Məhkəmə qərarları › İş №2(105)-1726/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1726/2023

14.09.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1726/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə İddiaçı, cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsi üzərində icarə hüquqlarına edilən qəsdlərə son qoyulmasına dair” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(027)-57/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində icarə hüquqlarına edilən qəsdlərə son qoyulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 Ziyəddin oğlunun və Cavabdeh2 qanunsuz olaraq zəbt edərək istifadə etdikləri, icarə hüququ əsasında onun istifadəsində olan Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlı yay otlaq sahəsindəki 128 (bir yüz iyirmi səkkiz) hektar otlaq sahəsindən məhkəmə qaydasında çıxarılmaları, həmin torpaq sahəsi üzərində icarə hüquqlarına cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 tərəfindən edilən qəsdlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon İcra hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli, 165 saylı Sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlı yay otlaq sahəsindən onun icarəsinə 128 (bir yüz iyirmi səkkiz) hektar otlaq sahəsi verilmişdir. Qeyd olunan Sərəncama əsasən Quba Rayon İcra hakimiyyəti həmin 128 (bir yüz iyirmi səkkiz) hektar otlaq sahəsinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi barədə 21 sentyabr 2017-ci il tarixli, 165 saylı İcarə müqaviləsi bağlamışdır. Quba Rayon İcra hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli, 165 saylı Sərəncamına və Quba Rayon İcra hakimiyyəti ilə onun arasında bağlanmış 21 sentyabr 2017-ci il tarixli, 165 saylı İcarə müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlı yay otlaq sahəsində yerləşən həmin 128 (bir yüz iyirmi səkkiz) hektar otlaq sahəsinə onun icarə hüquqlarına dair 26 oktyabr 2021-ci il tarixli, **********68 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və həmin torpaq sahəsinin plan və ölçüsü verilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli, **********68 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa və həmin torpaq sahəsinin plan və ölçüsünə əsasən onun qanuni icarəsində olan həmin 128 (bir yüz iyirmi səkkiz) hektar otlaq sahəsindən 2017-ci ildən etibarən, yəni onun icarəsinə verildiyi vaxtdan cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 qanunsuz olaraq istifadə edir, həmin torpaq sahəsində özlərinə məxsus heyvanları otarırlar. O, cavabdehlərə dəfələrlə müraciət edərək torpaq sahəsinin onun qanuni icarəsində olduğunu və həmin torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulmasını, torpaq sahəsinin aidiyyəti üzrə onun istifadəsinə qaytarmalarını xahiş etmişəmdir. Lakin cavabdehlər qanuni icarəsində olan həmin torpaq sahəsindən istifadə hüquqlarını pozmaqda, maneələr törətməkdə davam edirlər və torpaq sahəsini aidiyyəti üzrə onun istifadəsinə qaytarmaqdan imtina etmişlər. Ona görə də cavabdehlər qanunsuz olaraq zəbt etdikləri, istifadə etdikləri, icarə hüququ əsasında ona məxsus torpaq sahəsindən məhkəmə qaydasında çıxarılmalı, həmin torpaq sahəsi üzərində icarə hüquqlarına cavabdehlər tərəfindən edilən qəsdlərə son qoyulmalıdır. Quba Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(027)-57/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 İddiaçı istifadəsində olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasında Quba rayonu ərazisində yerləşən 128 ha 19 nömrəli “Bulanıq” yay otlaq sahəsindən çıxarılması, cavadehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat məbləğində ekspertiza xərcinin tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməsi qət edilmişdir (hakim Rahim Həsənov). Cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(027)-57/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, adına VÖEN var. Qoyun və keçilərin yetişdirilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Torpaq sahəsindən sahibkarlıq fəaliyyətinin məqsədlərinə uyğun istifadə edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Ziyəddin oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, adına VÖEN var. Qoyun və keçilərin yetişdirilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Mübahisəli ərazi otlaq sahəsidir və heyvanları üçün oradan istifadə edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, adına VÖEN var. İri buynuzlu mal-qaranın və camışların yetişdirilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Mübahisəli ərazidən heyvanları üçün istifadə edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını, iddia ərizəsini, tərəfin izahatını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(027)-57/2023 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamına əsasən, Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanıq” yay otlaq sahəsindən 128,0 hektar ərazi müvəqqəti İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanıq” yay otlaq sahəsi İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-ci il tarixli 162 nömrəli sərəncamına əsasən, Quba rayonu ərazisində yerləşən “Bulanıq” yay otlaq sahəsindən 50 hektar ərazi 15 il müddətinə Cavabdeh1 istifadəsinə verilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-ci il tarixli 160 nömrəli sərəncamına əsasən, Quba rayonu ərazisində yerləşən “Bulanıq” yay otlaq sahəsindən 60 hektar ərazi 15 il müddətinə Cavabdeh2 istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 iyun 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanıq” yay otlaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə yerində müəyyən edilmiş, mübahisəli torpaq sahəsinə naturada (yerində) baxış keçirən zaman sözügedən yay otlağında mövsümü istifadə başlamadığından hər hansı bir şəxsin və ya şəxslərin həmin torpaq sahəsindən istifadə edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017- ci il tarixli 165 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş torpaq sahəsi eynilik təşkil edir. İddiaçı həmin torpaq sahəsindən istifadə etmir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10/1860 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021- ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş, Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanıq” yay otlaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə yerində müəyyən edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, mübahisəli torpaq sahəsinə naturada (yerində) baxış keçirən zaman sözügedən yay otlağında mövsümi istifadə başlamadığından hər hansı bir şəxsin və ya şəxslərin həmin torpaq sahəsindən istifadə edilib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, hazırkı iş üzrə İddiaçı vergi ödəyicisidir və adına ********** nömrəli VÖEN var, fəaliyyət istiqaməti- “digər iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsi” dir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Cavabdeh2 vergi ödəyicisidir və adına ********** nömrəli VÖEN var, fəaliyyət istiqaməti- “Qoyun və keçilərin yetişdirilməsi”dir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Cavabdeh1 vergi ödəyicisidir və adına ********** nömrəli VÖEN var, fəaliyyət istiqaməti- “Qoyun və keçilərin yetişdirilməsi”dir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını tədqiq edərək belə qənaətə gəlir ki, iş üzrə tərəflərin hər üçün vergi ödəyiciləridir və fəaliyyət istiqamətləri heyvandarlıqla, qoyun və keçilərin, iribuynuzlu mal-qaranın və camışların yetişdirilməsidir. Eyni zamanda qeyd edilən fəaliyyət hazırki iş üzrə mübahisə predmeti təşkil edən torpaq sahəsində aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsini qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(027)- 57/2023 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(027)-57/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsi üzərində icarə hüquqlarına edilən qəsdlərə son qoyulmasına dair tələbinə dair iddia ərizəsi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar