Məhkəmə qərarları › İş №2(105)-180/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-180/2024

16.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-180/2024 16.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X38 və X27 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , İddiaçı1 (həmçinin xx.xx.2023-cü il tarixdə vəfat etmiş digər iddiaçı X5 hüquqi varisi), Cavabdeh2 və onun vəkili X37, iddiaçı X5 digər hüquqi varisi X10 nümayəndəsi X11 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi əşyanın bölünməsi və payların ayrılması” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(031)-429/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və X14 məhkəmədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 4.27 hektar torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və X14 iddialarını onunla əsaslandırmışlar ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün onların, cavabdehlərin, X1, X2, X20 ümumi birgə mülkiyyətinə 4.27 hektar torpaq sahəsi verilmişdir. Onlara torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktı verilmişdir. Mülkiyyətçilərdən X12, X7 və X31 vəfat etmişlər. Vaxtı ilə Şabran rayon məhkəməsində iddia qaldıraraq Torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən 4.27 hektar torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Şabran Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 2(031)-591/2019 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən İddiaçı1, X1, X5, İddiaçı2 ümumi birgə mülkiyyətində olan 4,27 ha torpaq sahəsinin bölünməsi və iddiaçılar İddiaçı1, X1, X5, İddiaçı2 hər birinin payının 1/9 hissə olaraq ayrılması qət edilmişdir (hakim Ç.İsgəndərov). Qətnamədən narazı qalan cavabdeh X12 apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-244/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 apelyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı 08 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbləri təmin edilməmişdir (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və S.Qafari). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair 005051 nömrəli dövlət aktına əsasən, Dəvəçi rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 04 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün X2 “Şəhriyar” kəndli (fermer) təsərrüfatına 10 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi, iddiaçıların mübahisələndirdikləri torpaq sahəsi X2 başçılığı altında yaradılmış, “Şəhriyar” kəndli (fermer) təsərrüfatının 1994-cü il tarixdən mülkiyyətində olan 10.0 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Dəvəçi rayon XDS Rəyasət Heyətinin 30 aprel 1994cü il tarixli 04 nömrəli qərarı əsasında verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair 005051 nömrəli dövlət aktına əsasən X2 başçılığı altında yaradılmış “Şəhriyar” kəndli (fermer) təsərrüfatının mülkiyyətində olan 10 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər qüvvədədir, ləğv və etibarsız hesab edilməmişdir və həmin sənədlər iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 06 saylı qərarı əsasında verilmiş torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 4,27 hektar torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması barədə iddia tələbi təmin edilə bilməz. Nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarxli, 2(102)- 5103/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 244/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra onlar məhkəmələrin hüquqi mövqeyini əsas tutaraq Sumqayıt İnzibati Məhkəməsində cavabdeh Şabran rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs - “Şəhriyar” X35) “Dəvəçi rayon XDS RH-nin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qaldırmışlar. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 2-1(118)- 254/2022 nömrəli qərarı ilə Dəvəçi rayon XDS RH-nin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı 1,89 ha hissədə ləğv olunmuşdur. Ona görə də onlar yeni əsasla Şabran Rayon Məhkəməsinə iddia ilə müraciət edirlər. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyətçilərin adına **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin bölünməsini və paylarının ayrılmasını istəyirlər. Bununla əlaqədar mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirilməlidir. Torpaq sahəsi bölündükdə hər birinin payı bərabər hissələrlə ayrılmalıdır ki, bu əmlakda hər birinin payı 1/9 hissə olaraq müəyyən edilməlidir. Cavabdehlərlə aralarında həmin torpaq sahəsinə dair mübahisə olduğundan, cavabdehlərin təqsiri ucbatından onlar öz torpaq sahələrindən sərbəst surətdə istifadə edə bilmədiklərindən həmin torpaq sahəsinə paylı mülkiyyətin müəyyənləşdirilməsinə dair razılıq əldə edə bilmirlər. Ona görə də məcbur olub ümumi əşyanın bölünməsi və hər birinin payının ayrılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edirlər. Şabran Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(031)-429/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 4.27 hektar torpaq sahəsinin bölünməsi və İddiaçı1, İddiaçı2 paylarının 1/9 hissə olaraq ayrılması qət edilmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(031)-429/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçılardan biri X14 məhkəmədə hazırki iddianı qaldırandan sonra iş məhkəmənin icraatında olarkən vəfat etmişdir. Belə olan halda barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırmalı, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verməli idi. Lakin, məhkəmədə işə baxılarkən qeyd olunan maddələrin tələblərinə riayət edilmədən qətnamə qəbul edilmişdir. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.1, 261.0.7-ci maddələrinin tələbləri tətbiq edilməmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və X14 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və ona qarşı “ümumi əşyanın bölünməsi və payların ayrılması “ tələbinə dair iddia qaldıraraq **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 4.27 hektar torpaq sahəsinin bölünməsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şabran Rayon Məhkəməsinin 2(031)-429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmişdir ki, iddia təmin edilsin, **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 4.27 hektar torpaq sahəsi bölünsün və İddiaçı1, İddiaçı2 payları 1/9 hissə olaraq ayrılsın. Şabran Rayon Məhkəməsinin 2(031)-429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab etmişdir ki, iddia təmin edilməli, **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 4.27 hektar torpaq sahəsi bölünməli və İddiaçı1, İddiaçı2 payları 1/9 hissə olaraq ayrılmalıdır. Şabran Rayon Məhkəməsinin 2(031)-429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini əsassız və qeyri-obyektiv hesab edir. Həmin qətnaməni mübahisələndirir. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Bildirmişdir ki, atası X12 1-ci qrup Qarabağ əlili olmuşdur. Dəvəçi rayon X29 Rəyasət Heyətinin 30 apre1994-cü il tarixli, 04 nömrəli qərarı ilə atası X2 başçılığı altında “Şəhriyar” Kəndli (Fermer) Təsərrüfatı yaradılmış və N.Nərimanov adına sovxozun 410-cu məhəlləsində yerləşən ərazisindən 10 hektar torpaq sahəsi atasının əlilliyi nəzərə alınaraq “Şəhriyar” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətinə verilmişdir. Sonradan həmin təsərrüfata 005051 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Həmin 10 hektar torpaq sahəsi atasına məxsus təsərrüfatın mülkiyyətində olmuş, hal-hazırda da mülkiyyətindədir. İddiaçılar vaxtı ilə Şabran Rayon Məhkəməsində onlara qarşı “torpaq sahəsinin bölünməsi və payların ayrılması” tələbinə dair iddia qaldırarkən onlar məhkəməyə JN0761 KOD 30401004 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını təqdim etmişlər və həmin vaxt onlara məlum olmuşdur ki, JN- 0761 KOD 30401004 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ciil tarixli, 06 saylı qərarı ilə X6, Cavabdeh1 Şəkaralı qızına, Cavabdeh2, Cavabdeh3, X24, X3, X8, İddiaçı1 və İddiaçı2 cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 4.27 ha torpaq sahəsi verilmişdir, həmin akt xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır. Hansı ki, atasının, onun, ailələrinin həmin dövlət aktından xəbəri olmamışdır. İddiaçı1 atasının və ailələrinin xəbəri olmadan saxta formada JN-0761 KOD 30401004 olanTorpağa mülkiyyət hüququna dair Dövlət Aktı əldə etmiş, həmin dövlət aktına əsasən özünün və digərlərinin adlarını da dövlət aktına qeyd etdirməklə “Şəhriyar” Kəndli (Fermer) Təsərrüfatının ərazisindən qanunsuz olaraq torpaq sahələri əldə etmişlər. Həmin dövlət aktında onun, atasının, anasının və bacısının adları ilə yanaşı X21, X1, X5, İddiaçı1 və İddiaçı2 adları da qeyd olunmuşdur. Qeyd edir ki, iddiaçıların “Şəhriyar” kəndli (fermer) təsərrüfatına heç bir aidiyyatları olmamış, onlar Şabran (əvvəlki Dəvəçi) rayonu ərazisində fəaliyyət göstərən N.Nərimanov adına sovxozda belə işləməmişlər. Atasının adına fermer təsərrüfatı üçün torpaq sahəsi ayrılanda iddiaçılardan İddiaçı1 həyat yoldaşı İddiaçı2 Şabran rayonu, Gəndab kəndində yaşayırdı və onun adına həmin kənddə pay torpağı var idi. İddiaçı2 İddiaçı1 ilə1998-ci ailə həyatı qurmuşdur. Hal-hazırda da İddiaçı2 Şabran rayonu, Gəndab kəndində qeydiyyatdadır. İddiaçı2 2 yerdə neçə pay torpaq sahəsi ola bilər? Dövlət aktında adı qeyd olunan X7 40 il Latviyada yaşamış, 2019-cu ildə Azərbaycan Respublikasına gəlmişdir. Onun adına torpaq sahəsi alına bilməzdi. Adları dövlət aktına salınmış Kübra Məmmədovanın və Nurəddin Məmmədovun da onlara məxsus təsərrüfata heç bir aidiyyatları yoxdur. Əgər İddiaçı1 və iddiaçılar həqiqətən də dövlət aktı əsasında torpaq sahələri əldə etmişdilərsə niyə görə 30 ilə yaxın müddət ərzində məhkəmədə iddia qaldırmamışdırlar. Onlar iddiaçılardan ayrı yaşamışlar və ayrı təsərrüfat aparmışlar. Necə ola bilər ki, heç bir aidiyyatı olmaya-olmaya atasına məxsus təsərrüfatın tərkibindən iddiaçılar torpaq sahələri əldə etmişlər. Belə ki, torpaq islahatı aparılan dövrdə o, atası, anası və bacısı ünvan 1 ünvanında yaşayırdılar, adları dövlət aktına saxta formada salınmış iddiaçılar isə ünvan 2 ünvanında yaşayırlar. Həmin saxta aktın əslinin İddiaçı1 tərəfindən məhkəməyə təqdim edilmədiyi də ona bəllidir. Hətta həmin dövlət aktına əsasən çıxarış da əldə edilmişdir. Əvvəllər keçirilmiş digər məhkəmə işi üzrə iş apellyasiya məhkəməsinin icraatında olarkən ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinin nəticəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X30 LTİ-nin mütəxəssis rəyinə əsasan JN- 0761KOD 30401004 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X12, Cavabdeh1 Şəkaralı qızı, Cavabdeh2, Cavabdeh3, X32, X7, X14, İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 4,27 ha torpaq sahəsi bütövlükdə 005051 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktına əsasən X2 (“Şəhriyar” X35) mülkiyyətində olan 10 ha torpaq sahəsinin (plan və ölçülərinə uyğun olaraq) sərhədləri daxilində yerləşir. Əlavə olaraq qeyd etmişdir ki, ekspertiza keçirilərkən ekspert mübahisəli torpaq sahəsinin ekspertə göstərilməsini İddiaçı1 təklif edən zaman o, ümumi torpağın yerini belə ekspertə göstərə bilməmişdir. Əvvəllər keçirilmiş digər məhkəmə işi üzrə onların xeyrinə qəbul olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-244/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5103/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarı da vardır. Ali məhkəmə bütün sənədləri araşdırıb torpağın bölünməməsi barədə qərar qəbul etmişdir. Ona görə də o, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarını və həmin qərar əsasında aparılmış saxta sənədləşmə işlərini X24, X3, X8, İddiaçı1 və İddiaçı2 aid hissələrdə müvafiq məhkəmədə mübahisələndirəcəkdir. O, bütün bunları məhkəmənin nəzərinə çatdırsa da, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun vəkili X37 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Şabran Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(031)-429/2023 nömrəli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin olunmamasını, həmçinin hüquqi varisi olduğu digər iddiaçı X4 ona düşən miras payının müəyyən edilməsini də məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 digər hüquqi varisi X10 nümayəndəsi X16 nümayəndəsi olduğu atasına düşən miras payının Cavabdeh2 verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər İddiaçı2, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 4.27 hektar torpaq sahəsindən İddiaçı2 1/9 hissədə, İddiaçı1 3/18 hissədə, X10 1/18 hissədə payları müəyyən edilməli və iddia tələbi digər hissədə təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********04, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan RX seriyalı ******* saylı çıxarışa əsasən X2 və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X20, İddiaçı1, X1, X5, İddiaçı2 birgə mülkiyyətlərinə 4.27 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0761, kod 30401004 olan Dövlət Aktından görünür ki, dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən X2 və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X20, İddiaçı1, X1, X5, İddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4.27 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı 08 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən Torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən İddiaçı1, X1, X5, İddiaçı2 ümumi birgə mülkiyyətində olan 4.27 hektar torpaq sahəsinin bölünməsi və iddiaçılar İddiaçı1, X1, X5, İddiaçı2 hər birinin payı 1/9 hissə olaraq ayrılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən X2 apelyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı 08 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddiaçılar X13, X1, X5, İddiaçı2 cavabdehlər X6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X25 qarşı torpağa mülkiyyət hüququna dair JN-0761, kod 30401004 olan dövlət aktına əsasən onların və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 4.27 hektar torpaq sahəsinin bölünm əsi və hər birinin payının 1/9 hissə olaraq ayrılması barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2- 1(118)-254/2022 saylı qərarından görünür ki, həmin qərarla Dəvəçi rayon XDS RH-nin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı iddiaçılara məxsus 1.89 ha hissədə ləğv olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəlləsinin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. AR Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Buna görə də işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının araşdırması zamanı “Elektron məhkəmə” informasiya sistemindən alınan məlumata əsasən iş üzrə iddiaçı X5 xx.xx.2023-cü il tarixdə öldüyü müəyyən edilmiş, buna görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 2077/2024 nömrəli qərardadı ilə iddiaçı X5 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran Rayon Qeydiyyat Şöbəsinin 26 yanvar 2024-cü il tarixli, 24 nömrəli məktubuna əsasən müəyyən olunur ki, mərhum X5 yalnız vəfat etmiş atası X9 və anası X31 barədə məlumat aşkar olunmuş, nikah və övladları barədə heç bir məlumat aşkar olunmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən həmin iddiaçının birinci növbə vərəsələri olmadığından məhkəmə prosesi zamanı onun hüquqi varisi kimi ikinci növbə vərəsələrindən digər İddiaçı1, həmçinin digər hüquqi varisi X17 da mülki işə cəlb edilmişdir. Buna görə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mülki işə baxılarkən iddiaçı X5 hüquqi varislərini işə cəlb edilmədiyindən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin çıxarışda göstərilən 4,27 hektar torpaq sahəsi mülkiyyət hüququ əasında 9 nəfərə məxsusdur. Hazırki iddia tələbini 3 nəfər iddiaçı qaldırdığından onların hər birinin yuxarıda qeyd olunan 4,27 hektar torpaq sahəsindən payı 1/9 hissə müəyyən edilməlidir. Bundan əlavə iddiaçılar iddia tələbində ümumi birgə mülkiyyətdə olan 4,27 hektar torpaq sahəsinin bölünməsini xahiş edirlər. Bununla əlaqədar məhkəmə kolleiyası qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-254/2022 nömrəli qərarı ilə Dəvəçi rayon XDS RH-nin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı iddiaçılara məxsus 1.89 ha hissədə ləğv olunmuşdur. Həmin qərardan göründüyü kimi qərar 4 nəfərin iddia tələbi əsasında çıxarılmış, buna görə 4 nəfərə münasibətdə 9 nəfərə aid 4,27 hektar torpaq sahəsindən düşən payın 1,89 hektar olması müəyyən edilmiş, məhz bu cür hesablama əsas götürülməklə Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2-1(118)-254/2022 nömrəli qərarı Dəvəçi rayon XDS RH-nin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı iddiaçılara məxsus 1.89 ha hissədə ləğv olunmuşdur.Buna görə məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddia tələbi ümumilikdə 4,27 hektar torpaq sahəsinin bölünməsi hissəsində təmin edilməmişdir. Məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, hər bir iddiaçının mübahisələndirilən torpaq sahəsindəki payları müəyyən edildikdən sonra onların hər biri öz payının naturada ayrılmasını yenidən iddia icraatı qaydasında tələb edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı X14 iddia qaldırdıqdan sonra, xx.xx.2023-cü il tarixində vəfat etdiyindən onun mübahisələndirilən torpaq sahəsindəki payı 2 növbə qanun üzrə vərəsələri olan X15 və digər iddiaçı olan İddiaçı1 keçməlidir. Məhkəmə kollegiyası X10 nümayəndəsinin ona düşən miras payının Cavabdeh2 keçməsinə razı olması ilə əlaqədar verdiyi izahatla bağlı qeyd edir ki, bu, torpaq sahəsinə dair payın ayrılmasından sonra bağışlama müqaviləsi əsasında rəsmiləşdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı2 1/9 hissədə, İddiaçı1 eyni zamanda mərhum iddiaçı X5 hüquqi varisi olduğundan onun 1/9 və 1/18 hissədə, cəmi 3/18 hissədə payı, iddiaçı X5 digər hüquqi varisi X10 isə 1/18 hissədə payı **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 4,27 ha torpaq sahəsindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(031)-429/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. **********04 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışda göstərilən 4.27 hektar torpaq sahəsindən İddiaçı2 1/9 hissədə, İddiaçı1 3/18 hissədə, X10 1/18 hissədə mülkiyyət hüququ üzrə payları müəyyən edilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar