Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-164/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(012)-5604/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli 7F- 12363 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 may 2016-cı il tarixdə Bakı şəhəri 9 saylı Xüsusi Notariat Kontorunda o, ünvan 1 ünvanında qeydiyyatda olan X10 ilə borc müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə, o, X8 mülkiyyətinə, əməli idarəçiliyinə 100000 ABŞ dolları pulu 31 iyul 2016-cı il tarixədək müddətinə (xx.xx.2016-cı il tarixdən, xx.xx.2017-ci il tarixədək) qaytarmaq şərti ilə faizsiz borc şəklində vermişdir. X10 isə öz öhdəsinə götürmüşdür ki, xx.xx.2016-cı tarixdə götürdüyü 100000 ABŞ dolları borc pulun axırıncı qalığını xx.xx.2017-ci il tarixdən gec olmayaraq ona qaytarmalıdır. Öhdəlikləri icra edərkən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Borc müddətinin başa çatmasına və borcluya borcu qaytarması barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək, götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə 7F-12363 saylı icra qeydi icraya yönəldilmişdir. 07 may 2018-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən X8 inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol əsasında Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Protokolda qeyd edilmişdir ki, borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb edilməlidir. Maddədə deyilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Abşeron rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli 3(012)-696/2018 saylı qərarına əsasən X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin borcun alınıb ona qaytarılmasını təmin etmək mümkün olmamışdır. Bununla da borclu X10 barəsində qanunvericiliyin tələblərinə əsasən ciddi tədbirlər görmək mümkün deyildir. Odur ki, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 7F-12363 saylı icra qeydinin ləğv edilməsi zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını obyektiv araşdırmamış, qanunsuz, əsassız və qərəzli qətnamə çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının ərizəsində qeyd etdiyi halların icra qeydinin ləğvi üçün əsas ola bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, şikayətin təmin edilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ilə Fuad Əliyev arasında borc müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2016-cı il tarixdə icra qeydinin verilməsi işin mübahisəsiz halıdır. İşdən görünür ki, iddia tələbi icra qeydinin ləğvi barədədir və tələbin əsası kimi borclu barəsində qanunvericiliyin tələbinə əsasən ciddi tədbirlər görməyin mümkün olmamasına istinad etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 1-ci və 6cı bəndlərinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir (“Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 78-ci maddəsi). “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əsasən iddiaçının icra qeydinin ləğvi barədə ərizəsində göstərdiyi hal (borclunun barəsində ciddi tədbirlər görməyin mümkün olmaması) mövcud icra qeydinin ləğvi üçün hüquqi əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq icra qeydinin ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-164/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-164/2023
25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver