Məhkəmə qərarları › İş №2(105)-1722/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1722/2022

07.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1722/2022 07.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının hüquqi varisi: X3, Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı vəzifəli şəxsin qanunsuz hərəkətlərindən (hərəkətsizliyindən) və qanuni istifadədə olan torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2009-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2009-cu il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) ərizədə göstərilən tələbin təmin edilməsi, «Saray» bağlar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan 44969 saylı bag sahəsinin əvəzsiz olaraq İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, «Saray» bağlar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan 44969 saylı bağ sahəsini əvəzsiz olaraq mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 may 1989-cu il tarixdən «Saray» bağlar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan 44969 saylı bag icarə müqaviləsi əsasında onun qanuni istifadəsindədir. O, ailəsi ilə birlikdə bağdan və bağda inşa edilmiş bir otaqlı, ümumi sahəmi 32 kv.m olan bağ evindən istifadə edir. Bir neçə dəfə cavabdehə şifahi və rəsmi müraciətlər edərək qanuni istifadəsində olan bağa dair çıxarışın verilməsini xahiş etsə də, hə dəfə ona əsassız rədd cavabı verilmiş, sonuncu rəsmi müraciətinə 16 dekabr 2008-ci il tarixdə rəsmi cavabla bildirilmişdir ki, o, dövlət rüsumunu ödəməmiş və bağ icarə müqaviləsinin surətini təqdim etməmişdir. Lakin onun tərəfindən bütün sənədlər təqdim edilməsinə baxmayaraq, cavabdeh çıxarışı verməkdən imtina etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi R.Qarayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iş materiallarında İddiaçı adına «Saray» balar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan 44969 saylı bağ sahəsinə dair 16 may 1989-cu il tarixli 5056 saylı icarə müqaviləsinin oldugunu qeyd edir. Lakin aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, idarənin arxiv əsaslarında İddiaçı adına «Saray» bağlar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan 44969 saylı bağ sahəsinə dair 16 may 1989-cu il tarixli 5056 saylı icarə müqaviləsi deyil, 4496 «a» saylı bağ sahəsinə dair 16 may 1989-cu il tarixli 5006 saylı icarə müqaviləsi mövcuddur. Qətnamənin icrası istiqamətində aparılmış araşdırma nəticəsində iddiaçı ilə işin hallarının dəqiqləşdirilməsi zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi iddiaçıya yalnız «Saray» bağlar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan 4496-a saylı bağ sahəsinə dair 16 may 1989-cu il tarixli 5006 saylı icarə müqaviləsinin oldugunu bildirmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının iddia tələbini təmin edərkən, yanlış əsaslara istinad etmiş, mövcud olmayan icarə müqaviləsi əsasında «Saray» baglar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan torpaq sahəsinə iddiaçının qanunsuz olaraq mülkiyyət hüququnu tanımışdır. Mülki qanunvericiliyin tələblərinə görə əmlakın hüquqi müqəddəratını yalnız mülkiyyətçi təyin edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2009-cu il tarixli 2(060)-453/2009 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi T.S.Qüdrətli apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının hüquqi varisi S.S.Rüstəmova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, mübahisə olunan bağın iddiaçının adına icarə müqaviləsinin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 16 may 1989-cu il tarixli 5006 saylı icarə müqaviləsinin surətindən görünür ki, Abşeron rayon Saray bağlar massivində yerləşən 4496-a saylı, ümumi sahəsi 0,18 ha olan bağ icarə müqaviləsi əsasında İddiaçı istifadəsindədir. İşə əlavə olan Azərbaycan Respublikasının DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinin 16 dekabr 2008-ci il tarixli 14/2650 saylı məktubdan görünür ki, İddiaçı həmin idarəyə daxil olmuş ərizəyə, qoşma kimi icarə müqaviləsinin və dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə olundugu göstərilsə də, qeyd olunan icarə müqaviləsinin surəti təqdim olunmuş, dövlət rüsumunun ödənilməsi barədə qəbz isə ümumiyyətlə ərizyə əlavə edilməmişdir. Bağ sahəsi üzərində hüquqların qeydiyyatı üçün ərizə və qanunvericiliklə hüquqların qeydiyyatı üçün tələb olunan sənədləri idarənin sənədlərin qəbulu bölməsinə təqdim edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh təşkilat idarənin arxiv əsaslarında İddiaçı adına «Saray» bağlar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan 44969 saylı bağ sahəsinə dair 16 may 1989-cu il tarixli 5056 saylı icarə müqaviləsi deyil, 4496 «a» saylı bağ sahəsinə dair 16 may 1989-cu il tarixli 5006 saylı icarə müqaviləsi mövcuddur. Qətnamənin icrası istiqamətində aparılmış araşdırma nəticəsində iddiaçı ilə işin hallarının dəqiqləşdirilməsi zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi iddiaçıya yalnız «Saray» bağlar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan 4496-a saylı bağ sahəsinə dair 16 may 1989-cu il tarixli 5006 saylı icarə müqaviləsinin oldugunu bildirmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının iddia tələbini təmin edərkən, yanlış əsaslara istinad etmiş, mövcud olmayan icarə müqaviləsi əsasında «Saray» baglar massivində yerləşən ümumi sahəsi 0,18 ha olan torpaq sahəsinə iddiaçının qanunsuz olaraq mülkiyyət hüququnu tanımışdır. Məhkəmə kollegiyasının iclası zamanı müəyyən edildi ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl, cavabdeh tərəfindən tələb edilən dövlət rüsumunu ödəməmiş, sonradan yenidən həmin idarəyə müraciət etməmişdir və bu məsələni məhkəmədən kənar həll edilməsi cavabdehə bildirməmişdir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təstiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.1-cı maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, tərəflər arasında heç bir mübahisə yoxdur, sadəcə olaraq cavabdeh tərəfindən tələb edilən sənədlər cavabdehə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət qismən təmin edilməlidir. Eyni zamanda ərizəçiyə izah olunur ki, qərardadda müəyyən etdiyi qaydalara riayət etdikdən sonra bu məsələ ilə yenidən məhkəməyə müraciət etmək hüququna malikdir, hazırkı qərardad yenidən ərizə ilə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 12 may 2009-cu il tarixli 2(060)-453/2009 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X6 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı vəzifəli şəxsin qanunsuz hərəkətlərindən (hərəkətsizliyindən) və qanuni istifadədə olan torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçının hüquqi varisinə izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra mübahisə ilə bağlı ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar