Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1643/2025 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı (sonuncu məhkəmə iclaında iştirak etməmişdir), onun vəkili və nümayəndəsi Nümayəndə2, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4015/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 0598595 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Qobu qəsəbə xəstəxanasının ambulator şöbəsinə ailə həkmi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, 18-1-20/3-1-432/2025 nömrəli əmrlə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
2. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Xəstəxanasında keçirilmiş Tibbi Şura iclasının xx.xx.2025-ci il tarixli, 3 nömrəli protokolundan görünür ki, Qobu ASM-in ailə həkimi-pediatr İddiaçı tərəfindən müəssisə daxilində təlimat ciddi şəkildə pozulub, Qobu ASM-in bölmə müdirinin məlumatı olmadan, heç bir qeydiyyat və müayinə aparılmadan J06.9 “Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası” diaqnozu ilə 39 günlük arayış verilərək tibbi sənədlər saxtalaşdırıldığı üçün işdən azad edilməsi və yazılı məktub hazırlanaraq, müzakirə üçün Abşeron Rayon Səhiyyə X7 göndərilməsi, münasibət bildirilməsi və onun əsasında hüquq mühafizə orqanlarına müraciət olunması qərara alınmışdır.
3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 18-1-20/3-1-432/2025 №-li əmək mqaviləsinə xitam verilməsi haqqında Əmri ilə “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İlkin səhiyyə xidmətləri X17 Sağlamlıq Mərkəzinin ailə həkim-pediatrı İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) bəndinə (72-ci maddəsinin “e” bəndinə əsaslanaraq əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi və ƏM-in 72-ci maddəsinin “e” bəndinə əsaslanaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əsasən xx.xx.2025-ci il tarixindən etibarən xitam verilmişdir.
4. Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və ayrılmış materialların aidiyyəti üzrə göndərilməsi haqqında Abşeron rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas İ.T.Eldarovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı vəzifə saxtakarlığı etməsinə dair hissədə və İddiaçı özünə xəsarət yetirərək intihara cəhd etməsinə dair hissədə CM-nin 313 və 125-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyi üçün toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi rədd edilmiş, İddiaçı rəsmi sənədi saxtalaşdırmasına dair hissədə əməldə CM-nin 320-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün ayrılmış material Abşeron RPİ-yə göndərilmişdir.
5. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru V.R.Rzayevin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə İddiaçı əməli birmənalı olaraq Azərbaycan Respublikası CM-nin 178, 320.1 və 320.2-ci maddələri ilə qiymətləndirilməsi və barəsində cinayət işinin başlanmağı rədd edilmiş, İddiaçı yüngül dərəcəli bədən xəsarəti kənar şəxs tərəfindən yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 128 və 221-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir.
6. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Ş.S.Baxışlının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə İddiaçı əməli birmənalı olaraq Azərbaycan Respublikası CM-nin 178, 320.1 və 320.2-ci maddələri ilə qiymətləndirilməsi və barəsində cinayət işinin başlanmağı rədd edilmiş, İddiaçı yüngül dərəcəli bədən xəsarəti kənar şəxs tərəfindən yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 128 və 221-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 25 aprel 2025-ci il tarixli 18-1-20/3-1-432/2025 saylı əmrinin ləğv edilməsi, işə bərpa və işdən qanunsuz uzaqlaşdırıldığı müddət ərzində məcburi iş buraxmaya görə əməkhaqqının və ona dəymiş mənəvi ziyana görə 10.000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin yanvar ayında həkimlərin təkmilləşdirilmiş işə qəbul imtahanında iştirak edərək yüksək bal toplayaraq, həm baza, həm praktikadan keçərək, 2014-cü il fevralın 22-də X10 (2018-ci ildən Qobu Ailə Sağlamlıq Mərkəzi adlanır) işə düzəlmişdir. 11 il orada ailə həkimi - pediatr kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direkoru X3 25 aprel 2025-ci il tarixli 18-1-20/3-1-432/2025 saylı əmrinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) və 72-ci maddəsinin “e” bəndinə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi), 72-ci maddəcinin “e” bəndinə (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi) əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin qeyd edilən əmri qanunsuz və əsassızdır. Peşəsinə olan dərin sevgisi, məsuliyyətli yanaşması və daim öz üzərində çalışmaq meyli ilə seçilmişdir. Əmək fəaliyyəti dövründə heç bir intizam pozuntusuna, töhmətə və ya şikayətə məruz qalmamışdır. Həmişə məsuliyyətli, vicdanlı və peşəkar həkim kimi tanınmışdır. xx xxxxxxxx 1988-ci ildə Ermənistanın Amasiya rayonunun Yeniyol kəndində doğulmuşdur. Valideynləri və o, Ermənistandan qaçqın düşmüşlər. Qaçqın statusları vardır. X4 1959-cu ildə Ermənistanın Amasiya rayonunda doğulmuş, 1988-ci ildə məlum hadisələrlə əlaqədar daimi yaşayış yerini tərk edərək, Bakı şəhərinə gələrək Suraxanı rayonunda məskunlaşmışdır. X2 1965-ci ildə Ermənistanın Amasiya rayonunda doğulmuş, 1988-ci ildə məlum hadisələrlə əlaqədar daimi yaşayış yerini tərk edərək, Bakı şəhərinə gələrək Suraxanı rayonunda məskunlaşmışdır. Ailələrində yeganə işləyən və ailəyə qazanc gətirən şəxs özüdür, ailəsinin bütün maddi və mənəvi yükü onun üzərindədir. 2013-cü ildə Tibb Universitetini bitirmişdir. 18 mart 2024-cü ildə həkimlərin sertifikasiyasından yüksək bal toplayıb keçmişdir. İşlədiyi 11 il ərzində ona nə xəbərdarlıq, nə töhmət verilmiş, barəsində Qobu Ailə Sağlamlıq Mərkəzinə narazılıq və vətəndaş şikayəti daxil olmamış, TƏBİB-in qaynar xəttinə bu günə qədər ondan heç bir şikayət daxil olmamışdır. 2024-cü ilin dekabr ayından Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor Səkinə Sadıxova təyin olunmuşdur. S.Sadıxova həmin vaxtdan indiyə qədər üç həkimi işdən azad etmiş, onlara öz ərizələrini yazıb işdən çıxmasalar, ağır maddələrlə işdən çıxaracağı barədə xəbərdarlıq etmiş və nəticədə 3 ailəni çətin vəziyyətdə qoymuşdur. 2024-cü ilin 31 oktyabrında Qobu Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olan X8 “ev şəraitində xəstə olduğu” barədə 7 saylı peşə məktəbinə təqdim etməsi üçün tibbi arayış vermişdir. Həmin uşağa evlərində baş çəkib xəstəliyinə dair (kəskin bronxit) və immunitetin möhkəmlənməsi üçün müalicə yazmışdır. Əslində uşağın valideynlərinə Mərkəzə gəlib uşağın adını sistemə salmasını bildirmiş, lakin Zəhranın valideynləri səhlənkarlıq edib Mərkəzə gəlməmişlər. 25 may 2025-ci il tarixdə Zəhranın anası X5 ona ərizə ilə müraciət edərək, bir daha bunları təsdiq etmişdir. 2025-ci ilin martında 7 saylı peşə məktəbinin direktoru sorğu verərək uşaqların adlarının sistemdə olub-olmadıqlarını xahiş etmişdir. Aprel ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasında 2 dəfə Tibbi Şura keçirilmişdir. Təklif olunmuşdur ki, “ya özün könüllü ərizə yaz, çıx işdən, ya da özümüz səni maddələrlə çıxaracağıq”. Aprelin 11-də onu Abşeron Rayon Mərkəzi Xəstəxanasına dəvət etmişlər. Həmkarlar İttifaqının sədri Lalə xanım ona əmri oxumuşdur. O etiraz etmiş, onların verdiyi sənədlərə imza etməmişdir. O, işdən çıxarılmasına etiraz etdiyi üçün direktorun göstərişi ilə xəstəxananın 5 nəfər mühafizəçisi əlindən, qolundan tutmuş, paltarını yuxarı qaldırmış, sürüyərək onu bayıra çıxarmışlar. Onlar ona qarşı vicdansızcasına hərəkət edərək şərəf və ləyaqətini alçaltmışlar. Həmin yerdə kamera da olmuşdur və əgər kameraya baxış keçirilərsə, həmin hadisəni izləmək olar. O, 11 ilin həkimi, azəbaycanlı xanımı ağlayaraq, alçalmış və ləyaqəti alçaldılmış vəziyyətdə, evə gəlmiş, atası, anasına, gəlinlərinə, bacı-qardaşına bu barədə məlumat vermişdir. Hətta həmin gün özünə sui-qəsd etməyə cəhd edərkən valideynləri bunun qarşısını almışlar. Sonradan