Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1645/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülkiyyət hüququna dair qeydin bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(067)-351/2022 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair "xxxx" BOKT MMC-nin adına cavabdeh tərəfindən aparılmış mülkiyyət hüququna dair qeyd və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ona məxsus Quba rayonu, 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracdan satılması qət edilmişdir. Evi "xxxx" MMC-nin təşkil etdiyi hərracda onun məlumatı və iştirakı olmadan xx.xx.2018-ci il tarixdə "xxxx" BOKT-a satılmış, hərracın nəticələrinə dair yekun protokola əsasən həmin ev onun mülkiyyəti kimi qeydə alınmış və çıxarış verilmişdir. O, həmin hərracdan məlumat alan kimi həmin hərracın yekun protokolunu əldə etmiş və hərracın etibarsızlığı barədə məhkəmədə iddia qaldırmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)- 1305/2021 saylı qətnaməsinə əsasən həmin hərrac etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini alandan sonra o, həmin qətnaməni təqdim etməklə cavadehə müraciət edərək PSG Finansa məxsus mülkiyyət hüququna dair qeydin və çıxarışın ləğv edilib ilkin vəziyyətə qaytarılması və onun çıxarışının bərpa edilməsini xahiş etmişdir. Cavabdeh məktubla ona cavab vermişdir ki, qətnamədə həmin qeydin və çıxarışın ləğv edilməsi barədə öhdəlik olmadığına görə ərizəsi təmin edilməmişdir. Ona görə də o, hazırkı iddia ilə məhkəməyə müraciət edir. PSG Finansın adına qeydin aparılması və çıxarışın verilməsinə hüquqi əsas olmuş hərracın nəticələrinə dair yekun protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi halda, bu əsaslarla edilmiş qeydiyyat və verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, “Daşınmaz Əmlakın Dövlər reyestri haqqında” AR Qanununun 8.0.2. maddəsinə əsasən, hərracın nəticələrinə dair yekun protokolu əmlak üzərində hüquqların əmələ gəlməsinin əsasları kimi nəzərdə tutulmuşdur, bu əsas məhkəmə qaydasında etibarsız hesab edildiyi üçün artıq PSG Finansın bu əmlaka hüququnun yaranma səbəbi mövcud deyildir, ona görə də sonuncunun adına aparılmış qeydiyyat və bunun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC-nin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, Quba rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən İddiaçı məxsus Quba rayonu,1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracdan satılması qət edilmişdir. Ev "xxxx" MMC-nin təşkil etdiyi hərracda xx.xx.2018-ci il tarixdə "xxxx" BOKT-a satılıb və hərracın nəticələrinə dair yekun protokola əsasən həmin ev "xxxx" BOKT-nin mülkiyyəti kimi qeydə alınıb və çıxarış verilib. Sonradan İddiaçı həmin hərracın etibarsızlığı barədə məhkəmədə iddia qaldırıb və Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1305/2021 saylı qətnaməsinə əsasən həmin hərrac etibarsız hesab edilib. Hazırda "xxxx" BOKT işdə ən çox zərər çəkən şəxs olsa da, "xxxx" BOKT-nin adına aparılmış mülkiyyət qeydinin və verilmiş Çıxarışın ləğv edilməsinə etiraz etmir. "xxxx" BOKT tərəfindən Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1305/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilməyib. Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(067)-351/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Quba rayonu Birinci Nügədi kəndində 0,20 ha torpaq sahəsində fərdi yaşayış evinə dair "xxxx" BOKT MMC-nin adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın və mülkiyyət hüququna dair qeydin ləğv edilməsi qət edilmişdir. (hakim Sərxan Səmədzadə) Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiаçı "xxxx" BOKT MMC ilə cavabdeh İddiaçı arasında xx.xx.2014-cü il tarixli, 003 nömrəli krеdit müqаviləsi bağlanmış və bu müqaviləyə əsasən illik 26% olmaqla 36aylıq müddətinə cavabdehə 35000 (otuz beş min) manat məbləğində krеdit vеrmişdir. Cavabdeh kredit müqviləsi üzrə müəyyən olunmuş öhdəliklərini pozduğu üçün məhkəməyə müraciət olunmuş və Quba Rayon Məhkəməsinin 2(027)-64/2016 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə ilə iddia qismən təmin olunmuş və cavabdehdən 34794.24 manat əsas kredit borcu, 9464.24 manat faiz borcu və 30 manat dəbbə pulu, cəmi 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun tutulması və tələbin ipoteka qoyulmuş RX seriyalı ******* saylı, reyestr nömrəsi **********731- 10301 olan, ********** qeydiyyat nömrəsilə xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 150000 manat məbləğində müəyyən edilməsi, həmin 0.20 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı "xxxx" BOKT MMC-yə olan 44288,48 manat borc və 23.45 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-366/2018 saylı xx.xx.2018ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2(027)-64/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, açıq hərraca çıxarılarkən ipoteka predmeti olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə 300.8 kv.metr ümumi, 216.8 kv.metr yaşayış və 84.0 kv.metr yardımçı sahədən ibarət 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 200 000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh tərəf borcunu ödəmədiyinə görə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə 300.8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi hərraca çıxarılmış, iddiaçı tərəfindən hərracda alınmış və xx.xx.2018-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə 300.8 kv.metr fərdi yaşayış evi "xxxx" BOKT-in mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reeystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. Hesab edirlər ki, məhkəmə işə obyektiv yanaşmayaraq, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin qətnaməsindən qətnamənin əsaslandırılmadığı görünür. Qətnamədə sadəcə qeyd edilib ki, “Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, çıxarış və mülkiyyət hüququna dair qeyd ləğv edilməlidir.” Məhkəmə hansı dəlilə, nə səbəbə iddianı təmin etməsinə dair heç bir əsaslandırma etməmişdir. Bundan əlavə, qətnamədə çıxışı təhrif edilərək, "xxxx" BOKT-nin adına aparılmış mülkiyyət qeydinin və verilmiş çıxarışın ləğv edilməsinə etiraz etmədiyi qeyd edilmişdir. Halbuki, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(067)-351/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hərracın nəticələri haqqında yekun Y-303 saylı protokol və müqavilədən müəyyən olunur ki, Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 127500 manata PSG Finans” BOKT-a satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışdan müəyyən olunur ki, Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi "xxxx" BOKT-nın mülkiyyətindədir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1305/2021 saylı qətnaməsindən müəyyən olunur ki, "xxxx" MMC-nin Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərracın nəticələri haqqında Y-303 saylı xx.xx.2018-ci il tarixli protokolu və hərracın yekunlarına dair əmlakın alqı-satqısına dair xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə heç bir araşdırma aparılmaması, məhkəmə qətnaməsinin əsaslandırılmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 393, 402.1, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(067)-351/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1645/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1645/2022
19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver