Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1753/2023 06.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçı-maraqlı şəxs İddiaçı2, onun nümayəndə və vəkilləri Vəkil2 və Vəkil4, iddiaçı-cavabdeh İddiaçı1 Müseyib oğlunun,onun nümayəndəsi və vəkili Vəkil5 iştirakları ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1 və İddiaçı1 Müseyib oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi,mənzilin təhvil verilməsi və İddiaçı1 Müseyib oğlunun Cavabdeh1 MTK-ya qarşı mənzilin təhvil verilməsi tələblərinə dair mülki işlər üzrə Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 nömrəli qiyabi qətnaməsindən maraqlı səxs İddiaçı2, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)- 778/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı1 Müseyib oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 Müseyib oğlu Cavabdeh1 MTK-ya qarşı mənzilin təhvil verilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin ona təhvil verilməsi, bu mümkün olmadıqda isə mənzilin dəyərinin bugünki bazar qiyməti dəyərində qiymətləndirməklə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Mustafayev X4 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa edilən, 88,8 kv.m sahəsi olan mənzili xx.xx.2010-cu il tarixli 424 saylı müqavilə əsasında "xxxx" MMC-yə ilkin olaraq 26.640 manat, sonra isə 6308 manat olmaqla, cəmi 32948 manat məbləğində pul ödəməklə əldə etmişdir. Tikilmə ərəfəsində olan binanın 2012-ci il tarixdə hazır olacağı qeyd edilsə də, bina hazır olmamış, iddiaçı 2016-cı ilədək sahib olduğu mənzili geri ala bilməmişdir. 2016cı il tarixdə "xxxx" MMC şirkəti yeni adla, Cavabdeh1 MTK fəaliyyət göstərməyə başlamışdır. İddiaçı rəhbərliyə mənzilin ona təhvil verilməsi ilə bağlı müraciət etsə də, ona ev sahibinin başqası olduğu bildirilmişdir. Ötən illər ərzində mənzil iddiaçıya təhvil verilməmiş, bu məsələ öz həllini tapmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m. olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilinin İddiaçı1 Müseyib oğlunun sahibliyinə verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5,152.6, 152.7, 157.2, 157.4, 178.8, 421.1, 442.1-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. İddiaçı2 cavabdehlər Cavabdeh1nə və İddiaçı1 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilənin etibarsız hesab edilməsi və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə, 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin İddiaçı2 təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil İddiaçı2 satılmışdır. Həmin mənzilə görə hər kv.metr üçün 650 manat olmaqla, ümumilikdə 57.720 manat vəsait ödənilmişdir. İddiaçı2 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MTK-ya müraciət olunaraq Cavabdeh1 MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə İddiaçı2 sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi xahiş edilmiş, Cavabdeh1 MTK-nın 11 iyun 2021-ci il tarixli, 19/06 nömrəli məktubu ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli (qiyabi icraat qaydasında) qətnaməsi əsas gətirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. İddiaçı1 Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A saylı evin 26 saylı mənzilin onun istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli (qiyabi icraat qaydasında) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilin İddiaçı1 sahibliyinə verilməsi qət edilmişdir (qüvvəyə minməmişdir). Cavabdeh1 MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqavilənin 4.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra “icraçı” mənzili təhvil verir, “payçı” isə mənzili qəbul edir. Buna görə də mənzil ona təhvil verilməlidir. "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 13 avqust 2010-cu il tarixli, 424 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.metr olan 2 otaqdan ibarət 6 saylı mənzil İddiaçı1 satılmış, həmin mənzilə dair tarixsiz maliyyə arayışı verilmişdir. Cavabdeh1 MMC ilə bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil İddiaçı1 satılmışdır. Həmin müqavilədə İddiaçı1 imzası müəyyən edilmir, habelə bununla bağlı hər hansı maliyyə arayışı mövcud deyildir. Cavabdeh1 MTK ilə bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə onun gözlənti hüquqlarını pozmuşdur. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilənin etibarsız hesab edilməsi, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin İddiaçı2 təhvil verilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337, 389.1, 390, 404.1, 404.2, 425, 646.1, 752.1, 752.2-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Maraqlı şəxs İddiaçı2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli (qiyabi icraat qaydasında) qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-65/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-273/2023 nömrəli iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Rəhimli) İddiaçı2 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 08 fevral 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, İddiaçı1 Müseyib oğlunun iddiasının təmin edilməməsi, cavabdeh İddiaçı1 Müseyib oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 18 avqust 2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə razılaşmayan cavabdeh İddiaçı1 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, birinci instansiya məhkəməsinin 08 fevral 2021-ci il tarixli qiyabi qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2441/2023 nömrəli iş üzrə 05 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Əliyev və A.Abbasov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-273/2023 nömrəli iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, cavabdeh İddiaçı1 kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 nömrəli qiyabi qətnaməsindən narazı qalan maraqlı səxs İddiaçı2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə "PROGRESS-2016” MTK-ya müraciət edərək "PROGRESS-2016” MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilan 15 mərtəbəli, yaşayış evinin l-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumİ sahəsi 88.8 kv.m olan, izola olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilinə sahiblik va istifada hüququnun tanınması, mənzilin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsini xahiş etmiş, "PROGRESS-2016” MTK 11 iyun 2021-ci il tarixli, 19/06 nömrəli məktubu ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 nömrəli, 08 fevral 2021-ci il tarixli (qiyabi icraat qaydasında) qətnaməsi ilə iddia tələbinin təmin edilərək, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin l-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilinin X1 verilməsinin qət edilməsi əsas gətirilərək müraciətin təmin olunmasından imtina edilmişdir."PROGRESS-2016” MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 nömrəli mənzil ona satılmışdır. Bu haqda müvafiq maliyyə arayışı imzalanıb təsdiq edilərək ona verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 nömrəli mənzili "Progress-2016” MTK İddiaçı1 Müseyib oğluna ayırmağı öhdəsinə götürür. Həmin müqavilə üzrə payçı əlavə olaraq 9590 manat MTK-ya ödəməlidir. Qətnamədə qeyd edilmişdir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.m olan 1-ci blok, 2 otaqdan ibarət 2 nömrəli mənzili "Hayan-E” MMC İddiaçı1 Müseyib oğluna ayırmağı öhdəsinə götürmüş, sonradan xx.xx.2016-cı il tarixlİ, 131 saylı yeni şərtlərlə bağlanan müqaviləyə əsasən tərəflərin razılığına əsasən müqavilənin şərtləri dəyişdirilib Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7- ci mərəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 nömrəli mənzili "Progress-2016” MTK İddiaçı1 Müseyib oğluna ayırmağı öhdəsinə götürüb. Həmin müqavilə üzrə payçı əlavə olaraq 9590 manat MTK-ya ödəməlidir. Müqavilə şərtləri payçı tərəfindən tam ödənilsə də, cavabdeh MTK mənzili iddiaçının istifadəsinə verməkdən imtina edir. Göründüyü kimi İddiaçı1 Müseyib oğlu ilə ilkin müqavilə 26 saylı mənzilə deyil, 2 saylı mənzilə bağlanmış, habelə 26 saylı mənzilə dair İddiaçı1 Müseyib oğluna maliyyə arayışı tərtib edilməmişdir. Belə olan halda həmin müqavilə etibarlı sayıla bilməz. Belə ki, 26 saylı mənzilə dair İddiaçı1 Müseyib oğlunun hər hansı subyektiv hüququ mövcud deyildir. Buna görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi (qiyabi icraat qaydasında) ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qətnaməsində mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə istinad etmişdir. Həmin maddədə göstərilmişdir ki, mənzil, bağ, qaraj va ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativinin verdiyi mənzil, bağ, qaraj va ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Lakin xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqavilə üzrə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m. olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilin dəyərinin İddiaçı1 Müseyib oğlu tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bildirir ki, Abşeron Rayon Məhkəməsi işə kobud prosessual pozuntu ilə baxmaqla işi hərtərəfli araşdırmamış, qəbul ediləcək qətnamənin üçüncü şəxslərin hüquqlarını poza biləcəyini nəzərə almamış, halhazırda mübahisəli mənzilin kimin mülkiyyətində olmasını müəyyən etmədən əsassız qətnamə qabul etmişdir. İştirakı təmin olunmadan, bu barədə ona xəbər verilmədən, cavabdeh "Progress-2016” MTK tərəfindən məlumatlandırılmadan mülkiyyət hüquqlarına toxunan qətnamə qəbul edilmişdir. Məhkəmə müəyyən edilmiş faktları səthi araşdırmış və bunun nəticəsində qanunla qorunan hüquqları pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 nömrəli qətnaməsindən narazı qalan cavabdeh İddiaçı1 apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki olan hallarını müəyyən etmədən düzgün nəticəyə gəlməmişdir. Qeyd edir ki, araşdırma düzgün aparılsa məhkəmə tərəfindən işin hallarına uyğun olaraq maddi hüquq normalrı tətbiq edilər və tətbiq edilən normalar iddianın təmin edilməsinə deyil, iddianın rədd edilməsinə gətirib çıxarardı. Belə ki, həmin mənzil iş üzrə cavabdeh olan İddiaçı1 Müseyib oğluna satılmışdır. Burada başqa bir qeyd-şərt yoxdur. Lakin işin natamam, birtərəfli, yəni iddiaçının mövqeyindən araşdırılması qərəzli nəticələrə gətirib çıxarmışdır ki, bunun da nəticəsində tətbiq edilməli maddı hüquq norması deyil, iddianın təmin edilməsi yönündə tətbiq edilmişdir. Məhkəmə tərəfindən şikayət araşdırılarkən (natamam) tərəf olaraq prossesual hüquqları pozulmuş və qətnamə prosessual pozuntu ilə bir aydan sonra poçt vasitəsi ilə təqdim edilmişdir. Artıq məhkəmə prosessual pozuntu etməklə yanaşı qətnamə ilə tanış olmaq, şikayət etmək kimi hüquqlarını pozmaqla mülkiyyətindən məhrum olmuşdur. Hakim tərəfindən iş qərəzli araşdırılaraq lazım olan hallar, yəni ki, onun mənzili öncədən aldığı həmin mənzili hazırda istifadə etməyi, bütün xərclərin tərəfindən bu gün də ödənilməsi, onun alqı-satqı üzrə borcunun olmaması və ödənişlərinin sırf (iddiaçıdan öncə) mübahisəli mənzilin alışı üçün sərf edilməsinə qiymət verilməyərək birmənalı olaraq dərhal baxaraq ədalətsiz nəticə verilmişdir. Qeyd edir ki, mənzil ilk ona satılmış və ödəniş qəbzlərində də bu sübuta yetirilmişdir. Bunun təsdiqi kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi də var. Məhkəmə (ödənişlərin təyinatı bəlli olsa belə) iddianı təmin etməklə ödənilən məbləğlərin məqsəd və təyinatını araşdırmaqla hər iki tərəfin vəziyyətinə aydınlıq gətirə bilərdi. Belə olan halda işin əsl məqamları ortaya çıxar və iddiaçının tələbi ona qarşı deyil, alqı-satqı üzrə pulları ödədiyi şəxsə (digər cavabdehə) yönəlmiş olardı, olmadığı təqdirdə aparılan əməliyyatlarda, ödənişlərdə hər hansı bir mənimsəmə, dələduzluq əlamətlərini olmasının aşkara çıxarmış və aidiyyatı üzrə araşdırılması üçün müvafiq prokurorluğa məlumat verərdi. Lakin birinci instansiya məhkəməsi tərəfindən heç bir mühüm əhəmiyyət kəsb edən hal araşdırılmadan, məqsədli şəkildə iddianın təmin edilməsi üçün yönəldilmiş və artıq göründüyü kimi cinayət əməlinin (aşkar şəkildə görünür ki, burada mənisəmə var) ört-basdır edərək nəticə verilmişdir. Hesab edir ki, hakim tərəfindən bu faktlar gizlədilərək nəzərdən qaçırılması güman edilmişdir ki, ədalətsiz qətnaməsindən şikayət verilərkən bu xüsusatlar nəzərdən qaçsın. Məhkəmə tərəfindən ödənişlərinin olması, mənzilin onun qanuni istifadəsində olması, iddiaçının ödənişlərinin daha sonra həyata keçirilməsi məhkəmənin çıxarmış olduğu qətnamədə bunların təsdiq olunması aşkar qeyd edilsə də, nəticə etibarı ilə uyğunsuzluq təşkil edir. İddiaçının mövqeyi ilə hakimin mövqeyi eyni olduğu üçün araşdırma aparılmamış, məhkəmə nəticədə iddiaçının iddiasının təmin edilməsi üçün əsas vermişdir. Qeyd edir ki, tərəfindən Abşeron Rayon Məhkəməsində cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddia qaldırılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı (hüquq və vəzifələrinə toxunan) İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilərək həmin iş üzrə icraat dayandırılmışdır. Lakin məhkəmə iclaslarında həmin iş materialları işə əlavə edilməmişdir. Hesab edir ki, həmin iş əlavə edilməli və araşdırmalar birləşdirilərək davam etdirilməli idi. İddiaçı tərəfindən bu hal gizlədilmiş və məhkəməyə təqdim edilməmişdir. Halbuki iddianın predmeti eyni mənzildir və hakim tərəfindən işin icraatı dayandırılaraq icraatı dayandırılmış Abşeron Rayon Məhkəməsinin icraatındakı iş baxılmalı və işlər birləşdirilməli idi. Bundan başqa qeyd edir ki, həmin mənzilin açarları da ondadır. Buna baxmayaraq İddiaçı2 qərəzlilik nümayiş etdirir, hədə-qorxu gəlir və məhkəmənin yekun qərarını gözləmədən belə qapını qıraçağı və içəri daxil olcağı ilə hədələyir. İddiaçı2 belə arxayın olmağının arxasında hansısa qüvvələr, hazırki iş üzrə çıxarılmış qanunsuz və ədalətsiz qətnamə durur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı-maraqlı şəxs İddiaçı2, onun nümayəndə və vəkilləri Vəkil2 və Vəkil4 İddiaçı2 verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, İddiaçı1 iddiasının və eyni zamanda onun apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı1 Müseyib oğlu, onun nümayəndəsi və vəkili Vəkil5 İddiaçı1 verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)- 778/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı2 iddiasının və eyni zamanda onun apellyasiya şikayətinin təmin olunmamasını, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 nömrəli qiyabi qətnaməsindən maraqlı səxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qiyabi qətnamə dəyişdirilmədən saxlanılmalı, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, həmin qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 424 saylı müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.m olan 1-ci blok, 2 otaqdan ibarət 2 №-li mənzili "xxxx" MMC İddiaçı1 Müseyib oğluna ayırmağı öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, ünvan 3 ünvanda inşa olunan yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində, ümumi sahəsi 88.8 kv.m olan 2 saylı mənzil üçün İddiaçı1 Müseyib oğlu "xxxx" MMC-yə 26.640 manat ödəmişdir və borcu yoxdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 №-li mənzili Cavabdeh1 MTK İddiaçı1 Müseyib oğluna ayırmağı öhdəsinə götürür. Həmin müqaviləyə əsasən payçı əlavə olaraq bir kvadrat metr üçün 100 manat olmaqla, 88,8 kv.metr üçün 8880 manat ödəməlidir. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında İddiaçı1 Müseyib oğlu onunla cavabdeh "xxxx" MTK ilə yeni şərtlərlə bağlanmış xx.xx.2016-cı il tarixli 131 saylı müqavilənin bağlanma səbəblərinə aydınlıq gətirərərk bildirdi ki, onun rayonda evi var idi, şəhərdə ev alıb yaşamaq istədiikləri üçün Bakıda ev almaq qərarına gəlmişlər. Mənzili aldığı binanın yanında qonşu binada əmisi oğlu yaşayırdı. O, İddiaçı1 bildirmişdir ki, bina hələ tikilməyib, buna görə də evlərin qiyməti ucuzdur. Ona da hələ yeni evə köçmək lazım olmadığı üçün 2 il gözləyə bilərdi deyə orada mənzil aldı. Evin tikintisi barədə əmisi oğlu məlumat verirdi, lakin evin tikintisi uzanırdı.Sonra əmisi oğlu ona xəbər verdi ki, "xxxx" MMC-nin rəhbəri barədə cinayət işi başlanıb. Buna görə həmin mənzilin satılmasından zərərçəkmiş şəxslər olaraq onlar nümayiş keçirməyə başladılar. Hətta buna görə cərimə də olunmuşdur. Həmin məsələyə Baş Prokuror özü nəzarət edirdi. İşə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Şəhriyar müəllim baxırdı. Aldadılmış şəxslərə ev verilməsi üçün də yaşayış binasını 15 mərtəbəyə qaldırmaq üçün icazə verildi. Sonra məlumat verildi ki, inflasiya dövrüdür, kv.m.-i 380 manata olan evlər yoxdur, buna görə də hər kv.m. üçün əlavə olaraq 100 manat ödəməlidirlər. Şəhriyar müəllim məsələnin Baş Prokurorun nəzarətində olduğunu bildirdiyi üçün və həmin dövrdə o qiymətə mənzil olmadığı üçün o, da fikirləşdikdən sonra həmin pulu ödəmək qərarına gəlmiş və müqavilə bağlamışdır. Ona başqa mərtəbədən mənzil təklif olunmuşdur ki, buna etiraz etsə də, onun 2 nömrəli mənzilini ondan əvvəl başqa qadına satıldığını bildirdilər. Buna görə də ona 26-cı mənzili verdilər. Bir müddətdən sonra ödənişləri ödəmək qərarına gəldi. Bununla bağlı ödəniş qəbzləri var. 88.8 kv.m. mənzil üçün 8800 manat ödəməli idi və onun 6300 manatını ödəmişdir. Sonuncu dəfə qalan pulu ödəməyə gedəndə bu məhkəmə mübahisəsi baş verdi. O, mənzilin qismən təmiri üçün çəkilmiş xərcləri digər tərəfə ödəməyə hazırdır.Verdiyi apellyasiya şikayətini müdafiə edir və təmin edilməsini xahiş edir. Bununla əlaqədar iddiaçı-maraqlı şəxs İddiaçı2 izahatında bildirmişdir ki, mənzilin alınmasına 58.000 manat ödəmişdir. Bundan əlavə təmirinə də 9.000 manat xərc çəkmişdir. Ev alınan kimi təmirə başlamışdır. Heç kim də bununla bağlı ona məlumat verməyib. İki ildən sonra gəlmişdir ki, evin qapısı sındırılıb. Sonra məhkəmə prosesi oldu və prosesdən sonra yenidən qapı qoydu. Lakin hal-hazırda məhkəmə prosesləri davam etdiyi üçün evin təmirini dayandırmışdır. Verdiyi apellyasiya şikayətinin təmin olunmasını və qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 saylı qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır: İş materiallarında olan mənzil tikintisi haqqında 303 saylı, 19 iyun 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı2 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 57720 manata (1 kv.metri 650 manata) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 19 iyun 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Səfərov X5 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə görə Cavabdeh1 MTK-ya 57720 manat ödəmişdir və heç bir borcu yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Səfərov X5 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin təmirinə icazə üçün Cavabdeh1 MTK-ya 500 manat ödəmişdir. İş materiallarında olan 131 saylı, 13 avqust 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı1 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 27350 manata (1 kv.metri 308 manata) satılması haqqında müqavilə (daha əvvəllər "xxxx" MMC ilə bağlanmış 13 avqust 2010-cu il tarixli müqavilə əsasında) bağlanmışdır. İş materiallarında olan 424 saylı, 13 avqust 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı1 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 1ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 2 nömrəli mənzilin 26640 manata (1 kv.metri 308 manata) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan tarixsiz maliyyə arayışının surətindən görünür ki, İddiaçı1 Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan mənzilə görə "xxxx" MMC-yə 26640 manat ödəmişdir və heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 MTK-nın 10 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil Cavabdeh1 MTK-ya məxsus olmuş və 19 iyul 2019-cu il tarixdə payçı İddiaçı2 satılmışdır. Bu mənzilə dair İddiaçı2 ilə aparılmış əməliyyatdan başqa heç bir sənəd yazılmamış və ya əməliyyat aparılmamışdır. Birinci instansiya məhkəməsində araşdırma aparılan zaman müəyyən edilmişdir ki, 424 saylı, 13 avqust 2010-cu il tarixli müqavilə ilə "xxxx" MMC ilə İddiaçı1 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 1- ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 2 nömrəli mənzilin 26640 manata (1 kv.metri 308 manata) satılması barədə razılıq əldə edilmişdir. Göründüyü kimi, buradakı yaşayış binası 12 mərtəbəli olmaqla, mübahisə predmetini 2 saylı mənzil təşkil edir. İddiaçı1 daha sonra bu müqavilə əsasında "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə 131 saylı, 13 avqust 2016-cı il tarixli müqavilə bağlamışdır. Bu müqaviləyə görə isə ona Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil 27350 manata (1 kv.metri 308 manata) satılmışdır. Göründüyü kimi, burada mübahisə predmetini 15 mərtəbəli binanın 26 saylı mənzili təşkil edir. İddiaçı isə iddia edir ki, mənzil tikintisi haqqında 303 saylı, 19 iyun 2019-cu il tarixli müqavilə ilə Cavabdeh1 MTK ilə onun arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 57720 manata (1 kv.metri 650 manata) satılması barədə razılaşma olmuşdur. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MTK-ya tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə İddiaçı2, nə də cavabdeh İddiaçı1 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, iddiaçı mübahisəli mənzilin təmir edilməsinə icazə verilməsi üçün MTK-nın bank hesabına 500 manat vəsait ödəmişdir (kassa mədaxil orderi vardır). Mübahisəli mənzilin hazırda İddiaçı2 faktiki istifadəsində olması işin mübahisəsiz hallarındandır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, mübahisəli mənzil İddiaçı2 tərəfindən maneəsiz istifadə olunduğundan, habelə MTK tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan əqd qəbul edildiyindən, bu əmlakla bağlı İddiaçı2 İddiaçı1 nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı2 qaldırdığı iddia əsaslı hesab edilməlidir. İddiaçı1 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Əslində tərəflərin iradə ifadəsinin həqiqi mənası ondan ibarətdir ki, bu müqavilə İddiaçı1 "xxxx" MMC ilə bağladığı 13 avqust 2010-cu il tarixli, 424 saylı müqavilə üzrə götürülmüş öhdəliyin təminatı olaraq bağlanmışdır. Başqa sözlə, qeyd edilən əqd əhəmiyyətsizdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh İddiaçı1lə bağlanmış 13 avqust 2016-cı il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əldə etmiş İddiaçı2 sahiblik hüququnun pozulması kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Daha əvvəllər "xxxx" MMC ilə bağlanmış 13 avqust 2010-cu il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlanan Müqavilənin özündə təsbit edilmişdir ki, cavabdeh İddiaçı1 13 avqust 2010-cu il tarixli müqavilə üzrə ödədiyi yeni Müqavilədə 26.640 manat ilkin ödəniş kimi nəzərə alınmış və hər kv.m.-ə görə əlavə 100 manat da hesablanmaqla, onun 88.8 kv.metr sahəsi olan mənzilə görə əlavə 8880 (səkkiz min səkkiz yüz səksən) manat borcu qalmışdır (işin 2-ci cildi, i/v 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İşin yuxarıda qeyd olunan araşdırılan hallara əsasən müəyyən edilir ki, xx.xx.2016cı il tarixli, 131 saylı yeni şərtlərlə İddiaçı1 Müseyib oğlu ilə "xxxx" MTK arasında bağlanmış müqavilə tərəflərin tam iradəsinə uyğun olmaqla özlüyündə əhəmiyyətsiz əqd deyildir. Buna görə həmin müqavilənin mübahisələndirilərək etibarsız hesab edilməsi tələbi müqavilə tərəflərinə aid məsələdir. Belə ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı2 qeyd olunan müqavilənin etibarsız hesab olunması tələbinə dair iddiası əsassızdır. Buna görə birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İş materiallarından görünür ki, mübahisələndirilən mənzil üzrə İddiaçı2 tərəfindən aparılan təmir işləri mənzil mübahisəsi ilə əlaqədar dayandırılmış, həmin mənzil İddiaçı2 mülkiyyətinə verilməmişdir. Buna görə, məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, İddiaçı1 Müseyib oğlu ilə mənzilə dair müqavilə daha əvvəl bağlanıldığına görə İddiaçı2 iddia tələbi digər hissədə də təmin olunmamalıdır. Bununla əlaqədar İddiaçı2 "xxxx" MTK-ya və onun vəzifəli şəxslərinə qarşı vurulmuş ziyanın qaytarılmasını, həmçinin mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsini isə İddiaçı1 tələb edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla əlaqədar həmçinin məntiqi olaraq bu nəticəyə gəlir ki, maraqlı şəxs kimi İddiaçı2 Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 nömrəli qiyabi qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 nömrəli qiyabi qətnaməsindən maraqlı səxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qiyabi qətnamə dəyişdirilmədən saxlanılmalı, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli,həmin qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 nömrəli qiyabi qətnaməsindən maraqlı səxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 nömrəli qətnaməsi ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı2 cavabdehlər Cavabdeh1 və İddiaçı1 Müseyib oğluna qarşı 13 avqust 2016cı il tarixli, 131 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1753/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1753/2023
06.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver