Məhkəmə qərarları › İş №2(105)-1783/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1783/2022

15.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1783/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Saray Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilmiş daş hasarın və qoyulmuş darvazanın sökülməsi, bağlanmış yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(012)-259/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(012)-259/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə gedən bağlanmış yolun açılması, həmin yol üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulmuş darvaza və ona bitişik daş hasarın onların öz hesabına sökülməklə iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququna yaranmış maneələr aradan qaldırılması qət edilmişdir. (hakim M.Abbasova) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(012)-259/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Abşeron rayonu Saray bələdiyyəsi cəlb edilməklə) tikilmiş daş hasarın və qoyulmuş darvazanın sökülməsi, bağlanmış yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi RX seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə gedən bağlanmış yolun açılması, onun üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilmiş daş hasarın və qoyulmuş darvazanın cavabdehlərin öz hesabına sökülməsi, iddiaçının mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya RX ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi təyinatlıdır. Beş ildən artıq müddətdir ki, sözügedən torpaq sahəsinə aparan yol Cavabdeh1 tərəfindən bağlanılmışdır. Belə ki, Saray Bələdiyyəsinə qarşı torpaq sahəsinə gedən yolun açılması, tikilmiş daş hasarın və qoyulmuş darvazanın sökülməsi, mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş, məhkəmə iş üzrə xx.xx.2021-ci il tarixli 2-1(118)-105/2021 saylı qərar qəbul etmişdir. Mübahisənin Sumqayıt İnzibati Məhkəməsində araşdırılması zamanı müəyyən edilmişdir ki, sözügedən daş hasar və darvaza torpaq sahəsinin mülkiyyətçisi Saray bələdiyyəsi tərəfindən deyil, hazırki iş üzrə cavabdehlər tərəfindən inşa edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, Saray Bələdiyyəsinin keçmiş sədri tərəfindən həmin yerə darvaza qoyulacağı təqdirdə torpaq sahəsinin onun mülkiyyətinə rəsmiləşdirilməsi ilə bağlı verdiyi şifahi vəd olmuş, bələdiyyə sədrinin şifahi vədinə əsasən həmin yerdə əri Cavabdeh2 ilə birlikdə divar inşa etdirərək darvaza quraşdırmış, bununla əlaqədar 6.000 manat xərci çıxmışdır. Həmin iddia tələbini təmin etməyən məhkəmə yekun fikrini əsaslandırarkən qərarında göstərmişdir ki, “...bələdiyyələrin mülkiyyətində olan torpaq sahələri başqa şəxslər tərəfindən zəbt olunduğu təqdirdə həmin torpaq sahəsinin boşaldılaraq yenidən qaytarılması torpaq və mülki qanunvericiliyin tələbləri baxımından məhkəmədə qaldırılan iddia tələbi əsasında həyata keçirilir. Hazırki iddia tələbi araşdırılan zaman müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş hasar və quraşdırılmış darvaza bələdiyyənin inzibati ərazisində yerləşir və həmin darvazanın üzərində sahiblik hüququ Saray bələdiyyəsinə deyil, hazırki iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilmiş Cavabdeh1 və Cavabdeh2 məxsusdur...”. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyindən görünür ki, sözügedən iddia tələbi Saray bələdiyyəsinə qarşı deyil, hazırki iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılmalıdır. Tikinti yerləşən torpaq sahəsi Saray bələdiyyəsinin mülkiyyətindədir, bu hal inzibati məhkəmədə araşdırma zamanı işin müəyyən edilmiş hallarından biridir. Lakin göründüyü kimi, cavabdehlər sözügedən torpaq sahəsinə ümumi istifadədə olan yola hər hansı hüquq əldə etmədən onun üzərində mişar daşları ilə hasar çəkmiş və dəmir darvaza qoymuş, bununla da İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneə yaradaraq, istifadəni mümkünsüz vəziyyətə gətirmişlər. Qanunvericiliyin tələbindən göründüyü kimi, torpaq sahəsini özbaşına tutmuş – onu zəbt etmiş şəxs həmin torpaq sahəsində apardığı tikiliyə hər hansı hüquq əldə etmir və belə tikili maraqlı tərəfin şikayəti əsasında sökülə bilər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh1 apellyasiya şikayəti onunla əsasladırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində yanlışlığa yol vermiş, habelə iş üzrə lazımi qaydada araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İşin faktiki hallarından göründüyü kimi heç bir özbaşına tikilidən söhbət getmədiyi halda hakim özbaşına tikintinin anlayışını verən və özbaşına tikintidən yaranan münasibətləri tənzimləyən normalara istinad etmişdir. Cavabdeh tərəfindən öz torpaq sahəsinə giriş çıxışı təmin etmək üçün quraşdırdığı darvazanı özbaşına tikinti adlandırmaq qanunsuz və ədalətsizdir. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Heç bir özbaşına tikintidən söhbət getmədiyi halda birinci instansiya məhkəməsinin hakiminin qərarında belə bir qanun normasına istinad etməsi anlaşılan deyil. Qətnamənin əsaslandırma hissəsində baxılan məsələyə heç bir aidiyyəti olmayan qanun normasına istinad edən məhkəmə, təbii olaraq yanlış nəticəyə səbəb olan qərar qəbul etmişdir. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi hər hansı bir tikilinin sökülməsi ya müvafiq icra hakimiyyəti orqanının ya da maraqlı şəxsin müraciəti əsasında məhkəmə qərarı əsasında sökülə bilər. Cavabdehin qeyd etdiyi mülkiyyətində olan torpaq sahəsinə girişi-çıxışı həmin torpaq sahəsinin qarşı tərəfindən olmuşdur. Lakin həmin yolu iddiaçı başqa şəxsə satdığına görə onun qanuni istifadəsində olan torpaq sahəsindən mülkiyyətində olan torpaq sahəsinə girişi-çıxışını təmin etmək istəyir. Lakin birinci instansiya məhkəməsi işin bu hallarını araşdırmadan qanunsuz və əsassız olaraq iddianı təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan halları sübut edilməmişdir və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, onlar mübahisəli yaşayış evində 30 ildən çoxdur ki, yaşayırlar və heç kəsin yolunu zəbt etməmişlər. Qarşı tərəflə eyni həyətdə qonşudurlar. Hazırda iddiaçıya məxsus olan torpaq sahəsi əvvəllər Sərvər adlı şəxsə məxsus olmuş və həmin torpaq sahəsi 10 sot olmaqla iddiaçı həmin torpaq sahəsinin 4 sotunu almış, qalan 6 sot torpaq sahəsi isə Sərvər adlı şəxsin vəfatından sonra vərəsəsi tərəfindən satılmışdır. Bu zaman iddiaçının torpaq sahəsinə gedən yol da satılmışdır. Bundan sonra iddiaçı əsassız olaraq onlara qarşı iddia qaldırmış və cavabdehlərin qanuni sahibliyində olan torpaq sahəsindən yol istəyir. Bu da tamamilə absurddur. Bundan əlavə onlar deyil, əksinə iddiaçı onların əkin sahələrinə daxil olmuş, sonradan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları gəlib ölçü işləri apardılar və cavabdehlərə 7 metr yol verdilər. Qarşı tərəf torpaq sahəsinin yarısını satdığından hal-hazırda onların yolu yoxdur. Sadalanan hallar nəzərə alınmaqla apellyasiya şikayətinin təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin 2(012)-259/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı İddiaçı məhkəmə kollegiyasının iştirak iclasında şikayətlə razılaşmadı, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qəbul edərək, şikayətin rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu Saray Bələdiyyəsinin nümayəndəsi X2 bildirdi ki, cavabdehlərin torpaq sahəsi islahatlar vaxtı pay torpağı kimi onlara verilmişdir. İddiaçınya məxsus torpaq sahəsi isə həyətyanı torpaq sahəsidir ki, əvvəlcə həmin sahə 10 sot olub. Torpaq sahəsi cavabdehlərin torpaq sahəsinin qarşısında yerləşir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarının və cavabdehlərin iştirakı ilə onların torpaq sahəsinə yol qoyulub. Hazırda iddiaçının yola çıxışı yoxdur, çünki torpaq sahəsinin qabaq hissəsi satılıb. Ümumilikdə 7 metr yol verilib ki, iddiaçı tərəf 2 metr enindən götürüb. 5 metr isə qalıb. Qeyd olunan ərazidə torpaq sahəsi satıldıqdan sonra hazırkı mübahisə yaranıb. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi təyinatlıdır. Torpaq sahəsinə dair İddiaçı adına A 184761 saylı, xx.xx.2017-ci il tarixli plan və ölçü tərtib edilmişdir. Yenə iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(118)-105/2021 saylı qərarından görünür ki, İddiaçı Saray Bələdiyyəsinə qarşı torpaq sahəsinə gedən yolun açılması, tikilmiş daş hasarın və qoyulmuş darvazanın sökülməsi, mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Mülki işə əlavə edilmiş DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus 0,04 ha torpaq sahəsinə naturada müayinə baxışı (inventarlaşma və çöl-ölçmə) keçirilmişdir. Müayinə baxışı zamanı Seriya RX ******* nömrəli çıxarışla iddiaçıya məxsus 0,04 ha torpaq sahəsinin giriş-çıxış yolu digər vətəndaş tərəfindən bağlanmışdır. Həmin giriş-çıxış yolu İdarə tərəfindən qeydə alınmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin xx.xx.20222-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən girişdən əlavə ümumi istifadədə olan yolun dəmir darvaza ilə bağlandığı, faktiki olaraq cavabdehlər tərəfindən istifadə olunduğu, həmçinin iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq başqa giriş-çıxış yolunun mövcud olmadığı müəyyən edilmişdir. Yenə iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1955 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən girişdən əlavə ümumi istifadədə olan yolun dəmir darvaza ilə bağlandığı, faktiki olaraq cavabdehlər tərəfindən istifadə olunduğu, həmçinin iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq başqa giriş-çıxış yolunun mövcud olmadığı müəyyən edilmişdir. İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-2289 saylı, 30800086 kodlu dövlət aktından Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.55 hektar torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, iş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası qətnaməni Cavabdeh1 münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tərəflərin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(012)-259/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verdiyi Seriya RX ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi təyinatlıdır. Cavabdeh2 mülkiyyətində olan 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşir. İddiaçıya məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə gedən ümumi istifadədə olan yol cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən dəmir darvaza ilə bağlandığından iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq başqa giriş-çıxış yolu mövcud olmadığı iş üzrə təyin edilmiş məhkəmə eksprtizasının rəyi ilə öz təstiqini tapmışdır. Beləliklə iddiaçının iddiası təmin edilmiş, narazı qalan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbycan Respublikasının Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Yenə həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Yenə də həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 18-ci maddəsinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20-ci maddəsinə görə yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərininhidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Torpaq Məcəlləsinin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Yenə həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Eyni Məcəllənin 111.3-cü maddəsinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin tədqiq olunan faktiki hallarından məlum oldu ki, iddiaçının torpaq sahəsi yaşayış məntəqəsi təyinatlı, cavabdehin torpaq sahəsi isə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi olmaqla qonşuluqda yerləşən torpaq sahələridir. Mülki işdə olan mütəxəssis və ekspert rəylərindən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə gedən ümumi istifadədə olan yol cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən girişdən əlavə dəmir darvaza ilə bağlanmış, faktiki olaraq cavabdehlərin istifadəsindədir, həmçinin iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq başqa giriş-çıxış yolu mövcud deyildir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi ( iddiaçıya məxsus olan evə gedən yol) üzərində cavabdehlərin hər hansı hüquqları dövlət qeydiyyatına alınmamış və həmin ərazinin faktiki olaraq cavabdehlər tərəfindən tutulması iddiaçıya məxsus torpaq sahəsinə gedən zəruri yolun kəsilməsinə səbəb olmuşdur. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, mübahisəli daş hasar və darvaza hazırki iş üzrə cavabdehlər tərəfindən inşa edilmişdir. Bu tikinti və qurğunun isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən zəruri yolu bağlaması işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsaslı olmaqla iddiaçı öz iddiasının əsaslarını sübuta yetirə bilmiş, cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmiş, habelə şikayətinin dəlillərinə uyğun əsaslı şübhələrdən kənar, mötəbər sübut təqdim etməmişdir. Beləliklə birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(012)-259/2022 nömrəli qətnaməsi Cavabdeh1 apellaysiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh1 aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar