Məhkəmə qərarları › İş №2(105)-1631/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1631/2021

02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1631/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı oğlunun iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(067)-288/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(067)-288/2021 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilib, Cavabdeh 5000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(067)-288/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşı Anara əvvəllər bağ satmışdır. 2017-ci ilin dekabr ayında cavabdehə bağ almaq istədiyini bildirmişdir. Cavabdeh ona bildirmişdir ki, özünə məxsus Xaçmaz rayonu Mançaroba kəndində bağ torpağı vardır. Cavabdeh bağın hamısını 12 min manata satacağını bildirmişdir. Cavabdehin həyat yoldaşının və qardaşının yanında cavabdehə 5000 manat pul vermişdir. Cavabdeh torpaq sahəsinə aid olan sənədləri saxlamaq üçün ona vermişdir və razılaşmışlar ki, 7000 manatı bağ sənədlər onun adına rəsmiləşdirildikdən sonra verəcəkdir. Lakin cavabdehin ailə üzvləri arasında torpağın satılmasına narazıçılıq yaranmışdır. Cavabdeh pulunu qaytarmaqdan imtina edərək gözləməsini demişdir. Bu ilin sentyabr ayında cavabdeh qəti bildirmişdir ki, onun pulu qaytarmağa imkanı yoxdur. Ona görə də, Cavabdeh 5000 manat məbləğində pulun alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 09 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı ona məxsus torpaq sahəsinin 12.000 manat qarşılığında ona satılması, pulun 5000 manat hissəsinin verilməsinə baxmayaraq sonradan torpağı ona satmaqdan imtina etdiyini və hazırda aldığı 5000 manat pulu ona qaytarmadığına istinad edir. Halbuki bu belə deyildir. O, iddiaçının qardaşı Anar Baxışıova 2 torpaq sahəsi satmış və həmin torpaq sahəsindən ona 5000 manat borclu qalmışdır. Sonradan iddiaçı və qardaşı Anar Baxışov ondan aldıqları torpaqlardan istifadə etmək üçün onlarla yanaşı olan onun torpaq sahəsindəki evdən və digər rahatlıq əşyalarından istifadə etmək istədiklərini bildirmiş, onlara torpaq sahəsində mövcud ağaclardan istifadə etməklə əldə ediləcək gəlirin yarı bölünməsi qarşılığından razılığını bildirmişdir. İddiaçı və onun qardaşı illərlə onun torpaq sahəsindən istifadə etmiş, lakin ona heç bir pul verməmiş, torpaq sahəsinin boşaldılmasını tələb etdikdə bağ sahəsində olan ağacları məhv etmişlər. İddiaçının ondan tələb etdiyi 5000 manat pul onun özünün verdiyi pul deyil, onun qardaşı tərəfindən ona borcunun qarşılığında verilmiş puldur. İddiaçıdan heç bir məbləğdə pul almamış, bu halı təsdiq edən heç bir sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan JN 037F, kod 30217068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əslindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 nömrəli qərarı ilə X2 mülkiyyətinə Xaçmaz rayon Mənçər-oba kənd ərazisindən 0,18 hektar torpaq sahəsi verilmişdir. Daşınmaz əmlakın texniki qiymətləndirilməsi barədə “xxxx” MMC-nin 01 avqust 2014-cü il tarixli müqaviləsinin surətindən görünür ki, Xaçmaz rayon Mənçər-oba kənd ərazisində 0,18 hekrat torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 48,2 kv.metr tikilinin ümumi dəyəri 5780 manat təşkil edir. Cavabdeh tərəfindən Xaçmaz Rayon Məhkəməsinə ünvanlanmış 09 fevral 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Adışırin oğlunun iddiası ilə bağlı göstərmişdir ki, həqiqətən də, o, iddiaçıdan 5000 manat pul almışdır. Həmin məbləğ iddiaçının və onun qardaşının ona olan borclarının bağlanması ilə əlaqədar olub. Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli iclas protokolundan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, həqiqətən də iddiaçıdan 5000 manat pul almışır. Lakin həmin pul iddiaçının və onun qardaşının ona olan borclarının qaytarılması ilə əlaqədar olmuşdur. Torpaq sahəsinə dair sənədlərini iddiaçıya vermişdir. 0,18 ha torpaq sahəsini iddiaçıya satmaq istəmiş, lakin sonradan satmaqdan vaz keçmişdir. Cavabdeh və X6 arasında 15 avqust 2015-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Hacı X3 rayonu, Çiləgir kəndində yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsini 5400 manat qarşılığında X1. Cavabdeh və X6 arasında 16 sentyabr 2015-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Hacı X3 rayonu, Mənçəroba kəndində yerləşən ümumi sahəsi 0,16 ha torpaq sahəsini 5300 manat qarşılığında X1. Məhkəmə kollegiyasının iclasında X7 şahid qismində ifadə verərək bildirmişdir ki, Cavabdeh məxsus torpaq sahəsinin alınması üçün ona 5000 manat pul verilmiş, həmin pul qardaşı tərəfindən ödənilmişdir. Cavabdeh torpaq sahəsini onlara verilməsi öhdəliyini üzərinə götürsə də, torpaq sahəsini qardaşına verməmiş, 5000 manat pulu isə qaytarmaqdan yayınmışdır. Onun Cavabdeh 5000 manat borcu yoxdur və cavabdehin bu barədə irəli sürdüyü dəlillər əsassız olub, heç bir vaxt ona qarşı belə bir tələbi olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-cü maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilib, Cavabdeh 5000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(067)-288/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar