Məhkəmə qərarları › İş №2(105)-1630/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1630/2022

01.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1630/2022 01.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X3, Cavabdehin nümayəndəsi və vəkili: Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Meyvəçilik və X1rşı 12 iyul 2021-ci il tarixli 22 saylı əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə işə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.M.Seyidov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmri İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı məcburi işburaxmasına görə xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqı ödənilməsi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsinə bərpa olunması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş, onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin xitam edilərək, onun işdən azad olunmağı barədə 12 iyul 2021-ci il tarixli 22 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə işəgötürən tərəfindən 12 iyul 2021-ci il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi ilə öz əvvəlki Meyvə birkiləri çoxaldılması şöbəsinə böyük elmi işçi vəzifəsinə bərpa olmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1989-cu ildə Quba Sovxoztexnikumunun meyvə-tərəvəz və üzümçülük fakültəsini “fərqlənmə” diplomu ilə bitirərək, Azərbaycan Kənd Təsərüfatı Akademiyasına daxil olmuş və 1994-cü ildə həmin Akademiyanı “fərqlənmə” diplomu ilə bitirərək alim - aqronom ixtisası almışdır. Sonra isə Azərbaycan Aqrar Universitetin dissertanturasına daxil olaraq fəlsəfə elmləri doktoru elmi dərəcəsi almaq üçün minimum imtahanları verərək, dissertasiya işi yazmışdır. 1988-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2001-ci ildən isə Azərbaycan Kənd Təsərüfatı Nazirliyinin Meyvəçilik və X13 İnstitunda müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2015-ci ildən Meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin böyük elmi işçi vəzifəsində çalışmışdır. İşə götürən Meyvəçilik və X13 İnstitunun 02 iyul 2021-ci il tarixli 20 saylı əmri ilə onunla həmin institut arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Buna səbəb onun institut tərəfindən daxili əmrlə keçirilmiş attestasiyadan keçməmiş hesab edilməsidir. Meyvəçilik və X13 İnstitu ilə aralarında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 02 iyul 2021-ci il tarixli əmri və attestasiya nəticələrini ilə razılaşmayaraq, həmin əmri qərəzli və qanunsuz hesab edərək, Əmək Müfəttişliyinə, eyni zamanda məhkəməyə müraciət edərək iddia qaldırmışdır. X11 tərəfindən onun bülletendə ola-ola işdən azad edilməsinə görə institutun direktoru X4, Azərbaycan Respublikası inzibati xatallar məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək cərimə olunmuş və əmrin ləğvi barəsində göstəriş verdikdən sonra institutun direktoru əmri ləğv etmiş və artıq mövcud olmayan 02 iyul 2021-ci il tarixli 20 saylı əmrdə guya dəyişiklik edərək, 12 iyul 2021-ci il tarixdə yenidən 2-ci dəfə 22 saylı əmri vermiş, 02 iyul 2021-ci il tarixli əmrin Əmək Müfəttişliyi tərəfindən ləğvi barədə 30 iyul 2021-ci il tarixdə qərar verildikdən sonra direktor çıxılmaz vəziyyətə düşdüyündən yenə də qanunsuz olaraq 30 iyul 2021ci il tarixindən geriyə qayıdaraq 12 iyul 2021-ci il tarixdə onun işdən azad olunmağı barədə saxta əmr vermişdir. Hesab edir ki, Quba rayon məhkəməsi xx.xx.2021ci il tarixli qətnaməsini qəbul edərkən AR MPM-nin 14-cü maddəsinin tələblərini pozmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbir görməmiş, nəticədə (hakimin özünün dediyi kimi) iki tərəfli qərar qəbul etmişdir. Cavabdeh həmçinin qeyd edir ki, 2 iyul 2021-ci il tarixli əmrində dəyişiklik etməsinə səbəb onun 2 iyul 2021-ci il tarixində xəstəliyi ilə əlaqədar bülleten təqdim etməsi olmuşdur. Bir halda ki, belədir. Bəs niyə görə 2 iyul 2021-ci il 20 nömrəli əmrdə əmək müqaviləsinə “xitam verilsin” yazıldığı halda, 12 iyul 2021-ci il 22 saylı əmrdə isə işdən “azad olunsun” yazılmışdır. Görünür bu məsələdə institutun direktoru saxtakarlığa yol verib, hiyləgərlik işlətmək istəmişdir. Belə ki, o, hesab edir ki, 12 iyul 2021-ci il tarixdə verilmiş əmr 2 iyul 2021-ci il 20 saylı əmrdə dəyişiklik edilməsi deyil, yeni bir əmrdir. Necə ola bilər ki, 29 iyundan 12 iyula qədər bülletendə olan bir işçiyə hansı əsasla 2-ci yeni bir əmr verilə bilər. Həmin əmrdə əsas kimi (attestasiyanın nəticələri, bülleten vərəqəsi) göstərildiyi halda, eyni zamanda MÇETİ-nun əlavə olunub, belə ki, MÇETİ-nun qərarında əmək intizamının pozulması haqda məsələlər nəzərdə tutulmuşdur. Əmrdə onun əmək intizamının pozulması haqqında məlumatlar var. Belə olan halda o, hansı maddə ilə işdən çıxmışdır. O, attestasiyadan keçmədiyinə görə, yoxsa əmək intizamını pozduğuma görə işdən çıxmışdır. Belə ki, attestasiya keçirilməsi haqqında təlimata əsasən nəzərdə tutulur ki, attestasiya olunan işçini əmək intizamına görə qiymətləndirmək yol verilməzdir. Birdəki, 02 iyul 2021-ci il tarixə kimi o, əmək intizamına görə işdən çıxmamışamsa, attestasiyaya görə işdən çıxmışamsa 2 iyuldan 2021-ci ildən 12 iyul 2021-ci ilə kimi bülletendə olmuşamsa, o əmək intizamını necə pozmuşdur ki, 2-ci 22 saylı əmrin verilməsinə səbəb əmək intizamı da əlavə olunmuşdur. Onun işdən çıxmağına 2 səbəb əsas kimi: həm attestasiya, həm də əmək imizaııumı pozduğum gösterilmişdir. Cavabdeh məhkəməyə 12 iyul 2021-ci il tarixli 22 saylı əmri təqdim edərək, guya 02 iyul 2021-ci il tarixli 20 saylı əmrin 3-cü bəndində dəyişiklik edərək, onun 12 iyul 2021-ci tarixindən işdən azad edilməsini bildirmişdir. Cavabdeh tərəf ona 12 iyul 2021-ci il 22 saylı əmr haqqında heç bir rəsmi və ya şifahi məlumat verməmişdir və bu barədə heç bir sübut yoxdur. Quba və Sumqayıt apellyasiya məhkəmələri onun işdən çıxarılmağına səbəb olan attestasiya nəticələrini ləğv etmişdir. Bir halda ki, onun ixtisası üzrə peşəkar olduğunu (Quba və Sumqayıt) məhkəmələri sübut etmişdir, ona görə də attestasiyaya görə verilən əmr necə qüvvədə qala bilər və əmək kitabçasına maddənin "c" bəndi ilə işdən çıxarılma yazılıbsa, artıq attestasiya nəticələri ləğv edildiyindən əmək kitabçasında həmin maddə ləğv edilməlidir və həmin maddə silinməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. İddiaçı işdən çıxarılması attestasiya komissiyasının nəticələri ilə əlaqədar olmuşdur. 02 iyul 2021-ci il tarixli, bületeni vaxtında təqdim etmədiyinə görə, 12 iyul 2021-ci il tarixli əmr verilmişdir. İddiaçıya institut tərəfindən başqa iş təklif olunmuşdur, həmin zaman keçirilmiş iclasa gəlmədiyini, bununla bağlı akt tərtib edilmişdir. İddiaçını attestasiya nəticələri ilə tanış etmək istəyən zaman o mübahisə yaratmışdır. İddiaçı tərəfindən iddia müddəti ötürdüyü səbəbindən onun tərəfindən verilən iddia rədd olunmalıdır. Müddətin keçməsi barədə Quba Rayon Məhkəməsinin dəftərxanasına 04 aprel 2022-ci il tarixdə ərizə verilmişdir və dəftərxana möhür vuraraq qəbul etmişdir. Lakin məhkəmə tərəfindən bu məsələ nəzərə alınmamışdır. Quba Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(027)-1073 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi R.Q.Hüseynov və Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uygun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçının işdən azad olunma əsası, yəni keçirilmiş attestasiya qərarının ləğv edilməsi olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunda meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin böyük elmi işçi vəzifəsində təyin edilmişdir. İşdə olan KT 032104 nömrəli diplomun surətindən görünür ki, H.Z.X15-texnikumunun meyvə-tərəvəz və üzümçülük fakültəsini aqronom dərəcəsi üzrə “fərqlənmə” diplomu ilə bitirmişdir. İş materiallarında olan LV 024448 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə “meyvə, tərəvəzçilik və üzümçülük” ixtisasını alim aqronom dərəcəsi üzrə Azərbaycan Kənd Təsərüfatı Akademiyasını bitirmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli, 20 saylı əmrindən görünür ki, keçirilmiş attestasiyanın nəticələrinə əsasən İddiaçı attestasiyadan keçməmiş hesab edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 01 iyul tarixədək, xx.xx.2021-ci il tarixdən 04 iyul tarixədək, xx.xx.2021-ci il tarixdən 10 iyul tarixədək bületendə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı müəssisənin xx.xx.2009-cu il tarixli 13 nömrəli əmri ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə onun əmək müqaviləsinə Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat institutunun 20 nömrəli əmri ilə attestasiya komissiyasının nəticələrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) uyğun olaraq xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbləri gözlənilməmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin 3-cü abzasının tələbi pozularaq, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə onun əmək müqaviləsinə xitam verildiyindən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun direktoru X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin ləğv edilməsi üçün müəssisəyə göstəriş xarakterli məktub göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutun xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin 3-cü bəndinə dəyişlik edilmiş, meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı və Ümumi analitik analizlər laboratoriyasının böyük elmi işçisi vəzifəsində işləyən X6 xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişlər. İşə əlavə olan Quba Rayon Məhkəməsinin 2(027)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna qarşı “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə işə bərpa edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli attestasiya nəticələri İddiaçı münasibətdə ləğv edilməsi, məcburi işburaxmaya görə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqı ödənilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Quba Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli 2(027)-1683/2021 saylı qətnaməsi qismən - məcburi işburaxmaya görə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən İddiaçı orta aylıq əmək haqqının ödənilməsi hissəsində ləğv edilmiş, və iddia həmin hissədə təmin edilməmiş, qətnamə - «Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli attestasiya nəticələri İddiaçı münasibətdə ləğv edilsin və İddiaçı işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutu tərəfindən dəyişdirilməsi nəzərə alınaraq, iddia həmin hissədə təmin edilməsin» hissələrində dəyişdirilmədən saxlanmışdır. Elm haqqında 14 iyun 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunun 25.3- 25.4-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatların elmi işçilərinin, mütəxəssislərinin və elmi xidmət sahəsi işçilərinin attestasiyası elmi müəssisə və təşkilatların elmi şuralarının qərarı ilə yaradılan attestasiya komissiyaları tərəfindən həyata keçirilir. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsinin işçilərinin attestasiyasının nəticələri yalnız məhkəmənin qərarı ilə ləğv edilə və ya dəyişdirilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü bəndində əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində əsasə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası cavabdehin iş üzrə iddia müddətinin tətbiqi barədə əriznin nəzərə almaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə kollegiyası iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunda meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin böyük elmi işçi vəzifəsinə təyin edilmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə keçirilmiş attestasiya nəticələri əsasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli, 20 saylı əmri ilə, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, cavabdeh Azərbacan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli attestasiya nəticələri İddiaçı münasibətdə ləğv edilmişdir. Sonradan məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun xx.xx.2021-ci il tarixli, 20 nömrəli əmrinin 3-cü bəndinə dəyişiklik edilmiş, meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2021-ci il tarixli attestasiya nəticələri Quba Rayon Məhkəməsinin 2(027)-1683/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən, həmin attestasiya nəticələri əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmr İddiaçı münasibətdə ləğv edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmrin tərtib edilməsinə səbəb xx.xx.2021-ci il tarixli attestasiya nəticələri olmuşdur. Bundan başqa, xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmr iddiaçıya təqdim edilməmiş və həmin əmrə münasibət bildirməsi üçün ona cavabdeh tərəfindən heç bir şərait yaradılmamışdır. İddiaçı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş müddətin ötürülməsi barədə ərizənin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırması müəyyən olunmuşdur ki, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutu iddiaçının qeyd etdiyi ərizə ilə, Quba Rayon Məhkəməsinə müraciət etməmiş və iş materiallarında müddətin ötürülməsi barədə ərizə mövcud deyildir. Məhkəmə cavabdehin izahatına münasibət bildirərərk qeyd edir ki, mülki iş üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət üçün iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli, 22 nömrəli əmri ləğv edilməli, işçiyə xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqı ödənilməli və iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Təhqiqat İnstitutunun meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin böyük elmi işçisi vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməli, qətnamə dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə 28 aprel 2022-ci il tarixli 2(027)-1073/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar