Məhkəmə qərarları › İş №2(105)-1805/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1805/2025

12.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1805/2025 12.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2(034)-243/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4150 manat nəqliyyat vastəsinə dəymiş maddi ziyan, 6500 manat mənəvi zərər, 200 manat ekspertiza xərcləri və 122.55 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10.972.55 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 mart 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində idarə etdiyi “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi yolu ilə hərəkətdə olan zaman üzərinə qaldırıcı kran quraşdırılmış və xx.xx.1988-ci il tarixində anadan olmuş Cavabdeh idarə etdiyi “Kran Maz” markalı, 54BE989 dövlət qeydiyyat nişanlı yük maşını yolun sağ tərəfindən yanacaq doldurma məntəqəsindən hərəkət edərək əsas yola çıxmağa çalışmış və manevr etmə və qaldırıcı kranın qabaritlərini, qüllənin uzunluğunu nəzərə almamış, sağa dönməyə çalışmış və bunun nəticəsində kranın qülləsi əsas yolda hərəkətdə olan “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsinə dəymiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilərək yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinəsi tamamilə dağılmış və sıradan çıxmışdır. Qeyd olunan inzibati xəta ilə yol nəqliyyat hadisəsi arasından əlaqənin olması ərazidə olan kamera görüntüləri və Bakı şəhəri Binəqədi rayon X10 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli İXP ******* nömrəli protokolla təsdiqlənmişdir. Eyni zamanda Binəqədi rayon X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən “Kran Maz” markalı, 54BE989 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının ozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə), 332.1-ci (332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 469.3-cü maddələrində (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsisahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Eyni zamanda Cavabdeh barəsindəTP ******* nömrəli «Yol hərəkətləri qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarıəleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” qərar çıxarılaraq 50 manat məbləğində cərimə olunmuşdur. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsi“ Cavabdeh mövcud deyildir. Ona görə sığorta şirkəti vasitəsilə heç bir ödəniş aparılmamışdır. “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi BB315050 nömrəli X2 Şəhadətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Həmin nəqliyyat vasitəsini 01.03.-xxxx-2024-cü il tarixli HD 556210 nömrəli yük avtonəqliyyat vasitəsi üçün yol vərəqi əsasında idarə etmişdir. “X6 Mərkəzi” MMC tərəfindən verilən YDQ 099-006/2025№li, 07 fevra 2025-ci il tarixli qüsur aktına əsasən 1985-ci il buraxılışlı,“Kamaz 5320Yük” markalı, 77JD- 637 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə avto qəza nəticəsində 4150 manat zərər dəymiş, ekspertiza xərcləri 200 manat təşkil etmişdir. Avtomaşına dəymiş zərər tərtib edilmiş ekspertiza rəyində öz əksini tapmışdır. “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi onun vəsaiti hesabına təmir edilmişdir. Onun tərəfindən avtonəqliyyat vasitəsinin təmir edilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən arayış verilmişdir. Bu səbəbdən onun iddia verməyə subyektiv hüququ yaranmışdır. Eyni zamanda hadisənin baş vermə anının video görüntülərinə baxılan zaman baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun sağ qalması ancaq möcüzə nəticəsində mümkün olmuşdur. Hadisə baş andan sonra o, böyük sarsıntı və iztirab keçirmişdir. Onun yaşı nəzərə alınsa keçirdiyi ağır stress nəticəsində hadisə baş verdiyi andan sonra onun həyatı və sağlamlığı üçün ağır nəticələrə səbəb olan hadisənin baş verməsi qaçılmaz ola bilərdi. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Qanunvericiliyinin “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. ”Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.” Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası Qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Ona dəymiş mənəvi zərər 11.000 manatdır. Belə ki, onun yaşını, hadisənin ağırlıq dərəcəsini, cavabdehin məsuliyyətsizliyini, onun birbaşa törədilən hadisədə rolunu, hadisə zamanı həyatı riskin yüksək olmasını, nəqliyyat vasitsəsini etibarnamə olmadan idarə etməsini, icbari sığorta şəhadətnaməsinin olmamasını, baş vermiş hadisədən sonra ona avtonəqliyyat vasitəsinin təmir edilməsi üçün heç bir maddi köməklik göstərməməsinı nəzərə alaraq dəymiş zərərin ağlabatan olması əsaslıdır.

3. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, 18 mart 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində idarə etdıy Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi yolu zaman üzərinə qaldırıcı kran quraşdırılmış, xx.xx.1988-ci ii tarixində anadan olmuş Cavabdeh tərəfindən idarə olunan “Kran Maz” markalı, 54BE989 dövlət qeydiyyat nişanlı yük maşını yolun sağ tərəfindən yanacaq doldurma məntəqəsindən hərəkət edərək əsas yola çıxmağa çalışmış və manevr etmə və qaldırıcı kranın qabaritlərini, qüllənin uzunluğunu nəzərə almamış, sağa dönməyə çalışmış və bunun nəticəsində kranın. qülləsi əsas yolda hərəkətdə olan ,“Kamaz 5320Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsinə dəymiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan izibati xəta törədilərək yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı "Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinəsi tamamilə dağılmış və sıradan çıxmışdır. Qeyd olunan inzibati xəta ilə yol nəqiyyat hadisəsi arasından əlaqənin olması ərazidə olan kamera görüntüləri və Bakı şəhəri Binəqədi rayon X10 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli İXP ******* nömrəli protokolla təsdiqlənir. Eyni zamanda Binəqədi rayon X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən “Kran Maz” markalı, 54BE989 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan Cavabdeh barəsində “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə), 332.1-ci (332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 469.3-cü maddələrində (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Eyni zamanda Cavabdeh barəsindəTP ******* nömrəli «Yol hərəkətləri qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çxarılan inzibatin tənbeh vermə haqqında qərar çıxarılaraq 50 manat məbləğində cərimə olunmuşdur. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsi“ Cavabdeh mövcud deyildir. Ona görə sığorta şirkəti vasitəsilə heç bir ödəniş aparılmamışdır.“X6 Mərkəzi” MMC tərəfindən verilən YDQ 099- 006/2025Xali, 07 fevral 2025-ci il tarixli qüsur aktına əsasən 1985-ci il buraxılışlı, "Kamaz 532Q Yük” markalı, 77İD-637 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə avto qəza nəticəsində 4150 manat zərər dəymiş, ekspertiza xərcləri 200 manat təşkil etmişdir. Eyni zamanda Zəngilan Rayon Məhkəməsi tərəfindən cavabdehin vəsatəti əsasında təkrar ekspertiza keçirilmiş, ekspertiza "xxxx" MMC tərəfindən keçirmiş və ekpertiza rəyi məhkəməyə təqdim edilmişdir. Təkrar ekspertizada ilkin ekspert rəyindəki qiymətlə eyni qiymət müəyyən etmişdir. Dəymiş zərər 4150 manat həcmində qiymətləndirilmişdir. Eyni zamanda ekspert rəyinin verilməsi üçün onun tərəfindən 300 manat köçürmə edilmiş və məktub məhkəməyə təqdim edilmişdir. Bunu nəzərə alaraq, iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır. Qeyd olunanları və ilkin iddia ərizəsində göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia ərizəsinin təmin edilməsi, cavabdehdən 4150 manat nəqliyyat vastəsinə dəymiş maddi ziyan, 6500 manat mənəvi zərər, 200 manat ekspertiza xərci, 122.55 manat dövlət rüsümu və təkrar ekspertiza üçün ödənilmiş 300 manat olmaqla, ümumilikdə 11.272.55 manat pulunun tutularaq ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. “X6 Mərkəzi” MMC tərəfindən verilən YDQ 099-006/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qiymətləndirmə üzrə tapşırıqdan görünür ki, 1985-ci il buraxılışlı, “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə avto qəza nəticəsində 4150 manat zərər dəymişdir.

6. X2 şəhadətnaməsinin surətindən görünür ki, “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

7. “X6 Mərkəzi” MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, YDQM 099- 006/2025 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi məqsədi ilə “X6 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 200 manat xidmət haqqı dəyəri ödənilmişdir.

8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 06 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdən hal-hazıra qədər sürücü vəzifəsində işləyən, İddiaçı idarə etdiyi “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilə avtoqəza nəticəsində dəymiş 4150 manat məbləğində ziyanı öz şəxsi vəsaiti hesabına ödəyərək avtomobili təmir etdirmişdir.

9. Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzaibati Xətalar Məcləlləsinin 327.1, 332.1, 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2025ci il tarixli, 2-104351/2025 nömrəli məktubundan görünür ki, «Maz 5334 KC3565 xüsusi Təy» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən X1 adına qeydiyyatdadır.

11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 428/E nömrəli mütəxəssis rəyinə əsasən 1985-ci il buraxılışlı “Kamaz 5320 Yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği 4150 manat müəyyən edilmişdir.

12. "xxxx" MMC tərəfindən 10 fevral 2025-ci il tarixli 36 nömrəli arayışından görünür ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci ildən hal-hazıra qədər «Azeri- Nord” MMC-də sürücü vəzifəsində işləyir və onun idarə etdiyi Kamaz 5320 Yük markalı, **- JD-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin məbləği olan 4150 manatı öz şəxsi vəsaiti hesabına ödəyərək avtomobili təmir etditrmişdir. Dəymiş zərəri məhkəmə qayasında Kran Maz markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük masının sürücüsü olan Cavabdeh tələb etmək hüququ İddiaçı verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

13. Zəngilan Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2(034)- 243/2025 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 4150 manat məbləğində vurulmuş maddi zərər, 600 manat məbləğində mənəvi zərər, 122.55 manat məbləğində ödənilmiş dövlət rüsumu və 500 manat məbləğində ekspertiza xərcinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 1114.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 106.1, 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

15. Cavabdeh apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2(034)-243/2025 nömrəli qətnaməsinin dəyişdirilməsini - mənəvi zərərin təmin edilmiş hissədə rədd edilməsi, real maddi zərərin həcminə uyğun pulun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müstəqil qiymətləndirmə şirkətinə göndərilmiş və onun tərəfindən tərtib edilmiş qüsur aktı tamamilə şişirdilmiş qiyməti özündə ehtiva etmiş, ümumiyyətlə real zərərdən kəskin fərqlənən qiymət müəyyən etmişdir. Məhkəmə bu faktı görməzdən gələrək belə məzmunda qətnamənin qəbulu ilə onun hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə əsassız olaraq qeyd etmişdir ki, “iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər hansı bir xəsarət almasa da, məhkəmə iddiaçının həmin hadisə zamanı yaşlı insan olmasını, yaşadığı qorxu hisslərini onun mənəvi sarsıntı və iztirablar keçirməsi kimi qiymətləndirir və hesab edir ki, mənəvi sarsıntı və iztirabların ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsinin rədd edilməsi üçün əsas ola bilməz”. Lakin, məhkəmə nəzərə almamışdır ki, ömrünün uzun illərini kamaz sürməyə həsr etmiş, sözün həqiqi mənasında professionallaşmış, bəlkə, hər gün eyni situasiya ilə dəfələrlə rastlaşmış bir nəfərin mənəvi iztirab keçirməsi və bu mənəvi iztirabı 600 manat məbləğində qiymətləndirməsi barədə necə qənaətə gəlməsinin heç bir hüquqi və faktiki əsasının izah edə bilməmişdir. Lakin, qeyd olunan məsələyə münasibətdə xüsusi şəkildə diqqətə çatdırır ki, göstərilən situasiyada iddiaçının ümumiyyətlə mənəvi iztirab keçirməsi böyük sual altındadır və fakt olaraq onun həyat təcrübəsi bunu istisna edir. Odur ki, bu hissədə iddiaçının mənəvi zərəri ümumiyyətlə rədd edilməli idi. Məhkəmə 600 manat miqdarında mənəvi zərəri təmin etməyinin heç bir əsasını göstərə bilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv araşdırmalı idi. Lakin məhkəmə çəkişmə prosesini kobud şəkildə pozaraq, onun iştirakı olmadan məhkəmə iclaslarını keçirmiş və yekun məhkəmə aktı qəbul etmişdir. Tərəfindən verilən vəsatət əsasında təkrar ekspertiza keçirilmiş, lakin mütəxəsis rəyinin alınması üçün özəl ekspert idarəsinin məhkəmənin təşəbbüsü ilə müəyyən olunmaması nəticəsində iddiaçının təklifi əsasında digər ekspert idarəsində qiymətləndirmə aparılmış və eyni məbləği təmin etmişdir. Göründüyü kimi 1985-ci il istehaslı olan kamazın təkcə kabinəsi üçün belə bir məbləğin müəyyən olunması nə dərəcədə doğrudur? Xüsusən eyni məbləğin olduğu kimi saxlanılması! Ona görə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən məhkəməsinin təşəbbüsü ilə müstəqil ekspertiza müəyyən olunmalı və dəyən maddi zərərin əvəzi təkrar müəyyən edilməlidir. Çünki həyata keçirilən hər iki qiymətləndirmə iddiaçının tanıdığı və təklif etdiyi mərkəzdə həyata keçirilmiş və eyni qiymət heç bir müdaxilə olmamış kimi qüvvədə saxlanılmışdır. Təkcə “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilin istehsal ili və dəyən zərərin foto-görüntüləri ona müəyyən etməyə kifayət edir ki, avtomobilə iddianın təmin olunan məbləğində zərər dəyə bilməzdi. Bu faktın dəqiq və obyektiv müəyyən olunması üçün təkrar ekspertiza keçirilməlidir. Çünki belə bir nəqliyyat vasitələrini idarə edən sürücü və təmir edən ustalar da yaxşı bilirlər ki, göstərilən situasiyada dəyən maddi zərərin məbləği ən yaxşı halda 1500-2000 AZN təşkil edə bilərdi. Göründüyü kimi nəticə etibarilə, Məhkəmə Mülki Prosessual Məcəllənin istinad olunan maddələri ilə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması hüquqlarının pozulması nəticə etibarı ilə və yuxarıda göstərilmiş maddi hüquq normalarının pozulması ilə bir yerdə ümumən işin həqiqi hallarına əsaslanmayan qərar qəbul olunmasına səbəb olmuşdur. Məhkəmə iddianı qismən təmin etsə də, iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun ondan tam şəkildə tutulmasını müəyyən etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən xx.xx.2026-cı il tarixində apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

18. Etiraz onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsində 2 dəfə avtomobilə dəymiş maddı ziyanın müəyyən olunması üçün ekspertiza keçirilmiş və iş hərtərfli araşdırılmışdır. İkinci dəfə isə cavabdehin vəsatəti əsasında və ayrı ayrı ekspertiza mərkəzləri tərəfindən keçirilmiş ekspertiza birinci ekspertizanın gəldiyi nəticəni təsdiq etmişdir. Cavabdehin apellyasiya şikayətində yazdığına “göstərilən situasiyada dəyən maddi zərərin məbləği ən yaxşı halda 1500-2000 AZN təşkil edə bilərdi”. Həmin münasibətə dair qeyd edir ki, cavabdeh yazdığını heç bir sübutla təsdiq edərək əsaslandıra bilməmiş və birinci instansiyada sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh Zəngilan Məhkəməsində keçirilən 8 (səkkiz) iclasın heç birində iştirak etməmişdir (ilk iclas xx.xx.2025-ci il tarixində sonuncu iclas xx.xx.2025-ci il tarixində keçirilmişdir). Mənəvi zərərlə bağlı “iddiaçının ümumiyyətlə mənəvi iztirab keçirməsi böyük sual altındadır və fakt olaraq onun həyat təcrübəsi bunu istisna edir. Odur ki, bu hissədə iddiaçının mənəvi zərəri ümumiyyətlə rədd edilməli idi.” fikrinə cavabdehin bu şəkildə münasibəti ümumiyyətlə başa düşülən deyil. İnsanın həyat təcrübəsinin olmasının onun ağır qəza nəticəsində çox böyük təsadüf nəticəsində sağ qalmasını cavabdeh bu şəkildə əsaslandırmaqla və 600 manatı bu ağır stress və iztirab üçün çox olmasını bu şəkildə əlaqələndirməklə vicdanlılıq prinsiplərinə əməl etmədiyi qənaətindədir və tələbi rədd edilməlidir. Zəngilan Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş olunur.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

20. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

21. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1114.1.Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

26. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir /bax bənd 13/.

28. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 18 mart 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində idarə etdiyi “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi yolu ilə hərəkətdə olmuş, bu zaman Cavabdeh idarə etdiyi və üzərinə qaldırıcı kran quraşdırılmış “Kran Maz” markalı, 54BE989 dövlət qeydiyyat nişanlı yük maşını ilə yolun sağ tərəfindən yanacaq doldurma məntəqəsindən hərəkət edərək əsas yola çıxmağa çalışmış, manevr etmə və qaldırıcı kranın qabaritlərini, qüllənin uzunluğunu nəzərə almamış, sağa dönməyə çalışmış, kranın qülləsi əsas yolda hərəkətdə olan iddiaçının idarə etdiyi “Kamaz 5320 Yük” markalı, 77JD- 637 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsinə dəymiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqdiyyat hadisəsi zamanı iddiaçının idarə etdiyi “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinəsi tamamilə dağılaraq sıradan çıxmışdır. Baş vermiş yol nəqliyyat hadisəsinin cavabdehin təqsiri özündən törədilməsi Binəqədi rayon X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə tam təsdiq olunmuş və həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1985-ci il buraxılışlı “Kamaz 5320 Yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği həm iddiaçı tərəfindən təqdim edilmiş “X6 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 fevral 2025-ci il tarixli qiymətləndirmə üzrə tapşırığında, həm də məhkəmənin qərardadına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində 4150 manat məbləğində müəyyən edilmiş, həmin məbləğ iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına sürücü işlədiyi və idarə etdiyi nəqliyyat vasitəsinin mülkiyyətçisi olan «Azeri-Nord” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş 10 fevral 2025-ci il tarixli 36 nömrəli arayışdan məlum olmuşdur ki, İddiaçı xx.xx.2022-ci ildən başlayaraq bü günə kimi «Azeri-Nord” MMC-də sürücü vəzifəsində işləyir, dəymiş zərər iddiaçı tərəfindən ödənildiyindən həmin zərərin məhkəmə qayasında Cavabdeh tələb etmək hüququ «Azeri-Nord” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı verilməsi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, dəymiş maddi zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Məhkəmə iddia tələbinin 6500 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər hansı bir xəsarət almasa da, məhkəmə iddiaçının həmin hadisə zamanı yaşlı insan olmasını, yaşadığı qorxu hisslərini onun mənəvi sarsıntı və iztirablar keçirməsi kimi qiymətləndirir və hesab edir ki, mənəvi sarsıntı və iztirabların ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsinin rədd edilməsi üçün əsas ola bilməz.

30. Qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur.

33. Məhkəmə kollegiyası vurulmuş zərərin yenidən hesablanması ilə bağlı apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, göründüyü kimi birincin instansiyadakı araşdırma zamanı vurulmuş zərərin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən zərərin miqdarı müəyyən edilmişdir. Rəy nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.

34. Kollegiya qeyd edir ki, cavabdeh zərərin hesablanmış miqdarını mübahisələndirsə də etirazının əsası olaraq istinad etdiyi hallara dair hər hansı bir sübut təqdim edilmədiyindən, iş üzrə təkrar ekspertizanın təyin edilməsinə zərurət görmür.

35. Bundan başqa kollegiya birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilini də qəbul etmir.

36. Belə ki, iş materiallarında olan bildirişlərdən görünür ki, cavabdeh məhkəmə iclasları barədə xəbərdar edilmiş, o cümlədən vəsatətlərlə məhkəməy müraciət etmişdir.

37. Məhkəmə kollegiyası mənəvi zərərin tutulması hissədə də apellyatorun dəlilləri ilə razılaşmır və həmin dəlilləri bu hissədə iddianın rədd edilməsi əsaslı hesab etmir. Kollegiyanın qənaətincə baş vermiş hadisə nəticəsində şəxsin qorxu, həyəcan, mənəvi sarsıntı keçirməsi danılmaz olmaqla bu halların əlavə subuta ehtiyacı yoxdur.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, e-2(034)-243/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar