Məhkəmə qərarları › İş №2(105)-162/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-162/2023

05.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-162/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Zeynalov Yusif Səmədağa oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin təmir edilməsi üçün çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e- 2(012)-1114/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin təmir edilməsi üçün çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzilin təmir edilməsi üçün onun tərəfindən sərf edilmiş 25.000 manat məbləğində pulun, ona hədiyyə edilmiş dəyəri 500 manat təşkil edən bir ədəd nişan üzüyü və dəyəri 500 manat təşkil edən bir ədəd 3 qaşlı üzüyün, eləcə də məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 168 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi və pulun ödənilməsi ilə onun həmin mənzildən çıxarılması barədə Abşeron rayon Məhkəməsinin 2(012)-5776/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh oğlu X4 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Rusiya Federasiyasında qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra onlar bir müddət Rusiya Federasiyasında yaşamışlar. Rusiya Federasiyasında yaşadıqları dövr, yəni 2010-2013-cü illər ərzində iddiaçı cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzilin təmir edilməsi üçün ümumilikdə 25.000 manat məbləğində pul sərf etmişdir. Belə ki, onların arasında gəlin-qaynana münasibəti olduğundan həmin evdə yataq otağı və qonaq otağı onun tərəfindən tam təmir edilmiş, digər otaqlarda qırmızı kərpiclə hörgü işləri aparılmış, suvaq işləri gördürülmüş, mətbəxin pəncərəsi plastik materialdan yenidən düzəldilmiş, eyvanda yer örtüyü metlaxla əvəz olunmuş və kombi sistemi quraşdırılmışdır. 2019-cu ildə onunla cavabdeh arasında olan qohumluq münasibətləri pozulmağa başlamış və aralarında mübahisələr yaranmışdır. Bundan sonra cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanından məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5776/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, onun ünvan 1 ünvanından məcburi çıxarılması qət edilmişdir. Hazırda həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Bundan başqa, ona hədiyyə edilmiş bir ədəd nişan üzüyü və bir ədəd qaşlı üzük cavabdeh tərəfindən götürülmüş və ona geri qaytarılmamışdır. Həmin üzüklərin qiyməti cəmi olaraq 1.000 manat təşkil edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, fəhlə işləyir. İddiaçı ilə qohumluq əlaqələri var. İddiaçının əri Moskvada olanda ona evi təmir etməsini tapşırmışdır. Ona haqqıını, materialların pulunu iddiaçının qaynı verirdi ki, həmin pulu Rusiyadan iddiaçı ilə əri göndərirdi. Həmin mənzildə alçipan işi, 2 otaq və 1 mətbəx malyar işi, qapı pəncərə işi görmüşdür. Həmin vaxtlar iddiaçının cavabdeh ilə münasibətləri yaxşı idi. Mənzilin təmirində iddiaçı ilə məsləhətləşib edirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, qonşudurlar. Yaxın qonşuluq münasibətləri var. İddiaçı telefonla danışarkən evi təmir etdirdiklərini bildirmişdi. Təmir xərclərin iddiaçı və əri Rusiyadan göndərirdi. İddiaçının qaynı pulu götürüb təmirə xərcləyirdi. Cavabdeh ona mənzilin hansı hissələrini təmir etdiklərini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır. Mənzilin təmir olunmasının şahidi olmuşdur. Qeyd etdi ki, iddiaçı gəlin gələndə mənzil təmirli olmamış, sonradan təmir etdirmişlər. Amma kimin təmir etdiyi ona məlum deyil. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(012)-1114/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin təmir edilməsi üçün çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(012)-1114/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində onun tərəfindən məhkəmə iclasına dəvət edilən şahidlər X1, X11 və X5 ifadələrində bildirmişlər ki, onun tərəfindən həmin mənzilin təmir edilməsinin şahidi olmuşlar. X12 ifadəsində bildirmişdir ki, cavabdehin qohumudur. Həmin mənzildə təmir işlərini usta kimi o, həyata keçirmişdir. Bunun üçün iddiaçıdan zəhmət haqqı almış və bütün göstərişləri ona iddiaçı vermişdir. Lakin məhkəmə öz qətnaməsində şahid ifadələri ilə bağlı heç bir əsaslandırma aparmamış, qanunsuz və əsassız olaraq sübut təqdim edilməyini bildirmişdir. Məhkəmənin hazırlıq iclası və məhkəmə baxış iclası zamanı vəsatət verilərək məhkəmə tikinti və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi xahiş edilsə də, əsassız olaraq bu vəsatət təmin edilməmişdir. Halbuki sonuncu məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq həmin mənzildə təmir işlərinin aparılmasını etiraf etmiş, lakin həmin işlərin özü tərəfindən həyata keçirildiyini bildirmişdir. Göründüyü kimi artıq həmin fərdi yaşayış evində təmir işlərinin aparılması işin mübahisəsiz halıdır. Çünki cavabdeh də bu faktı təsdiq edir. Belə olan halda, təmirə çəkilmiş xərcin müəyyən edilməsi xüsusi ilə zəruridir. O həmin mənzildə təmir-tikinti işlərini aparmasını təsdiq edən sübutları (şahid ifadələri, fotoşəkillər və s.) təqdim etsə də, cavabdeh heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddia tələbində qızıl-ziynət əşyalarının qaytarılması barədə tələb mövcud olsa da, məhkəmə bu hissədə də ümumiyyətlə araşdırma aparmamışdır. Cavabdehin həmin qızıllardan hazırda istifadə etməsini təsdiq edən sübutlar məhkəmə iclasında təqdim ediləcəkdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını və iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçı tərəfin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 5380 manat pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 əlli manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan Abşeron rayonu Ceyranbatan qəsəbəsi xx.xx.2021-ci il tarixli 500 nömrəli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzildə yaşayır. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ № 419657 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə doğulmuş, atası X4, anası İddiaçıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 5776/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı ünvan 1 ünvanından məcburi çıxarılması qət edilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Ağayeva X6 rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, mənzil 27 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi aparılmış araşdırma zamanı məkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı iddia tələbi ilə əlaqədar sübutları nə məhkəmənin hazırlıq iclasında, nə də məhkəmə baxışında belə məhkəməyə təqdim edə bilməməsini göstərərək iddia tələbinin rədd edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh oğlu X4 arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Yusif adlı övladları dünyaya gəlmiş, nikaha daxil olduqdan sonra onlar bir müddət Rusiya Federasiyasında yaşamışlar, iddiaçı cavabdehin oğlu ilə Rusiya Federasiyasında yaşadıqları dövrdə yəni 2010-2013-cü illər ərzində cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzilin təmir edilməsi üçün pul sərf etmişlər. Bu faktlar həm tərəfin izahatı, həm iddiaçı tərəfin təqdim etdiyi buna dair birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri, həm də iddiaçının evdən çıxarılmasını qət edən Abşeron Rayon Məhkəməsinin 2(012)-5776/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd edilmiş hallarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının MPM-nin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur (MPM-nin 62-ci və 104.1-ci maddələri). Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Məhkəmə kollegiyası hesab edir ki, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar kimi qiymətləndirilməlidir. Belə ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. İfadə vermiş şahidlər ərizəçinin qonşusu olmaqla işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan şəxslərdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının qərardadı ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzildə təmir işlərinin hansı tarixdə həyata keçirilməsi və mənzilin təmir edilməsi üçün çəkilmiş xərclərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli, 10/7804 nömrəli ekspert rəyi ilə təmir işlərinin aparılması tarixinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamış, eləcə də Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzildə iddiaçı tərəfindən görülən işlər olaraq təqdim olunan işlərin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin 10760 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli, 10/7804 nömrəli ekspert rəyi ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzilinin təmirinə çəkilmiş xərclərin 10760 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli, 10/7804 nömrəli ekspert rəyi qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzilin təmir edilməsi üçün çəkdiyi xərclərin əvəzini tələb etməkdə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzilin təmir edilməsi üçün iddiaçı tərəfindən çəkilən xərclərin əvəzinə dair tutulacaq pulun məbləği ilə bağlı aşağıdapkıları qeyd edir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh oğlu X4 arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikaha bağlanmış, birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Yusif adlı övladları dünyaya gəlmiş, nikaha daxil olduqdan sonra onlar bir müddət Rusiya Federasiyasında yaşamışlar, iddiaçı cavabdehin oğlu ilə Rusiya Federasiyasında yaşadıqları dövrdə yəni 2010-2013-cü illər ərzində cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzilin təmir edilməsi üçün pul sərf etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və mübahisənin məhkəmə kollegiyasında araşdırılaraq müəyyən olunmuş hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının tələb etdiyi pul məbləği onunla X2 birgə nikahı zamanı (dövründə) əldə edildiyindən, həmin pul məbləği onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki,məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı ilə cavabdehin oğlu X4 rəsmi nikah münasibətlərində olsalar da,ailə münasibətləri gərgin olduğundan faktiki olaraq ayrı yaşayırlar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzilin təmiri üçün çəkilmiş xərcə görə ekspert rəyi ilə müəyyən olunmuş 10760 manat məbləğin yarısı yəni 5380 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin “ona hədiyyə edilmiş dəyəri 500 manat təşkil edən bir ədəd nişan üzüyü və dəyəri 500 manat təşkil edən bir ədəd 3 qaşlı üzüyün pulunun cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı iddia tələbinin qeyd edilən hissəsinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiası həmçinin iddia tələbinin “pulun ödənilməsi ilə iddiaçının həmin mənzildən çıxarılması barədə Abşeron Rayon Məhkəməsinin 2(012)-5776/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin eyni vaxtda icra edilməsi” hissəsinə qiymət verərək qeyd edir ki,həmin qətnamə artıq qanuni qüvvəyə mindiyindən və göstərilən tələblər müstəqil tələblər olduğundan ayrı-ayrı icra edilməlidir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(012)- 1114/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 5380 manat pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 əlli manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(012)-1114/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. 5380 (beş min üç yüz səksən) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar