Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-160/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı1, İddiaçının nümayəndəsi: X6, İddiaçının nümayəndəsi və vəkili: X9, Cavabdehlər: Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8, Cavabdehlərin nümayəndəsi və vəkili: Vəkil iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına, Cavabdeh4, X4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8l qızına qarşı qanunsuz tikililərin, darvazanın cavabdehlər tərəfindən sökülələk həyətin giriş-çıxışına olan maneənin aradan qaldırılması, mülkiyyətində olan yaşayış evinin, həyətin giriş-çıxışına cavabdehlər tərəfindən bu cür müdaxilələrə yol verilməsinə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Z.V.Abbasov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Sadiqov) iddianın qismən təmin edilməsi, İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə girişçıxış yolunun açılmasına, evin kommunal xidmətlərə qoşulmasına və həmin evdən və evin yerləşdiyi torpaq sahəsindən istifadə edilməsinə mane olmalarının cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qadağan edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “qanunsuz tikililərin və darvazanın cavabdehlər tərəfindən sökülərək həyətinin giriş-çıxışına olan maneənin aradan qaldırılması və mülkiyyətində olan yaşayış evinin və həyətin giriş-çıxışına cavabdehlər tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması və gələcəkdə də cavabdehlər tərəfindən bu cür müdaxilələrə yol verilməsinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 0,0277 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi 20 fevral 2014-cü il tarixli RX № ******* saylı Çıxarışa əsasən onun mülkiyyətindədir. Lakin, mülkiyyətində olan həmin torpaq sahəsinə və yaşayış evinə gedişgəliş yolu bir ailənin üzvləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və D.Cavabdeh7 tərəfindən tamamilə zəbt edilərək, həmin cavabdehlər tərəfindən onun mülkiyyətində olan evinə-həyətinə giriş məhdudlaşdırılmış və ona məxsus evi və həyəti blokada şəraitində qalmışdır. Belə ki, cavabdehlər daha əvvəl onun mülkiyyətində olan həmin torpaq sahəsinin müəyyən hissəsini zəbt edərək, qanunsuz tikili tikmişlər. Həmin qanunsuzluğa görə o, məhkəməyə müraciət edərək, məhkəmə vasitəsi ilə cavabdehlər tərəfindən mülkiyyətində olan torpaq sahəsində tikilmiş qanunsuz tikilinin sökülməsinə nail olmuşdur. Həmin məhkəmə mübahisəsi başa çatıb, məhkəmə qərarı icra edilərək, qanunsuz tikili söküldüyü gün cavabdehlər daha bir özbaşınalıq edərək, onun mülkiyyətində olan evdən Sarı Aşıq küçəsinə çıxan yolu, yəni həyətin giriş-çıxış yolunu bağlayaraq, həmin yolda qanunsuz tikililər tikmiş və yolu dəmir darvaza ilə bağlamışlar. Yəni, cavabdehlər tərəfindən bilərəkdən və qəsdən onun evinə gedən yolda qeyri-qanuni şəkildə bələdiyyə torpağı zəbt edilib, yolu tamamilə bağlanmışdır. Cavabdehlər bələdiyyə torpağını zəbt edərək yolu bağlamaqla yanaşı, onun öz həyətində və evində təmir-tikinti işlərinin aparılmasına və tikinti materiallarını gətirməyinə mane olur, evin su, qaz, elektrik, telefon, kanalizasiya və digər kommunal xətlərə qoşulmasını əngəlləyirlər. Ümumiyyətlə, cavabdehlər onun və digər ailə üzvlərinin həmin evə gedib-gəlmələrini və evdən istifadə etmələrini müxtəlif yollarla və üsullarla əngəlləyirlər və problemlər yaradırlar. Buna görə də, o, mülkiyyətində olan evdən sərbəst istifadə edə bilmir. O, cavabdehlərlə məsələni sülh yolu ilə həll etməyə çalışsa da, cavabdehlərin təhqirlərinə məruz qalmış və problemin həllinə nail ola bilməmişdir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə 2017-ci ilin iyul ayında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 və cavabdehlər Cavabdeh1 və qeyrilərinin apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli 2(102)-543/2020 saylı Qərarı ilə Cavabdeh8l qızı və qeyrilərinin kassasiya şikayətinin təmin edilməməsi, İddiaçı1 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qətnaməsinin İddiaçı1 kassasiya şikayətinə münasibətdə ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi və vəkili Z.V.Abbasov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qəbul etdiyi qətnaməsi ilə qismən razı deyillər. İş materiallarından görünür ki, hazırkı iş üzrə cavabdehlərlə iddiaçı arasında mübahisələr artıq bir neçə ildir ki, davam edir və cavabdehlər bilərəkdən iddiaçıya maneələr yaratmaqla, ona xüsusi mülkiyyətində olan torpaq sahəsindən və orada inşa edilmiş fərdi yaşayış evindən istifadə edilməsinə maneələr yaratmaqla bu mübahisənin daha da dərinləşməsinə və xoşa gəlməz hadisələrin baş verməsinə zəmin yaradırlar. İddiaçının qızı N.İddiaçı1a Cavabdeh5 ilə nikahda olmuş və onların münasibətləri pisləşdiyi üçün aralarında olan nikah pozulmuşdur. İşə baxan birinci instansiya məhkəməsinin qətnaməsində də göstərildiyi kimi, cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş hissəsini zəbt edərək orada qanunsuz tikililər tikməklə, iddiaçının öz həyətində və evində təmir-tikinti işlərinin aparılmasına və tikinti materiallarının gətirilməsinə mane olur. Məhkəmə qəbul etdiyi qətnaməsində DƏDRX-nin RX ******* saylı Çıxarışa istinad edərək göstərmişdir ki, ünvan 2 ünvanında 0,277 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ İddiaçı1 adına 20 fevral 2014-cü il tarixdə Daşınmaz Əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınması, lakin həmin çıxarışda İddiaçı1 məxsus fərdi yaşayış evinin “həyətyanı tikili və qurğuların” göstərilməli olduğu hissəsində hasar və darvazanın mövcud olması öz əksini tapmamışdır. İş üzrə ekspertiza təyin edilmiş, lakin ekspert rəy verməkdən imtina etmişdir. Məhkəmə tərəfindən bir çox qanun pozuntularına yol verilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli 2(012)-39/2019 saylı qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddiaçının iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı1, nümayəndəsi N.İddiaçı1a, nümayəndəsi və vəkili Z.V.Abasov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdehlər Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8, cavabdehlərin vəkili və Cavabdeh8 nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4, Masazır Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan yaşayış evindən qanunsuz müdaxilə edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qismən qanunsuz və əsassız olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Z.V.Abasovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin HDQ-ı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında 0,277 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ İddiaçı1 adına 20 fevral 2014-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İşdə olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 20 fevral 2014-cü ildə verilmiş (reyestr nömrəsi **********49- 10301) ünvan 1 ünvanında 0,277 ha torpaq sahəsində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, həmin ünvanda yerləşən fərdi yaşayış evi 2 (iki) mərtəbəlidir. Məhkəmə baxışı zamanı mübahisə predmeti üzrə məhkəmə ekspertizaları təyin edilmiş olsa da, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin gediş-gəliş yolunun texniki göstəriciləri, o cümlədən yeri, ölçüləri, sərhədləri və s. barədə dəqiq məlumat olmadığından, eləcə də evin həyətyanı sahəsinin darvazasının yeri evə dair tərtib edilmiş texniki pasportun “torpaq sahəsinin planı” bölməsində əks olunmadığından - ekspertiza tərəfindən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0277 ha torpaq sahəsinin giriş-çıxış yolunun koordinatlarının və ölçülərinin müəyyən edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2021-ci il tarixli 10/2122 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 30 yanvar 2019-cu il və 08 aprel 2019-cu il tarixlərdə verilmiş məktubuna əsasən, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən mülkiyyətdə olan 20 fevral 2014-cü il tarixli **********49-10301 reyestr nömrəli, fərdi yaşayış evinin yerləşdiyi 0,0277 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatlara əsasən GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, sənəd rəsmiləşdirilən zaman giriş-çıxış yolu mövcud olunmuş, lakin **********49-10301 reyestr nömrəli, fərdi yaşayış evinin yerləşdiyi 0,0277 ha torpaq sahəsinin giriş-çıxış yolu digər vətəndaş tərəfindən bağlanmışdır. Sözügedən məsələ ilə bağlı Masazır Bələdiyyəsinə müraciət etmək məqsədəuygun hesab olunmuşdur. Məhkəmə kollegiyası 21 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0277 ha torpaq sahəsinə yerli baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu ki, giriş-çıxış yolunda dəmir darvaza qoyulmuş, həmin darvazadan içəri keçdikdə girişdən sol tərəfdə cavabdehlərə məxsus kürsülü dam örtüyü vurulmuş, eyvanlı fərdi yaşayış evi, sag tərəfdə cavabdehlərə məxsus yerdən köhnə tikili, 2 metr məsafədən sonra elə həmin həyətdə girişdən solda iddiaçıya məxsus 2 mərtəbəli, dam örtüyü vurulmuş hazır vəziyyərdə fərdi yaşayış evi, sag tərəfdə cavabdehlərə məxsus sökülmüş yarımtikili var. Evlərə giriş eyni dəmir darvazadandır və evləri bir-birindən ayırmaq üçün hasar və ya hər hansı bir setka çəkilməmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 24 avqust 2017-ci il tarixli məktubdan görünür ki, yaşayış evinə maneəsiz giriş-çıxışın təmin edilməsi üçün R.Ş.X1 müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK-i yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 30 yanvar 2019-cu il tarixli məktubda Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,0277 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatlara əsasən GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunduğu qeyd olunmuşdur. Lakin, həmin məktubda məlum torpaq sahəsinin giriş-çıxış yolunun koordinatları göstərilməmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 08 aprel 2019cu il tarixli və 19 aprel 2019-cu il tarixli məktublarında Abşeron rayonunun Masazır kəndi ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,0277 ha torpaq sahəsinə giriş-çıxış yolunun ölçüləri və koordinatları barədə məlumatın təqdim edilməsinin mümkün olmadığı bildirilmiş və həmin məsələ ilə bağlı Masazır bələdiyyəsinə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş 03 may 2019-cu il tarixli 316/-2 saylı məktubda göstərilir ki, Abşeron rayonunun Masazır kəndi ərazisində, o cümlədən Sarı Aşıq küçəsində fərdi həyət evləri üçün giriş-çıxış yollarının ölçüləri təxminən 6-8 metr nəzərdə tutulmuşdur. İddiaçı1 məxsus ünvan 2 ünvanında yerləşən 0,0277 ha torpaq sahəsinə giriş-çıxış üçün yol nəzərdə tutulmuşdur. Həmin yol İddiaçı1n evinin sol tərəfindən nəzərdə tutulmuşdu və uzun müddət yol kimi istifadə olunmuşdur. Evin tikilməsi zamanı tikinti materialları həmin yolla aparılıb-gətirilmiş və evdə yaşayan şəxslər də həmin yoldan istifadə etmişlər. Lakin, sonradan bu yol İddiaçı1 qonşusu olan Tofiq adlı şəxs tərəfindən bağlanmış və daş hasara alınmışdır. Hazırda Tofiqin satdığı evdə başqa şəxslər yaşamaqla, yolun açılmasını təmin etmirlər. Buna görə də, Bələdiyyə tərəfindən İddiaçı1 evinin gediş-gəliş yolunun açılması ilə bağlı müvafiq tədbirlər görülür. İşdə olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 4 saylı Abşeron ərazi İdarəsinin 19 mart 2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 məxsus hər hansı bir daşınmaz əmlak, yəni torpaq sahəsi və yaxud ev dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Mülki Məcəllənin müvafiq münasibətləri tənzimləyən normalarına istinad etməyi də zəruri hesab edir. Mülki iş materialları ilə müəyyən edilir ki, cavabdehlərin istifadəsində olan və iddiaçının istifadəsinin məhdudlaşdırılması üçün cavabdehlər tərəfindən hasar tikməklə torpaq sahəsi cavabdehlərin deyil, Masazır Bələdiyyəsinin mülkiyyətindədir. Cavabdehlər həmin hasar tikməklə və darvaza qoymaqla iddiaçının mülkiyyətində olan evinə giriş-çıxışı məhdudlaşdırırlar və bir mülkiyyətçi kimi onun hüquqlarını pozurlar. Digər tərəfdən məhkəmə kollegiyası iddiaçının Masazır Bələdiyyəsinin mülkiyyətində olan torpaqda cavabdehlər tərəfindən qanunsuz tikilinin sökülməsi barədə iddianın təmin olunmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, həmin tikili iddiaçının öz evinə gedib, gəlməsinə heç bir məhdudiyyət yaratmır və iddiaçının mülkiyyətində olan torpaq üzrə tikilməmişdir. Mülki Məcəllənin 169.2-ci maddəsinə əsaən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Yenə həmin Məcəllənin 170.2-ci maddəsinin tələblərinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki Məcəllənin 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsi ilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Yenə Mülki Məcəllənin 176.2-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Yenə həmin Məcəllənin 176.3-cü maddəsinin tələblərinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. İşdən göründüyü kimi, cavabdehlər Laçın rayonundan məcburi köçkün kimi mübahisəli torpaq sahəsində məskunlaşaraq orada özbaşına ev tikmişlər. Onlar həmin torpaq sahəsinin mülkiyyətçiləri olmasalar da həmin torpaq sahəsinə faktiki olaraq sahiblik edir, təyinatına uyğun istifadə edirlər. Başqa sözlə, cavabdehlərin qanunsuz istifadə və sahiblik etdikləri torpaq sahəsindən istifadəyə görə əvəz tələb etmək hüquqları olmasa da qonşu təsirinə dözməyə, qonşu olaraq iddiaçıya ümumi darvazadan istifadə etməyə, evinə kommunal xətlərin çəkilişinə mane olmamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qismən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı X5 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 17 may 2019-cu il tarixli 2(012)-39/2019 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına, Cavabdeh4, X4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8l qızına qarşı qanunsuz tikililərin, darvazanın cavabdehlər tərəfindən sökülələk həyətin giriş-çıxışına olan maneənin aradan qaldırılması, mülkiyyətində olan yaşayış evinin, həyətin giriş-çıxışına cavabdehlər tərəfindən bu cür müdaxilələrə yol verilməsinə qadağa qoyulması tələbinə dair iddia qismən təmin edilsin. İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə giriş-çıxış yolunun açılmasına, evin kommunal xidmətlərə qoşulmasına və həmin evdən və evin yerləşdiyi torpaq sahəsindən istifadə edilməsinə mane olmaları cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qadağan edilsin və qanunsuz tikilmiş darvaza cavabdehlər tərəfindən sökülsün. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızından, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 100 (yüz) manat alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-160/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-160/2021
22.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver