Məhkəmə qərarları › İş №2(105)-1812/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1812/2025

19.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1812/2025 19.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Vəli-zadə (İbrahimova) Nərmin Tərlan qızının Cavabdeh qarşı barışıq sazişinin 4-cü bəndinin ləğv edilməsi, uşaqla ünsiyyət vaxtının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtlərinin dəyişdirilərək, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi) X3 (sədrlik edən və məruzəçi), X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı Vəli-zadə (İbrahimova) Nərmin Tərlan qızı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(012)-3741/2025 nömrəli qətnaməsindən iddiaçı İbrahimova (Tağıyeva) Nərmin Tərlan qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3885/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, Cavabdeh ilə İbrahimova (Tağıyeva) Nərmin Tərlan qızı arasında Səadət Sarayı Bakı Nikah evində xx.xx.2020-ci il tarixdə 736 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.

2. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/6-00966 saylı barışıq sazişindən görünür ki, 1) Tərəflər kimi çıxış edən - İddiaçı və Cavabdeh xx.xx.2020-cü il tarixdə, 736 nömrəsi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər; 2) İkinci tərəf kimi çıxış edən atası Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2021-ci il təvəllüdlü X9 anası İddiaçı himayəsində qalmasına etiraz etmir; 3) İkinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2021-ci il təvəllüdlü X13 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-nadək 235 manat sabit pul məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən İddiaçı adına olan bank hesabına ödəməyi öhdəsinə götürür; 4) Tərəflər razılığa gəldilər ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X9 atası Cavabdeh ilə müddətsiz sərbəst ünsiyyətinə heç bir maneə yaradılmayacaqdır.

3. xx.xx.2024-cü il tarixli, AZ-İ 513300 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikah pozulduqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir.

4. Abşeron RİH Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx.xx.2025-ci il tarixli, 5-29/2-2553/2025 saylı rəyindən görünür ki, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.3, 52, 61.1, 61.2-ci maddələrini, hər iki tərəf haqqında apardığı araşdırmaları nəzərə alaraq azyaşlı xx.xx.2021-ci il təvəllüdlü X9 atası Cavabdeh ilə ünsiyyətdə olmasını məhkəmənin mülahizəsinə buraxılmasını məqsədəuyğun hesab edir.

5. Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, material üzrə Cavabdeh və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Nərimanov RPİ-nin 17ci PŞ-nə göndərilməsi qərara alınmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 22 saylı qısamüddətli mühafizə orderindən görünür ki, aparılan araşdırmalar zamanı xx.xx.1997-ci il təvəllüdlü vətəndaş İbrahimova (Tağıyeva) Nərmin Tərlan qızı və xx.xx.1970-ci il təvəllüdlü X1 ünvan 1 ünvanıda yaşayan 03.08 1985-ci il təvəllüdlü vətəndaş Cavabdeh tərəfindən məişət zorakılığına məruz qaldığı müəyyən edilmiş, Cavabdeh X6 və X2 qarşı məişət zəminində fiziki zorakılıq - zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması, məişət zəminində psixi zorakılıq - qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər, məişət zəminində cinsi zorakılıq - məişət zorakılığına məruz qalmış şəxsin iradəti əleyhinə seksual xarakterli hərəkətlərə məcbur edilməsi, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi - məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlər qadağan edilmişdir.

7. İbrahimova (Tağıyeva) Nərmin Tərlan qızı tərəfindən Cavabdeh ünvanlanmış məktubun məzmunundan görünür ki, iddiaçı mübahisənin həlli üçün ilk olaraq cavabdehə pretenziya məktubu ünvanlamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İbrahimova (Tağıyeva) Nərmin Tərlan qızı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək “tərəflər arasında bağlanmış MŞB/6-00966 nömrəli xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 4-cü bəndini ləğv etməklə, Cavabdeh övladları xx.xx.2021-ci il təvəllüdlü X13 ilə ünsiyyət vaxtının hər həftənin bazar günləri saat 11:00-dan 13:00-dək müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə rəsmi nikahları xx.xx.2020-ci ildə bağlanmış, birgə nikahdan 1 övladları - xx.xx.2021-ci il təvəllüdlü X13 anadan olmuşdur. Aralarında söz-söhbətdən sonra nikahın pozulması və uşağın iddiaçının himayəsində qalması ilə bağlı ümumi razılığa gəlinmiş, həmçinin atanın uşaqla müddətsiz sərbəst ünsiyyətinə heç bir maneə yaradılmaması ilə bağlı da aralarında MŞB/6-00966 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu bir il ərzində ata uşaq ilə ünsiyyətdən sonra uşaq iddiaçının yanında çox aqresiv və atası, həmçinin onun valideynləri ilə ünsiyyətdə olmasını istəməmiş, buna səbəb soruşanda ora getmək istəmədiyini bildirmişdir. Atasının yanından qayıdandan sonra uşaqda psixloji dəyişikliklər, aqresiya, çaşqınlıq müşahidə olunur. Bu da uşağın sağlamlığına, onun inkişafına çox pis təsir etdiyini müşahidə etmişdir. Bütün bu məsələləri nəzərə alaraq aralarında bağlanmış sazişin 4-cü bəndinin ləğv edilməsi və yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının rəyinə lüzum olduğunu və uşağın atasının müəyyən olunmuş vaxtlarda, yəni bazar günləri saat 11:00-dan 15:00dək ünsiyyətdə olmasının kifayət etdiyini fikirləşir. Odur ki, göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3741/2025 nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsaslı edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunun 33.3-cü maddəsinə əsasən, Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Müvafiq barışıq sazişinin təzyiq və ya hədə-qorxu təsiri altında imzalanması, qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, İddiaçı və Cavabdeh arasında Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/6- 00966 saylı barışıq sazişi qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin ləğv edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324, 389.1, 390.1, 405.1, 421.2, 881.1, 881.2, 881.3-cü maddələrinə, (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı Nərmin İbrahimova (Tağıyeva) apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayətinin dəlilləri əsasən iddia ərizəsi ilə analoji qaydada əsaslandırılmışdır. Şikayətdə göstərilir ki, tərəflər arasında rəsmi nikah 25 dekabr 2020 ci ildə bağlanmışdır. Birgə nigahdan 1 övladları- xx.xx.2021-ci il təvəllüdlü X13 anadan olmuşdur. Aralarında söz-söhbətdən sonra nikahın pozulması və uşağın ananın himayəsində qalması ilə bağlı ümumi razılığa gəlmiş, həmçinin atanın uşaqla müddətsiz sərbəst ünsiyyətinə heç bir maneə yaradılmaması ilə bağlı da MŞB/6-00966 saylı xx.xx.2024-cü il tarixli Barışıq sazişi bağlanmışdır. Bu bir il ərzində ata uşaq ilə ünsiyyətdən sonra, çox aqressiv olmuş, atası və onun valideynləri ilə ünsiyyətdə olmaq istəməmiş, səbəbini soruşanda “ora gətmək istəmədiyini bildirmişdir.” Atasının yanından qayıdandan sonra uşaqda psixloji dəyişikliklər, aqresiya, çaşqınlıq müşahidə olunur. Bu da uşağın sağlamlığına, onun inkişafına çox pis təsir edir. Bütün bu məsələləri nəzərə alaraq aralarında bağlanmış sazışın 4-cü bəndin ləğv edilməsi və yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının rəyinə lüzum olduğunu, uşağın atasının müəyyən olunmuş vaxtlarda, yəni bazar günləri saat 11-00-dan 13-00-dək ünsiyyətdə olmasını kifayət etdiyini fikirləşir. Bu müddət ərzində cavabdeh ona qarşı yenə psixoloji təziqlərini davam etdirmiş, bununla bağlı Sabunçu rayon İcra hakimiyyəti tərəfindən ona və anasına mühafizə orderi verilmişdir. Bundan savayı isə cavabdehin və onun qohumu tərəfindən yaşadıqları evə basqın etməsi ilə əlaqədar cinayət işinin başlanması barədə rədd qərarın surətini də məhkəmənin diqqətinə çatdırır. İşə baxan məhkəmə mülki işi Qəyyumluq və himayəçilik komissiyasına göndərmiş, lakin 5 dəfə iclas olmuş, lakin bir dəfə də olsun komissiyanın iclasına gəlməmiş və uşağın məsələsi ilə maraqlanmamışdır. Məhkəmə tərəfindən CD diskdə olan görüntüyə diqqət yetirilməmişdir, azyaşlı övladı atasının adı belə gələndə qorxur və ağlıyır. Heç bir formada atası ilə ünsiyyətdə olmaq istəmir, bunu məcburi qaydada edən zaman isə uşağın psixoloji travma yaşaması qaçınılmazdır. Sabunçu RİH tərəfindən verilmiş mühafizə orderində də görsənir ki, cavabdeh tərəfindən aqresiv mövqe olduğu üçün məlum order verilmişdir. Həmçinin Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da, qeyd olunur ki, cavabdeh ona hücum edən zaman azyaşlı övladına da xəsarət yetirmişdir. Məhkəmə qeyd olunan hallara diqqət yetirməmiş və iş üzrə əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Vəli-zadə (İbrahimova) Nərmin Tərlan qızı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, barışıq sazişi tərtib olunan vaxt cavabdehlə münasibətləri normal idi. O, da öz növbəsində uşağının atası ilə normal ünsiyyətində olmasına daim şərait yaratmışdır. Lakin bir müddət sonra uşağın atası və ata qohumları-nənə və babası ilə ünsiyyətindən sonra onda normal olmayan davranışlar müşayiət etmişdir. Cavabdehin uşaqla davranışı uşağın psixologiyasına uyğun olmadığından o hazırda barışıq sazişinin 4-cü bəndində nəzərdə tutulan ünsiyyət müddətinin dəyişdirilməsini tələb edir. Cavabdeh arzu etdiyi vaxt uşaqla ünsiyyətdə olmaq istəyir ki, bu uşağın mənafeyinə uyğun deyil. Cavabdehin uşaqla həftədə 1 gün ünsiyyətdə olmasına etiraz etmir. Həmçinin texniki vasitələrin köməyi ilə online qaydada müəyyən vaxtlarda ünsiyyətdə olmasına etiraz etmir.

17. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflər xx.xx.2020-ci ildə nikaha daxil olmuş və birgə nikahdan 1 övladları xx.xx.2021-ci il təvəllüdlü X13 anadan olmuşdur. Daha sonra münasibətləri pisləşmiş və tərəflər nikahın pozulması və uşağın iddiaçının himayəsində qalması ilə bağlı ümumi razılığa gəlmiş, həmçinin atanın uşaqla müddətsiz sərbəst ünsiyyətinə heç bir maneə yaradılmaması ilə bağlı da aralarında MŞB/6-00966 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Keçən müddət ərzində ata ilə uşağın ünsiyyətdən sonra uşaq iddiaçının yanında çox aqressiv davranışlar sərgiləmiş və atası, həmçinin onun valideynləri ilə ünsiyyətdə olmasını istəməmişdir. Hazırda uşağın psixi sağlamlığının və bioloji ehtiyaclarının tam diqqətdə saxlanılması üçün uşağın atası ilə ünsiyyətdə olma müddətinin yenidən müəyyən edilməsi zərurəti yaranmışdır. İşə baxan məhkəmə sadalanan hallara düzgün qiymət verməmişdir. Bu səbəbdən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o daimi olaraq Türkiyə Respublikasında yaşayır. Onun ata kimi uşağı ilə normal, sərbəst ünsiyyətdə olmaq hüququ vardır. İddiaçı onun bu hüququnu qərəzli şəkildə məhdudlaşdırır. Artıq 7 ay olar ki, o uşağı ilə ünsiyyətdə ola bilmir. 2-3 aydan bir ölkəyə uşağını görməyə gəlir. Hər dəfə təxminən 1 həftəlik müddətə Azərbaycana gəlir. İstəyir ki, bu müddət ərzində uşağı ilə sərbəst ünsiyətdə olsun. Həftədə 1 gün uşaqla bir neçə saat ərzində ünsiyyət müddəti onun üçün yetərli deyil.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına lazımı qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Maddə 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Maddə 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Maddə 61.3. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.

22. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 06 nömrəli qərarının: 2-ci bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını , o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya yaxud məktəbə gedib-getməməsini, səhhətini hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibəti, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. 8-ci bəndinə əsasən qanunun tələbinə görə uşaq ekstremal hallarda da (tutulduqda, həbs olunduqda, müalicə müəssisəsində yerləşdirildikdə və sair) qanunvericiliklə müəyyən edilmiş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Plenum qeyd etmişdir ki, ekstremal vəziyyətlə əlaqədar müvafiq qanunun normaları rəhbər tutulmaqla, ünsiyyətdə olmanın qaydası müəyyənləşdirilməli, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla uşaqların ünsiyyətdə olmaq hüququ məhdudlaşdırılmamalıdır. Ünsiyyət hüququ məhdudlaşdırıldıqda, qanunun müvafiq normalarına istinad olunmaqla qəbul edilmiş qərar əsaslandırılmalıdır. Lakin hər bir halda ünsiyyət hüququnun məhdudlaşdırılması müddəti, ekstremal vəziyyətdə olma müddətindən artıq olmamalıdır. 9-cu bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları, uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunması, yaxud uçotda olması barədə verilmiş sənədlərlə kifayətlənməməli, müvafiq ekspertizalar keçirməklə qəbul etdiyi qərarı əsaslandırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, bu kimi hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır. Lakin, bu kimi halların mövcudluğu uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz.

23. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Maddə 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2-ci maddələri. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3741/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmiş, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, əvvəlki və sonradan tədqiq olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir.

28. Araşdırılan işin mübahisəsiz halları ilə müəyən edilir ki, iş üzrə tərəflər xx.xx.2020ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X13 anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pisləşdiyindən aralarındakı nikah məhkəmə qətnaməsi əsasında xitam verilmişdir.

29. Yenə işdən müəyyən edilir ki, tərəflər arasında Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/6-00966 saylı barışıq sazişi imzalanmışdır.

30. Həmin sazidən görünür ki, 1) Tərəflər kimi çıxış edən - İddiaçı və Cavabdeh xx.xx.2020-cü il tarixdə, 736 nömrəsi ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər; 2) İkinci tərəf kimi çıxış edən atası Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2021-ci il təvəllüdlü X9 anası İddiaçı himayəsində qalmasına etiraz etmir; 3) İkinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2021-ci il təvəllüdlü X13 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-nadək 235 manat sabit pul məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən İddiaçı adına olan bank hesabına ödəməyi öhdəsinə götürür; 4) Tərəflər razılığa gəldilər ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü X9 atası Cavabdeh ilə müddətsiz sərbəst ünsiyyətinə heç bir maneə yaradılmayacaqdır.

31. Hazırda iddiaçının tələbi yuxarıda qeyd olunan sazişin 4-cü bəndinin- (uşaqla atanın sərbəst ünsiyyətinə dair) ləğv edilməsindən və uşaqla ünsiyyətə dair yeni qaydanın məhkəmə qərarı ilə müəyyən edilməsindən ibarətdir. İşə baxan məhkəmə iddia tələbini təmin etməmiş və mövqeyini iddiaçının qeyd etdiyi halları təsdiq edəcək sübutların yetərsizliyi ilə əsaslandırmışdır.

32. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və qətnamənin əsaslandırması ilə razılaşmır.

33. Apellyasiya kollegiyası işə baxan birinci instansiya məhkəməsinin mövqeyini əsaslı və işin hallarına uyğun olmayan hesab edir və mövqeyini aşağıdakı şəkildə bəyan edir.

34. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl, prosedur qaydalarına uyğun olaraq Mediasiya şurasına müraciət etmiş və mediasiya prosesində aralarında müəyyən razılıq, yəni birgə nikahdan doğulan xx.xx.2021-ci il təvəllüdlü Can adlı uşağın atası Cavabdeh ilə uşaqla ünsiyyət qaydası müəyyən edilmişdir.

35. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya, bu əsaslandırmanı qanunvericiliyə uyğun hesab etmir və qeyd edir ki, Qanuna əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.

36. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir.

37. Hazırkı işə baxmış birinci instansiya məhkəməsi Barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa və və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olub-olmaması istiqamətində araşdırma aparmamış, bu normalara ümumiyyətlə istinad etməmişdir.

38. Məhkəmə, sözügedən “Saziş” bağlanarkən tərəflərin qarşılıqlı münasibətini, sazişin onların iradə ifadəsinə uyğun olub-olmamasını, tərəflərin nikahda olduqları və ondan sonrakı münasibətlərini, ən önəmlisi, uşağın yaşı, ana qayğısına ehtiyacını və onun üstün mənafelərini nəzərə almamışdır.

39. Belə olan halda, mediasiya prosesində bağlanılmış barışıq sazişinin etibarlı olmasının hansı qanuni əsasa söykəndiyini və bu əsasın işin müəyyən edilmiş faktiki halları ilə uyğunluğunun nədən ibarət olmasını müəyyən etmək mümkün deyil. Halbuki, MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

41. Apellyasiya kollegiyası vurğulayır ki, məhkəmənin önünə gəlmiş məsələyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, formal mülahizələrlə ərizənin həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

42. O da nəzərə alınmalıdır ki, bəzi hallarda mediasiya prosesində saziş bağlanılarkən, sazişin tərəflərinin iradəsinin təşəkkül tapmasına səbəb olan halları prosessual baxımdan yoxlamaq imkanı olmur. Bu vəziyyət müxtəlif səbəblərdən irəli gələ bilər: sazişin tərəfinin aldadıldığını, yaxud vacib əhəmiyyətli yanılmaya düşdüyünü özünün də bilməməsi, yaxud onu saziş bağlamağa məcbur edən hədənin hələ davam etməsi səbəbindən bu barədə mediatora məlumat verməməsi, mübahisənin daha tez həll olunması və s.

43. Kollegiya qeyd etməyi vacib bilir ki, hüququ pozulmuş şəxs iradəsinin zədələnməsi ilə bağlanmış əqdə bağlı qalmağa məcbur edə bilməz. Sonradan bu halların qanunvericiliyə uyğun qaydada mübahisələndirildiyi halda, əsaslı şəkildə araşdırılmalı və məsələyə hüquqi qiymət verilməlidir. Çünki sazişin (əqdin) iradə zədələnməsi və digər səbəblərdən etibarsız olması ilə bağlı dəlilləri məhkəmə araşdırması ilə aradan qaldırıla bilər.

44. Yuxarıda sadalananlardan görünür ki, ünsiyyət vaxtı, müddəti və qaydası mediasiya prosesində razılaşma əsasında müəyyən edilmişdir. Cavabdeh olan ata həmin sazişlə razılaşaraq ünsiyyət hüququnu həyata keçirmək istəyir. Lakin, iddiaçı olan olan ana bu ünsiyyətin müddətinə etiraz edir. Səbəb kimi, yuxarıda qeyd olunanları, xüsusən də uşağın azyaşlı olmasını, cavabdehin sazişin bu şərtində qeyd olunan “maneəsiz” sözündən sui-istifadə edərək, günün istənilən vaxtı onu və uşağını narahat etməsini, onun və uşağın istirahət günü və saatlarını nəzərə almamasını və s. halları göstərir və buna görə də müddətin məhkəmə qətnaməsi ilə konkret müəyyən edilməsi (azaldılmasını) və onun təklif etdiyi formada olmasını istəyir.

45. Uşaqla birlikdə yaşamayan ata isə buna etiraz edir, özünün Türkiyə Respublikasında yaşadığını, Azərbaycana gəldikdə isə ünsiyyətinin uşağa hər hansı bir formada ziyan vurmadığını bəyan edir. Əksinə, müəyyən edilmiş müddətin sazişdə göstərilmiş qaydada olmasını arzulayır.

46. Cavabdeh tərəf bu ünsiyyətin vaxtının çox olmasını yalnız uşağın mənafeyinə uyğun olmaması ilə əlaqələndirir. Lakin uşağın hazırda, ananın (iddiaçının) yanında yaşaması, ana ilə gecələməsi, anaya daha çox bağlı olması və s. bu kimi amillər ünsiyyət vaxtının məhz onun təklif etdiyi qaydada müəyyən edilməsi üçün əsas ola bilməz. Çünki uşaq istəmədiyi halda belə, hazırda ana tərəfdən digər qohumları (baba, nənə, xala, dayı və s.), o cümlədən digər şəxslərlə bu və ya digər formada ünsiyyətdə olur və belə bir ünsiyyət onun mənafeyinə zərər vurmur.

47. Bununla belə məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin uşağı ilə sərbəst ünsiyyətinə mane olan hallara, pis vərdişlərə dair hər hansı sübut məhkəmələrə təqdim olunmamışdır.

49. Uşağın azyaşlı olması, psixoloji cəhətdən və bir sıra digər səbəblərdən uzun müddətli görüşlərə hazır olmadığına dair cavabdehin iddia tələbinə etirazının əsası kimi gətirdiyi dəlillər ünsiyyət vaxtının məhz iddiaçının təklif etdiyi müddətdə və qaydada müəyyən edilməsi üçün əsas ola bilməz. Buna görə də, uşağın öz doğma atası ilə ünsiyyətinin onun hansısa mənafeyinə uyğun olmaması barədə dəlili inandırıcı və ağlabatan deyildir. Əksinə işin faktiki hallarından məlum olur ki, cavabdeh hazırda Türkiyə Respublikasında işləməklə, orada yaşayır.

50. Göründüyü kimi, hər iki valideyn birgə nikahdan olan uşağına sevgilərini və məhəbbətini ifadə edərək biri ünsiyyət vaxtının ləğv edilməsini, digəri isə bu müddətin onsuz da az olduğunu bildirməklə azaldılmasına etiraz edərək uşağı ilə ünsiyyətdə olmaq istədiyini iddia edir.

51. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, iddiaçının uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən cavabdehin uşağı ilə ünsiyyətinə mane olmamaq vəzifəsi Ailə Məcəlləsinin imperativ tələbidir. Bu tələbə riayət etmək iddiaçının borcudur. Uşağın öz doğma atası ilə müəyyən edilmiş müddətdə ünsiyyətdə olması müddətini və qaydasını uşağın mənafeyinə uyğun olmayan an kimi qiymətləndirməsi iddiaçının subyektiv fikirləri ilə bağlıdır. Çünki istinad edilən bu hallar sübut olunmalıdır.

52. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh olan atanın azyaşlı övladı ilə ünsiyyətdə olmaq hüququ vardır və həmin hüququn təmin edilməsi yalnız cavabdehin deyil, həmçinin azyaşlının maraqlarına xidmət edir. Belə ki, uşağın atasını tanımaq, onunla ünsiyyətdə olmaq, qayğısından bəhrələnmək onun mənafelərinə zidd ola bilməz və bu hüquqlar qanunvericiliklə təmin olunmuşdur. İddiaçının övladı ilə ünsiyyətinə mane olan hallar işin faktiki hallarını araşdıran məhkəmələrlə müəyyən olunmamışdır.

53. Uşağın qorxması, atası ilə ünsiyyətdə stress çəkməsi kimi gələcəkdə uşağa pis təsir edəcək hallara dair apellyasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası izah edir ki, cavabdeh uşağın atası olmaqla ana ilə bərabər hüquq və vəzifələrə malikdir və atanın övladı ilə ünsiyyətdə olması onun səhhətində problemlərin yaranması riskini artıra bilməz. Əksinə, uşağın atası ilə ünsiyyətdə olması normal inkişafına, tərbiyəsinə müsbət təsir göstərməklə, eyni zamanda cavabdehin də atalıq vəzifələrinin yerinə yetirməsinə zəmin yaradır.

54. Apellyasiya instansiya məhkəməsi xüsusilə vurğulayır ki, qətnamə ilə müəyyən edilən ünsiyyət qaydası tərəfləri uşağın mənafeyi və konkret şərait (məsələn, qətnamə ilə müəyyən edilən vaxtlarda, müddətdə və qaydada ünsiyyətin bu və ya digər səbəbdən mümkün olmaması və s.) nəzərə alınmaqla könüllü olaraq fərqli ünsiyyət qaydası müəyyən etmək hüququndan və imkanından məhrum etmir. Çünki əgər valideyn olaraq hər ikisi uşağın mənafeyini düşünürsə, uşağın onların mənafeyinə öz şəxsi hisslərindən yaranan səbəblərə görə zərər vurmamalıdırlar.

55. Bununla belə kollegiya tərəflər arasındakı ziddiyyətli məqamları, xüsusən də uşağın üstün mənafeyin nəzərə alaraq tərəflərə iddia tələbi ilə bağlı yenə də qarşılıqlı razılığa gəlməyi təklif etmiş, bu zaman iddiaçı tərəf yalnız iddiada göstərilən gün və saatda, əlavə olaraq həftədə bir gün “online” qaydada ünsiyyət qurulmasının tərəfdarı olduğunu, cavabdeh isə maneəsiz qaydada ünsiyyətin davam etdirilməsini təklif etmişdir.

56. Məhkəmə kollegiyası hesab edir ki, bu növ iddialara baxarkən məhkəmələr ilk növbədə valideynlərin valideyn hüquqlarının və vəzifələrinin bərabərliyi və uşağın mənafelərinin üstünlüyü prinsiplərinə əməl etməklə fərqli halları diqqətə almalıdırlar. Bu zaman məhkəmələr uşağın tərbiyə olunduğu konkret şəraiti, uşağın yaşını, sağlamlıq durumunu, uşağın anaya və ya ataya bağlılığını, uşağın fiziki və psixi sağlamlığına, onun mənəvi inkişafına təsir göstərə bilən başqa halları nəzərə almalıdırlar.

57. Digər tərəfdən, övladları ilə ünsiyyətdə olmaq istəyən valideynin iddia tələbinin formal təmin edilməsi, uşaqlarla ünsiyyət üçün simvolik və əlverişsiz müddətin müəyyən edilməsi yolverilməzdir. Uşaqlarından ayrı yaşayan valideynlərə uşaqları ilə ünsiyyət vaxtı elə təyin edilməlidir ki, onlar qanunla nəzərdə tutulan valideynlik hüquqlarını və vəzifələrini real və maneəsiz şəkildə həyata keçirə bilsinlər. Həmçinin uşaqlardan ayrı yaşayan valideynin uşaqlara münasibəti, sevgisi, valideynlik hüquqlarının müdafiəsi ilə bağlı onların məhkəmədə iddia qaldırmaları və ya uşağa görə hər hansı məbləğdə aliment ödəmələri ilə ölçülmür, bunun üçün valideynlər ilk növbədə uşaqların sevgisini qazanmalı və nəticədə uşaqlarla valideynlər arasında mənəvi bağlılıq yaranmalıdır.

58. Yuxarıda qeyd olunan Plenum Qərarının 2.6-cı bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər

59. Göstərilənləri nəzərə alan kollegiya sonda belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış MŞB/6-00966 nömrəli xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 4-cü bəndi ləğv edilməklə cavabdeh olan atanın yetkinlik yaşına çatmayan övladı ilə yeni ünsiyyət qaydası müəyyən edilməlidir.

60. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X13 ilə hər həftənin şənbə günü saat 10:00dan 18:00 dək, həmçinin hər həftənin 1-ci və 3-cü günləri 15 dəqiqə telefon danışıqları, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələrdən istifadə etməklə ünsiyyət hüququ müəyyən edilməlidir.

61. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Vəli-zadə (İbrahimova) Nərmin Tərlan qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3741/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanmış MŞB/6-00966 nömrəli xx.xx.2024-cü il tarixli Barışıq sazişinin 4-cü bəndi ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X13 ilə hər həftənin şənbə günü saat 10:00dan 18:00 dək, həmçinin hər həftənin 1-ci və 3-cü günləri, tərəflərin əvvəlcədən müəyyənləşdirdikləri vaxt ərzində 15 dəqiqə telefon danışıqları, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələrdən istifadə etməklə ünsiyyət hüququ müəyyən edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün xx.xx.2021-ci il təvəllüdlü X13 onun yaşayış yeri üzrə ünvanda hər həftənin şənbə günü saat 10:00-da cavabdeh Vəli-zadə (İbrahimova) Nərmin Tərlan qızı tərəfindən Cavabdeh, həmin gün saat 18:00-da eyni ünvanda Cavabdeh tərəfindən Vəli-zadə (İbrahimova) Nərmin Tərlan qızına təhvil verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.(elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar