Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1700/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna müdaxilənin qanunsuz hesab olunması və qadağan edilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(012)-23/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbinin təmin edilməsi, İddiaçı Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0.0343 ha torpaq sahəsindən sərbəst istifadəsinə, torpaq sahəsinə hasar çəkməsinə və ev tikməsinə Cavabdeh maneçilik törədən hərəkətləri qanunsuz hesab olunmaqla, qadağan edilməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin, Cavabdeh aparılmış ekspertiza tədqiqatına görə 70 manat tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE**********00********), mütəxəssis rəyinin verilməsinə görə 236,62 manat tutulub Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (VÖEN **********, AZ23AİİB********************) ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna müdaxilənin qanunsuz hesab olunması və qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. O, tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, məqsədli təyinatına görə yaşayış məntəqəsinin torpaqlarına aid edilən, sahəsi 0.0343 ha olan torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. O, həmin torpaq sahəsini 28 mart 2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzindəki notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən vətəndaş X1 20.000 manata satın almışdır. O, müqavilə üzrə müəyyən edilmiş qiyməti alıcıya ödəmiş, satıcı isə, müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək torpaq sahəsini ona təhvil vermişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona müliyyət hüququnun qeydiyyatına dair çıxarış və Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Buna baxmayaraq, o, öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. Buna səbəb qonşusu Cavabdeh onun mülkiyyət hüququna qanunsuz miidaxiləsidir. Belə ki, əvvəllər həmin torpaq sahəsini almaq niyyəti olan, lakin hansısa səbəbdən ala bilməyən Cavabdeh ona qarşı qərəzli hərəkətlər edir, onun torpaq sahəsini hasara almağına və orada ev tikməyinə maneçilik törədir. Ona məxsus torpaq sahəsi üç tərəfdən hasara alınmışdır. Yalnız Cavabdeh məxsus torpaq sahəsi ilə həmsərhəd olan hissəsi açıqdır. O, həmin hissəni hasara almaq istədikdə cavabdeh onun və ustaların üstünə hücum çəkərək, guya onun ərazisinə girildiyini yalandan bəhanə etməklə, onlara tikinti aparılmasına icazə verməmiş, barəsində DİN-nin “102” xidmətinə əsassız şikayətlər etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron rayon məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. O, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz, əsassızdır. O, iddiaçının torpağına müdaxilə etməmişdir. Ekspert yanlış rəy vermişdir. Əksinə, iddiaçı ona məxsus torpaq sahəsinə müdaxilə edib. Onun torpaq sahəsinin koordinatları yerində düzgün müəyyən edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini iddiaçının mülkiyyətçi kim öz torpaq sahəsində hasar çəkməsinə cavabdeh tərəfindən müdaxilə edilməsinin qanunsuz olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə tikinti-texniki eksperizasının 10 mart 2020-ci il tarixli 10/43 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən 04.04.2018-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, 0,0343 hektar torpaq sahəsinin plan-ölçüsünün nöqtələrinin koordinatları yerində (naturada) ümumi hasara alınmış 0,0923 ha torpaq sahəsinin daxilində yerləşir. Elektron məlumat bazasına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən 04.04.2018-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, 0,0343 hektar torpaq sahəsinin plan-ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən 28.09.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Çıxarış”ına əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, 0,06 hektar torpaq sahəsinin plan-ölçüsünün döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. İşdən göründüyü kimi iddia tələbi İddiaçı qonşusu olan Cavabdeh tərəfindən mülkiyyət hüququna müdaxilənin qanunsuz hesab olunması barədədir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 164.1. maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (Mülki Məcəllənin 170.1. 170.2. maddələri). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (Mülki Məcəllənin 171.1. və 171.2. maddələri). Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktiki sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir (Mülki Məcəllənin 176.1., 176.2. və 176.3. maddələri) Göründüyü kimi iddiaçının mülkiyyətində olan 0,0343 ha torpaq sahəsinin planölçüsünün nöqtələrinin koordinatları yerində (naturada) ümumi hasara alınmış 0,0923 ha torpaq sahəsinin daxilində yerləşir, iddiaçının 0,0343 ha torpaq sahəsinin plan-ölçüsünün döngə nöqtələrinin koordinatları ilə cavabdehin mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin plan-ölçüsünün döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Belə olan halda cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən sərbəst istifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsinə və ev tikməsinə maneəçilik törədən hərəkətləri qanunsuz hesab etməklə, qadağan edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1700/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1700/2021
13.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver