Məhkəmə qərarları › İş №2(105)-1774/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1774/2024

25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1774/2024 25.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: dövlət hesabına vəkillə təmin edilmə) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "pulsuz hüquqi yardım alması üçün dövlət hesabına vəkillə təmin edilmə" tələbinə dair ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(012)-5036/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona dəymiş 432 000 (dörd yüz otuz iki min) manat maddi və 70 000 (yetmiş min) manat mənəvi ziyanın, cəmi 502 000 (beş yüz iki min) manat pulun alınıb ona verilməsinə dair qətnamə və cavabdehin əməlində cinayət tərkibi olduğundan bu barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı məhkəməyə ərizə göndərərək dövlət büdcəsi hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmədə Cavabdehnə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırmış, iddiaya baxılması 14 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Bildirir kı, onun maddi vəziyyəti çox aşağıdır. Səhhətindəki problemlərlə əlaqədar işləyə bilmir, övladlarından biri müddətli hərbi qulluqçudur, digər övladı isə yetkinlik yaşına çatmamışdır. Qarşı tərəf kifayət qədər imkanlara malik olan, maddi vəziyyəti həddən artıq yaxşı olan, savadlı mütəxəssisləri və hüquqşünasları işlətmək üçün maddi duruma malik olan hüquqi şəxsdir. Cavabdeh özünü məhkəmədə müdafiə etmək üçün keyfiyyətli hüquqi yardım alacaq və bundan da istifadə edəcək. Bununla da, onların arasında bərabərlik pozulmuş olacaqdır, onun hüquqi savadı olmadığından məhkəmənin çəkişmə prinsipi də pozulacaqdır.Tərəflərin bərabərliyini təmin etmək üçün onun də dövlət hesabına vəkillə təmin olunmasını xahiş edir.

4. Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(012)- 5036/2024 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) İddiaçı pulsuz hüquqi yardım almaq üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

5. İddiaçı Tağıyev X3 Rayon Məhkəməsinin 2(012)-5036/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5036/2024 saylı qərardadının ləğv edilib onun pulsuz hüquqi yardım almaq üçün dövlət hesabına vəkillə təmin olunmasına dair qərardad qəbul edilməsini, əks təqdirdə baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(012)- 5036/2024 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-5036/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Şikayətin dəlilləri İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə pulsuz hüquqi yardım almaq üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəyə baxarkən, heç bir araşdırma aparmadan, elektron məhkəmə sistemində onun işsiz olduğuna dair məlumatları yoxlamadan qərar çıxarmışdır. Belə ki, o, Cavabdeh MMC-yə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Onun səhhətində ciddi problemlər vardır. İşsizdir, hüquqi savadı olmadığından məhkəmədə onun hüquqlarını müdafiə etmək üçün peşəkar hüquqi yardıma ehtiyacı vardır. Onun işsiz olduğuna dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən məşğulluq haqqında arayışı vardır ki, həmin arayışı şikayətinə əlavə etmişdir. Məhkəmə heç bir araşdırma aparmadan, elektron məhkəmə sistemində onun işsiz olduğuna dair məlumatları yoxlamadan qərar çıxarmışdır. Qeyd olunanlara əsasən o, şikayətinin təmin edilməsini xahiş etmişdir.

8. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 61 Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 67-1. Vəkilin prosesdə dövlət hesabına iştirakı 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.3. Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. 67-1.4. Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. 67-1.5. Məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. 67-1.6. Məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

12. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(012)-5036/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(012)-5036/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(012)- 5036/2024 nömrəli qərardadı ləğv edilməli, dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə yenidən müzakirə edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.

14. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İddiaçı pulsuz hüquqi yardım almaq üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda MPM-nin 67-1-ci maddəsinə əsasən vəkilin prosesdə dövlət hesabına iştirakına əsas verən hər hansı hal müəyyən edilməmişdir.

16. İddiaçı Tağıyev X3 Rayon Məhkəməsinin 2(012)-5036/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5036/2024 saylı qərardadının ləğv edilib onun pulsuz hüquqi yardım almaq üçün dövlət hesabına vəkillə təmin olunmasına dair qərardad qəbul edilməsini, əks təqdirdə baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Apellyator şikayətini onunla əsasllandırmişdır ki, məhkəmə heç bir araşdırma aparmadan, “Elektron Məhkəmə” İnformasiya sistemində onun işsiz olduğuna dair məlumatları yoxlamadan qərar çıxarmışdır. Belə ki, onun səhhətində ciddi problemlər vardır, işsizdir, hüquqi savadı olmadığından məhkəmədə onun hüquqlarını müdafiə etmək üçün peşəkar hüquqi yardıma ehtiyacı vardır. Onun işsiz olduğuna dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən məşğulluq haqqında arayışı vardır.

18. Məhkəmə kollegiyası şikayətin bu dəlilini qismən əsaslı hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmiş, nəticədə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməmişdir.

19. Belə ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərin vəkillə təmin etmə vəzifəsini məhkəmənin üzərinə qoymuşdur. Lakin bu halda işdə iştirak edən şəxsin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmaması tələb olunur ki, bu xüsusat da müvafiq sənədlərlə sübut edilməlidir.

20. MPM-nin 67-1.4.5-ci maddəsinə əsasən şəxsin müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olması dövlət hesabına vəkillə təmin edilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur.

21. Şikayətə əlavə edilmiş Məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı Bakı Regional Məşğulluq filialında qeydə alınmışdır. Həmçinin həmin arayışdan görünür ki, status olaraq «müvəqqəti dayandırılıb» qeydi aparılmışdır.

22. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən həmin xüsusat araşdırılmamış, ərizənin qeyd olunan hal üzrə əsaslı olub-olmamasına qiymət verilməmişdir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şikayətin tələb hissəsində iddiaçı tərəfindən verilmiş nöqsan (Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 5036/2024 saylı qərardadını ləğv edib mənim pulsuz hüquqi yardım almaq üçün dövlət hesabına vəkillə təmin olunmağıma dair qərardad qəbul edəsiz, əks təqdirdə baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərəsiz) birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmamışdır.

24. Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(012)-5036/2024 nömrəli qərardadı ləğv olunmalı, pulsuz hüquqi yardım almaq üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizəsi yuxarda şərh olunan hallar nəzərə alınmaqla araşdırılıb qiymət verilməsi, qanuni və əsaslandırılmış aktın qəbul edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

25. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(012)-5036/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "pulsuz hüquqi yardım alması üçün dövlət hesabına vəkillə təmin edilmə" barədə ərizəsi yenidən müzakirə edilməsi üçün mülki iş Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar