Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1635/2025 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pəncərələrin sökülməsi, qonşuluq hüququ) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "qanunsuz açılmış pəncərələrin və iki nəfəsliyin cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq cavabdeh Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayon, *** saylı ünvanında yerləşən evdən, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz açılmış 1 böyük pəncərənin və iki nəfəsliyin cavabdehin öz şəxsi vəsaiti hesabına sökülməsi, pəncərənin və nəfəsliyin bağlanaraq yerinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, torpaqlarının azadlığı uğrunda vuruşmuş və Qarabağ müharibəsi əlilidir. Cənab Prezident tərəfindən onlar qazilərə göstərilən diqqət və qayğı danılmazdır. Hazırkı iddia tələbi üzrə də onun bu pozulmuş hüquqlarının bərpa edilməsində ümidi məhkəməyədir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Uzun müddətdir ki, o və bacısının ailə üzvləri həmin evdə yaşayırlar. Sumqayıt şəhəri, 20-ci mikrorayon, Mətbuat küçəsi, *** saylı ev mülkiyyət hüququ üzrə qonşuluqda yaşayan Cavabdeh məxsusdur. Hal-hazırda evdə onunla birlikdə oğlu nümayəndə2 Qənbər oğlu və onun ailə üzvləri yaşayırlar. Cavabdeh Cavabdeh bir müddət sonra qanunsuz və özbaşına olaraq onun həyəti istiqamətində bir böyük pəncərə dəliyi və 2 kiçik nəfəslik açaraq plastik pəncərələr qoymuşdur. Onun tələblərinə baxmayaraq, pəncərələri sökməkdən imtina etmişdir. Cavabdeh tərəfindən quraşdırılan pəncərələr yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normala ziddir. Bundan əlavə qeyd edilən pəncərədən həyətlərinə dəfələrlə siqaret kötükləri atılır. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onun və ailə üzvlərinin rahatlığı və istirahət hüququ pozulur. Qeyd edilən bu hal müəyyən narahatlığa səbəb olmaqla yanaşı şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdehin bu hərəkətləri yaşadığı evdən və həyətyanı sahədən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi aşkardır. Bundan əlavə cavabdehə aid faktiki cizgi planına əsasən həmin yerdə pəncərələr mövcud olmamışdır. Cavabdeh özü sonradan açmışdır.
3. Cavabdeh Cavabdeh sonradan iddia tələbinə qarşı etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Onun evi iddiaçının evi ilə eyni vaxtda tikilmişdir. İddiaçı ev tikdirmiş və onların hasarı arasında 60 sm məsafə saxlamışdır. Hasardan sonra isə hasarla onun evi arasındakı məsafə 1.40 sm-dir. O vaxt iddiaçı görürdü ki, onun evində 1 pəncərə, 2 nəfəslik var, evini aralıda tikə bilərdi, yaxud onun həyəti tərəfə pəncərə qoymaya bilərdi. O da evini elə tikdirmişdir ki, onun da 2 pəncərəsi onun həyətinə baxır, həyətinin içi tam görünür. Onun pəncərələri ilə hasarının arası 3 metr təşkil edir, üstəlik pəncərələrinin ikisi də şəffaf şüşədəndir. Evi ilə evinin arasında 60 sm məsafə saxlamağı tikinti normalarına zidd olmuşdur. Cavabdehin evinin iddiaçının həyətinə baxan pəncərələrinin isə şüşəsi buzlu şüşədəndir. Yəni onun həyəti görünmür və onlar ümumiyyətlə o pəncərəni açmırlar. Nəfəsliklər isə döşəmədən 2 metr yüksəklikdə yerləşir və iddiaçıya heç bir maneçilik yoxdur. Siqaret iyi və işlənmiş qazlar barədə ərizədə göstərilənlər isə yalandır. Onun evində siqaret çəkən yoxdur.1975-ci il təvəllüdlü oğlu Abdullayev İsgəndər 2011-ci ildən birinci qrup əlildir, serebral iflicdir, zorla yeriyir. Onun özünün də 69 yaşı var, 20 ildir ki, ikinci qrup əlildir. Digər oğlu Aslan, ümumən heç bir ailə üzvü siqaret çəkən deyildir. O, evini də qanuni əsaslarla inşa etdirmişdir. Evin yerləşdiyi torpaq sahəsinin də # ### 2014-cü il tarixli, ******* saylı çıxarışı-mülkiyyət sənədi vardır. Dövlət Torpaq və XK tərəfindən torpaq sahəsinin planı və ölçü sənədləri, qonşu sərhədləri və s. müəyyən olunaraq təsdiq olunmuşdur. Ev isə AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş ## ### 2019-cu il tarixli lisenziya ilə layihələşdirilmişdir. Yaşayış evinin planı tərtib olunmuş, evin sputnikdən çəkilişi həyata keçirilmiş, bütün texniki göstəricilər, evin ümumi görünüşü və s. layihədə öz əksini tapmışdır. Bundan əlavə, “xxxx” MMC Memarlıq planlaşdırma bölməsi tərəfindən EL-385/2019 ** saylı qeydiyyat nömrəsi ilə də ona məxsus fərdi yaşayış evi qanuni əsaslarla planlaşdırılmışdır. Beləliklə, iddiaçı özü ev tikintisinə dair noramaları pozaraq fərdi evlər arasında 5 m ara məsafəsi olmasını gözləməli olduğu halda evini onun hasarı arasında 60 sm məsafə saxlamış və üstəlik 2 pəncərəsini də onun həyəti istiqamətində açmışdır.
4. ##.##.2025-ci il tarixli, ************ nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam payda ##.##.2021-ci il tarixdə, 1421013802 qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ##.##.2014cü il tarixdə, 1414006704 qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz açılmış pəncərənin və iki nəfəsliyin cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 157.4, 170.1, 170.2, 171.1 və 171.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 50.0.3, 77.1, 119.1, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Mülki işin materiallarından göründüyü kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüquq üzrə ona məxsusdur. Sumqayıt şəhəri, 20-ci mikrorayon, Mətbuat küçəsi, *** saylı ev mülkiyyət hüququ üzrə qonşuluqda yaşayan Cavabdeh məxsusdur. Cavabdeh Cavabdeh qanunsuz və özbaşına olaraq onun həyəti istiqamətində 1 böyük pəncərə dəliyi və 2 kiçik nəfəslik açaraq plastik pəncərələr qoymuşdur. Onun tələblərinə baxmayaraq, pəncərələri sökməkdən imtina etmişdir. Cavabdeh tərəfindən quraşdırılan pəncərələr yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Bundan əlavə qeyd edilən pəncərədən həyətinə dəfələrlə siqaret kötükləri atılır. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onun və ailə üzvlərinin rahatlığı və istirahət hüququ pozulur. Qeyd edilən bu hal müəyyən narahatlığa səbəb olmaqla yanaşı şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdehin bu hərəkətləri yaşadığı evdən və həyətyani sahədən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi aşkardır. Bundan əlavə cavabdehə aid faktiki cizgi planına əsasən həmin yerdə pəncərələr mövcud olmamışdır. Cavabdeh özü sonradan açmışdır. Halbuki, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # ######## 2000-ci il tarixli *** №-li qərarının 1.1-ci bəndində qeyd edilir ki, Respublika ərazisində yeni tikilən bina və qurğuların, mühəndisnəqliyyat təminatı obyektlərinin yer üzərində yerləşdirilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri əsasında layihələşdirilməsi və inşa edilməsi qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq yerinə yetirilməlidir. AzərbaycanRespublikasınınŞəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinin tələbindən görünür ki, tikinti layihəsi şəhərsalma və tikintiyə dair normativ sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir. Cavabdehin təqdim etdiyi “xxxx” MMC-nin tərtib etdiyi Memarlıq Planlaşdırma bölməsindən görünür ki, cavabdehə məxsus fərdi yaşayış evinin layihə sənədi qeyd edilən normanın tələbi baxımından müvafiq icra həkimiyyəti orqani tərəfindən razılaşdırılmamış və təsdiq edilməmişdir. Təqdim etdiyi fotoşəkillərdən görünür ki, mübahisə edilən pəncərələr sonradan divar dağıdılmaqla yerləşdirilmişdir. "Memarlıq fəaliyyəti haqqında "Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 7-cı abzasına əsasən tikintiyə icazə memarlıq layihəsi mövcud qaydalar əsasında təsdiq edildikdən və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdikdən sonra həmin orqan tərəfindən sifarişçiyə verilən rəsmi icazə sənədidir. Cavabdehin isə təqdim etdiyi layihədən göründüyü kimi layihə qeyd edilən qanunun təlibinə uyğun şəkildə işlənilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən normanın tələbinə əhəmiyyət verməmiş və sonda ədalətsiz məhkəmə aktı qəbul etmişdir. Brinci instansiya məhkəməsi maddi hüquq normaları illə yanaşı hazırkı prosessual normaların tələbini pozaraq sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində sübutların tədqiqi hissəsində qeyd edir ki, “hazırkı halda iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən iddiaçının bağlanmasını istədiyi pəncərə nəfəslik hissəsi saxlanılmaqla plastik materialla bağlanmış, digər iki nəfəsliyin isə qalmasına iddiaçı özü də etiraz etməmişdir. Lakin pəncərənin nəfəslik hissəsinə qədər daş vasitəsilə bağlanmasını cavabdehdən tələb etmişdir”. Birinci instansiya məhkəməsinin bu sübut növünü qəbul etmir. Belə ki, tərəflər arasında mübahisəyə məhkəmədə baxılan zaman cavabdeh mübahisə edilən pəncərəni plastik materialla bağlamış, lakin qətnamə qəbul edilməmişdən bir neçə gün qabaq sonradan quraşdırdığı plastik materialları sökərək pəncərəni əvvəlki vəziyyətinə gətirmişdir. Sual olunur ki, cavabdeh necə bilə-bilərdiki, məhkəmə onun iddia tələbini təmin etməyəcək. Birinci instansiya məhkəməsi müşavirə sirrini əvvəlcədən cavabdehə bildirmiş, cavabdeh də yekun məhkəmə qətnaməsi qəbul edilməmiş plastik materialları sökərək pəncərəni əvvəlki vəziyyətinə gətirmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. ## ###### 2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İş üzrə iddiaçı İddiaçı və onun nümayəndəsi nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
21. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, ünvan 2 ərazisində yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İddiaçı ona məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahəsində inşa edilmiş *** saylı evdən, onun fərdi yaşayış evinin həyətinə qanunsuz açılmış 1 böyük pəncərənin və iki nəfəsliyin cavabdehin öz şəxsi vəsaiti hesabına sökülməsi, pəncərənin və nəfəsliyin bağlanaraq yerinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəfindən quraşdırılmış pəncərə və nəfəsliklər yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır, bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir.
23. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilməmişdir /bax bənd 7/.
24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Pəncərənin və nəfəsliyin bağlanması barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin pəncərənin və nəfəsliklərin açılmasının iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun şəxsi həyatına qeyri-mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır.
25. Təqdim edilən foto şəkillərdən müəyyən edilir ki, cavabdehə məxsus mənzildə mövcud olan 3 (üç) ədəd nəfəslik yerdən kifayət qədər hündürdə yerləşməklə iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Eyni zamanda iddiaçı tərəfindən həmin pəncərədən onun həyətyanı torpaq sahəsinə hər hansı tullantının atılması kimi istifadə edilməsini təsdiq edən hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. Belə olan halda həmin nəfəsliklərin mövcudluğu nəticəsində iddiaçının hər hansı bir hüququnu pozduğu müəyyən olunmur. Halbuki həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış fiziki və hüquqi şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər.
26. Bundan başqa məhkəmə həmin pəncərə və nəfəsliklərin tikilməsinin tikinti norma və qaydalarına uyğun olmaması ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
27. Məhkəmə qeyd olunanlara istinadən hesab etmişdir ki, iddiaçının sökülməsini istədiyi pəncərə və nəfəsliklərin mövcudluğunun iddiaçının hər hansı hüquq və mənafeyinə toxunması halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir.
28. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
29. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab etmişdir ki, mübahisələndirilən məsələ xüsusi bilik tələb olunan halların araşdırılması ilə bağlı olduğundan iş üzrə obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyinin tədqiqatının nəticə hissəsində göstərilmişdir: Birinci sual üzrə: - Sumqayıt şəhəri, 20-ci mikrorayonda yerləşən *** saylı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən, sahələri 14.4 kv.metr və 10.5 kv.metr olan yaşayış otaqları üzrə 2 ədəd pəncərənin, sahəsi 5.7 kv.metr olan hamam otağı üzrə 1 ədəd nəfəsliyin və sahəsi 1.2 kv.metr olan sanitariya qovşağı üzrə 1 ədəd nəfəsliyin tədqiq olunan fərdi yaşayış evinin arxa fasad divarında, yəni iddiaçıya məxsus olan fərdi yaşayış evi istiqamətində quraşdırıldığı və həmin pəncərələrin “xxxx” MMC tərəfindən tərtib edilmiş Memarlıq Planlaşdırma bölməsində və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli texniki pasportda öz əkslərini tapdıqları müəyyən edilmişdir. İkinci və üçüncü suallar üzrə: - Tikinti Norma və Qaydaları 2.08.01.89-un tələblərinə əsasən yaşayış otağının təbii işıqla təmin olunmalı olduğunu, AzDTN 2.7-2 Yaşayış binalarını layihələndirmə normalarının 9.6 bəndinin tələblərini, AzDTN 2.7-3 Fərdi Yaşayış evləri layihələndirmə normalırının 8.14 bəndinin tələblərini, eləcə də tədqiq olunan pəncərələrin yerləşdiyi tikililərin yalnız bir tərəfədən xarici divarla əhatə olunduğunu, digər divarlarının isə başqa tikililərlə əhatə olunduğunu nəzərə alaraq, tədqiq olunan pəncərələrin Tikinti Norma və Qaydaları 2.08.01.89-un, AzDTN 2.7-2 Yaşayış binalarını layihələndirmə normalarının 9.6 bəndinin və AzDTN 2.7-3 Fərdi Yaşayış evləri layihələndirmə tələblərinə əsasən bağlanması mümkün deyil.
31. Məhkəmə kollegiyası iş üzrə əldə edilmiş ekspert rəyini tədqiq edib, subut növü olaraq qəbul edir. Ekspert rəyi ilə müəyyən edilmiş halları və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
32. Kollegiya vurğulayır ki, qanunvericiliyin göstərişinə əsasən qonşu əmlakın mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət əsasında hərəkət etməli, qonşuluq hüququnu həyata keçirilməsini təmin etməlidirlər.
33. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikası MPM-nin 117.2.-ci maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri dövlət hesabına aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.