Məhkəmə qərarları › İş №2(105)-1770/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1770/2022

18.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1770/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı bağ sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(060)-1791/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(060)-1791/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ona aid əmlaklarla – 1 ədəd künc divanı, 1 ədəd stol, 1 ədəd “İndesit” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan maşın və 1 ədəd paltar dolabı ilə birlikdə İddiaçı məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol stansiyası ünvanında yerləşən 1/105 saylı fərdi yaşayış evindən çıxarılması, Cavabdeh İddiaçı və üçüncü şəxs X3 qarşı qanunsuz əməllərinə son qoyulması, Cavabdeh İddiaçı və üçüncü şəxs X2 fərdi yaşayış evindən istifadələrinə maneələrin yaradılmasının qadağan edilməsi, Cavabdeh 100 (yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(060)-1791/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ evində həyat yoldaşı ilə yaşayır. Əvvəllər oğlunun yoldaşı olmuş Cavabdeh dəfələrlə yaşadıqları ünvana gələrək onu və həyat yoldaşını təhqir etmiş, vurmuşdur. Demək olar ki, bu hallar hər gün təkrarlanır. Dəfələrlə 102 zəng xidməti vasitəsilə Daxili İşlər Nazirliyinə zəng etmişdir. Polis əməkdaşları yaxınlaşıb cavabdehi uzaqlaşdırsa da, bu hallar yenidən təkrarlanmışdır. Bu da onun və həyat yoldaşının mənəvi və fiziki sarsılmalarına, zorakılığa məruz qalmalarına səbəb olmuşdur. Qeyd edilən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ evində yaşadığını və həmin bağ evinin onun tərəfimdən 2008ci il tarixdə öz vəsaiti hesabına tikildiyini Hacı Zeynalabdin qəsəbə icra nümayəndəliyinin tərtib etdiyi 18 yanvar 2022-ci il tarixli akt da təsdiq edir. Öz vəsaiti hesabına tikdiyi evə daxil olan cavabdehin çıxarılması qeyri-mümkün hala gəlmişdir. Ona görə də məhkəmə qətnaməsi əsasında cavabdehin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ evindən çıxarılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh qanunsuz əməllərinin qarşısının alınması və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsinə dəyişikliklə müraciət edərək Cavabdeh ona aid əmlaklarla – 1 ədəd divan, 1 ədəd stol, 1 ədəd kreslo, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və 1 ədəd paltar dolabı (şifoner) ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol stansiyası ünvanında yerləşən 1/105 saylı fərdi yaşayış evindən çıxarılması, Cavabdeh ona və həyat yoldaşına qarşı qanunsuz əməllərinə son qoyulması və cavabdehə fərdi yaşayış evindən istifadələrinə maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində siyahıya alınmış əmlaklardan 1 ədəd künc divanını yalnışlıqla 1 ədəd divan və 1 ədəd kreslo şəklində qeyd etdiyindən dəqiqləşmə verərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində “Cavabdeh ona aid əmlaklarla – 1 ədəd divan, 1 ədəd stol, 1 ədəd kreslo, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və 1 ədəd paltar dolabı (şifoner) ilə birlikdə”sözlərinin “Cavabdeh ona aid əmlaklarla – 1 ədəd künc divanı, 1 ədəd stol, 1 ədəd “İndesit” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan maşın və 1 ədəd paltar dolabı ilə birlikdə” kimi oxunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi daxil olmuşdur, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməyərək hazırki mülki işə aidiyyatı olmayan maddi normalara isinad etməklə qanunsuz və əsassız qətnamə qət etmişdir . Belə ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi o,iddiaçının oğlu X8 ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq hazırki mənzildə yaşamağa başlamış və hazırda həmin mənzildə yaşayır. İddia tələbindən də göründüyü kimi onun cehiz əmlakları həmin mənzildədir . Hazırda birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 228.5-ci , 152.1 , 152.2 , 152.3 və 152.4-cü maddələrinə və həmçinin 157.8 və 158.2-ci maddələrinə istinad etməklə iddiaçının iddia tələbini təmin etmişdir. Məhkəmə araşdırması zamanı sözügedən mənzilin özbaşına tikili olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir . Onun tikintiyə dair sərəncam vermək –onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur . İddiaçı onun mübahisəli yaşayış evindən çıxarılmasını tələb etsə də, hesab edir ki, iddiaçının mübahisəli evə dair hüquq müəyyənedici sənədi mövcud deyildir və nə qədər ki, iddiaçının mübahisəli yaşayış yerinə ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmayıb onun belə bir iddia ilə çıxış etməsi üçün əsaslar yaranmamışdır. Nəzərə alınmalıdır ki , MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur . Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər . Odur ki , məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmaması , subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır . Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır . Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar , başqa ( borclu ) şəxslərdən tələb etmək hüququ , müdafiə hüququ . Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır . Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə İddiaçı sözügedən mənzilin mülkiyyətçisi olmadığından onun cehiz əşyaları ilə birlikdə bağ sahəsindən çıxarılmağı barədə iddia tələbi ilə məhkəmıyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir .Bununla bağlı məhkəməyə rəsmi etiraz verməyinə baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsində həmin etiraza hüququ münasibət bildirməyərək İddiaçı iddiasını əsassız təmin etmişdir. Bildirir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-1791/2022 saylı qətnaməsi ləğv edilməli və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qət olunmalıdır . Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 1791/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, cavabdeh ünvan 2 ünvanında yaşayır. Hacı Zeynalabdin bələdiyyəsi tərəfindən verilmiş arayışdan da görünür ki, mübahisəli 120 kv.metr sahəsi olan fərdi yaşayış evi 2008-ci ildə İddiaçı tərəfindən 400 kv.metr torpaq sahəsində tikilmiş və ona məxsudur. Həmin torpaq sahəsinə görə əmlak və torpaq vergisi iddiaçı tərəfindən bələdiyyəyə ödənilmişdir. Qonşular tərəfindən tərtib edilmiş aktdan da görünür ki, cavabdeh 2012-ci ildən 2021-ci ilədək mübahisəli evdə yaşamışdır. Cavabdeh mübahisəli mənzildə olan əmlakların çox hissəsini özü aparıb. Cehiz əmlakı olmayıb, birgə nikah dövründə əldə edilmiş əmlaklar olub, 4-5 əmlakı qalıb, onlar da bir otağa yığılıb. Cavadbeh iddiaçının subyektiv hüququnun olmamasını göstərilsə də, mübahisəli fərdi yaşayış evinin iddiaçı tərəfindən tikilməsi təsdiqini tapır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-1791/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-1791/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş edir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 1791/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında göstərdi ki, Şahmuradı da, Ayseli də tanıyır. 20 ildir İddiaçı qonşuluğundakı evdə yaşayır. İddiaçı təxminən 18 ildir ki, o mənzildə yaşayır. Həmin vaxt orada işıq, su xətləri olmamış, iddiaçı evinə həmin xətləri onun evindən götürmüşdür. Ev Şahmurad tərəfindən tikilib. Tikintisində 2 nəfər usta işləyirdi. Şahmurad orada yoldaşı Nənəxanımla qalır. Ev hazır olandan bir müddət sonra Aysel gəlib orada qalmağa başlamışdır. Son vaxtlar Aysel tez-tez evə gəlir, hər gələndə də dava salıb gedir. Son dövrlərdə gəlib qaldığı da olub. Qayınanasına zülm edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Beyləqan rayon, 2-ci Şahvsevən kəndində qeydiyyatda olan xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 2008-ci ildə öz vəsaiti hesabına Sumqayıt şəhər,Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol stansiyasında 1/105 saylı bağ evini tikdirmiş və bu günə qədər arvadı xx.xx.1961-ci il təvəllüdlü X5 ilə birlikdə orada qeydiyyatsız yaşayır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)7764/2021 saylı qətnaməsi ilə iddiaçı Piriyeva (Həsənova) Aysel Təvəkkül qızının cavabdeh İddiaçı qarşı fərdi evdən məcburi çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli “Məişət zorakılığı haqqında iş üzrə” qərarı ilə Cavabdeh məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, İddiaçı və X3 30 gün olmaqla (xx.xx.2022-ci il-xx.xx.2022-ci il) qısamüddətli mühafizə orderi verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ sahəsi İddiaçı tərəfindən öz vəsaiti hesabına tikilmiş, iddiaçı orada arvadı X5 ilə birlikdə yaşayır, Cavabdeh onların keçmiş gəlini olmuş, o, tez-tez evə gələrək dava-dalaş salaraq, iddiaçı və onun arvadına qarşı zorakılıq törədməsi mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilərək, Konvensiyanın president qərarlara və Konstitusiyanın prinsipləri əsasında qorunan hüquqlarına müdaxilə hesab olunmaqla mülkiyyətdən manesiz istifadə hüquqlarını məhdudlaşdırır. Bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı və onun arvadı X3 qısa müddətli mühafizə orderi verilmişdir. Hazırda iddiaçı və onun arvadı bağ sahəsindən istifadə etmək hüququndan qanunsuz olaraq məhrum edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43-cü maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokoluna, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157, 158, 180, 228.5--cü maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticədə haqlı olmuş və iddianı təmin etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Eyni zamanda, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 157.8-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 27.1 və 27.3-cü maddələrindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 6.1.7-ci maddəsinin tələbinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə kollegiyası iş materiallarına və təqdim edilmiş arayışlara istinad edərək qeyd edir ki, mübahisəli fərdi yaşayış evi 2008-ci il tarixdə iddiaçı tərəfindən tikilmiş, iddiaçı və arvadı hazırki günədək həmin evdə yaşayırlar, cavabdeh 2012-ci ildə iddiaçının oğlu ilə nikaha girərək həmin evdə 2021-ci ilədək yaşamış, hazırda həmin evdə yaşamır, tez-tez fərdi yaşayış evinə gələrək iddiaçı ilə mübahisə edir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli, 564 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında yaşayır. Həmçinin təqdim edilmiş aktdan görünür ki, cavabdeh 2021-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamır. Eyni zamanda X1 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, fərdi yaşayış evinə görə əmlak və torpaq vergisini İddiaçı ödəyir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin iddiaçıya məxsus olması iş materiallarında olan aktlar və arayışlarla təsdiqini tapır. Eyni zamanda müəyyən edilir ki, cavabdeh mübahisəli fərdi yaşayış evində 2021-ci ildən yaşamır və ona məxsus əmlakların iddiaçıya məxsus fərdi yaşayış evində qalması onun hüquqlarını pozur, özünə məxsus fərdi yaşayış evindən sərbəst istifadəsinə maneə yaradır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının subyektiv hüququnun olmaması barədə dəlillərə qiymət verərək qeyd edir ki, mübahisə predmetinin özbaşına inşa edilmiş ev, tikili olması özlüyündə həmin tikiliyə,evə ümumiyyətlə hüququn olmaması kimi qəbul edilməməlidir. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdə inkişaf edir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.” Göründüyü kimi, müvafiq qanunvericilik aktlarına əsasən və formalaşmış məhkəmə praktikasına uyğun olaraq tikilinin özbaşına tikili olması həmin tikilinin sahibinin bu tikiliyə hər hansı hüququnun olmaması kimi qəbul edilə bilməz. Həmçinin iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 oktyabr 2021-ci il tarixli, 2(060)-7764/2021 saylı qətnaməsindən görünür ki, hazırki iş üzrə Cavabdeh iddiaçının oğlu X7 qarşı fərdi yaşayış evindən məcburi çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək atasının vəsaiti hesabına tikilmiş evdən cavabdehin çıxarılmasını xahiş etmiş, iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməmişdir. Həmin qətnamədən müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi iddiaçı tərəfindən inşa edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(060)-1791/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(060)-1791/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar