Məhkəmə qərarları › İş №2(105)-1806/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1806/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1806/2022 25.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh dəymiş zərərin əvəzi kimi mərhum X2 uşaqları - 09 sentyabr 2019-cu il təvəllüdlü X7 on səkkiz yaşına çatanadək cəmi 15000 (on beş min) manat məbləğində pul vəsaiti və 20 aprel 2021-ci il təvəllüdlü X1 on səkkiz yaşına çatanadək cəmi 15000 (on beş min) manat məbləğində pul vəsaiti, ümumilikdə isə 30000 (otuz min) manat məbləğində pul vəsaitinin illər üzrə hər ay bərabər şəkildə bölünməklə tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Adil Vəliyev). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəlüdlü X4 adlı uşaqların yetkinlik yaş həddinə çatana qədər hər uşağa görə 15000 (on beş min) manat olmaqla cəmi 30000 (otuz min) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, oğlunun psixi problemləri var, heç bir halda qət olunmuş məbləği ödəmək iqtidarında deyil. Hadisə döyüş bölgəsində baş verib. Oğlu hadisəni qəsdən törətməyib. 30000 manatı yox, 10000 manatı aybaay ödəyə bilər. Nə özü, nə də oğlu işləmir. Kənd təsərrüfatı ilə məşğul olaraq gündəlik ehtiyaclarını çətinliklə təmin edirlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, bədbəxt hadisə başa düşüləndir. Cavabdeh həddindən artıq gərgin vəziyyətdədir. X13, həm də məlum hadisə cavabdehin sarsılmasına səbəb olub. Mərhum şəxs cavabdehlə yaxın dost olub. Cavabdeh iddiaçıya maddi kömək etməyə borcludur, ancaq mövcud məbləğə gücü çatmır, öhdəliyi icra etmək iqtidarında deyil, stabil gəliri yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, Füzuli Hərbi Məhkəməsindəki icraat barədə onun məlumatı olmayıb. Əri öləndə 3 aylıq hamilə idi və bir yaşlı oğlu da var idi. Onun həyatı məhv olub. Qaynatası varis kimi tanınıb, amma onun qaynatası ilə heç bir münasibəti olmayıb. Onun ərinə şəhid statusu verilməyib. İddia ərizəsində qeyd etdiyi 30000 manatı təxmini deyib, heç bir hesablama aparmayıb. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, iddiaçı ilə X5 xx.xx.2018-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan xx.xx.2019-cu il tarixdə Ümüd, xx.xx.2021-ci il tarixdə Aəxrəddin adlı uşaqlar doğulmuşdur. İş materiallarında olan Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 1(97)-33- 2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CMnin 350.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının CMnin 70-ci maddəsi tətbiq etməklə ona təyin olunmuş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər hərbi rütbəsində xidmətdə olarkən 23 noyabr 2020-ci il tarixdə saat N radələrində həmin hərbi hissənin Cəbrayıl rayonunun Daşkəsən kəndinin ərazisində yerləşdiyi yerləşmə məntəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı özünə təhkim edilmiş AK-74M markalı AA0025 nömrəli avtomat silahla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul xidməti nizamnaməsinin 106-cı maddəsinin “silah doldurularkən və boşaldılarkən onun lüləsi 4560 dərəcəli bucaq altında yuxarıya, ətrafdakı yaşayış binalarından və mühafizə olunan obyektlərdən yana yönəldilməli” və “Azərbaycan Respublikası Müdafiə nazirinin 25 noyabr 2016-cı il tarixli, 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində atıcı silahların uçotu, saxlanması və verilməsinin təşkili üzrə təlimat”ının 20.8-ci maddəsinin “atışlarda və təlimlərdə silahı hədəf istiqamətindən yana, arxaya və adamlara yönəltmək qadağandır” kimi tələblərini pozaraq silahın lüləsini düz, yəni qarşıda dayanmış hərbi qulluqçulara tərəf tutub əvvəlcədən atəşə hazır vəziyyətdə olan silahın birbaşa tətiyinə basmaqla bir dəfə atəş açaraq qarşısında ayaq üstə dayanmış həmin tağımın 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - kiçik çavuş X3 “girişi qarnının ön divarında, çıxışı bel nahiyədə ortada İ bel fəqərəsi səviyyəsində, istiqaməti öndən-arxaya, soldan-sağa, yuxarıdan-aşağıya olmaqla gedişi boyunca nazik bağırsağın, müsariqənin, sol sidik axarının, periton damarların, fəqərələrin sol yan çıxıntılarının zədələnmələri ilə müşayiət olunan, qarın boşluğuna massiv qanaxma (4000 mn), peritonarxası sahənin geniş hematoması ilə nəticələnmiş, dəlib keçən bir ədəd odlu silah-güllə yaralanması” ilə müşahidə olunan ağır dərəcəli bədən xəsarəti yetirməklə silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. İş materiallarında olan olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli, AZ-İİ№142026 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23.11 2020-ci il tarixdə odlu silahdan atəş açılması nəticəsində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 651 saylı Hərbi Hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1393 saylı məktubdan görünür ki, həmin hərbi hissənin sabiq hərbi qulluqçusu MAHHXHQ kiçik çavuş X2 aylıq pul məvacibi 795.14 (qeddi yüz doxsan beş manat, on dörd qəpik) manat məbləğində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli, **********7 saylı məktubdan görünür ki, İddiaçı 1146.53 manat məbləğində ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Həmin Məcəllənin 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Həmin Məcəllənin 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Həmin Məcəllənin 1119.4-cü maddəsinə əsasən zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. Həmin Məcəllənin 1119.5-ci maddəsinə əsasən əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Həmin Məcəllənin 1121.1, 1121.1.1-1121.1.4-cü maddələrinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; şəxsin ölümündən sonra doğulmuş uşağı; ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Həmin Məcəllənin 1121.2-ci maddəsinə əsasən işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Həmin Məcəllənin 1121.3, 1121.3.1-1121.3.5-ci maddələrinə əsasən zərərin əvəzi aşağıdakılara ödənilir: yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Həmin Məcəllənin 1122.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, əlavə olaraq qeyd edilməlidir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Müəyyən edilmişdir ki, Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4cü taborunun 11-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər hərbi rütbəsində xidmətdə olarkən 23 noyabr 2020-ci il tarixdə saat N radələrində həmin hərbi hissənin Cəbrayıl rayonunun Daşkəsən kəndinin ərazisində yerləşdiyi yerləşmə məntəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı özünə təhkim edilmiş AK-74M markalı AA0025 nömrəli avtomat silahın lüləsini düz, yəni qarşıda dayanmış hərbi qulluqçulara tərəf tutub əvvəlcədən atəşə hazır vəziyyətdə olan silahın birbaşa tətiyinə basmaqla bir dəfə atəş açaraq qarşısında ayaq üstə dayanmış həmin tağımın 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş X3 ağır dərəcəli bədən xəsarəti yetirməklə silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan həmin şəxsin ölümünə səbəb olmuşdur. Bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 350.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə həmin cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəzası şərti hesab edilmişdir. Fəxrəddin Fərəcov ölməmişdən əvvəl onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi aylıq pul məvacibi 795.14 manat təşkil etmişdir. Həmin şəxs İddiaçı ilə rəsmi nikahda olmaqla ailəli olmuş, ölənədək xx.xx.2019-cu il təvəllüdlü Ümid adlı bir uşağı olmuş, öldükdən sonra isə xx.xx.2021-ci il təvəllüdlü Fəxrəddin adlı daha bir uşağı doğulmuşdur. Fəxrəddin Fərəcovun ölməsi nəticəsində onun ailəsi başsız qalmış və ailə üzvləri onun qazancından öz dolanışıqları üçün aldıqları, həmçinin gələcəkdə alacaqları gəlirdən məhrum olmuşlar. Belə ki, onun uşaqlarının əsas dolanışığı onların valideyni olmuş mərhum Fəxrəddin Fərəcovun gəliri hesabına olmuş, Ailə Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq uşaqların onun gəlirinin 1/3 hissəsini almaq hüquqları olmuşdur. Beləliklə, Fəxrəddin Fərəcovun ölməsi nəticəsində onların Cavabdeh zərərin əvəzinin ödənilməsi hüquqları, sonuncunun isə onların qarşısında öhdəliyi əmələ gəlmişdir. Həmin şəxslərin (mərhum Fəxrəddin Fərəcovun azyaşlı uşaqlarının) zərərin əvəzinin ödənilməsi hüquqları isə mübahisə olunmayan və sübuta ehtiyacı olmayan hüquqdur. Məhkəmə mərhum Fəxrəddin Fərəcovun öldüyü günədək aldığı məvacibin miqdarını, hüquq pozuntusu törətmiş Cavabdeh təqsirinin dərəcəsini və s. halları nəzərə alaraq İddiaçı tələb etdiyi miqdarda zərərin ödənilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi kimi mərhum X2 uşaqları - 09 sentyabr 2019-cu il təvəllüdlü X7 on səkkiz yaşına çatanadək cəmi 15000 (on beş min) manat məbləğində pul vəsaiti və 20 aprel 2021-ci il təvəllüdlü X1 on səkkiz yaşına çatanadək cəmi 15000 (on beş min) manat məbləğində pul vəsaiti, ümumilikdə isə 30000 (otuz min) manat məbləğində pul vəsaiti illər üzrə hər ay bərabər şəkildə bölünməklə tutularaq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbini əsaslı sayaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, müharibədə iştirak etmişdir, həm müharibənin təsirindən, həm də ki, baş verən hadisədən sonra mənəvi sarsıntı keçirərək özünə qapanmış, işdən çıxmış, hazırda valideynlərinin yanında yaşayır, ciddi müalicəyə ehtiyacı var, maddi çətindiklər ucbatından müalicə oluna bilmir. Ona görə də məhkəmənin təyin etddiyi məbləği ödəmək onun imkanı xaricindədir. Qeyd edilənlərə əsasən qətnamənin ləğv olunması və iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, 10000 manatı aybaay ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, mərhum Fəxrəddin Fərəcov sağlığında 795,14 manat aylıq məvacib almışdır. Həmin məbləğ dörd nəfərin (Fəxrəddin Fərəcov özü, arvadı və iki uşağı) arasında bərabər bölüşdürüldükdə adambaşına düşən məbləğ 198,79 manat, iki uşağa görə isə 397,60 manat təşkil edir. Qanunvericiliyin tələblərinə görə isə iki uşağa valideynin qazancının 1/3 hissəsi miqdarında aliment müəyyən edilir. Belə olduqda 795,14 manatın 1/3 hissəsi 265,05 manat təşkil edir ki, hazırkı qətnamə ilə cavabdehdən iddiaçının uşaqlarının xeyrinə tutulacaq aylıq məbləğ bundan azdır. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Belə ki, apellyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qusar Rayon Məhkəməsinin 2(029)-122/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar