Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1671/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə üzrə yaradılan maneələrin aradan qaldırılması, açarın təhvil verilməsi, mənzilə köçürülmə və cavabdehin mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(060)-2922/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(060)-2922/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları - X4 və X3 ünvan 1-dən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, mənzilin açarının İddiaçı təhvil verilməsi, İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları - X4 və X3 ünvan 1 ünvanına köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qüdrət oğluna qarşı «mənzildən istifadə üzrə yaradılan maneələrin aradan qaldırılması, açarın təhvil verilməsi, mənzilə köçürülmə və cavabdehin mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2-də yerləşən 66,7 kv.m sahədən ibarət 57 saylı 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçının və Cavabdeh1 ümumi paylı (hərəsinin payı 1/2 hissə olmaqla) mülkiyyətidir. Eyni zamanda, İddiaçı və Cavabdeh1 ünvan 3-də yerləşən 5 otaqlı 35 saylı mənzilin paylı mülkiyyətçisidirlər. İş üzrə cavabdehlərdən Cavabdeh2 Qüdrət oğlu vaxtı ilə uzun müddət qeydiyyatda olduğu və faktiki yaşadığı 11-ci mikrorayondakı mənzildən pasport qeydiyyatından çıxaraq xx.xx.2019-cu ildə 9-cu mikrorayonda olan mübahisəli mənzilə qeydiyyata alınmışdır. Sözügedən mənzil uzun müddətdir ki, boşdur və orada heç bir yaşayış yoxdur. Belə ki, cavabdehlərdən Cavabdeh1 ilə İddiaçı hər iki mənzilin mülkiyyətçisi olsalar da, Cavabdeh1 valideynləri ilə birlikdə 11–ci mikrorayondakı mənzildə yaşayır, lakin İddiaçı himayəsində olan iki yeniyetmə uşaq ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2-də yerləşən 3 otaqdan ibarət 57 saylı mənzildə köçüb yaşamalarına imkan vermir və bunun qarşısını daim alaraq hər cür maneələr yaradır. Bundan başqa, cavabdehlərdən Cavabdeh2 da sözügedən mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. Göstərilənlərə əsasən cavabdehlər tərəfindən iddiaçı və yetkinlik yaşına çatmayan uşaqlarına münasibətdə Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 1/2 saylı evin 57 saylı mənzilindən istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılması, mənzilin açarın iddiaçıya təhvil verilməsi, iddiaçı və yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 1yə köçürülməsi, həmçinin Cavabdeh2 Qüdrət oğlunun ünvan 1-dən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehlərdən Cavabdeh2 ata adının “Qüdrət” əvəzinə “Həmid” kimi qeyd olunması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(060)-2922/2024 nömrəli qətnaməsinin iddianın təmin olunduğu hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 67,5 kv.m-dən ibarət olan 3 otaqlı mənzil paylı (1/2 hissədə) mülkiyyət hüququ əsasında ona və İddiaçı məxsusdur. ünvan 3 ünvanında yerləşən 5 otaqlı 35 saylı mənzil də paylı (1/2 hissədə) mülkiyyət hüququ əsasında ona və İddiaçı məxsusdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-2741/2022 nömrəli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-256/2023 nömrəli qətnaməsi və AR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2143/2023 nömrəli qərarı ilə ünvan 3 ünvanında yerləşən 5 otaqlı 35 saylı mənzilin birgə nikah dövründə əldə edilməsinə görə İddiaçı 33250 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Sumqayıt şəhər İcra Şöbəsinin icraata başlamaq haqqında qərarı əsasında onun İddiaçı qarşı 33250 manat borc tələbi İddiaçı həmin mənzildəki 1/2 hissədə olan payına yönəldilmişdir və icra hərəkətləri davam edir. O, paylı mülkiyyət hüququ (1/2 hissədə) əsasında ona və İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,5 kv.m-dən ibarət olan 3 otaqlı mənzildə payının naturada bölünməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, ailə qurmuş və 3 nəfər ailə üzvü ilə həmin mənzildə yaşayırlar. Hesab edir ki, cavabdehin həmin mənzilə köçürülməsi və iki ailənin bir mənzildə yaşaması mümkün deyildir, ona görə də mənzil naturada tərəflər arasında bölünərək iddiaçı payın dəyərini götürməlidir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh (apellyasiya şikayəti verən) Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək atası (digər cavabdeh) Cavabdeh2 sağlamlığında yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bunu təsdiq edən tibbi sənədi sonra təqdim edəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz və MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, İddiaçı izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin hazırkı iş üzrə 13 avqust 2024-cü il tarixli, 2(060)- 2922/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Birinci instansiya məhkəməsi iddianı “Cavabdeh2 ünvan 1-dən istifadə hüququnun itirilməsi” tələbinə dair hissədə təmin etməmiş və iddiaçı qətnamənin həmin hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə iddianı “mənzildən istifadə üzrə yaradılan maneələrin aradan qaldırılması, açarın təhvil verilməsi və mənzilə köçürülmə” tələblərinə dair hissədə isə təmin etmiş və Cavabdeh1 qətnamənin bu hissəsindən apellyasiya şikayəti vermişdir. Ona görə də məhkəmə kollegiyası, MPM-in 372.6-cı maddəsinin tələbinə uyğun olaraq, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Cavabdeh1 apellyasiya şikayəti ilə mübahisələndirilən iddianın təmin olunmuş hissəsində yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2-də yerləşən ümumi sahəsi 66,70 kv.m olan 57 saylı mənzil 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 məxsusdur və bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-601/2023 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı Cavabdeh2 ünvan 1-dən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqyayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-448/2023 nömrəli qərarına əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 601/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş "Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı xx.xx.2023cü ildən etibarən Cavabdeh2 ilə birlikdə ünvan 1-də qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 132 nömrəli arayışdan görünür ki, Cavabdeh2 ünvan 1-də qeydiyyatdadır, orada yaşamır. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 mübahisəli Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 1/2-də yerləşən 57 saylı mənzilin bərabər paylı mülkiyyətçiləridirlər. İddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq, cavabdehlərin mane olması və imkan verməməsi nəticəsində həmin mənzilə köçüb oradan istifadə edə bilmir. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Sumqayıt şəhərində kirayə mənzildə yaşayır. Ona görə də hazırda iddiaçı mülkiyyət payı olan sözügedən mənzildən istifadə hüququnu həyata keçirməsinə cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılmasını, mənzilin açarının təhvil verilməsini və həmin mənzilə övladları ilə birlikdə köçürülməsini məhkəmə qaydasında tələb edir. Cavabdehlər iddia tələbinə etiraz edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir; 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə görə, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. İstinad edilən qanun normaları baxımından Cavabdeh1 iddiaçının mülkiyyət hüquqlarına qəsd edir, sonuncunun həmin hüquqlarını aşkar surətdə pozur. Cavabdeh paylı mülkiyyət hüququ əsasında hər ikisinə məxsus olan 2 mənzili öz ixtiyarında saxlayaraq onların hər hansı birindən istifadə etməyə iddiaçıya imkan vermir. Bununla cavabdeh həm də iddiaçının iradəsi ziddinə onun mülkiyyət payından istifadə edib faydalanır. 2 mənzilin hər birində 1/2 hissə mülkiyyət payının olmasına baxmayaraq iddiaçı yetkinlik yaşına çatmayan 2 uşağı ilə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Belə vəziyyətdə iddiaçının birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş tələbləri qanuni və əsaslı olmuş, məhkəmə də həmin tələbləri təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olan qətnamə qəbul etmiş, işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbulolunmaz hesab edir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(060)-2922/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1671/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1671/2024
05.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə istifadə hüququna xitam verilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver