavabdeh idarə etdiyi “Buıck Lacrosse” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbə istiqamətində saat təxminən 110 km sürətlə sağ zolaqla hətəkətdə olmuş, Masallı rayon ərazisindən keçdikdə ani olaraq yaxın məsafədən sağ zolaqda olan “Mersedes Benz” minik markalı avtiomaşının dayandığını görmüş, bu zaman hadisədən yayınmaq istəsə də, lakin məsafə yaxın olduğundan və sol zolağında da nəqliyyat vasitəsi olduğundan mümkün olmamışdır. Həmin vaxtda idarə etdiyi avtomaşının qabaq sağ hissəsi sağ zolaqda olan “Mersedes Benz C180” minik markalı avtomaşının arxa sol hissəsinə çırpılmışdır. Zərbənin təsirindən idarə etdiyi “Buıck Lacrosse” minik markalı avtomaşın idarə edilməz vəziyyətdə ilk öncə baryerlərə çırpılmış daha sonra isə iki avtomobil “Mersedes Benz C180” markalı avtomaşın və “Opel Frontera” minik markalı avtomaşın arxadan onun maşınına çırpılmışdır. Hadisə zamanı maşında tək olmaqla heç bir xəsarət almamışdır. İş üzrə ekspertiza təyin edilmiş, lakin təqqiqat obyekti olan 2005-ci il buraxılışlı “Mercedes-Benz C 180” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirmə nəzəri qaydada aparılmışdır. Ekspertiza fotoşəkillərlə aparılmışdır. Bu da rellığı əks etdirə bilməz. Rəydə dəyişməli hissələrin qiyməti və təmir bərpa işlərinin qiyməti həddindən artıq şişirdilmişdir. Təbii ki, avtomobilin ehtiyat hissələrinin şəkil üzrə dəqiq məbləğ müəyyən edilə bilməzdi. Buna görə də məhkəməyə vəsatətə verilərək, iş üzrə əlavə ekspertiza təyin edilməsi, ekspert tərəfindən avtomobilə yerində baxış keçirilərək, “Mercedes-Benz C 180” minik markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyəri xx.xx.2023-cü il tarixə bazar qiyməti ilə nə qədər təşkil etməsi barədə ekspertiza keçirilməsi barədə vəsatət verilmiş, vəsatətə ümumiyyətlə məhkəmə prosesində arasdırılmamış, məhkəmə proseslərində işirakı təmin edilməmişdir. Məhkəmə qısa müddət ərzində işə baxaraq qətnamə qəbul etmişdir. Məhkəmə haqsız və əsassız yerə dəymiş ziyana görə 5560.14 (beş min beş yüz altmış manat on dörd qəpik) manat pulun ondan tutulmasını qət etmişdir. İddiaçı tərəfindən nəqliyyat vasitəsi təmir edilərkən nəqliyyat vasitəsinin sıradan çıxmış detallarının həqiqətəndə alınması və ödənilmiş pullarla bağlı qaimə və s, sübutlar tələb etmiş olsa da iddiaçı bunları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı hüquqi şəxs tərəfindən nəqliyyat vasitəsini təmir etdirdiyini və təmirə çəkilən xərclərlə bağlı tərtib edilmiş qüsur aktıda məhkəməyə təqdim etmişdir. Lakin nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrinin həqiqətəndə qüsur aktında göstərilən məbləğlərdə ödəniş edilməsi barədə hər hansı bir süburt məhkəməyə təqdim edə bilməmişdir. Əgər iddiaçı qüsur aktında göstərilən nqəliyyat vasitəsinin sıradan çıxmış hissələrini alan zaman ödəniş qəbzlərini əldə etmiş olardı, çünki iddiaçı nəqliyyat vasitəsini təmir etməzdən əvvəl vurulmuş ziyanı cavabdehdən tələb etmiş və cavabdeh onun tələb etdiyi pulu ödəməmişdir. Belə olduğu halda iddiaçı vurulmuş ziyanı cavabdehdən tələb etmək üçün məhkəmədə iddia qaldıracağını bilirdi. Qeyd edir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsini təmir etdirdiyini və təmirə çəkilən xərclərlə bağlı tərtib edilmiş qüsur aktında göstərilən məbləğ dəyərindən iki dəfə artıq şişirdilmiş məbləğdir. “Tərtib edilmiş qüsur aktı iddiaçının maraqlarına xidmət edir, iddiaçının marağında hansı məbləğdirsə, servisdə həmin məbləği şişirdərək aktda qeyd etmişdir. Bununla bağlı məhkəmə iclası zamanı etirazlarını bildirərək iş üzrə əlavə mütəxəssislərdən rəy tələb edilməsini xahiş etmiş olsa da işə baxan məhkəmə həmin sübutlara birtəfəli, səthi yanaşmaqla tam hüquqi sənəd kimi qiymət vermiş və həmin akt əsasında vurulmuş zərərin əvəzini müəyyən edərək gələckdə cavabdehin mülkiyyət hüquqlarını məhdudlaşdıracaq qətnamə çıxarmışdır. Məhkəmə iddiaçının məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququnun olmasını səhv təfsr etmiş, iddiaçının nəqliyyat vasitəsini icarəyə vermək səlahiyyətinin olub-olmadığını yoxlamamış, eyni zamanda onun həmin zərəri mülkiyyətçi adından tələb etmək səlahiyyəti olmadığı halda işə baxmış və bu hissədə işin hallarını təhrif edərək qətnamə çıxarmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qəza nəticəsində ən çox zərər ona dəymişdir. Maşın yararsız vəziyyətə düşdüyündən heç bir usta təmiri öhdəsinə götürməmiş, təmiri mümkün olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirəm.
11. Cavabdeh nümayəndəsi və vəkili Vəkil birinci məhkəmə baxışına ünvanladığı ərizəsində Kürdəmir rayon prokurorluğunda müdafiəçisi olduğu şəxs barəsində zəruri istintaq hərəkətləri aparıldığından, hazırki iş üzrə məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil ikinci məhkəmə baxışına ünvanladığı ərizəsində səhhətində yaranmış ciddi problemlərlə əlaqədar hazırki iş üzrə məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Sığorta aktının surətindən görünür ki, "xxxx" ASC-də PXA********** saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 55000 manat dəyərində sığortalanmış, Cavabdeh tərəfindən “Buick LACROSSE” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması nəticəsində xx.xx.2023-cü il tarixdə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Masallı kəndi ərazisindən keçən 121.5-ci km ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində “Mercedes Benz C180” minik markalı **- HL-*** avtomobilə 9940 manat zərər dəymiş və zərəçəkənlərə mütənasib olaraq, 2969.86 manat İddiaçı ödənilmişdir.
13. xx.xx.2023-cü il tarixli, 1423 saylı mütəxəssis rəyindən görünür ki, “Mercedes Benz C180” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində deformasiyaya uğramış və halhazırda təmirə tam yararsız vəziyyətdədir. Avtomobilin hazırki vəziyyətdə metallom qiyməti 3500 manat hesablanmışdır. Avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətindəki real bazar qiyməti 13000 manat olmuşdur. Avtomobilə ümumi cəmi 9500 manat məbləğində maddi ziyan dəymişdir.
14. xx.xx.2023-cü il tarixli, 266 saylı mütəxəssis rəyindən görünür ki, “Mercedes Benz C180” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam yarasız hala düşmüşdür. Avtomobilin işlək vəziyyətdə olan bazar qiyməti 13.000 manat olmaqla, nəqliyyat vasitəsinin təmir olması üçün 9.500 manat vəsait tələb olunur. Bu da nəqliyyat vasitəsinin bazar qiymətinin 73%-dən çox olduğunu və avtombilin üzərində olan bəzi hissələrinin yararlı olmasını nəzərə alaraq qalıq dəyəri 3.500 manat məbləğində olduğu müəyyən edilir. Təmir işlərindən sonra həmin avtomobilin texniki göstəricilərinin aşağı düşməsi səbəbindən avtomobil üzərində təmir işləri aparılması həm maddi, həmdə təhlükəsizlik baxımından məqsədə uyğun deyil və avtomobilin yalnız müəyyən hissələrinin təkrar istifadəsi mümkündür.
15. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-128/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış “Buıck Lacrosse” minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz C180” minik markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz C180” minik markalı ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil və “Opel Frontera" minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınması qərara alınmışdır.
16. “AutoBox” Avtomobile Services tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Mercedes Benz C180” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9940 manat maddi ziyan vurulmuşdur.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1267 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “AutoBox” Avtomobile Services tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı “Mercedes Benz C180” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8530 manat müəyyən edilir. 18.ƏN Vİİİ seriyalı, 681024 saylı etibarnamənin surətindən görünür ki, idarə etmək və sərəncam vermə hüququ da daxil olmaqla “Mercedes Benz C180” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair müvafiq sələhiyyətlər 18 dekabr 2023-cü il tarixədək İddiaçı verilmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-519/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-519/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının qanuni sahibliyində olan avtomobilinə zərər dəymiş və həmin zərərin məbləği ekspert rəyi ilə 8530 manat müəyyən edilmişdir. İddiaçıya "xxxx" ASC tərəfindən dəymiş zərərə görə 2969.86 manat sığorta ödəniş edilmişdir ki, həmin məbləğ nəzərə alınmaqla, 5560.11 manat zərər məbləğinin cavabehdən tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı avtomobilin yararsız vəziyyətə düşdüyündən heç bir ustanın təmiri öhdəsinə götürmədiyini və metal kimi 2000 manata satdığını bidirmişdir ki, onun bu dəlili iş materialları ilə də təsdiq olumuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1423 saylı və xx.xx.2023-cü il tarixli, 266 saylı mütəxəssis rəylərindən görünür ki, “Mercedes Benz C180” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində deformasiyaya uğramış və təmirə tam yararsız vəziyyətdə olmaqla, təmir işlərindən sonra həmin avtomobilin texniki göstəricilərinin aşağı düşməsi səbəbindən avtomobil üzərində təmir işləri aparılması həm maddi, həmdə təhlükəsizlik baxımından məqsədə uyğun deyil və avtomobilin yalnız müəyyən hissələrinin təkrar istifadəsi mümkündür. Avtomobilin hazırki vəziyyətdə metallom qiyməti 3500 manat olmuşdur. Avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətindəki real bazar qiyməti 13000 manat olmuşdur.
25. Qeyd edilənlər məhkəməyə təqdim edilmiş avtomobilin fotoşəkilləri ilə də təsdiq olunmaqla, həmin avtomobilin deformasiyaya uğraması, təmirinin iqtisadi cəhətdən səmərəli olmaması görünməkdədir. Həmçinin, iş materiallarına əlavə edilmiş avtomobil alqı-satqısına dair elanlardan göründüyü kimi 2004-2005-ci il buraxılışlı “Mercedes Benz C180” minik markalı avtomobillərin dəyəri 12800-15000 manat aralığında dəyişməkdədir. Buna görə də qeyd olunan mütəxəssis rəylərinin mötəbərliyi heç bir şübhə yaratmamışdır. Nəqliyyat vasitəsinə dəymiş zərər isə ekspert rəyi ilə təsdiqini tapmışdır. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut kimi qəbul edilmişdir.
26. Məhkəmə kollegiyası tələb üzrə iddiaçının subyektiv hüququnun olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, sğorta şirkəti tərəfindən zərər məbləği qismən iddiaçıya ödənilmiş, avtomobil sərəncam vermə hüququ əsasında iddiaçının qanuni sahibliyində və istifadəsində olmuşdur ki, qanunla qanuni sahibin də əmlak hüquqları pozulmaqdan müdafiə edilir. Buna görə də cavabdehin qeyd edilən apellyasiya şikayətinin dəlili də əsassız olmuşdur.
27. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-519/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-519/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.