bir anlıq onun yoxluğuna valideynlərinin tab gətirə bilməyəcəklərini düşünüb özündə güc taparaq pozulmuş hüquqlarının bərpasına nail olmaq üçün sonuna qədər mübarizə aparmaq qərarına gəlmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direkoru X3 25 aprel 2025-ci il tarixli 18-1-20/3-1-432/2025 saylı əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Baxmayaraq ki, ilk dəfə səhvə yol verdiyi üçün ona xəbərdarlıq edilə və ya töhmət verilə bilərdi. Hesab edir ki, əmək müqaviləsinə dərhal xitam verilməsi ona qarşı ədalətsizlikdir və bu, insan hüquqlarının, humanizm prinsiplərinin pozulmasına gətirib çıxarır. O, 25 aprel 2025-ci il tarixli 18-1-20/3-1-432/2025 saylı əmrə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) və 72-ci maddəsinin “e” bəndi (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi) ilə qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Bir Azərbaycan gənci kimi bu cür işdən azad olunması onun üçün dözülməzdir. Ona görə də cavabdehin qanunsuz əmri həkimlik həyatında malik olduğu nüfuza pis təsir etmiş, bu sarsıntılar onun və ailəsinin şəxsi səhhətinə olduqca mənfi təsir göstərmişdir. Bu hal mənfi psixoloji reaksiyaya səbəb olmuş, mütəmadi olaraq narahatçılıq hissləri keçirmiş və onunla yaşayan ailə üzvləri psixoloji təsirlərə düçar olmuş və bütün bu hadisələrə görə iztirab çəkərək psixoloji vəziyyəti kritik həddə çatmışdır. Hətta əmrin oxunduğu tarixdə o, evə gələrək özünə sui-qəsd etməyə cəhd etsə də, valideynləri bunun qarşısını alaraq, onu səbrli olmağı və işinə bərpa olunmağı üçün mübarizə aparmağını tövsiyə etmişlər.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, xəstə olduğu üçün 39 günlük arayış verilmiş, qızdırması qalxmış və boğazı ağrımışdır. Anası ilə birgə xəstəxanaya getmişdir. Vəziyyəti ağır olduğu üçün - qızdırması qalxdığından 2-3 gün sonra xəstəxanaya getmişdir. Arayışı verdikdən 10-15 gün sonra peşə məktəbinə yaxınlaşmışdır, çünki, təqaüdü kəsilmişdir. Ona bildirilmişdir ki, təqdim etdiyi arayış keçərli deyildir.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4015/2025 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abasova) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 25 aprel 2025-ci il tarixli 18-1-20/3-1-432/2025 saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Abşeron rayonu, Qobu qəsəbə Ailə-Sağlamlıq Mərkəzində pediatr-həkim vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçının əməlində cinayət tərkibinin olmasına dair məhkəmənin hökmü olmadan, yəni onun yuxarıda göstərilən normada qeyd olunan hüquqpozmaları törətməsi sübuta yetirilmədən onu tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, cavabdeh mübahisələndirilən əmrdə işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini qeyd etsə də, məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmrin verilməsi üçün əsaslardan biri də peşə məktəbindən gələn məktubda göstərilib ki tələbə dərsdən yayınıb, arayışları müəssisə üzürlü saymamışdır. Halbuki, həmin araşdırmanın nəticələrinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən İddiaçı rəsmi sənədi saxtalaşdırmasına dair hissədə əməldə CM-nin 320-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün ayrılmış material Abşeron RPİ-yə göndərilmiş, lakin şəxs barəsində heç bir inzibati araşdırma aparılmamışdır. İddiaçının işdən azad edilməsi barədə əmrdə əsas kimi yalnız Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron rayon şöbəsindən rayon prokurorluğuna “Abşeron rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi nəzdində Abşeron rayonu, Qobu qəsəbə Ailə-Sağlamlıq Mərkəzində pediatr-həkim vəzifəsində çalışmış İddiaçı müxtəlif məktəb və lisey şagirdlərinə saxta möhür əsasında tibbi arayışlar verməsi barədə material olmasını göstərilmişdir. Beləliklə, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr ləğv edilməli və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə o, həmin əmrdən əvvəl işlədiyi vəzifəyə bərpa edilməlidir.
12. Məhkəmə mənəvi zəərlə bağlı hissədə qeyd etmişdir ki, iddia tələbi cavabdehdən 10.000 manat məbləğində mənəvi zərərin tutulması hissəsində sübuta yetmədiyi üçün təmin edilməməlidir. İddiaçı 10.000 manat məbləğində mənəvi zərərin tutulması ilə bağlı vermiş olduğu iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 3.5, 45.1, 68.1, 76.1, 76.2, 83.1, 83.2, 84.1, 172.5, 290.3, 296.1, 296.2, 300cü madələrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını araşdırmadan, yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinad edərək yekun nəticəyə gəlmişdir. İddiaçı Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə əsası olmadan saxta tibbi arayışlar vermişdir. Belə ki, həmin tibbi arayışlar 39 günü ehtiva etməklə yanaşı, həkim məsləhət komissiyasının möhürü də yoxdur. Göründüyü kimi iddiaçının əməlində cinayət tərkibinin əlamətləri də mövcud olduğundan onun bu cür məsuliyyətli peşədə çalışması məqbul hesab edilmir. Məhkəmə qeyd olunan faktları araşdırmadan əsassız və qərəzli qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
19. Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
20. Maddə 63. Təqsirsizlik prezumpsiyası İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
21. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
22. Maddə 11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
23. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
24. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. (...) 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
25. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
26. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
27. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər (...) 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
28. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. (...)
24. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
35. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
37. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
39. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...
41. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
42. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
43. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, Qobu qəsəbə xəstəxanasının ambulator şöbəsinə ailə həkmi vəzifəsi üzrə İddiaçı ilə xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdrinin “işdən azad olma haqqında” xx.xx.2025-ci il tarixli 18-1-20/3-1-432/2025 №-li əmri xx.xx.2025-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) bəndinə (72-ci maddəsinin “e” bəndinə əsaslanaraq əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi və ƏM-in 72-ci maddəsinin “e” bəndinə əsaslanaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əsasən xitam verilmişdir.
46. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
47. Əmək müqaviləsinin ləğv edilməsinə yol verən şərtlərdən biri də, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsidir. (maddə 72, e).
48. Cavabdeh apellyasiya şikayətində iki hala istinad etmişdir. Bunlardan birincisi iddiaçının cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi, ikincisi isə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər, hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi.
49. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə. (...)
50. İş materiallarına əsasən müəyyən olunur ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Ş.S.Baxışlının xx.xx.2025-ci il tarixli qərarına əsasən toplanmış material üzrə İddiaçı əməli birmənalı olaraq Azərbaycan Respublikası CM-nin 178, 320.1 və 320.2-ci maddələri ilə qiymətləndirilməsi və barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı yüngül dərəcəli bədən xəsarəti kənar şəxs tərəfindən yetirilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 128 və 221-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir.
51. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verdiyini və hüquq pozuntuları törətdiyini qeyd etsə də, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
52. Göründüyü kimi, cavabdeh iddiaçının əməlində cinayət tərkibinin olmasına dair məhkəmənin hökmü olmadan, yəni onun yuxarıda göstərilən normada qeyd olunan hüquqpozmaları törətməsi sübuta yetirilmədən onu tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, cavabdeh mübahisələndirilən əmrdə işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini qeyd etsə də, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmrin verilməsi üçün əsaslardan biri də peşə məktəbindən gələn məktubda göstərilib ki, tələbə dərsdən yayınıb, arayışları müəssisə üzürlü saymamışdır. Halbuki, həmin araşdırmanın nəticələrinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən İddiaçı rəsmi sənədi saxtalaşdırmasına dair hissədə əməldə CM-nin 320-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün ayrılmış material Abşeron RPİ-yə göndərilmiş, lakin şəxs barəsində heç bir inzibati araşdırma aparılmamışdır. İddiaçının işdən azad edilməsi barədə əmrdə əsas kimi yalnız Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron rayon şöbəsindən rayon prokurorluğuna “Abşeron rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi nəzdində Abşeron rayonu, Qobu qəsəbə Ailə-Sağlamlıq Mərkəzində pediatr-həkim vəzifəsində çalışmış İddiaçı müxtəlif məktəb və lisey şagirdlərinə saxta möhür əsasında tibbi arayışlar verməsi barədə material olmasını göstərilmişdir. Beləliklə, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır.
53. İşin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirilən əmrinin əmək qanunvericiliyinin tələblərinin pozulması ilə verilməsi işin faktiki halları və sübutlarla öz təsdiqini tapmışdır.
54. Göstərilənlərə əsasən kollegiya həmçinin hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verildiyindən, həmin əmrin ləğvi və məcburi iş buraxma müddəti üçün iddiaçıya əmək haqqının da hesablanaraq ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
56. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4015/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.