Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1706/2025 08.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qərarın qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənib verilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: işin məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi) X1 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3207/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-nın üzərinə İddiaçı mülkiyyətində olan mənzilə dair “mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı”nın qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənib verilməsi öhdəliyinin qoyulması, həmçinin vəkil üçün ödənilmiş 300 manat xidmət haqqının və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli Kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən “Röyal-ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasında yerləşən 262 saylı mənzili payçı olaraq İddiaçı mülkiyyətinə verməyi, iddiaçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş 253 nömrəli arayışdan görünür ki, iddiaçı mənzilin dəyərini xx.xx.2013-cü il tarixdə tam şəkildə ödəmişdir. İddiaçı mülkiyyətində olan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək üçün müvafiq inzibati orqana müraciət etmiş, inzibati orqan isə reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsində göstərilən sənədi təqdim etməmişdir (8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Qeyd olunan sənədin alınması ilə bağlı iddiaçı cavabdehə həm şifahi, həm də yazılı formada müraciət etmişdir, lakin cavabdeh həmin sənədi təqdim etməkdən boyun qaçırır. Cavabdehin bu qanunsuz hərəkətləri ilə iddiaçının qanunla qorunan mülkiyyət hüquqları kobudcasına pozulur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3207/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qərarın qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənib verilməsi öhdəliyinin qoyulması tələbinə dair barədə mülk iş üzrə icraata xitam verilmişdir. (hakim M.Abbasova)
4. Bu qərardaddan İddiaçı şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3207/2025 nömrəli qərardadının ləğv edilməsi və mülki işin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3207/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan mənzilə dair “mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı”nın qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənib verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı məsələ isə MTK-nın səlahiyyətlərinə aid olmaqla, məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də məhkəmə haqlı olaraq iş üzrə icraata xitam vermişdir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1ci, 263-264, 267, 268-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə icraata xitam verilməsi barədə qərardadı tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsi məhkəmənin icraatında daxil olduqdan 5 ay sonra məhkəmə tərəfindən belə bir qərardadın qəbul edilməsi iddiaçının hüquqlarının kobud şəkildə pozulması, həmçinin süründürməçilik kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə öz qərardadını bir cümlə ilə əsaslandırmışdır: "Hazırkı məsələ isə MTK-nın səlahiyyətlərinə aid olmaqla, məhkəmə qaydasında baxılmalı deyildir". Məhkəmə prosessual normanı düzgün tətbiq etməmişdir. İstənilən iddia ərizəsinə bu məntiqlə yanaşılsa, heç bir mübahisəyə məhkəmədə baxılmalı deyildir. Məhkəmənin bu formada yanaşması ilə Azərbaycan Respublikası vətəndaşının məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılır. Hər kəs ona qarşı edilmiş qanun pozuntusunu məhkəmədən kənar, öz aralarında həll etməlidir? Həmçinin, diqqətinizə çatdırırıq ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən öncə ərizə ilə cavabdehə müraciət etmiş, mübahisənin məhkəmədən kənar həlli üçün əlindən gələni etmişdir. Cavabdeh həmin ərizəyə cavab vermədiyindən, iddiaçı məcbur qalaraq öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: ... Maddə 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; ... Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ... 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3207/2025 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
13. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 3207/2025 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(012)-3207/2025 nömrəli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün yenidən Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.
15. Araşdırılan işdən bəlli olur ki, hazırkı iş üzrə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-nın üzərinə İddiaçı mülkiyyətində olan mənzilə dair “mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı”nın qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənib verilməsi öhdəliyinin qoyulması, həmçinin vəkil üçün ödənilmiş 300 manat xidmət haqqının və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbində göstərib ki, aralarında bağlanmış xx.xx.2013-cü il tarixli Kooperativ binada mənzil tikintisi üçün müqaviləyə əsasən “Röyal-ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasında yerləşən 262 saylı mənzili payçı olaraq İddiaçı mülkiyyətinə verməyi, iddiaçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş 253 nömrəli arayışdan görünür ki, iddiaçı mənzilin dəyərini xx.xx.2013-cü il tarixdə tam şəkildə ödəmişdir. İddiaçı mülkiyyətində olan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək üçün müvafiq inzibati orqana müraciət etmiş, inzibati orqan isə reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6- cı maddəsində göstərilən sənədi təqdim etməmişdir (8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Qeyd olunan sənədin alınması ilə bağlı iddiaçı cavabdehə həm şifahi, həm də yazılı formada müraciət etmişdir, lakin cavabdeh həmin sənədi təqdim etməkdən boyun qaçırdığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
17. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyini əsassız hesab edərək mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir.
18. Əvvəla hazırkı iş üzrə iddia tələbinin hüquqi və qanuni əsası mövcuddur. Belə ki, iddiaçı məhz faktiki qanuni sahibliyində olan mənzilinə mülkiyyət hüuqlarını qeydə aldırmaq hüququnu həyata keçirmək istəyir ki, yuxarıda qeyd olunan hallar hazırkı vəziyyətdə buna imkan vermir.
19. Belə ki, Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
20. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə “MTK-ın mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş və göstərmişdir ki, onun tərəfindən mənzil üçün qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənilmişdir. Lakin cavabdeh MTK ona həmin sənədlərin verilməsini təmin etmir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddia ərizəsi üzrə mülki mühakimə qaydasında məhkəmə icraatı mümkündür. Digər tərəfdən işdən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Yenə işdən görünür ki, iş üzrə bir neçə dəfə məhkəmə hazırlıq iclası keçirilmiş, məhkəmə baxışı təyin edilmiş və nəhayət, xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə icraata xitam verilmişdir.
22. Kollegiya iş materiallarını bir-birilə əlaqəli şəkildə təhlil edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraata göstərilən əsasla xitam verməklə düzgün nəticəyə gəlməmiş, öz hüquqi mövqeyini əsaslandırarkən hansı əsasla işə məhkəmədə baxılmalı olmaması qənaətinə gəldiyini əsaslandırmamış, bundan başqa iddiaçının hansı orqana müraciət etməsini qərardadda göstərməmişdir.
23. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir
24. Belə ki, işdən müəyyən edildiyi kimi hazırkı iş üzrə iddiaçı məhkəməyə müraciət etməzdən öncə müvafiq qaydada həm şifahi, həm də yazılı şəkildə cavabdeh MTK-ya müraciət etmişdir, lakin müsbət nəticə əldə edilmədiyindən məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Belə olan halda işə baxan məhkəmənin "Hazırkı məsələ isə MTK-nın səlahiyyətlərinə aid olmaqla, məhkəmə qaydasında baxılmalı deyildir" kimi əsaslanması qeyri-müəyyən nəticəyə yol açmaqla, son nəticədə iddiaçının hüquqlarının pozulmasına əsas olmuşdur.
25. Kollegiya belə qənaətə gəlir ki, iddiaçının bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək hüququnun mahiyyətinə zidd olmaqla, iddiaçının məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
26. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3207/2025 nömrəli qərardadı ləğv edilməli, mülki iş qərardadda göstərilən hallar nəzərə alınmaqla mahiyyəti üzrə baxılması üçün yenidən Abşeron Rayon Məhkəməsinə göndərilməlidir
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3207/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qərarın qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənib verilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.