Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1782/2022 31.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ümumi mülkiyyətdə olan əmlakın bölünməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh iştirakı ilə, Xızı Rayon Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli, 2(068)-203/2015 nömrəli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Xızı rayonu, Yeni-Yaşma kəndində 0,20 ha həyətyanı torpaq sahəsi olmaqla 54 kvadrat metrdən ibarət 2 otaqlı yaşayış evinin aralarında bölünərək yaşayış evinin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınması və «Hyundai Sonata» markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1998-ci il tarixdə nikaha daxil olaraq evlənmişdir. Bir müddət birgə yaşadıqdan sonra Xızı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nikahları ləğv edilmişdir. Birgə nikah dövründə Xızı rayonu, Yeni-Yaşma kəndində 0,20 ha həyətyanı torpaq sahəsi olmaqla 54 kvadrat metrdən ibarət 2 otaqlı ev və «Hyundai Sonata» markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Xızı Rayon Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli, 2(068)-203/2015 nömrəli qətnaməsi ilə (hakim İsgəndər Hacıyev) İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan əmlakın bölünməsinə dair iddiası qismən təmin edilib, Xızı rayonu, Yeni-Yaşma kəndində 0,20 ha torpaq sahəsi və 54 kvadrat metrdən ibarət yaşayış evinin tərəflər arasında bərabər paylarla bölünməklə, həmin torpaq sahəsinə və evə ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh mülkiyyət hüququ tanınmış, iddia tələbi qalan hissədə təmin edilməmiş və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, tərəflər birgə nikah dövründə mübahisəli torpaq sahəsini və mənzili əldə etmişlər, torpaq sahəsi cavabdehin adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Hazırda tərəflər mübahisəli evdə yaşayırlar. İddia predmetini təşkil edən “Hyundai Sonata-minik” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi tələbinə münasibətdə isə həmin avtomobil mülkiyyət hüququ əsasında cavabdehə deyil, digər şəxsə məxsus olduğundan iddiaçının həmin avtomobilə hüququ tanına bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 225-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3 - 36.5, 37.1, 37.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti verib, Xızı Rayon Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli, 2(068)- 203/2015 nömrəli qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Xızı rayonu, Yeni-Yaşma kəndində yrləşən 0.20 ha həyətyanı torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh tərəfindən bağlanmış alqı-satqı müqaviləsinə əsasən qeydə alınaraq sonuncunun adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir. Lakin icra sənədində qeyd edilən həmin ünvanda yerləşən 54 kv.m olan yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də, yaşayış evinin tərəflər arasında bərabər paylara bölünməklə, həmin evə tərəflərin ½ hissədə qanunsuz olaraq mülkiyyət hüquqları tanınmışdır. Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, apellyant tərəfindən yalnız birinci instansiya məhkəməsinin qətnaməsini- “Xızı rayonu, Yeni-Yaşma kəndində 0.20 ha həyətyanı torpaq sahəsində yerləşən 54 kvadrat metrdən ibarət 2 otaqlı yaşayış evinin tərəflər arasında bərabər paylara bölünüb, ½ hissədə onların mülkiyyət hüquqları tanınsın” hissəsində mübahisələndirilir. Xızı Rayon Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli, 2(068)-203/2015 nömrəli qətnaməsi - “Hyundai Sonata-minik” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ nisbətdə bölünməsi tələbinə dair iddianın rədd edilmiş hissəsində mübahisələndirilməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1 və 152.2. Subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənlişdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s daxildir. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Torpaq Məcəlləsi Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 101.2. Tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla liyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından la edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- ımasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya iiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin İması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi yolu ilə aparılır. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı və Cavabdeh 1998-ci il tarixdə nikaha daxil olaraq evlənmiş və birgə nikahdan onların xx.xx.1998-ci il təvəllüdlü Fatimə və xx.xx.2000- ci il təvəllüdlü Ələmdar adlı uşaqları doğulmuşdur. Xızı Rayon Məhkəməsinin 21 iyul 2015-ci il tarixli, 2(068)-48/2015 nömrəli qətnaməsi ilə tərəflərin arasındakı nikah ləğv edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu Yeni-Yaşma kəndi ərazisində 0,20 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyatdan keçmişdir. İşdə olan AA seriyalı 849452 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Hyundai Sonata-minik” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1996-cı il buraxılışlı, tünd göy rəngli nəqliyyat vasitəsinin sahibi Bakı şəhəri, M.K.Atatürk prospekti, ev 47, mənzil 6-da yaşayan X1r. İşdə olan ƏN-İV seriyalı 905325 nömrəli etibarnamənin surətindən görünür ki, Bakı şəhəri, M.K.Atatürk prospekti, ev 47, mənzil 6-da yaşayan X2 “Hyundai Sonata-minik” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1996-cı il buraxılışlı, tünd göy rəngli nəqliyyat vasitəsini Cavabdeh 04 may 2016-cı ilədək etibar etməsi göstərilmişdir. Birinci instansiyası məhkəməsinin müəyyən etdiyi işin faktiki hallarından da görünür ki, sözügedən torpaq sahəsi rəsmi dövlət qeydiyyatına alınmış, fərdi yaşayış evi isə dövlət qeydiyyatına alınmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materialları ilə müəyyən olur ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq ediimiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması mövcud şəhərsalma obyektlərində dəyişiklliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarına əsasən tikilinin inşası üçün tikintiyə icazə alınmalı lahiyəsi tərtib edilməklə təsdiqlənməlidir. Bundan sonra ekspertiza mərkəzinin müsbət rəyi alınmalı, tikilinin inşası başa çatdırıldıqdan sonra icra hakimiyyətinin müvafiq komisiyyası tərəfindən istimara yararlı olub olmaması yoxlanılmalıdır. Lakin birinci instansiyası məhkəməsi tərəfindən müvafiq evə dair qanunvericiliklə tələb olunan hər hansı hüquqmüəyyənedici sənədə istinad edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarında ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh lsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən Xızı rayonu, Yeni-Yaşma kəndində 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən 54 kvadrat metrdən ibarət yaşayış evinin tərəflər arasında bərabər paylarla bölünməklə, həmin evə tərəflərin ikidə bir hissədə mülkiyyət hüquqlarının tanınması qanunvericiliyin tələbləri baxımından qanuni və əsaslı olmamışdır. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- «Xızı rayonu Yeni-Yaşma kəndində 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən 54 kvadrat metrdən ibarət yaşayış evi tərəflər arasında bərabər paylarla bölünsün və həmin evdə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh mülkiyyət hüququ tanınsın» hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməməli, qətnamə - « Xızı rayonu Yeni-Yaşma kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi tərəflər arasında bərabər paylarla bölünsün və ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh mülkiyyət hüququ tanınsın, iddia tələbi qalan hissədə təmin edilməsin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin» hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Xızı Rayon Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli, 2(068)-203/2015 nömrəli qətnaməsi qismən – « Xızı rayonu Yeni-Yaşma kəndində 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən 54 kvadrat metrdən ibarət yaşayış evi tərəflər arasında bərabər paylarla bölünsün və həmin evdə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh mülkiyyət hüququ tanınsın» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə - « Xızı rayonu Yeni-Yaşma kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi tərəflər arasında bərabər paylarla bölünsün və ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh mülkiyyət hüququ tanınsın, iddia tələbi qalan hissədə təmin edilməsin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1782/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1782/2022
31.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver