Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1691/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6771/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhəri, bağ massivi, B-1082 ünvanında, 0,1165 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 235,2 kv m, yaşayış sahəsi 89,7 kv m, yardımçı sahəsi 145,5 kv m olan 4 otaqlı ağ evinə xx.xx.2025-ci ildə Sumqayıt şəhər 4 saylı notariat ofisinin notariusu X1 tərəfindən bağlanmış və reyestdə 40-1731 sayla qeyd edilmiş alqısatqı müqaviləsinin ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 298000 (iki yüz doxsan səkkiz min) manat məbləğin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmasının təmin edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10.000 ABŞ dolları (17.000 manat) məbləğində avans cavabdehdən alınıb iddiaçıya ödənilməsinə dair, ödənilmiş 605 (altı yüz beş) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə tutulmasına dair, mülkiyyət hüququ mənzilə yenidən Cavabdeh1 adına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6771/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Aynur Behbudova). Həmin qərardaddan narazı qalan İddiaçı qərardaddan şikayət verərək, şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6771/2025 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6771/2025 saylı qərardadını əsassız hesab edərək qeyd edir ki, qərardad prosessual normalar pozulmaqla qəbul edilmişdir. Belə ki, MPM-nin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə verilə bilər. Tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2025-ci ildə Sumqayıt şəhər 4 saylı notariat ofisinin notariusu X1 tərəfindən bağlanmış və reyestrdə 4Ə-1731 sayla qeyd edilmişdir. Alqı-satqı müqaviləsinin predmeti olan Sumqayıt şəhəri, bağ massivi, B- 1082 ünvanında, 0,1165 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 235,2 kv m, yaşayış sahəsi 89,7 kv.m, yardımçı sahəsi 145,5 kv m olan 4 otaqlı bağ evi Sumqayıt ərazisindədir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararkən MPM-nin 35.1-ci maddəsinə istinad etmiş, iddiaçının seçməsinə görə MPM-nin 36.11-ci maddəsini nəzərə almamışdır. Bundan başqa məhkəmə iddia ərizəsini geri qaytararkən MPM-nin 149.2.2-ci maddəsinə istinad etmişdir. MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); İddia ərizəsində həm iddiaçının və onun nümayəndəsinin, həm cavabdehin və onun nümayəndəsinin qeydiyyatda və yaşadıqları ünvanları, telefon nömrələri qeyd edilmişdir Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6771/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 6771/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Beləliklə, qanunvericilikdə iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh1 rəsmi qaydada Nəsimi rayonunda qeydiyyatdadır. Digər Cavabdeh2 barədə isə məlumat yoxdur. Beləlikə, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia ərizəsi geri qaytarılmalı, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək imkanının olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müdəalarının şərh olunması barədə 31 yanvar 2003-cü il tarixli qərarında qeyd olunmuşdur ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şikayətin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia MPM-in 36.11-ci maddəsinin dairəsinə düşmür. Belə ki, qeyd olunan maddəyə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Hazırki iddia isə müqavilənin ləğv edilməsi barədədir, ona görə də iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6771/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1691/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1691/2025
10.12.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver