Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1746/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qlzl və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı icra sənədinin ləğv olunması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(074)-457/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-163/2019 saylı, 16.12.2019-cu il tarixli icra vərəqəsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(074)-457/2021 saylı qərardadı ilə həmin iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir. (hakim N.İsmayılov) Qərardaddan narazı qalan İddiaçı ondan şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(074)-457/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddia ərizəsinin qəbul edilməsindən imtina etməsi barədə qərardadı əsassızdır. Belə ki, qərardadın qanunsuz olması ilk növbədə onunla əlaqədardır ki, iddiaya məhkəmədə baxılmamalı olması hüquqi cəhətdən əsaslandırılmamışdır. Əgər həqiqətən iddiaya hansısa müvafiq icra orqanında baxılmalıdırsa, konkret olaraq icra orqanının adı qərarda göstərilməli idi. Halbuki, məhkəmə tərəfindən verilmiş icra vərəqəsinin ləğvi yalnız məhkəməyə aiddir. Bundan başqa, icra sənədi üzrə İddiaçı borclu deyil. Sökülməli olan üzüm bağı İddiaçı mülkiyyətində deyil, X1 mülkiyyətindədir. Məhkəmə iddia ərizəsinin qəbulundan imtina etməsi və qərarın qəbulundan 15 gün müddətində məhkəmə aktının tərəfə göndərməməsi üzüm bağının sökülməsinə şərait yaradılması ilə əlaqədardır. İcra məmurları üzüm bağının bir hissəsini məhz 16.03.2021-ci ildə sökdürmüşlər, yəni icra məmurları iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsinə əmin olduqdan sonra, qanunsuz icra hərəkətlərini icra etmişlər. Başqa sözlə, ərizənin icraata qəbul edilməsindən imtina edilməsi ilə icra hərəkətlərinin icra edilməsi arasındakı səbəbli əlaqə mövcuddur və bunun əlavə sübuta ehtiyacı yoxdur. Baş verən qanunsuzluqlar nəticəsində icra sənədi üzrə borclu olmayan X1 350-dən artıq çoxillik üzüm tənəkləri, çoxlu üzüm dirəkləri, çəpəri və məftili məhv ediliərək yararsız hala salınmışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, iddia ərizəsi icraata götürülərək ona mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İş üzrə cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 27.08.2019-cu il tarixli, 2(105)-163/2019 saylı qətnaməsinin surətindən görünür ki, X4 İddiaçı qarşı torpaq sahəsinə keşmək üçün zəruri yolun verilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, X5 məxsus 2 ha torpaq sahəsinə gedən 5,9 metr enində, əsas yoldan 483,6 metr uzunluqda zəruri yol verilmişdir. Yenə iş materiallarında olan icraata başlamaq haqqında 07 yanvar 2020-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(105)-163/2019 saylı icra sənədi üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsində icraata başlanmışdır. Yenə də iş materiallarında olan RX ******* saylı, 12.11.2018-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Hacıqədirli kəndində 2,2348 ha əkin torpaq sahəsi X2 məxsusdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını iddiaçının şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(074)-457/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, X4 İddiaçı qarşı torpaq sahəsinə keçmək üçün yol verilməsi tələbinə dair mülki işə Sumqayıt Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılıb qətnamə çıxarılan zaman tərəflərə qətnamədən narazı qaldıqları halda yuxarı instansiya məhkəməsinə, müvafiq olaraq kassasiya şikayətinin verilməsi hüquqları izah edilmişdir. İcra vərəqəsi qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmişdir. Belə olan halda, mübahisə üzrə tərəf kimi İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin qıtnaməsindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq kassasiya şikayəti vermək hüququ vardır. Başqa sözlə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqinin ləğv edilməsi barədə tələbə məhkəmədə baxılmalı deyildir, çünki mövcud qanunvericiliyə əsasən həmin qətnamə yuxarı instansiya məhkəməsində ləğv ediləcəyi təqdirdə ona əsasən verilmiş icra sənədinin heç bir hüquqi qüvvəsi olmur. Hazırkı halda isə ölkə adından çıxarılmış qətnamə hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə işə baxan məhkəmə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri isə mahiyyətcə düzgün qərardadın ləğv edilməsi üçün əsaslar yaratmır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(074)-457/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(074)-457/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1746/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1746/2021
07.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver