Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1765/2021 03.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “Paşa Sığorta” açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-4006/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-4006/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) iddiaçı “Paşa Sığorta” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh subroqasiya qaydasında dəymiş ziyana görə 215,35 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 20,40 manat dövlət rüsumunun əvəzinin tutularaq “Paşa Sığorta” açıq səhmdar cəmiyyətinə ödənilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, “Paşa Sığorta” açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh subroqasiya qaydasında cəmiyyətin xeyrinə dəymiş ziyana görə 215,35 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 20,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı, “Hyundaı Sonata” markalı avtonəqliyyat vasitəsi ilə 10.08.2019-cu il tarixdə “Paşa Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası“ növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar 10.08.2019-cu il tarixli, KYP 546084 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 215,35 manat müəyyən edilmişdir. “Paşa Sığorta” açıq səhmdar cəmiyyətinin 15.11.2019-cu tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 215,35 manat məbləğində sığorta ödənişi “xxxx” MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən idarə olunan avtonəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. “Paşa Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən 215,35 manat məbləğində vəsaitin “xxxx” MMC-nin bank hesabına ödənilməsi barədə cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. 10.08.2019-cu il tarixdə ** BX *** dövlət qeydiyyat nişanlı, ”Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsi (avtobus] arxadan onun idarə etdiyi avtomobili vurmuş, avtomobilinin arxa bamperi zədələnmiş və qoparaq düşmüşdür. O, işə tələsdiyi üçün hadisə yerində gözləməmiş, ona maddi ziyan vurulsa da, bununla maraqlanmamışdır. Onun tərəfindən yol nəqliyyat hadisəsi törədilməmiş, əksinə, avtobus sürücüsü tərəfindən hadisə törədilmiş və ona ziyan dəymişdir. Abşeron rayon Polis İdarəsinin Yol Polisi şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi və cərimə edilməsindən məlumatı olmamışdır. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, qanunun normaları düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Onun işə baxılmasından məlumatı olmamışdır, qeydiyyatda olduğu ünvanda yaşamır, bildiriş ona çatdırılmamış, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı “Paşa Sığorta” açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Paşa Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası“ növü üzrə “sığortalanmışdır. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsininin Yol Polis İdarəsinin 10.08.2019-cu il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh 10.08.2019-cu il tarixdə idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı, “Hyundaı Sonata” markalı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri Moskva prospektində hərəkət edərkən manevr qaydasını pozaraq, sağdan sola manevr edərkən özündən solda hərəkət edən ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtobusla toqquşmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan “xxxx” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tərtib edilmiş 10.08.2019-cu il tarixli, 4025 saylı zərər aktının surətindən görünür ki, ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə 215,35 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan “Paşa Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən tərtib olunmuş 15.11.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, “Paşa Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası“ növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı nəqliyyat vasitəsinə dəyən maddi zərər və sığorta ödənişi 215,35 manat müəyyən edilmişdir. İş materiallarında olan 22.11.2019-cu il tarixli, #001XOH********** saylı ödəniş tapşırığının surətindən görünür ki, “Paşa Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sığorta ödənişi olaraq 215,35 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüqüqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” qanunun 23-cü maddəsinə əsasən sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir. “İcbari sığortalar haqqında” qanunun 20.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 10.08.2019cu il tarixdə idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri Moskva prospektində hərəkət edərkən manevr qaydasını pozaraq, sağdan sola manevr edərkən özündən solda hərəkət edən ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtobusla toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuş, “Paşa Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən sığorta olunmuş “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı, “İveco Urbanway” markalı avtobusa 215,35 manat məbləğində ziyan dəymiş, 215,35 manat məbləğində sığorta ödənişi 22.11.2019-cu il tarixdə “Paşa Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə ödənilmişdir. Cavabdeh apellyasiya şikayətində işə onun iştirakı olmadan baxıldığını, məhkəmə bildirişlərini almadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi rəsmi qeydə alındığı ünvana göndərilmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatından görünür ki, rəsmi qeydə alındığı ünvanda yaşamır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə biməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçının tələb etdiyi məbləğ iki min manatdan azdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-4006/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1765/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1765/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver