Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1662/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili X10, Cavabdeh1, onun vəkili X7 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(012)-415/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(012)-415/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Mehdiyev Kamal Tağı oğluna və Səfiyev Səfi Şamxal oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı məxsus olan “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, qalan hissədə iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və 4000 manat pulun, Cavabdeh1 10346,70 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, “NBC BANK” açıq səhmdar cəmiyyəti ilə aralarında bağlanmış 06.08.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə qaytarılmaq şərti ilə 18 faizlə 12436 manat məbləğində kredit ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq ona məxsus “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil 06.08.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən “NBC BANK” açıq səhmdar cəmiyyətinə ipotekaya qoyulmuşdur. Həmin ipoteka müqaviləsi dövlət orqanında qeydə alınmış və bu barədə qeyd avtomobilin qeydiyyat şəhadətnaməsinə işlənmişdir. “NBC BANK” açıq səhmdar cəmiyyətinə olan kredit borcunun vaxtında ödəyirdi. 07.06.2013-cü il tarixdə mülkiyyətində olan “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehlərə satmaq barədə razılaşmış, həmin avtomobilin ipotekada olduğu “NBC BANK” açıq səhmdar cəmiyyətinin rəhbərliyi ilə birbaşa danışıqlardan sonra razılığa əsasən cavabdehlər banka olan borcun qalan 8778,76 manat hissəsini və faiz borclarını ödəməli və ona 4000 manat nağd pul verməli idi. Ona görə də 06.12.2014-cü il tarixli, 00/10665/AFS saylı üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. “NBC BANK” açıq səhmdar cəmiyyəti rəsmi olaraq ipotekada olan avtomobilinə Cavabdeh2 adına baş etibarnamə verilməsinə razılaşmış və məktub vermişdi. Cavabdehlərlə razılıq əsasında avtomobilini 04.02.2014-cü il tarixdə cavabdehlərə satmış, bu barədə Cavabdeh2 baş etibarnamə təqdim etmiş, avtomobilini Cavabdeh2 təhvil vermiş, razılaşmaya əsasən Cavabdeh2 etibarnaməni alandan sonra 2 ay müddətinə ona 4000 manat pul ödəməli idi. Bundan sonra Cavabdeh2 4000 manatı verməmiş, hər dəfə bəhanə edərək pulu ödəməkdən yayınmış, ona görə də 13.11.2015-ci ildə notariusa rəsmi ərizə verərək 04.02.2014-cü il tarixli etibarnaməni ləğv etdirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.11.2016-cı il tarixli qətnaməsi ilə ondan, X1 və Cavabdeh1 cəmi 10346,70 manat pulun tutularaq “NBC BANK” açıq səhmdar cəmiyyətinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.09.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.11.2016cı il tarixli qətnaməsi dəyişdirilmədən, onun apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. 2017-ci ildə ona məlum olmuşdur ki, cavabdehlər 06.12.2014-cü il tarixli, 00/10665/AFS saylı üçtərəfli zaminlik müqaviləsi üzrə ödəmə aparmamış, etibarından suiistifadə edərək onu aldatmış, dələduzluq yolu ilə avtomobilini ələ keçirərək mənimsəmişlər. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 “Renault Logan” markalı, **- FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin və 4000 manat pulun, Cavabdeh1 10346,70 manat, mənəvi zərərə görə 10000 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. O, məhkəmədə iştirak etməmişdir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. İddia ərizəsindən və qətnamədən belə məlum olur ki, iddiaçı ona verdiyi etibarnaməni 13.11.2015-ci il tarixdə ləğv etmişdir, yəni həmin tarixdən iddia müddətinin axımı başlanmalıdır. Şəxsin hüquqlarının pozulduğu vaxtdan 4 ildən çox vaxt keçmişdir. Bu xarakterli iddialar üzrə iddia müddəti 3 ildir. Ona görə də iddiaçı iddia müddətini itirmişdir. İddia müddətinin itirilməsi iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsində deyilir ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan başqa, iddianın predmeti ilə bağlı iki cür, yəni neqator və vindikasiya iddiası vardır. Hazırki iddia mahiyyət etibari ilə vindikasiya iddiasıdır. Vindikasiya iddiası verildikdə iddiaçı məhz əmlakını tələb edir. Vindikasiya iddiası başqasının qanunsuz sahibliyindən əmlakın naturada tələb edilməsidir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Hər şeydən əvvəl mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olmalıdır. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində natura halında olmalıdır. Vindikasiya iddiası barədə iddialarda əsas şərtlərdən biri də iddianın yalnız fərdən müəyyən edilən (keyfiyyət əlaməti üzrə) əmlakın qaytarılmasına yönəlməsidir. Nəhayət, vindikasiya iddiası müqavilə öhdəliklərindən irəli gəlmir, o, mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi müdafiə edir. O, avtomobili iddiaçıdan pul verərək almışdır. İş üçün əhəmiyyət kəsb edən hallardan biri də ondan ibarətdir ki, iş üzrə digər cavabdehlərlə onun statusu (cavabdehlərə etibarnamə verilməsi) eyni olduğu üçün də avtomobil faktiki sahiblik edəndən tələb edilməlidir. Avtomobil bölünməyən (vahid) əmlak olduğu üçün bütün cavabdehlərdə deyil, həmin cavabdehlərdən məhz birində ola bilər. İddiaçı əmlakın olduğu şəxsə iddianı yönəltməlidir. İş materiallarında olan sənədlərdən də görünür ki, avtomobil ona verildikdən bir müddət sonra o, həmin avtomobili başqa şəxsə təqdim etmişdir. Avtomobil onda olmadığı halda, məhkəmə avtomobilin ondan alınaraq iddiaçıya verilməsini qət etmişdir. Qətnamədən də göründüyü kimi, iddiaçı avtomobillə bağlı bir neçə şəxsə etibarnamə vermişdir. Məhkəmə həmin şəxslərə qarşı iddia verilməsini düzgün hesab etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş etibarnamə ləğv edildiyi üçün həmin şəxslərin məsuliyyəti ola bilməz. Qətnamədən və iddia ərizəsindən görünür ki, ona verilmiş etibarnamə də iddiaçı tərəfindən ləğv edilmişdir. Belə olan surətdə etibarnamənin ləğv edilməsi digər cavabdehlərə münasibətdə əsas meyar ola bilməz. İşin mahiyyəti ondadır ki, avtomobil ondan alındıqdan sonra bir neçə nəfərə satılmışdır. Məhkəmə sonuncu əldə edəni müəyyənləşdirərək avtomobilin məhz sonuncu əldə edəndən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul etməli idi. İşin bu halını müəyyənləşdirmək üçün iddiaçı tərəfindən verilmiş etibarnamələrin verilmə tarixi dəqiqləşdirilməlidir. Qətnamədən o da məlum olur ki, o, avtomobillə bağlı iddiaçının götürdüyü kredit müqaviləsi üzrə zamindir. Səbail Rayon Məhkəməsinin 10.11.2016-cı il tarixli, 2(009)-4625/2016 saylı qətnaməsi ilə İddiaçı, X5 və ondan “NBC BANK “ ASC-nin xeyrinə 8778,76 manat əsas borc, 1496 manat faiz və 71,17 manat cərimə olmaqla, cəmi 10346,70 manat məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsümu və 1 manat xidmət haqqı olmaqla, cəmi 31 manat məbləğində məhkəmə xərcinin müştərək qaydada tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qətnamədən belə məlum olur ki, borc iddiaçı tərəfindən ödənilməzsə həmin borc ondan tutulmalıdır. Qeyd edilən pul məhz avtomobilin haqqı kimi ödənilməli idi. Qanuni qüvvəyə minmiş qətnamə gec-tez icra olunmalıdır. Buradan da belə nəticəyə gəlinir ki, o həm iddiaçı ilə birlikdə banka pul ödəməli, həm də avtomobili qaytarmalıdır. Belə olan halda, ikiqat məsuliyyətin yaranmasının hüquqi əsası yoxdur. İddiaçı avtomobillə bağlı bir neçə şəxsə etibarnamə verdiyi üçün vəkalət alanların hamısı avtomobilə münasibətdə eyni statusdadır. İşin faktiki halı ondan ibarətdir ki, iddia avtomobilin faktiki olduğu şəxsdən alınaraq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, prosessual hüquq normalarını və maddi hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində, yəni “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X13 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Mehdiyev Kamal Tağı oğlu və Səfiyev Səfi Şamxal oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin avtomobilin ondan alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “NBC Bank” açıq səhmdar cəmiyyəti ilə İddiaçı və Cavabdeh1 arasında bağlanmış 06 dekabr 2014-cü il tarixli, 00/10665/AFS saylı zaminlik müqaviləsinin surətindən görünür ki, “NBC Bank” açıq səhmdar cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 00/10665/AFS saylı, 06.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh1 məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli, 2(009)-4625/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “NBC Bank” açıq səhmdar cəmiyyətinin cavabdehlər İddiaçı, X5 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı, X5 və Cavabdeh1 “NBC Bank” açıq səhmdar cəmiyyətinin xeyrinə 8778,76 manat əsas, 1496,77 manat faiz və 71,17 manat cərimə olmaqla, cəmi 10,346,70 manat məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 1 manat xidmət haqqı olmaqla, cəmi 31 manat məbləğində məhkəmə xərcinin müştərək qaydada tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli, 2(103)-9684/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4625/2016 saylı, 10.11.2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədəiddianın İddiaçı qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2018-ci il tarixli, 2(102)-2955/2018 saylı qərarından görünür ki, cavabdeh İddiaçı və vəkili N.H.Nəbiyevin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli, 2(103)- 9684/2017 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)-4076/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 4625/2016 saylı, 10.11.2016-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 17 aprel 2016-cı il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh4 həmin tarixdə “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin 09.10.2018-ci il tarixli, 016-********** saylı məktubunun və ona əlavə olunmuş “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair kompyuter çıxarışının surətindən görünür ki, İddiaçı adında 07.08.2013-cü il tarixdən “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır, həmin avtomobilə dair X4 adına 08.11.2013-08.11.2016, Cavabdeh1 adına 03.09.2014-15.03.2020, Cavabdeh3 adına 03.11.2015-24.08.2024-cü illəri (05.11.2015-ci il tarixdə xitam verilib) əhatə edən etibarnamələr verilmişdir. İş materiallarına əlavə edilmiş 03 noyabr 2015-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı adından 03.09.2014-cü il tarixli etibarnamə əsasında çıxış edən Cavabdeh1 Cavabdeh3 Tağı oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun daşınar əmlakını idarə etməyə, onun üzərində sərəncam verməyə və sairə dair 8 il 9 ay 21 gün müddətinə səlahiyyət vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. İşin mübahisə edilməyən hallarından görünür ki, “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil 07.08.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış və onun mülkiyyətindədir. İddiaçı özünün daşınar əmlakına dair X4, Cavabdeh1 və Cavabdeh3 adlarına etibarnamələr vermişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia tələbini Cavabdeh1 qarşı qismən təmin edərkən “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə ilə sonuncu dəfə Cavabdeh1 istifadəsində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə edilmiş sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından görünür ki, 03 noyabr 2015-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş etibarnamə ilə İddiaçı adından 03.09.2014-cü il tarixli etibarnamə əsasında çıxış edən Cavabdeh1 Cavabdeh3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun daşınar əmlakını idarə etməyə, onun üzərində sərəncam verməyə və sairə dair 8 il 9 ay 21 gün müddətinə səlahiyyət vermişdir. Qeyd edilən etibarnaməyə 05 noyabr 2015-ci il tarixdə xitam verilmişdir. Həmçinin iş materiallarında olan İddiaçı ərizələrindən görünür ki, 2015-ci ilin noyabrında “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3 sahibliyndə olduğunu görmüşdür. Bundan başqa, iş materiallarında olan 17 aprel 2016-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh4 həmin tarixdə “Renault Logan” markalı, **- FD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Renault Logan” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 sahibliyində olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi iddianın tələbinin təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2(012)-415/2020 saylı qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində, yəni “Renault Logan” markalı, **- FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1662/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1662/2021
09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver