Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1705/2022 06.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, 3-cü şəxs "xxxx" ASC-yə qarşı “alqı-satqı müqaviləsinin, hərracının yekun protokolunun və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(074)-210/2022 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏNETDİ: Şamaxı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(074)-210/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən «X20» ASC-nin adına verilmiş 29 iyul 2019-cu il tarixli ********** nömrəli mülkiyyətə dair Dövlət Reyestrindən çıxarışın etibarsız hesab olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Qətnamədən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Şamaxı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(074)-210/2022 nömrəli qətnaməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında hərracların təşkili üzrə Auksion Mərkəzi və 3-cü şəxs "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş pul hərracına dair 19 mart 2019-cu il tarixli, 989/01 nömrəli yekun protokolunun, Səhmdar Cəmiyyətin Səhmlərinin alğı-satqısı barədə 29 mart 2019-cu il tarixli 989/01 nömrəli müqavilənin, alğı-satqı müqaviləsi əsasında «X20» ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2021ci il tarixli, ********** nömrəli mülkiyyətə dair Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə dəqiqləşdirmə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş pul hərracına dair 19 mart 2019-cu il tarixli, 989/01 nömrəli yekun protokolunun, Səhmdar Cəmiyyətin Səhmlərinin alqı-satqısı barədə 29 mart 2019-cu il tarixli, 989/01 nömrəli müqavilənin, alğı-satqı müqaviləsi əsasında «X20» ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli ********** nömrəli mülkiyyətə dair Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 15 fevral 1993-cü il tarixli 101 saylı əmri ilə “Uzundirək” İstehsalat Birliyinin 17 fevral 1993-cü il tarixli 12 saylı əmrlərinə əsasən Şamaxı rayonundakı ləğv olunmuş 5, 6 və 7 nömrəli dəmir beton dirəklər istehsal edən kiçik müəssisələrin bazalarında Şamaxı rayonlararası dəmir beton dirəklər istehsal edən müəssisənin yaradılması ilə əlaqədar olaraq Sabir adına sovxozun ərazisində 5 №-li kiçik müəssisə, 1 №-li dəmir beton dirəklər istehsal edən sex, Şəhriyar qəsəbəsi ərazisində olan 6 №-li kiçik müəssisə 2 № -li sex, Mədrəsə qəsəbəsi ərazisində olan 7 №-li kiçik müəssisə 3№-li sex adlandırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 15 dekabr 1997-ci il tarixli, 1205 №-li sərəncamı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən Şamaxı rayonlararası Dəmir-Beton dirəklər istehsalı müəssisəsinin bazasında "xxxx" açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır. Qeyd edilən səhmdar cəmiyyətin səhmlərinin özəlləşdirilməsi həyata keçirilmiş və səhmlər 100 faiz xüsusi mülkiyyətə keçmişdir. Beləliklə, "xxxx" açıq tipli səhmdar cəmiyyətin səhmləri xüsusi mülkiyyətə keçməklə, həmin səhmdar cəmiyyəti yaradılarkən onun emissiya prospektinə daxil edilmiş tikililər də (o cümlədən hazırkı mübahisənin predmeti olan torpaq sahəsində yerləşən tikili də) həmin müəssisənin xüsusi mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən, "xxxx" ASC-nin Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən əmlakının sahəsi 282 kv. m, torpaq sahəsinin ölçüsü isə 0.039580 ha olmaqla dövlət mülkiyyətindədir. "xxxx" ASC-nin Texniki pasportuna əsasən Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən, sahəsi 282 kv. m olan tikilinin yerləşdiyi faktiki torpaq sahəsi 6379.1 kv. m təşkil edir. Dövlət əmlakının Registrindən Çıxarışdan (əlavə olunur) görünür ki, “X20” Səhmdar Cəmiyyətinin 3 №-li sexinin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahəsi Şamaxı rayonu, Mədrəsə qəsəbəsindədir və sahəsi 6379.1 kvadrat metrdir. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən, sahəsi 282 kv. m olan tikili Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən Şamaxı rayonlararası Dəmir-Beton dirəklər istehsalı müəssisəsinə məxsus olmaqla dövlət mülkiyyətində olmuş, daha sonra dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyə uyğun olaraq həmin müəssisənin əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyət yaradılmış və qeyd edilən tikili də həmin səhmdar cəmiyyətin özəlləşdirilən əmlakının tərkibinə daxil olmuş, səhmdar cəmiyyətin səhmləri özəlləşdirilməklə xüsusi mülkiyyətə keçmiş, qeyd edilən torpaq sahəsi özəlləşdirilmədiyindən səhmdar cəmiyyətin istifadəsində olmaqla dövlət mülkiyyətində qalmışdır. Məhkəmə qərarında əsassız olaraq, "xxxx" ASC-yə vermiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən torpaq sahəsinin səhmdar cəmiyyətin mülkiyyətində olduğunu qeyd etmişdir. Halbuki, çıxarışda torpaq sahəsinin səhmdar cəmiyyətin istifadəsində olduğu qeyd edilmişdir. Mübahisənin predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan bələdiyyənin həmin torpaq sahəsinin iddiaçıya satılmasına dair qərarı qanunsuz olmuşdur. Göründüyü kimi məhkəmə işin hallarını tam, ətraflı və obyektiv araşdırmamış, nəticədə əsassız qətnamə ilə iddianı qismən təmin etmişdir. Digər tərəfdən, "xxxx" ASC-nin özəlləşdirilməsinin Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı əsasında onun tərəfindən həyata keçirilməsinə baxmayaraq, məhkəmə Xidməti işə cəlb etməmiş, yalnız hərracın təşkilatçısı olan Xidmətin tabeliyindəki "X10" publik hüquqi şəxsi 3-cü şəxs kimi işə cəlb etmişdir. Halbuki, qeyd edildiyi kimi özəlləşdirmə Xidmətin qərarı əsasında həyata keçirilmiş və buna görə iddia Xidmətin hüquq və vəzifələrinə toxunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Yuxarıda qeyd edilənlərə əsasən bildirilir ki, birinci instansiya məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxıldığından qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Odur ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-210/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. PROSESSUALMƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavadehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin, 3-cü şəxs "xxxx" ASC-nin nümayəndələri heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmiş, nümayəndələrini göndərməmişlər. İddiaçı və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iştirak etsələrdə sonuncu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi qeyd edilsə də, şikayətin məzmunundan qətnamənin iddianın təmin edilən hissəsinin mübahisələndirildiyi müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni iddia tələbinin təmin edilən hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan 12 oktyabr 2000-ci il tarixli aktın surətindən görünür ki, Mədrəsə qəsəbəsini əhatə edən sovxozun Şamaxı təchizat ASC-yə yaranmış borcu ilə əlaqədar həmin sovxoza məxsus əhəng damı, tikinti idarəsi, taxta sexi borc əsasında 12 oktyabr 2000-ci il tarixdə Aqrar islahat komissiyasının qərarı ilə Şamaxı təchizat ASC-yə verilmişdir. İş materiallarında olan 16 noyabr 2000-ci il tarixli aktın surətindən görünür ki, Şamaxı təchizat ASC həmin tikintiləri 16 noyabr 2000-ci il tarixdə qiymətləndirirərək X1. İş materiallarında olan Şamaxı Təchizat ASC-nin 27 saylı kassa mədaxil qəbzinin surətindən görünür ki, həmin alğı-satqı əsasında tikinti qiymətləndirilmiş və dəyəri ******* manat Şamaxı təchizat ASC-yə tam məbləğdə köçürülmüşdür. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0637 kod 40601004 saylı dövlət aktının surətindən görünür ki, İddiaçı Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə satılmış 0,71 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(074)86/2019 saylı qətnaməsinin surətindən görünür ki, ƏMDK yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh İddiaçı və 3-cü şəxs Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının, torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsinə dair” iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3503/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli 2(074)-86/2019 saylı qətnaməsindən ƏMDK yanında X4 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2772/2020 saylı qərarından görünür ki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-3503/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1552/2019 saylı qərardadının surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Şamaxı rayon Mədrəsə Bələdiyyəsinə qarşı İddiaçı 0,71 hektar torpaq sahəsinin satılması barədə verilmiş 26 aprel 2006-cı il tarixli 03 saylı qərarın etibarsız hesab edilməklə ləğv edilməsi barədə iddiası mümkün hesab edilməmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21(118)-1530/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "xxxx" ASC-yə məxsus əmlak kompleksinin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi və Şamaxı rayon Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 03 saylı qərarı ilə ona verilmiş 0,71 hektar torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin səhmlərin satışı üzrə pul hərracının xx.xx.2019-cu il tarixli, 989/01 nömrəli yekun protokolunun surətindən görünür ki, X3 rayonu Şəhriyar qəsəbəsində yerləşən "xxxx" Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının 30 faizini təşkil edən 3048 ədəd adi səhmini hərracda müəyyən olunmuş axırıncı satış qiyməti ilə 3048 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Səhmdar Cəmiyyətinin Səhmlərinin xx.xx.2019-cu il tarixli, № 9xx/xx-2019/PA saylı alğısatqı müqaviləsinin surətindən görünür ki, X8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X9 Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən "xxxx" səhmdar cəmiyyətinin nizamnamə kapitalının 30 faizini təşkil edən 3048 ədəd adi səhmini hərracda müəyyən olunmuş axırıncı satış qiyməti ilə 3048 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsində yerləşən 0,0396 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin **********80-12301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsində yerləşən 0,0396 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(074)86/2019 saylı qətnaməsinin surətindən görünür ki, 10 oktyabr 2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin 16 saylı ərazi şöbəsinin müdiri X14, məsləhətçilər X5 və X2 rayonu Mədrəsə qəsəbəsində yerləşən səhmlərinin 30%-i dövlətə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, ərazidə olan gözətçi otağı və anbar binasında Şamaxı şəhər sakini İddiaçı tərəfindən yerli sakinlərdən ibarət bir ailə yerləşdirilmişdir. Aparılan araşdırma və təqdim olunan sənədlər müayinə olunarkən müəyyən olunmuşdur ki, 2006-cı ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına 0.06 ha tikinti, 0.65 ha kənd təsərrüfatı məqsədli ümumilikdə 0.71 ha torpaq sahəsinə Dövlət Aktı verilmişdir. Ərazidə heç bir yeni tikinti aşkarlanmamışdır. İş materiallarında olan Şamaxı rayonu, Mədrəsə bələdiyyəsinin 11 aprel 2022-ci il tarixli 07 nömrəli arayışından görünür ki, İddiaçı Şamaxı rayon Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli 03 saylı qərarı ilə 0,06 ha tikinti və 0,65 ha kənd təsərrüfatı məqsədi üçün, ümumilikdə 0,71 ha torpaq sahəsi satılmışdır və halhazırda həmin torpaq sahəsindən istifadə edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən 0,71 hektar sahəsinin səhmlərinin 30 % hissəsinin dövlətə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olması halı təsdiq edilmədiyindən, eləcə də 0,71 hektar torpaq sahəsinin iddiaçının mülkiyyətinə qeydə alınmasına əsas olmuş Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 03 saylı qərarı və bağlanmış əqd qüvvədə olduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına reyestrdə qeydiyyata alına bilməz, iddiaçının adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və daha sonra həmin qətnamədən apellyasiya şikayəti verilmiş, lakin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmasına baxmayaraq həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Bundan başqa iş materiallarında olan Səhmdar Cəmiyyətinin Səhmlərinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən "xxxx" səhmdar cəmiyyətinin nizamnamə kapitalının 30 faizini təşkil edən 3048 ədəd adi səhmini hərracda almışdır. Həmin alğ-satqı müqaviləsində "xxxx" ASC-nin əmlakının da satılması göstərilməmişdir. Bundan başqa iş materiallarında olan "xxxx" ASC-nin adına verilmiş texniki pasportda ASC-nin faktiki istifadə etdiyi sahə 6379.1 kvadratmetr, əsas tikili altı isə 395.8 kvadratmetr göstərilmişdir. Lakin həmin texniki pasportda "xxxx" ASC-yə torpaq ayırma sənədləri üzrə məlumat öz əksini tapmamışdır. "xxxx" ASC-yə ilkin torpaq ayırma sənədlərinin təqdim edilməsi barədə məhkəməninin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq isə həmin sənədlər təqdim edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 140, 141, 149.2,139.1-ci maddələrinə istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, hazırki işdən Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən 0,71 hektar sahəsinin səhmlərinin 30 % hissəsinin dövlətə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olması halı müəyyən edilmir. Həmçinin mübahsəli 0,71 hektar torpaq sahəsi iddiaçının mülkiyyətindədir və mülkiyyətin qeydə alınmasına əsas olmuş Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli, 03 saylı qərarı və bağlanmış əqd qüvvədədir. Belə olan halda iddiaçının mülkiyyətindəki torpaq sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına reyestrdə qeydiyyata alına bilməz, Həmçinin iddiaçının adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmasına baxmayaraq həmin torpaq sahəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Həmçinin iş materiallarında olan Səhmdar Cəmiyyətinin Səhmlərinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən "xxxx" səhmdar cəmiyyətinin nizamnamə kapitalının 30 faizini təşkil edən 3048 ədəd adi səhmini hərracda almışdır. Həmin alqı-satqı müqaviləsində "xxxx" ASC-nin əmlakının da satılması göstərilməmişdir. Həmçinin "xxxx" ASC-nin adına verilmiş texniki pasportda ASC-nin faktiki istifadə etdiyi sahə 6379.1 kvadratmetr, əsas tikili altı isə 395.8 kvadratmetr göstərilmişdir. Lakin həmin texniki pasportda "xxxx" ASC-yə torpaq ayırma sənədləri üzrə məlumat öz əksini tapmamışdır. "xxxx" ASC-yə ilkin torpaq ayırma sənədlərinin təqdim edilməsi barədə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə sorğu ünvanlamış, lakin həmin sorğuya cavab verilməmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinə əsas olan Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinin 26 aprel 2006cı il tarixli, 03 saylı qərarı və bağlanmış əqd qüvvədə olmasına, iddiaçının adına olan dövlət aktının etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilmədiyi, həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxılarkən, mübahisə bitmədiyi halda, həmçinin səhmlərin satılmasına dair müqavilədə yalnız səhmlərin satılması göstərildiyindən, əmlakın satılması göstərilmədiyindən həmin torpaq sahəsinin cavabdehin adına dövlət qeydiyyatına alınması qanunvericiliyə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına uyğun olaraq qeyd olunan maddi hüquq normaları baxımından düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərdikləri dəlillər iş materialları ilə təkzib edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən mübahsiəli torpaq sahəsinin dövlət mülkiyyətində olmasına baxmayaraq bələdiyyənin həmin torpaq sahəsinin iddiaçıya satmasına dair qərarının qanunuz hesab edilməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, hazırki gündə mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyətinin qərarı və əqd qanuni qüvvəsindədir. İddiaçının adına verilmiş dövlət aktının ləğvi məhkəmə qaydasında mübahisələndirilsə də, iddia təmin edilməmişdir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(074)-210/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Şamaxı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(074)-210/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(105)-1705/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1705/2022
06.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver