Məhkəmə qərarları › İş №2(105)-1751/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1751/2021

29.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1751/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)- 102/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 2(029)- 102/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1064 (bir min altmış dörd) manat maddi zərər, 3 (üç) ədəd Dövlət Aktının notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 15 (on beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı, cəmi 1100 (bir min yüz) manatın tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Rafik Kazımov). Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)- 102/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onların mülkiyyətlərində olan cəmi 2.93 hektar torpaq sahəsini qanunsuz şumlayıb taxıl əkmələri ilə əlaqədar onlara vurduqları 1800 (bir min səkkiz yüz) manat maddi zərərin, 100 (bir yüz) manat nəqliyyat xərclərinin, 500 (beş yüz) manat miqdarında mənəvi zərərin, torpağa mülkiyyət hüququna dair 3 (üç) ədəd Dövlət Aktlarının notarial qaydasında təsdiqlənməsi üçün ödənilmiş 15 (on beş) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, cəmi olaraq 2446 (iki min dörd yüz qırx altı) manat pulun alınıb onlara qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi 11 fevral 2021-ci il tarixli qətnaməsini qəbul edərkən məhkəmə tərəfindən qüvvədə olan prosessual hüquq normalarına tətbiqində və təsvirində səhvə yol verdiyindən və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi əsaslarından həmin qətnamə tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməlidir. Bundan başqa Qusar Rayon Məhkəməsi çəkişmə prinsipini təmin etmədən uydurma mülahizələrə əsaslanaraq tamamilə əsassız qətnamə çıxarmışdır. Belə ki, Qusar Rayon Məhkəməsi məhkəmə bildirişlərini ünvanına göndərmədən və onun iştirakını təmin etmədən qətnamə çıxarmışdır. Həmin qətnaməni aldığı gün məlum olub ki, barəsində məhkəmə qətnaməsi çıxarılıb. Qusar Rayon Məhkəməsi qətnaməni çıxararkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması nəticəsində ədalətsiz qətnamə qəbul etmişdir və bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi səbəbindən işin obyektiv xüsusatlarına əsasən həmin qətnamə tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməlidir. Bildirmək istəyir ki, o, Cavabdeh1 müraciət edərək ona məxsus olan torpaq sahəsində əkib-becərmə işlərini aparmaq barədə razılaşmışdır. Belə bir razılığa gəlmişlər ki, o, taxıl, şum və səpin işləri ilə, Mömin isə özündə icarədə olan torpaqlarda həmin taxılı əkin-biçin edəcək. Cavabdeh1 20 ildir ki, kənd təsərrüfatı ilə məşğul olur və torpaq sahələrini vətəndaşlardan icarəyə götürüb taxıl əkib-becərir. Cavabdeh1 mübahisəli torpaq sahəsi ilə yanaşı yerləşən ərazidən digər şəxslərdən Qusar rayonunun Gündüzqala kəndində 40 hektar torpaq sahəsini icarəyə götürmüşdür. Həmin sahəni şumladıb taxıl səpmiş, 2019-cu ilin noyabr ayında özündə olan taxılı Qusar rayonunun İmamqulukənd kənd sakini Yulid adlı traktor sürücüsünə Möminin göstərdiyi torpaq sahələrinə əkməsi üçün 5-6 ton taxıl vermişdir. Həmin taxılı əkmək üçün Mömin şəxsən Yulidə göstərmişdir. Beş ay keçəndən sonra 08 may 2020-ci il tarixdə Yulid Möminə, ona zəng edərək bildirmişdir ki, iddiaçı özünün torpaq sahəsinin əkilməsi barədə şikayət etmişdir. Aralarında olan danışıqlardan məlum olub ki, traktor sürücüsü Yulid səhv başa düşərək 600 kq taxılı sözügedən torpaq sahəsinin yanındakı iddiaçının ailəsinə məxsus torpaq sahəsinə səpmişdir. Bundan sonra iddiaçı barələrində Qusar rayon Polis şöbəsinə şikayət etmişdir. Qusar rayon Polis şöbəsinin 18 may 2020-ci il tarixli qərarına əsasən iddiaçıların şikayəti üzrə barələrində cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul etmişdir. Qusar Rayon Polis şöbəsində traktorçu X12 izahatında etiraf etmişdir ki, 2019-cu ilin noyabr ayında həmkəndlisi Cavabdeh2 pul qarşılığında şəriki Cavabdeh1a məxsus təxminən 40 hektar torpaq sahəsini ona məxsus "Belarus” markalı traktoru ilə şumlamağı təklif etmişdir. O, buna razı olmuş və 2020-ci ilin noyabr ayında həmin ərəfələrdə Cavabdeh1lə görüşmüş və Mömin ona şumlamalı olduğu Qusar rayonunun Gündüzqala kəndində yerləşən torpaq sahələrini göstərmiş və o, həmin ayda şumlamış, 2020-ci ilin yanvar ayında isə həmin torpaq sahələrinə taxıl tumu atmışdır. Bundan sonra 08 may 2020-ci il tarixdə Cavabdeh1 ona zəng eləmiş və onlar görüşmüşlər. O, Möminlə tum atdığı torpaq sahələrinə baxmışdır. Orada məlum olmuşdur ki, Yulid Cavabdeh1 səhv başa düşmüş və başqa şəxsin, yəni iddiaçılara məxsus 2.93 hektar torpaq sahəsinə səhvən 600 kq taxıl tumu atmışdır. Bundan başqa Qusar Rayon Məhkəməsi icraatında olan işlə tanış olmayaraq qətnamə çıxarmışdır. Belə ki, Qusar Rayon Polis Şöbəsinin materiallarında olan traktorçunun izahatı tam əsas verirdi ki, cavabdehləri əsl cavabdeh ilə əvəz edilməsi barədə qərardad qəbul etsin. Qusar Rayon Məhkəməsi bu fakta hüquqi qiymət verməyərək qanunsuz qətnamə çıxarmışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 2(029)- 102/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək Cavabdeh2 izahatını təsdiq edib apelyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 2(029)- 102/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehlərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan JN-195 KOD 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarında əsasən İddiaçı1, X6və X2 mülkiyyətlərinə 2.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-197 KOD 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarı ilə İddiaçı2 Seyidrza qızının və X1 mülkiyyətlərinə 1.37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-198 KOD 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 nömrəli qərarı ilə X3, X4, X10, X7 və X5 mülkiyyətlərinə 3.05 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi Qusar Dövlət X20 tərəfindən vəkil Tofiq Əliyarova ünvanlanmış 08 fevral 2021-ci il tarixli, 16 nömrəli cavab məktubundan görünür ki, 2.93 hektar suvarılan biçənək sahəsindən orta hesabla 260-290 ədəd ot bağlaması əldə etmək mümkündür. Orta hesabla bir ot bağlamasının bazar qiyməti 3.80 manat təşkil edir. İşdə olan 45660 nömrəli qəbzdən görünür ki, Nümayəndə Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı ödəmişdir. İşdə olan Qusar RPŞ-nin 18 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, əməldə cinayət tərkibi olmaması əsası ilə Cavabdeh1 və Cavabdeh2 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan Qusar Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(029)-102/2021 saylı sorğusuna cavab olaraq Qusar rayon Polis Şöbəsi tərəfindən göndərilmiş Nümayəndə müraciəti əsasında toplanmış cinayət işi başlanmasının rədd edilməsinə dair HK-1/213 saylı materialda olan Cavabdeh2 izahatından görünür ki, o, ailəsi ilə birlikdə Qusar rayonunun İmamqulukənd kəndində yaşayır. O, son 4-5 ildir ki, kənd təsərrüfatı ilə məşğul olur və vətəndaşlardan torpaq sahələri icarəyə götürüb taxıl əkib-becərir. 2019-cu ilin noyabr ayında o, Qusar rayonunun Gündüzqala kənd sakini Mömin adlı tanışı ilə birlikdə taxıl əkməyi qərara almışlar. Bunun üçün onda tum taxılı olmuş və onlar Möminə məxsus torpaq sahələrində əkib becərmələri barədə razılaşmışlar. Mömin ona Qusar rayonunun Gündüzqala kəndində 40 hektar torpaq sahəsinin olduğunu və oranı əkib becərəcəklərini demişdir. 2019-cu ilin noyabr ayında o, özündə olan taxılı Qusar rayonunun İmamqulukənd kənd sakini Yulid adlı traktor sürücüsünə Möminin göstərdiyi torpaq sahələrinə əkməsi üçün vermişdir. O, Yulidə 5-6 ton taxıl vermiş və sonra Mömin həmin torpaq sahələrini Yulidə göstərmiş və Yulid səhv başa düşərək 600 kq taxılı sözügedən torpaq sahəsinin yanındakı Nümayəndə ailəsinə məxsus torpaq sahəsinə səpmişdir. Bundan 5 ay sonra Yulidin həmin taxılı səhvən Nümayəndə ailəsinə məxsus torpaq sahəsinə əkdiklərini bilmişlər. Həmin HK-1/213 nömrəli materialda olan Cavabdeh1 izahatından görünür ki, o, Qusar rayonunun Gündüzqala kəndində ailəsi ilə birlikdə yaşayır. O, son 20 ildir ki, kənd təsərrüfatı ilə məşğul olur və torpaq sahələrini vətəndaşlardan icarəyə götürüb taxıl əkibbecərir. 2020-ci ilin yanvar ayında o, tanışı Qusar rayonunun İmamqulukənd kənd sakini Cavabdeh2la birlikdə şəriki Qusar rayonunun Gündüzqala kəndində taxıl əkməyə razılığa gəlmişlər. Onlar belə bir razılığa gəlmişlər ki, Cavabdeh2 taxıl, şum və səpin işləri ilə, o isə özündə icarədə olan torpaqlarda həmin taxılı əkin-biçin edəcək. 2020-ci ilin yanvar ayının sonlarında o, Yulid adlı traktor sürücüsünü həmin torpaq sahələrinə aparıb şum və səpin yerlərini göstərmiş və özü çıxıb getmiş və bir daha oralara getməmişdir. 08 may 2020-ci il tarixdə Cavabdeh2 ona zəng edərək bildirmişdir ki, Nümayəndə özünün torpaq sahəsinin əkilməsi barədə şikayət etmişdir. O isə Cavabdeh2 belə bir şeyin mümkün ola bilməyəcəyini demiş və yerində həmin torpaq sahəsinə baxdıqdan sonra həqiqətən də traktor sürücüsü Yulidin səhvən Nümayəndə torpaq sahəsinə taxıl səpib oranı əkib becərdiyini görmüşdür. O, Yulidə özü istifadə etdiyi torpaq sahələrinə tum atmağa göstəriş vermiş, lakin sonuncu onu səhv başa düşərək digər torpaq sahələri ilə birlikdə Nümayəndə sahəsinə də tum atmışdır. Həmin HK-1/213 nömrəli materialda olan X8 izahatından görünür ki, o, Qusar rayonunun İmamqulukənd kəndində ailəsi ilə birlikdə yaşayır. 2019-cu ilin noyabr ayında həmkəndlisi Cavabdeh2 ona pul qarşılığında şəriki Mömün Babayeva məxsus təxminən 40 hektar torpaq sahəsini ona məxsus “Belarus” markalı traktoru ilə şumlamağı təklif etmişdir. O, buna razı olmuş və 2020-ci ilin noyabr ayında həmin ərəfələrdə Cavabdeh1lə görüşmüş və Mömin ona şumlamalı olduğu Qusar rayonunun Gündüzqala kəndində yerləşən torpaq sahələrini göstərmiş və o, oranı həmin ayda şumlamış, 2020-ci ilin yanvar ayında isə həmin torpaq sahələrinə taxıl tumu atmışdır. Bundan sonra 08 may 2020-ci il tarixdə Cavabdeh1 ona zəng eləmiş və onlar görüşmüşlər. O, Möminlə tum atdığı torpaq sahələrinə baxmışdır. Orada məlum olmuşdur ki, o, Cavabdeh1 səhv başa düşmüş və başqa şəxsin, yəni Nümayəndə məxsus 3 hektar torpaq sahəsinə səhvən 600 kq taxıl tumu atmışdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, JN-195 KOD 30107038, JN-197 KOD 30107038, JN-198 KOD 30107038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus cəmi 2.93 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən taxıl tumu əkilmişdir. Məhkəmə Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi Qusar Dövlət X20 tərəfindən verilmiş rəyə əsasən, belə qənaətə gəlir ki, 2.93 hektar torpaq sahəsindən orta hesabla il ərzində 280 ot tayası əldə edilə bilərdi. Bununla da 1 ot tayasının qiyməti 3.80 manat olduğundan, ziyan 1064 (bir min altmış dörd) manat hesablanmışdır. Birinci instansiya məhkəməsi 2.93 hektar torpaq sahəsindən orta hesabla il ərzində 280 ot tayası əldə edilə biləcəyini, bununla da, 1 ot tayasının qiyməti 3.80 manat olduğundan, ziyan 1064 (bir min altmış dörd) manat hesablanmasını, iddiaçılar tərəfindən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının notarial qaydada təsdiq edilməsi ilə əlaqədar 15 (on beş) manat, Qusar Rayon Məhkəməsində iddia qaldırılması ilə əlaqədar 31 (otuz bir) manat dövlət rüsumu ödənilməsini müəyyən edərək iddianı göstərilən qaydada təmin etmiş, iddia tələbinin mənəvi zərərə və 100 (bir yüz) manat nəqliyyat xərcinə dair heç bir mötəbər sübut təqdim etməməsi əsası ilə qalan hissədə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin müddəalarına görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində göstərilmişdir ki, Qusar rayonunun Gündüzqala kəndi ərazisində yerləşən suvarılan torpaqların hər bir hektarından orta hesabla 200-250 ədəd ot bağlaması əldə etmək olur. Bu hesabla iddiaçılara məxsus 2.93 hektar torpaq sahəsindən bu il 600-700 ədəd ot bağlaması (tayı) əldə ediləcək idi. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirləri üzündən iddiaçılar həmin məhsulu əldə etmək imkanından məhrum olmuşlar. Hal-hazırda 1 ədəd ot bağlamasının qiyməti 3-4 manat civarındadır. Buna uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılara 600 x 3 = 1800 (bir min səkkiz yüz) manat maddi zərər vurmuşlar. Həömçinin məhkəmə belə qənaətə gəlmişdir ki, 2.93 hektar torpaq sahəsindən orta hesabla il ərzində 280 ot tayası əldə edilə bilərdi. Bununla da, 1 ot tayasının qiyməti 3.80 manat olduğundan, ziyan 1064 (bir min altmış dörd) manat hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçılar mübahisəli torpaq sahəsindən istifadə etmələri, oradan hər hansı bir gəlir əldə etmələri və ümumiyyətlə cavabdehlər tərəfindən onlara hansı bir zərər yetirmələrini əsaslandıra bilməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində iddiaçılar gələcək zamanda əldə edilə biləcək qeyri-müəyyən ziyanı tələb etmişlər. Hazırki gündə isə onlara hər hansı məbləğdə ziyan dəyməsinə dair sübut mövcud deyildir. Bununla da iddiaçılar onlara maddi ziyanın dəyəcəyini bildirsələr də, buna dair mötəbər sübutları təqdim etməmiş, bununla da tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə məhkəmə kollegiyası mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən pul tutulması barədə tələbə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borludur. Qanunvericliyin tələbinə görə iddiaçılar cavabdehlərə ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçılar isə belə bir sübut təqdim etməmişdir. Halbuki AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan iddiaçının cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsinə dair sübut olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddia ərizəsi verilərkən 3 (üç) ədəd Dövlət Aktının notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 15 (on beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı, 100 manat nəqliyyat xərci də iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini əsaslı sayaraq hesab edir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)- 102/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)- 102/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və digər xərclər iddiaçıların özünə aid edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar